Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab İslam Kərimova - Bakı şəhəri, 30 yanvar 1998-ci il


Əziz İslam Kərimov!

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və böyük dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

Siz Özbəkistana xalqınız üçün çox çətin, keşməkeşli bir dövrdə rəhbərlik etməyə başlamısınız. Mərdliyiniz və müdrikliyiniz sayəsində özbək xalqının şərəfini və ləyaqətini qoruduğunuz, bir çox bəlalardan onu xilas etdiyiniz, qardaş Özbəkistanın bütün vətəndaşlarını milli dövlətçilik ideyaları və prinsipləri ətrafında sıx birləşdirdiyiniz yaxşı məlumdur.

Sovet İttifaqının dağıldığı, Özbəkistanın dövlət müstəqilliyi əldə etdiyi bir dövrdə siz, əziz İslam Kərimov öz ağıllı, düşünülmüş tədbirlərinizlə, mümkün ola bilən çətinliklərin meydana gəlməsinin qarşısını almış, Özbəkistanda sabitliyi təmin etmisiniz. Özbək xalqının xoşbəxtliyi ondadır ki, belə bir mürəkkəb dövrdə məhz siz, mətin və mərd insan İslam Kərimov Özbəkistana başçılıq etməyə başlamısınız.

Müstəqil Özbəkistanın ilk prezidenti kimi sizin fəaliyyətiniz yüksək qiymətə layiqdir. Ən əsası da odur ki, ötən illər ərzində Özbəkistanın dövlət müstəqilliyi möhkəmlənmişdir və dönməz olmuşdur. Bu illər ərzində Özbəkistan suveren demokratik dövlət quruculuğunun, siyasi və iqtisadi islahatların həyata keçirilməsində, sosial-iqtisadi sahənin inkişafında böyük müvəffəqiyyətlər qazanmışdır.

Asiyanın iri dövlətlərindən biri olan Özbəkistan böyük beynəlxalq nüfuz qazanmış, Dünya Birliyində özünə layiqli yer tutmuşdur.

Xalqınızın milli mənafeyinə uyğun olan müstəqil, düşünülmüş xarici siyasətiniz bütün regionumuzda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün mühüm amildir.

Dil, mədəniyyət, tarix, milli adət və ənənələr birliyi Azərbaycan və özbək xalqlarını əsrlərdən bəri qırılmaz tellərlə bir-birinə bağlayır. Xalqlarımız arasında münasibətlərin ən parlaq və səmərəli mərhələsi son illərdir, müstəqil dövlətlər olan Özbəkistan ilə Azərbaycanın dostluq münasibətləri illəridir. Biz buna böyük əhəmiyyət veririk və inanırıq ki, bu münasibətlər xalqlarımızın milli mənafeyi naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Əziz İslam Kərimov! Mən sizi özbək xalqının görkəmli oğlu, öz vətəninin inkişafına və onun müstəqilliyinin möhkəmləndirilməsinə çox böyük töhfə vermiş görkəmli dövlət xadimi hesab edirəm.

Uzun illər ərzində sizi tanıdığıma, sizin fəal, səmərəli fəaliyyətinizə bələd olduğuma görə əminəm ki, doğma xalqının milli mənafeyinə sədaqət bəsləyən, zəngin təcrübəsi, fitri istedadı olan bir şəxs kimi siz müstəqil Özbəkistanın çiçəklənməsi üçün hələ çox iş görəcəksiniz. Zənnimcə, bu gün Özbəkistanın bütün vətəndaşları da sizə məhz belə inam və ümid ilə baxırlar.

Əziz İslam Kərimov, sizə və ailənizə xeyir, səadət və firavanlıq arzulayıram. Qardaş özbək xalqına sülh və əmin-amanlıq, müstəqillik və demokratiya yolunda yeni uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 30 yanvar 1998-ci il.