Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ prezidentinin Xəzər hövzəsinin enerji ehtiyatlarının inkişafı üzrə xüsusi müşavir səfir Stiven Mənn başda olmaqla ABŞ nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 6 iyun 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları salamlayaraq onlarla yenidən görüşməyindən məmnun olduğunu, «Xəzər neft-qaz, neftayırma və neft kimyası» IX Beynəlxalq sərgi və konfransının gedişində çox faydalı işlər gördüklərini vurğuladı, Stiven Mənnin mətbuat nümayəndələrinə məlumatlar verməsini müsbət qiymətləndirdi.

Səmimi qəbul üçün təşəkkür edən səfir Stiven Mənn Bakıda keçirilən növbəti neft-qaz sərgisinin qeyri-adi tədbir olduğunu bildirərək dedi ki, bu bizim hamımızın uğuru idi. Üç həftə bundan əvvəl mən bu regiona gəlmişdim. Lakin Ağ ev məni yenidən buraya göndərdi ki, sərgidə iştirak edim. Cənab Prezident, səfir işlədiyim müddətdə mənə cəmi iki dəfə Prezident Buşun məktubu verilmişdir ki, ünvanına çatdırım. Hər ikisi də Prezident Buşun Siz zati-alilərinə ünvanlandığı məktublar olmuşdur. Bu məktublar vasitəsilə biz amerikalılar Sizə, ümumiyyətlə və eyni zamanda, Bakı–Ceyhan layihəsinin yerinə yetirilməsinə dəstəyinizə görə hörmətimizi bildiririk. Biz həm də minnətdarlığımızı bildiririk ki, Siz ölkələrimiz arasında münasibətlərin bu səviyyəyə çatmasına yardım etmisiniz.

Prezident Heydər Əliyev səfirə Prezident cənab Buşun məktublarını gətirdiyinə görə təşəkkür edərək dedi ki, bu məktublar bizim ölkəmiz və dövlətimiz üçün çox əhəmiyyətlidir. IX Beynəlxalq sərgi və konfransın açılışında Prezident Buşun məktubunu elan etməyiniz bir daha göstərdi ki, Amerika Birləşmiş Ştatları və onun prezidenti Xəzər hövzəsinə, burada neft-qaz yataqlarının işlənilməsinə, karbohidrogen ehtiyatlarının ixrac olunmasına nə qədər böyük əhəmiyyət verir.

Mən iyunun 4-də sərgi və konfransın açılışında Azərbaycanın dövlət neft strategiyasının başlanması və həyata keçirilməsi haqqında qısa məlumat verdim.

Deyə bilərəm ki, 1994-cü ildə biz neft strategiyasının həyata keçirilməsinə başlayarkən, «Əsrin müqaviləsi»ni imzalayarkən və ondan sonrakı bütün mərhələlərdə əvvəldən axıra qədər Amerika Birləşmiş Ştatları hökumətinin dəstəyini hiss etmişik.

Bakı–Tbilisi–Ceyhan əsas ixrac kəməri layihəsinin təsdiqlənməsi haqqında 1999-cu ildə İstanbulda bizim imzaladığımız sazişə Amerika Birləşmiş Ştatları prezidentinin də öz imzasını qoyması ABŞ hökumətinin bizim işlərimizə nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Prezident cənab Buşun iyun ayının 4-də sizin tərəfinizdən təqdim edilən məktubu çox məzmunlu, çox dəyərlidir, bizim sərginin və konfransın işinə çox gözəl təsir bağışlayıbdır. Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac kəməri layihəsi ilə bağlı əməli işlərə başlayarkən ABŞ prezidentinin belə bir məktubu bizim üçün çox yaxşı dəstəkdir.

Dövlətimizin başçısı xatırlatdı ki, Moskvada prezidentlər Putin və Buşun görüşündə də Bakı–Tbilisi–Ceyhan ixrac kəmərinin müzakirə edilməsi, onların qəbul etdikləri sənəddə öz əksini tapması da göstərir ki, həqiqətən biz böyük dəstək almışıq. Biz Xəzər dənizinin neft-qaz imkanlarından istifadə olunmasının yeni tarixini yaradırıq. Mən çox məmnunam ki, biz bu tarixi yaradanlardanıq. Bizim bu işlərin böyük gələcəyi var. Bu tarix bizdən sonra da yazılacaq, davam etdiriləcəkdir.

Cənab Stiven Mənn Azərbaycan prezidentinin fikirlərinə tamamilə şərik olduğunu bildirərək dedi ki, həqiqətən biz çox həyəcanlı bir tarix yaşayırıq, Bakı–Tbilisi–Ceyhan kəmərinin tikilməsi ərəfəsindəyik. Amerika Birləşmiş Ştatları həmişəki kimi, yenə bu fikirdədir ki, bu layihə qaz kəməri layihəsi ilə eyni vaxtda başa çatmalıdır. Azərbaycan hökumətinin həm layihələrə, həm də biz işçilərə dəstəyini həmişə hiss edirik.