Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçma ilə Azərbaycanın sənaye müəssisələrinin rəhbərləri və işgüzar dairələrinin nümayəndələrinin görüşündə giriş sözü və yekun nitqi - Prezident Sarayı, 28 iyul 1995-ci il


Hörmətli xanımlar və cənablar!

Bilirsiniz ki, Ukrayna prezidenti, hörmətli dostumuz Leonid Daniloviç Kuçma ikinci gündür Azərbaycanda rəsmi səfərdədir. Biz dünən və bu gün çox səmərəli işləmişik, danışıqlar, söhbətlər, fikir mübadiləsi olmuş, imzalanmaq üçün bir sıra sənədlər hazırlanmışdır. Leonid Daniloviçin səfər proqramında istehsal müəssisələrinin rəhbərləri və işgüzar adamlarla görüşü də nəzərdə tutulmuşdur. Bununla əlaqədar sizi bu görüşə dəvət etmişik.

Danışıqlar və görüşlər nəticəsində Leonid daniloviç və mən, nümayəndə heyətlərimiz belə bir vahid fikrə gəlmişik ki, iqtisadi əlaqələrimizi daha da inkişaf etdirmək üçün böyük imkanlarımız var. Əlbəttə, bütün görüşlərimiz və danışıqlarımızda biz dövlətlərarası münasibətlərlə bağlı geniş məsələləri əhatə etmiş, bir çox beynəlxalq problemlərə dair fikir mübadiləsi etmişik. Lakin biz belə hesab edirik ki, bütün bunlar iqtisadi əlaqələrə əsaslanır. Bir çox onilliklər ərzində Azərbaycan ilə Ukrayna arasında bu əlaqələr olduqca sıx idi və müvəffəqiyyətlə həyata keçirilirdi. Azərbaycanın və Ukraynanın bir çox istehsal müəssisəsi bir-biri ilə iqtisadi inteqrasiyada idi və bu, iqtisadiyyatın, o cümlədən Azərbaycan sənayesinin və Ukraynanın bir çox regionunun sənayesinin uğurla işləməsini təmin edirdi.

Son illər baş vermiş hadisələr, Sovet İttifaqının dağılması, dövlətlərimizin müstəqillik qazanması və bəzi digər səbəblər nəticəsində, xüsusən Azərbaycanın nəqliyyat əlaqəsini, onun şimala, o cümlədən Ukraynaya çıxışını məhdudlaşdıran səbəblər nəticəsində bu inteqrasiya əlaqələri zəifləmiş, bir sıra hallarda isə tamamilə kəsilmişdir. Lakin bütün bu məsələləri müzakirə edərək biz belə bir qəti fikrə gəldik ki, müxtəlif sahələr, xüsusən Azərbaycan və Ukraynanın sənayeləri arasında inteqrasiya əlaqələrini bərpa etmək, habelə yeni münasibətlər və əlaqələr qurmaq üçün indinin özündə də böyük imkanlar var.

Hər halda həm Ukraynanın, həm də Azərbaycanın iqtisadi islahatlar aparmaq, bazar münasibətləri, sərbəst iqtisadiyyat, sərbəst sahibkarlıq yaratmaq yolu ilə getdiyini əsas tutaraq, - hazırda ölkələrimizdə xüsusi bölmə mövcuddur, doğrudur, o ümumən iqtisadiyyatda hələlik əsas yer tutmur, lakin inkişaf perspektivi böyükdür, - bir tərəfdən sahələr, ayrı-ayrı sənaye müəssisələri arasında inteqrasiya əlaqələrini bərpa etmək, digər tərəfdən iqtisadi dəyişiklikləri həyata keçirməklə istər Azərbaycanda, istərsə də Ukraynada mövcud olan müvafiq şirkətlər, firmalar, assosiasiyalar, konsernlər arasında əlaqələr qurmaq lazımdır. Burada bəzi hallarda birgə müəssisələr yaratmaqdan, birgə fəaliyyətin başqa formalarından söhbət gedir ki, bütün bunlar ölkələrimizin iqtisadiyyatına fayda gətirsin.

Biz nəqliyyat əlaqələri məsələlərini də müzakirə etmişik, bəzi təkliflərimiz, variantlarımız var. Bunlar barədə razılığa gəlmişik və yəqin ki, həyata keçirəcəyik. Eyni zamanda onu da bilirik ki, birgə fəaliyyəti, yaxud mal mübadiləsini həyata keçirmək, qarşılıqlı surətdə faydalı ticarət aparmaq üçün nəqliyyat əlaqələrinin axtarılmasında xüsusi sahibkarlıq həmişə daha fəal olur. Əlbəttə, bz bunu əsas tuturuq ki, gələcəkdə bütün iqtisadi əlaqələr mövcud beynəlxalq prinsiplərə söykənməli, sərbəst surətdə dəyişdirilən valyuta ilə aparılmalıdır. Lakin məsələn, dünən Leonid Daniloviç Azərbaycan neft sənayesinin rəhbərləri ilə görüşü zamanı bir belə bir fikrə gəldik ki, klirinqdən istifadə etməyə imkan var. Bu, çox yayılmış formadır. Keçmişdə Sovet İttifaqı da bir çox ölkələrlə qarşılıqlı əlaqələrdə, yəni ticarətdə, mal mübadiləsində ondan istifadə edirdi. Ona görə də keçid dövründə bu üsuldan Ukrayna ilə Azərbaycan arasında da istifadə oluna bilər. Lakin başqa yollar və vasitələr də var. Hər halda indiki mərhələdə heç nə qadağan deyil, heç nə məhdudlaşdırıla bilməz. Ölkələrimiz arasında iqtisadi münasibətləri inkişaf etdirmək üçün, o cümlədən Azərbaycan sənayesindən, onun iri müəssisələrindən danışarkən Ukrayna ilə olan əlaqələrdən, oradakı müəssisələrlə olan əlaqələrdən istifadə edərək Azərbaycanın iri müəssisələrinin istehsal gücü həddində fəaliyyət göstərməsini təmin etmək üçün bütün forma və imkanlardan istifadə etməliyik. Əlbəttə, burada qarşılıqlı əlaqələrin müxtəlif formalarından, o cümlədən ölkələrimizin sənaye müəssisələri arasında bilavasitə əlaqələrdən söhbət gedir. Qarşılıqlı surətdə faydalı məhsul mübadiləsi etmək, ticarət aparmaq və iqtisadi əlaqələr saxlamaq üçün həmin müəssisələrə fəaliyyət sərbəstliyi verilə bilər.

Bax, biz bu qənaətə gəlmişik. Bunu sizə bildirmək istəyirdim. Zənnimcə, Leonid Daniloviç də öz çıxışında bütün bu məsələlərə və təbii ki, demək istədiyi başqa məsələlərə toxunacaqdır.

Yekun sözü

Burada olanların hamısının adından Leonid Daniloviç, sizə maraqlı çıxışınıza görə, iqtisadiyyatın ynidən qurulması sahəsində tədbirlər barədə icmala görə təşəkkür etmək istəyirəm. Sizin dediklərinizin hamısı bizim üçün çox qiymətli və faydalıdır.

Biz iqtisadi islahatlar aparılması yoluna qədəm qoymuşuq. Amma təəssüflər olsun, bizlərdən hər birimizin, o cümlədən də Azərbaycanın təcrübəsi çatışmır. Biz çətinliklərlə, mühafizəkar qüvvələr tərəfindən müqavimətlə qarşılaşırıq. Buna görə də sizin dediklərinizin hamıssı maraqlı və faydalıdır. Özü də təkcə burada olanlar üçün yox. Görüşümüz bizim milli televiziya ilə bütün ictimaiyyətimiz üçün translyasiya ediləcəkdir.

Bizdən ötrü xüsusilə mühümdür ki, siz idxal-ixrac əməliyyatlarının sərbəstləşdirilməsindən danışdınız. Biz də eyni yolla gedirik, lakin hələlik bu sahədə hər şeyə nail ola bilməmişik. Çox vaxt sosial sahə ilə, respublikamızın vətəndaşlarının iqtisadi vəziyyəti ilə bağlı məsələlər, bəzi başqa məsələlər, şübhəsiz ki, bizi çəkindirir. Bəzən mane də olurlar. Məsələn, neft və neft məhsullarının qiymətləri hələlik sərbəstləşdirilməmişdir. Özümüz neft məhsulları istehsal etsək də, bunların qiymətlərini tənzimləməkdə davam edirik. Ümumən belə hesab edirəm ki, Leonid Daniloviçin çıxışı bizim üçün maraqlıdır. Bu çox maraqlı təcrübədir bə vundan öz işimizdə istifadə etməyə çalışacağıq. Əlaqələri daha da genişləndirmək və dərinləşdirmək, mövcud iqtisadi sistemlə, qanunlarla işləyən sahələrdə istehsalı irəlilətmək bunu tələb edir.

Zənnimcə, burdada iştirak edənlərdən kiminsə çıxış etməsinə ehtiyac yoxdur. Leonid Daniloviç özü-özünə həm maraqlı sual, həm də çox ətraflı cavab verdi. Bu da bizim üçün çox faydalıdır. Ona görə ki, bu məsələ MDB ölkələrinin gündəliyində durur. Bəziləri Gömrük İttifaqına tərəfdardır, başqaları yox. Biz öz mövqeyimizi müəyyən etməliyik. Ona görə də bu barədə sizin fikriniz, mövqeyiniz bizdən ötrü çox mühümdür. Əgər salonda əyləşənlərin sualları olarsa, bunları mətbuat konfransı zamanı verə bilərlər.

"Azərbaycan" qəzeti, 29 iyul 1995-ci il.