Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Xarici İşlər Nazirinin Avropa və Amerika məsələləri üzrə müavini, Xəzər dənizinin statusu məsələsi üzrə İranın xüsusi nümayəndəsi Əli Ahəninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 16 iyun 2001-ci il


Heydər Əliyev: Sizi salamlayıram. Xoş gördük hamınızı!

Əli Ahəni: Zati-aliləri, məni qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Sizi bir daha görməyimdən şadam. Cənab Xatəminin Sizə səmimi və hərarətli salamlarını çatdırmaqdan çox şadam. Onun yenidən prezident seçilməsi münasibətilə göndərdiyiniz səmimi məktuba görə də bir daha təşəkkürümüzü bildirirəm.

Münasibətlərimizin inkişafı üçün böyük imkanların mövcud olması baxımından, hər iki tərəfin bu əlaqələri daha da inkişaf etdirməyə möhkəm iradəsinin olduğu nəzərə alınmaqla, gələcəkdə görüləcək işlər üçün yeni planlar hazırlamaq çox əhəmiyyətlidir. Biz Azərbaycanla münasibətlərimizə xüsusi diqqət yetirir və əhəmiyyət veririk. Biz münasibətlərimizi qarşılıqlı hörmət və ehtiram əsasında qurmalıyıq və bu münasibətlərə xələl gətirmək istəyən qüvvələrə qarşı mübarizə aparmalıyıq. Qarşılıqlı məsləhətləşmələr həyata keçirmək yolu ilə münasibətlərimizi inkişaf etdirmək üçün yeni-yeni uğurlar əldə edə bilərik.

Bu gün Azərbaycanda fəaliyyət göstərən İran Tacirlər Birliyi Təşkilatının üzvləri ilə görüşüm oldu. Onlar razılıqlarını bildirdilər ki, Azərbaycan dövləti burada onların işlərinə kömək edir. Buradakı işlərindən və eyni zamanda onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını söylədilər. Onlar burada işləməkdən məmnundurlar.

Bu gün cənab Vilayət Quliyev ilə çox faydalı görüşümüz oldu. Bizim münasibətlərimizin inkişafına dair fikir mübadiləsi apardıq. Dünən Xəzər dənizinə dair keçirilmiş toplantı haqqında da fikrimi söylədim və razılığımı bildirdim. Burada keçirilən toplantı beş Xəzəryanı dövlətin mövqelərinin yaxınlaşması üçün öz müsbət təsirini göstərdi. Belə qərara gəldik ki, Xəzəryanı dövlətlərin hamısının ümumi razılığa gəldiyi halda bu məsələni birdəfəlik həll edə bilərik. Belə olan halda xarici şirkətlər buraya rahat sərmayə qoya və işlərini nigarançılıqla yox, arxayın davam etdirə bilərlər. Belə qərara gəldik ki, ekspertlər səviyyəsində danışıqlar və müzakirələr davam etdirilsin. Sözsüz ki, beş ölkənin mövqelərini yaxınlaşdırmaq üçün məsləhətləşmələr hələ çox aparılacaq. Biz bu məsləhətləşmələrə böyük əhəmiyyət veririk. O cümlədən, Azərbaycanla məsləhətləşmələrə. Hesab edirik ki, bu yeganə yol ilə biz məsələni həll edib, yekunlaşdıra bilərik.

Zati-aliləri, məni belə hövsələ ilə dinlədiyinizə görə təşəkkürümü bildirirəm. Eyni zamanda Sizdən üzr istəyirəm ki, vaxtınızı çox aldım. Mən gərək qısa danışaydım.

Heydər Əliyev: Çox mənalı idi. Çox vaxt getməsi o qədər də əhəmiyyətli deyil. Ağayi Xatəminin İranın yenidən prezidenti seçilməsi münasibətilə sizi və bütün İran xalqını bir daha təbrik edirəm. Mən təbrik məktubu göndərdim. Ümid edirəm ki, ağayi Xatəminin ikinci prezidentlik muddəti zamanı İran ilə Azərbaycan arasındakı əlaqələr daha da sürətlə inkişaf edəcəkdir.

Mən bu günlərdə sizin səfirlə görüşdüm və çox ətraflı söhbət etdik. Ona dediklərimi sizə də demək istəyirəm ki, Azərbaycanın xarici siyasətində İran ilə əlaqələr xüsusi yer tutur. Bunun səbəbləri məlumdur. İzah etməyə ehtiyac yoxdur. Ona görə biz bu siyasətimizi bundan sonra da ardıcıl surətdə həyata keçirəcəyik.

Mən çox məmnunam ki, sizin tacirlər, iş adamları Azərbaycanda gördükləri işdən və onlar üçün burada yaradılmış şəraitdən razıdırlar. Bunun özü çox yaxşı göstəricidir. Elə bu onu sübut edir ki, iqtisadi əlaqələrimiz uğurla inkişaf edir. Doğrudur, İranda Azərbaycan tacirləri hələ yoxdur, varsa da, azdır. Güman edirəm ki, bizdə də geniş tacirlər təbəqəsi yaranandan sonra Azərbaycan tacirləri İranda fəaliyyət göstərəcəklər. Çünki həm İran, həm də Azərbaycan sərbəst bazar iqtisadiyyatı yolu ilə gedir. Ona görə də insanlara sərbəstlik, imkanlar yaratmaq lazımdır ki, onlar iş görsünlər və onların gördüyü işdən də, təbii, iqtisadiyyatın inkişafı, insanların rifah halının yaxşılaşması çox asılıdır.

Amma eyni zamanda bir çox məsələlər var ki, bunlar iki dövlət arasında iqtisadi əlaqələrə aiddir. Biz bu istiqamətdə əlaqələri inkişaf etdirmək istəyirik. Ona görə də İran-Azərbaycan müştərək iqtisadi komissiyası var. Doğrudur, bu komissiya son vaxtlar işini bir az zəiflədibdir. Mən iki, üç günə Azərbaycan tərəfindən komissiyanın sədrini təyin edəcəm. Güman edirəm ki, ondan sonra ikitərəfli görüşlər keçirilə bilər və bir çox maraqlı layihələr həyata keçirilə bilər.

Dünən sizin burada keçirdiyiniz görüş də çox əhəmiyyətlidir. Beş Xəzəryanı ölkənin nümayəndələri burada müzakirə aparıblar və Xəzərin statusunun müəyyən edilməsi haqqında fikirlər söyləyiblər. Ümumiyyətlə, mən bu işi və xüsusən dünən sizin gördüyünüz işi müsbət qiymətləndirirəm. Məmnunam ki, İran tərəfini təmsil edən bir şəxs kimi, siz də bu məsələyə müsbət qiymət verirsiniz.

Biz, Azərbaycan həmişə hesab etmişik ki, Xəzərin statusunun müəyyən edilməsi yalnız Xəzəryanı ölkələrin müştərək səyləri nəticəsində sona çata bilər. Ona görə belə ardıcıl surətdə görüşlərin keçirilməsi lazımdır. Mən hiss edirəm, siz də bunu qeyd etdiniz ki, hər bir görüş bu məsələdə bizi irəliyə aparır. Qeyd etmək lazımdır ki, Xəzər dənizi mövcud olandan indiyə qədər Xəzərin statusu haqqında heç vaxt heç bir ölkə digər ölkə ilə danışıq aparmayıbdır. Bu, ilk hadisədir. Heç vaxt da Xəzərin ətrafında beş müstəqil ölkə olmayıbdır. Ona görə də təbiidir ki, burada çətinliklər də var. Məsələni bir dəfə, iki dəfə görüşməklə həll etmək mümkün deyildir. Amma mən ümidvaram ki, sizin bu mütəmadi görüşləriniz, nəhayət, mövqeləri bir-birinə yaxınlaşdıracaq və bundan sonra bizə, dövlət başçılarına hamınızın razı olduğu bir layihəni təqdim edəcəksiniz.

Siz doğru dediniz, onda xarici şirkətlər də burada daha rahat işləyəcəklər. Amma indi rahat işləyənlər var. İranın «OİK» şirkəti Azərbaycanda çox rahat işləyir. Bizim ən böyük qaz yatağı olan «Şahdəniz» qaz yatağında onun 10 faiz payı var. Siz yəqin xatırlamalısınız, bu işin təşəbbüskarı mən oldum ki, İran şirkəti gəlib Azərbaycandakı bu böyük layihədə iştirak etsin. «OİK» şirkəti ilə bizim başqa layihələrdə də əməkdaşlığımız var. Amma təbiidir, bunların hamısı Xəzərin statusu müəyyən olunandan sonra daha da səmərəli olar və hamı daha da rahat olar. Biz bunu çox istəyirik. Çünki sizə də məlumdur ki, Xəzərdə neft və qaz hasilatına ilk dəfə, hələ 50 il bundan öncə Azərbaycan başlayıbdır. Ona görə indi, Xəzəryanı ölkələr müstəqil dövlət olduğu üçün biz çox maraqlıyıq ki, bu məsələ həll olunsun.

Dünənki görüşlərinizə görə sizi təbrik edirəm. Çox məmnunam ki, artıq siz bu işə planlı istiqamət vermisiniz. Mənə bildirdilər ki, gələn görüş Qazaxıstanda, Astanada olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan tərəfi bu sahədə bütün səylərini qoyacaqdır. Ona görə hamı çalışmalıdır, siz də çalışmalısınız, biz də çalışmalıyıq, başqa Xəzəryanı ölkələr də çalışmalıdır ki, hərə bir az irəliyə getsin. Onda ümumi məxrəcə gələ bilərik. Biz bunun tərəfdarıyıq.

Əli Ahəni: Zati-aliləri, dediyiniz xoş sözlərə görə təşəkkürümü bildirirəm. Biz Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməyi alqışlayırıq. Bundan sonra da çalışacağıq və hazırıq ki, Azərbaycan şirkətlərinin İranda fəaliyyət göstərməsi üçün lazımi şərait yaradaq. Onlar orada rahat fəaliyyət göstərə bilsinlər. Biz təəssüf edirdik ki, Azərbaycan tərəfindən müvafiq bir nazirin müştərək komissiyaya həmsədr təyin olunmaması işlərimizdə bir qədər lənglik əmələ gətiribdir. Zati-aliləri, indi Sizin dediyiniz sözlər bizi bir qədər sakitləşdirdi. Belə başa düşdük ki, yaxın günlərdə hər hansı bir naziri həmsədr kimi təyin edəcəksiniz və işlərimiz sürətlənəcəkdir.

Heydər Əliyev: Hər hansı bir nazir yox, yaxşı nazirlərdən birini.

Əli Ahəni: Zati-aliləri, müştərək komissiyanın işinin sürətlənməsi münasibətlərimizin, o cümlədən iqtisadi-ticarət əlaqələrimizin sürətlənməsinə müsbət təsirini göstərəcəkdir. Odur ki, bu iş həyata keçirilsə, biz bunu alqışlayacağıq.

Cənab Prezident, Xəzər dənizinin statusunun həll olunması məsələsinə bu qədər diqqətlə yanaşdığınıza görə Sizə təşəkkürümüzü bildiririk. Bu bizi çox sevindirir. Sözsüz ki, bu məsələ, Xəzər dənizinin statusu nə qədər tez həll olunsa, şirkətlər burada bir o qədər də rahat işləyə bilərlər və onlar əməkdaşlıq fəaliyyətini daha da genişləndirərlər. Ola bilsin ki, bu gün kimsə, yaxud şirkətlər fikir müxtəlifliyi olan sahələrə dair qəti qərar qəbul edə bilmir. Əgər bu məsələ həll olunsa, onda onlar həmin sahələrə sərmayə qoyub fəaliyyət göstərmək üçün qəti qərara gələ bilərlər.

Biz azərbaycanlı tərəfdaşlarımızla çalışacağıq ki, xarici işlər nazirləri müavinlərinin Astanada keçiriləcək beşinci toplantısı səmərəli olsun və bu istiqamətdə uğurlu bir nəticə əldə etsin. Belə olan halda Xəzəryanı ölkələrin dövlət başçılarının payızda nəzərdə tutulan zirvə toplantısı üçün yaxşı zəmin yarada bilərik. Beş Xəzəryanı ölkənin dövlət başçılarının zirvə toplantısının birinci iclası yəqin ki, bu sahədə öz tarixi əhəmiyyətini göstərəcəkdir. Çalışmalıyıq ki, bu iclas istər region məsələlərində, istərsə də beynəlxalq səviyyədə əhəmiyyətli toplantı kimi, yadda qalan birinci toplantı olsun. Diqqətinizə görə minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Heydər Əliyev: Sağ olun. Mənim ağayi Xatəmiyə və İranın başqa rəhbərlərinə salamımı, xoş arzularımı bir daha çatdırın. Sağ olun.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya