Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayanı, Qlobal Vaksinləmə Fondunun prezidenti Jak Fransua Marteni qəbul edərkən nitqindən - 3 mart 2002-ci il


Heydər Əliyev: Əziz Qalina Pavlovna!

Əziz Slava!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda ürəkdən salamlayıram və həmyerlimiz, böyük dostumuz Slava Rostropoviçin və Qalina Pavlovnanın yenidən Azərbaycanda olması ilə əlaqədar böyük məmnunluq duyğumu bildirirəm.

Əziz Slava! Mən olduqca şadam ki, 75 illiyimizə həsr edilmiş şənliklər Azərbaycanda, sizin Vətəninizdə başlayır. 2002-ci il Rostropoviçin 75 illiyi ilidir, mart Rostropoviçin 75 illiyi ayıdır. Bu xoş hadisə burada, sizin doğma torpağınızda başlayır və bilirəm ki, o, sizin çox böyük hörmətə, nüfuza malik olduğunuz və çox sevildiyiniz digər ölkələrdə, digər şənliklərdə də davam etdiriləcəkdir.

Mən sizin Fransada, Parisdə qeyd etdiyimiz 70 illiyinizi xatırlayıram. Yadınızdadırmı, sizin 70 illiyinizə həsr olunmuş şənliklərdə iştirak etmək üçün mən xüsusi olaraq oraya gəlmişdim. Xatirimdədir, bundan sonra sizin 70 illiyinizi böyük bayram kimi qeyd etdik. Aradan 5 il ötmüşdür, vaxt çox tez keçib getmişdir. Lakin biz birlikdə məmnun ola bilərik ki, bu müddət ərzində həyatda - əziz Slava, sizin həyatınızda da, Azərbaycanın, Azərbaycan xalqının həyatında da çox işlər görülmüşdür.

Sizin Azərbaycanla daim əlaqə saxlamağınızı və 1997-ci ildən sonra burada artıq bir neçə dəfə olmağınızı biz çox yüksək qiymətləndiririk. Siz burada neçə dəfə olmusunuz?

Mstislav Rostropoviç: Hər il.

Heydər Əliyev: O vaxt siz bunu vəd etmişdiniz və vadinizi yerinə yetirirsiniz. Siz hər il Azərbaycana gəlir, burada ustad dərsləri keçir, bizim incəsənət xadimləri ilə görüşürsünüz. Təbii ki, sizinlə görüşməyimizə biz də şadıq. Sizin bu işləriniz Azərbaycanın mədəni həyatına böyük töhfə verir.

Əziz Slava, şadam ki, siz özünüzün 75 illiyinizi, beş il əvvəl olduğu kimi, yenə də tam sağlam, böyük enerji və qüvvə ilə qarşılayırsınız. Hətta bəlkə də beş il əvvəl olduğundan daha böyük enerji ilə. Əlbəttə, bunda Qalina Pavlovnanın böyük xidməti var. O, bütün birgə həyatınız ərzində olduğu kimi, yenə də sizə ilham verir. Bu gün xatırlamaq artıq olmazdı ki, o ağır illərdə, insan hüquqları uğrunda mübarizənizə görə Sovet İttifaqından əslində didərgin salındığımız illərdə məhz Qalina Pavlovnanın həyanlığı və dəstəyi, həmişə sizinlə birlikdə olması, sizə ürək-dirək verməsi, sizdə inam yaratması təbii sizi ruhlandırmış və bütün bunlar sizin bu sınaqdan çıxmağınızda böyük rol oynamışdır. Bilirsiniz ki, o illərdə mən Sovetlər İttifaqının rəhbərliyində idim və Rostropoviçlə Vişnevskayanın ziyankarlıq fəaliyyəti haqqında ən yüksək səviyyədə söhbət getdiyini dəfələrlə eşitmişdim. Onda deyirdilər ki, Rostropoviçin öz fəaliyyəti ilə belə coşğun məşğul olmasında Qalina Pavlovna Vişnevskaya böyük rol oynayır. İndi bu, keçmişdə qalmışdır, ancaq bütün bunların şahidi olduğuma görə deyə bilərəm - onda bəziləri danışır, hətta belə bir fikir söyləyirdi ki, Rostropoviç Sovetlər İttifaqına qarşı yönəldilmiş fəaliyyətlə coşğun məşğul olur və bunda ən çox təqsirkar Qalina Vişnevskayadır. Mən Sovetlər İttifaqının rəhbərliyində ən yüksək dövlət səviyyəsində gedən bütün bu söhbətlərin, söylənilən mülahizələrin şahidiyəm.

Bilirəm ki, siz onu sevirsiniz, çox qiymətləndirirsiniz. Lakin bununla yanaşı, görünür, dediklərim Sizə bütün həyatınızda onun fəaliyyətini daha yüksək qiymətləndirməyə imkan verəcəkdir.

Əziz Slava, siz əvvəlki tək, yenə də bütün dünyanı gəzib-dolaşır, konsertlər verir, ifaçılıqla məşğul olur, dirijorluq edirsiniz. Sizin bir dəqiqə belə boş vaxtınız yoxdur. Öz işi ilə belə fəal, hər gün məşğul olan ikinci bir adam tapmaq bəlkə də çətindir. Elə bir adam ki, təkcə hər hansı konkret ölkədə, konkret şəhərdə deyil, bütün dünyada, bütün ölkələrdə müxtəlif adamlarla, müxtəlif xalqların nümayəndələri ilə görüşərək məşğul olur. Bir tərəfdən, bunda sizin musiqiçi fəaliyyətiniz, ictimai fəaliyyətiniz, beynəlxalq təşkilatlardakı fəaliyyətiniz təzahür edir. Eyni zamanda, bunda sizin öz yaradıcılığınıza hər gün nə isə yeni bir şey əlavə etməyiniz də ifadəsini tapır. Odur ki, sizin yaradıcılığınız daim inkişafdadır, sizin humanizm sahəsində, insan hüquqları sahəsində fəaliyyətiniz daim inkişafdadır və açığını deyim ki, bu, çoxları üçün nümunədir.

Sizin musiqi fəaliyyətinizi, ictimai fəaliyyətinizi bütün ölkələrdə qiymətləndirirlər. Lakin bunları ən çox Azərbaycanda dəyərləndirirlər. Bu günlər ərzində siz böyük iş gördünüz və bu, çox xoşdur. Qlobal Vaksinasiya Fondunun nümayəndə heyəti ilə birlikdə buraya gəlməyiniz və bir milyon dollarlıqdan artıq vaksin gətirməyiniz respublikamız üçün mühüm işdir. Bu, respublikamıza böyük köməkdir, eyni zamanda qeyd etmək lazımdır ki, əz mühüm sahədə - uşaqların sağlamlığı sahəsində böyük yardımdır.

Buna görə çox sağ olun. İnanıram ki, sizin bu köməyiniz bundan sonra da davam edəcəkdir. Sizinlə birlikdə buraya gələn Qlobal Vaksinasiya Fondunun prezidenti də sağ olsun. Bütün bunlar sizin yubileyinizin tamam edildiyi bir vaxtda baş verir. Bu gün biz sizin konsertinizdə olacağıq.

Əziz Slava, Azərbaycanla beynəlxalq əlaqələrin inkişafında, Azərbaycan musiqisinin inkişafında görkəmli xidmətlərə görə, siz prezidentin fərmanı ilə Azərbaycanın yüksək ordeni - "İstiqlal" ordeni ilə təltif olunursunuz.

Bu gün mən bu barədə fərman imzaladım, sabah isə sizin həmkarlarınız - dostlarınızın iştirakı ilə bu ordeni sizə təqdim edəcəyəm. Əziz Slava, sizə bir daha öz minnətdarlığımı bildirirəm. Əziz Qalina Pavlovna, bir daha gəldiyinizə görə sizə minnətdaram. Sizə cansağlığı, hər sahədə daha böyük yaradıcılıq fəaliyyəti arzulayıram.

Mstislav Rostropoviç: Bilirsiniz, sizin sözlərinizdən sonra heç cürə özümə gələ bilmirəm. Çünki siz mənə elə gözəl münasibət bəsləyirsiniz və buna görə elə həyəcanlıyam ki, sadəcə, gərək fikirlərimi cəmləşdirim. Hələlik düşündüyüm odur ki, mən çox şeyə görə valideynlərimə minnətdaram - aldığım təhsilə görə də və ümumiyyətlə hər şüyə görə, məni həyata gətirmək üçün belə torpağı seçdiyinə görə anama hədsiz minnətdaram. Bax, buna görə ona xüsusilə minnətdaram.

Əlbəttə, bunu da deməliyəm ki, Azərbaycana, Bakıya olan məhəbbətim mənə atamdan keçmişdir. Buradan getdikdən sonra atam Moskvada yaşamışdır. Burada, Bakıda mənim tanıdığım bir adamın muzeyi var. Mən balaca idim, ancaq atam məni onunla tanış etdi. Bu, atamın dostu Üzeyir Hacıbəyov idi. Moskvada Azərbaycan incəsənəti dekadası keçiriləndə atam məni özü ilə "Moskva" mehmanxanasına apardı və dedi ki, səni görkəmli musiqiçi ilə tanış edəcəyəm. Atamın məni tanış etdiyi Üzeyir Hacıbəyovun muzeyində müharibə başlanmazdan bir qədər əvvəl atamın ona yazdığı məktub saxlanılır. Bu məktubunda atam yazırdı: "Mən çox arzulayıram ki, Moskvadan çıxım və Bakıya qayıdım". Atam yalnız müharibə başladığı üçün Bakıya qayıtmadı. Buna görə də biz Qrenburqa köçməyə məcbur olduq və atam 1942-ci ildə orada vəfat etdi. Mənim həyatım belə həyəcanlı anlarla və fikir-düşüncələrlə doludur. Bakıya hər bir gəlişim mənim üçün hadisədir. Deyə bilərəm ki, buradan getdikdən sonra düşünəcəyəm ki, nəhayət, nə vaxt başqa təyyarəyə oturacağam və o, məni buraya gətirəcəkdir.

Əziz prezidentimə vəd etdiyim kimi, artıq 5 ildir ki, mən hər il buraya gəlirəm və hər dəfə də burada baş vermiş böyük tərəqqinin şahidi oluram. Bunlar hətta küçələrdə də nəzərə çarpır. Küçələr daha təmizdir, adamların yerişi də dəyişmişdir, hansı istiqamətdə, haraya getdiklərini dəqiq bilirlər. Birinci dəfə buraya gələndə məndə belə təsəvvür vardı ki, bilmirsən bəzi insanlar gəzişirlərmi, yoxsa getdiklərini bilmirlərmi. İndi isə görürəm ki, hər şey öz yoluna düşür.

Orkestr böyük uğurlar qazanıb, konservatoriya get-gedə tərəqqi edir. Mən artıq orada olmuşam və ustad dərsləri keçmişəm. Əziz prezident, demək istəyirəm ki, Sizə kompliment deməkdən utanmıram. Lakin Sizə deməliyəm ki, prezident Putinlə Sizin görüşünüz ötən dövr ərzində mənim üçün bəlkə də ən xoşbəxt an olmuşdur. Bu, mənim həyatımın ən şad və xoşbəxt anları idi. Bilirsiniz ki, mən Rusiyada təhsil almış və həyatımın çox hissəsini orada keçirmiş bir adamam. Mənim üçün Azərbaycan da, Rusiya da eyni dərəcədə əzizdir. Buna görə də mən tam əminəm ki, musiqi sahəsində, mədəniyyət sahəsində əlaqələri, rəssamlar, ədəbiyyatçılar arasındakı bir çox əlaqələri itirmək olmaz. Bu əlaqələr qarşılıqlı çətinliklər şəraitində əldə edilmişdir. Bir sözlə, çox sağ olun. Hamı bilir ki, siz çox müdrik bir insansınız və bütün dünya bunu bilir. Həmin görüş təkcə ölkənin həqiqətən böyük prezident kimi deyil, həm də çox uzaqgörən, çox xeyirxah və çox mehriban bir insan kimi Sizin nüfuzunuzu bir daha sübut etdi. Bunun üçün Sizə təşəkkür edirəm.

İndi də hamıya bir yerdə müraciət etmək istəyirəm, çünki burada mənim dostlarım çoxdur. Məsələ bundadır ki, mən artıq bir il bundan əvvəl bir səfərimi, bir konsertimi təxirə salmışam. Lakin buraya mən hər il gəlirəm. Mən gələn ilin may ayında da buraya gəlmək fikrindəyəm.

Gələn ilin mayında böyük hadisə olacaq, mən bu münasibətlə gələcəyəm. Mənim dostlarım, heç özüm də bilmirəm, nə edək, gəlin kömək edək, mən də Prezident xahiş edəcəyəm. Filarmoniyanı çox baha yox, amma yaxşı bərpa prosesinin necə getdiyinə baxacağam. Mətbuat, xahiş edirəm, mənə kömək göstərin. Mənim sevimli Prezidentim, əslində, elə bunları demək istəyirdim. Sağ olun.

Heydər Əliyev: Sağ ol, Slava. Siz mənim prezident Putinlə görüşümdən danışdınız. Deməliyəm ki, bir il ərzində iki mühüm görüş keçirildi. 2001-ci ilin əvvəlində, yanvarın 9-da Rusiya prezidenti Putinin Azərbaycana rəsmi səfəri oldu. Yeri gəlmişkən, bu, müstəqilliyimizin bütün 10 ili ərzində Rusiya Prezidenti ilk rəsmi səfəridir. 2002-ci ildə, yenə də ilin əvvəlində - yanvarın 24-də Azərbaycan prezidentinin Rusiyaya səfəri oldu. Təbii ki, bu zaman prezident Putinlə və Rusiya dövlətinin digər rəhbər xadimləri ilə görüşlər keçirdi, danışıqlar aparıldı. Zəmin müddətdə MDB çərçivəsində başqa görüşlərimiz də olub. Mən bu iki görüşdən ona görə danışıram ki, onlar rəsmi görüşlər, dövlət görüşləri idi və şübhəsiz, Rusiya-Azərbaycan münasibətlərinin inkişafında çox mühüm rol oynadı. Biz bir çox mühüm dövlətlərarası, hökumətlərarası sənədlər imzaladıq. Onlar gələcək əməkdaşlıq sahəsində işimizin əsasını təşkil edir. Bu, Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərdə işimizin əsasını təşkil edir. Bu, Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərdə yeni mərhələdir.

Əziz Slava, sizi bir daha təbrik edirəm, sizə uzun ömür arzulayıram. Sizdə ki, belə enerji, belə sağlamlıq və belə fəallıq var, - mən coşğun fəaliyyətinizi nəzərdə tuturam, - sizə yüz illik ömür də bəs etməz. Siz yüz yaşı hökmən adlamalısınız.

Mstislav Rostropoviç: Ondan sonra biz birlikdə oturub söhbət edərik.

Heydər Əliyev: Birinci hədd sizin 80 illiyiniz olacaqdır. Hesab edirəm ki, onda da şənliklər Azərbaycandan başlanacaqdır. Qalina Pavlovna, sizə cansağlığı, əmin-amanlıq, əziz Slavaya dilədiyim qədər, əgər istəyirsinizsə, daha uzun ömür arzulayıram. Gözəl ailənizin xoşbəxt və firavan olmasını istəyirəm. Burada olan dostlarınızın hamısını bir daha salamlayıram. Sağ olun. Konsertdə görüşənədək.

"Azərbaycan" qəzeti, 4 mart 2002-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT