"Oqonyok" jurnalının müxbirləri ilə müsahibəsi - 22 may 1996-cı il


- Cənab prezident, siz Azərbaycanda hakimiyyətə gələndə müharibə aparan, iqtisadiyyatı dağılmış, separatçılığın hökm sürdüyü, Rusiya ilə əslində düşmənçilik münasibətləri olan bir respublikanı qəbul etmişdiniz. İndi bu problemlər ya həll edilmişdir, ya da əvvəlki kimi böhranlı vəziyyətdə deyildir. Buna necə nail olmağın siyasi yolları barədə fikirlərinizi bölüşdürün.

- Burada hansısa bir konkret yol yoxdur. Respublikamız yaxşı respublikadır, xalqımız yaxşı xalqdır və təxminən səksəninci illərin ortalarından 1993-cü ilə qədər, mənim yenidən qayıdıb hakimiyyətin yüksək məsuliyyətini öz üzərimə götürdüyüm vaxtadək olanların hamısına yol verməmək olardı. Deməliyəm ki, üzərimə çox yüksək məsuliyyət götürmüşəm. Axı, mən 1982-ci ildə Azərbaycandan getdiyim dövrdən çox vaxt keçibdir.

Mən respublikanı çox yaxşı vəziyyətdə qoyub getmişdim. Həmin 70-ci illərdə Azərbaycan bütün müttəfiq respublikalar arasında hər cəhətdən yaxşı olması ilə seçilirdi, özü də təkcə iqtisadi göstəricilərə görə yox. Burada vəziyyət də, mühit də yaxşı idi. Məsələn, indi korrupsiya ilə hamı mübarizə aparır. İndi heç kim demir ki, korrupsiya yoxdur. Ancaq o vaxtlar Sovetlər İttifaqında belə halın olduğunu etiraf etməyə qorxurdular. Mən isə bəyan etdim ki, Azərbaycanda rüşvətxorluq, korrupsiya var və bunlara qarşı mübarizə aparmaq lazımdır. Yəni, Azərbaycan açıqlıq baxımından, aşkarlıq baxımından müsbət mənada fərqlənirdi. Respublika yaxşı vəziyyətdə idi...

Buyurun, bu da sizə birinci yol, ancaq kollektivi də, ailəni də, respublikanı da, ölkəni və xalqı da idarə etməkdən çox şey asılıdır. Sonralar bizdə proseslər o qədər mənfi getdi ki, Azərbaycan son dərəcə böhranlı vəziyyətə düşdü.

1993-cü il üçün iqtisadiyyat dağılmışdı, xalq çox ağır vəziyyətdə idi. Respublika müharibə vəziyyətində idi, ərazimizin bir hissəsi işğal olunmuşdu, hərcmərclik, özbaşınalıq, parçalanma hökm sürürdü. Bunları siz bilirsiniz. Bunun qarşısını necə almaq mümkün oldu?

Hesab edirəm ki, birincisi, xalqın etimadıdır. Elə bir etimad ki, məni gözdən salmaq üçün bir çox illər edilən cəhdlərə baxmayaraq, xalq bu etimadı daim mənə göstərirdi. Məlum oldu ki, yalnız az bir qisim adam öz şəxsi hikkələrinə görə mənə mənfi münasibət bəsləyirmiş. Xalqın böyük əksəriyyəti, hətta deyərdim ki, hamısı həmin ədalətsiz münasibətlə razı deyildi. Hətta mən Moskvada yaşayan illərdə də yanıma çox adamlar gəlirdi, mənə müraciət edir, məktub yazırdılar. Yəni, öz əməyimlə, öz işimlə və insanlara qarşı münasibətimlə qazana bildiyim məhz həmin etimad qısa müddətdə respublikanı böhrandan çıxara bilməyimin əsası olmuşdur. İkinci cəhət isə, şübhəsiz ki, təcrübədir.

Kim deyirsə ki, küçədən gələn hər kəs dövləti idarə edə bilər, səhv edir. İdarəetmə təcrübəsi prinsip etibarilə eynidir. Vaxtilə həmin müttəfiq respublikanı, indi isə müstəqil ölkəni idarə etməyim, - bunlar bir çox cəhətdən oxşar şeylərdir. Ona görə də uzun həyatım dövründə - həm Azərbaycanda, respublikaya rəhbərlik etdiyim dövrdə, həm də Moskvada, Sovetlər İttifaqının rəhbərlərindən biri olduğum dövrdə, - topladığım təcrübə çox böyük məktəb, çox böyük təcrübə idi.

Şübhəsiz ki, bu, indi məsələlərin həllində mənə kömək edibdir. Daha bir amil də var. Mən bunu müxtəlif ölkələrdə olanda hiss edirəm: məni tanıyırlar, vaxtilə görüşdüyüm, nə vaxtsa danışıqlar apardığım adamlar məni xatırlayırlar. Bəziləri isə məlumat kitablarına baxırlar ki, Əliyev siyasi büronun üzvü, SSRİ-nin rəhbərliyində olubdur, açıq deyirəm, hətta о ölkələrdə də, hansı ki, vaxtilə Sovetlər İttifaqı onlarla müxtəlif ideoloji cəbhədə idi, keçmişdəki münasibətdən asılı olmayaraq, fövqəldövlət kimi onun haqqında rəy indi də qalır. İnsanlar arasındakı münasibətlər dövlətlər parçalandıqdan sonra da qalır. Ona görə mənə də nəzərə çarpdırılan ehtiram bəsləyirlər. Məsələn, Rusiya ilə münasibətləri bərpa etmək məndən ötrü heç bir çətinlik törətmədi. O vaxtlar Sovetlər İttifaqında işləyən adamların tam əksəriyyəti indi də Rusiyada müxtəlif sahələrdə işləyir. Ona görə mənim onlarla indi də əlaqələrim var.

- Sizin sözlərinizdə sanki SSRİ barədə həsrət səsləndi?...

- SSRİ barədə həsrət yoxdur. Mən hesab edirəm ki, Sovetlər İttifaqının dağılması qanunauyğun proses idi. Bu, reallıq idi. Bu, labüd idi. Bu prosesin qarşısını almaq çətin idi. Ancaq birlikdə işlədiyimiz adamlar, şərait, görüşlər barədə həsrət var... Şübhəsiz ki, mən bunların hamısını xatırlayıram. Böyük səmimiyyətlə, böyük hörmətlə xatırlayıram. Hər halda bu, mənim də həyatımdır. Lakin Azərbaycanın müstəqilliyi heç vaxt sual altına alınmayacaq, biz heç vaxt başqa dövlətə birləşməyəcəyik.

- MDB-nin üzvü olan bəzi dövlətlər başqa cür düşünürlər...

- Bilirsiniz ki, Azərbaycan əvvəllər MDB-yə daxil deyildi. Mən bir neçə ay inandırmalı və ümumiyyətlə möhkəm iş aparmalı oldum ki, təkcə parlamentin deyil, həm də ictimai rəyin razılığına nail olum. İnsanları inandırmaq lazım idi ki, Azərbaycan MDB-yə daxil olmalıdır. Mən də bunu etdim, buna nail oldum. Mən bu ittifaqı, bu birliyi çox vacib hesab edirəm. Ancaq bu, məhz birlik, müstəqil dövlətlərin birliyi olmalıdır. Öz adına tam uyğun olmalıdır. Mən MDB çərçivəsindəki görüşlərimizdə demişəm: yalnız yaxşı mexanizm, məhz birliyə lazım olan, ancaq bir-birinin müstəqilliyinə toxunmayan səmərəli fəaliyyət mexanizmi işləyib hazırlamaq lazımdır. Mən belə MDB-yə tərəfdaram. İndi isə birliyin nə üçün belə vacib olması barədə. İş bundadır ki, MDB tərkibində olan ölkələrin hamısı eyni bir yolu keçir. Bəziləri bir qədər irəlidə, başqaları geridədir, lakin biz hamımız keçid dövrünün eyni yolundayıq. Çünki biz hamımız iqtisadi cəhətdən bir-birimizlə çox sıx bağlı olmuşuq. Əgər Sovetlər İttifaqının həmin inteqrasiyasını, iqtisadi inteqrasiyasını Müstəqil Dövlətlər Birliyinə keçirmək mümkün olsaydı, bu, çox gözəl olardı. Mən belə MDB-yə və belə prosesə tərəfdaram.

- Bu prosesdə Rusiyanın rolunu necə görürsünüz?

- Siz bilirsiniz, mən hər şeydən öncə ölkələr arasında, o cümlədən MDB tərkibindəki ölkələr arasında ikitərəfli münasibətlərin olmasını zəruri və vacib hesab edirəm. Yəni MDB-yə daxil olmaq dövlətlər arasındakı ikitərəfli münasibətlərin inkişafını istisna etmir, əksinə, nəzərdə tutur. Ona görə də mən Rusiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə çox böyük əhəmiyyət verirəm, şübhəsiz, mən hesab etmirəm ki, bizim münasibətlərimizin səviyyəsi ehtiyaclarımıza, - həm də təkçə Azərbaycanın deyil, Rusiyanın da ehtiyaclarına cavab verir. İkitərəfli münasibətlərimizi daha intensiv inkişaf etdirmək üçün tədbirlər görülməsini zəruri sayıram. Rusiya Azərbaycanın əsrlər boyu bağlı olduğu, həm iqtisadi cəhətdən, həm də elm, mədəniyyət, təhsil, humanitar əlaqələr, insani əlaqələr sahəsində bağlı olduğu ən böyük tərəfdaş, ən böyük ölkədir. Biz Sovetlər İttifaqının tərkibində olarkən fərqi yox idi, sən haradasan - Moskvada, Leninqradda, Omskda, Novosibirskdə, yaxud Bakıda. Hamısı vahid ölkə idi. Neçə illər, neçə onilliklər birlikdə yaşamışdıq... İndi bütün bunları kəsmək, qırmaq, Rusiyanı da, Azərbaycanı da - eləcə də digər ölkələri - heç vaxt birlikdə ittifaqda olmayanlar arasında mövcud olan münasibətlərə gətirib çıxarmaq, - bu, mümkün deyildir. Biz iki yüz il Rusiyanın tərkibində, bir dövlətin tərkibində olmuşuq və bu iki yüz il ərzində əlaqələr о qədər çulğaşmışdır ki, bunları qırmaq mümkün deyildir. Heç lazım da deyildir. Əksinə, bir çox başqa ölkələrlə belə əlaqələr yaratmaq mümkün olsaydı, çox yaxşı olardı.

Rusiya ilə münasibətlər - xüsusi münasibətlərdir. İstər iqtisadi əməkdaşlıq baxımından, istərsə də elmi və mədəni dəyərlərin mübadiləsi baxımından, sadəcə olaraq insanlar arasında münasibətlər saxlamaq baxımından xüsusi münasibətlərdir. Bu, çox mühümdür.

- Həyatınızda ən ağır məqam hansıolmuşdur?

- Həyatımın ən ağır dövrü Naxçıvanda olmuşdur. Azərbaycana qayıtmağım qeyri-adi xarakter daşıyırdı. Mənim qayıtmağıma Azərbaycanda da mane olurdular, Moskvada Sovetlər İttifaqının rəhbərləri də mane olurdular. Moskvada məndən ötrü ümumiyyətlə dözülməz şərait yaradılmışdı - mən əslində cəmiyyətdən təcrid edilmişdim, ciddi nəzarət altında idim, ev dustağı idim.

Mənə Bakıda da çətin idi. Naxçıvana getməli oldum. Orada da asan deyildi. Birincisi, bu respublika özü blokada vəziyyətində idi. Paytaxtla və Azərbaycanın digər bölgələri ilə normal əlaqə yox idi. Blokada vəziyyəti bir çox mühüm həyati amillərin olmamasını da şərtləndirmişdi - elektrik enerjisi yox idi, su, qaz çatışmırdı. Vaxtilə Naxçıvana da, Dağlıq Qarabağa da qazı mən çəkdirmişdim. İlk vaxtlar yaşamağa yerim də yox idi, qohumlarımın yanında qalırdım, mənzil şəraiti çox çətin idi. Mən orada bir ildən çox adi sakin kimi yaşadım. 1991-ci ilin sentyabrında isə xalq qalxdı və tələb etdi ki, mən Naxçıvan Respublikasının Ali Sovetinə başçılıq edim. Yəni əslində respublikanın başçısı olum. Düzünü deyirəm, mən bunu heç də istəmirdim. Lakin bir neçə gün böyük mitinqlər keçirildi, məni razı salmaq istəyirdilər. Sonra hiss etdim ki, Naxçıvan xalqı üçün həyatın ən ağır dövründə bu yükü öz üzərimə götürməliyəm. Lakin hətta bu ağır həyatda da mən özüm üçün maraqlı və sevindirici olan çox şey tapırdım, yenə də keçmiş əlaqələrimdən istifadə edirdim. İran və Türkiyə ilə əlaqə yarada bilmişdim. Biz Araz çayı üzərində körpü tikdik, bu, böyük hadisə idi, çünki qısa bir müddətdə əslində həyat yolu yaratmışdıq. İrandan elektrik xətti çəkdik, mən bir çox başqa işlər də görə bildim.

Sonra məni Bakıya çağırdılar. Burada artıq vətəndaş müharibəsi gedirdi, bir-birinə atəş açırdılar, hərənin öz silahlı dəstəsi var idi. Qayda-qanun yaratmaq üçün mənə iki il yarım vaxt lazım gəldi. İndi iki ilə yaxındır ki, xalq əmin-amanlıqda yaşayır. Bəli, insanlar dörd ildir, çadırlarda yaşayırlar. Siz həmin düşərgələrdə olmuş, qaçqınların vəziyyətini görmüsünüz. Bəli, ağırdır, son dərəcə ağırdır. Lakin bir var, müharibə gedir, bir də var ki, müharibə yoxdur. Tabutlar gətirmirlər, qalan işlərin öhdəsindən gələ bilərik.

- Siz həyatda nədənsə qorxursunuzmu?

- Mən indi heç nədən qorxmuram, o zaman da heç nədən qorxmamışam. Buraya gələndə başa düşürdüm ki, ölüm təhlükəsi yar. Bu, məni qorxutmadı.

- Siz ən çox nəyi sevirsiniz?

- Bilirsiniz, mən özümü siyasi fəaliyyətə, öz xalqıma, respublikama həsr etmiş adamam. Respublikamı çox sevirəm. Nə qədər təmtəraqlı səslənsə də, mən hər şeydən çox torpağımı, xalqımı sevirəm. Öz Azərbaycan Respublikamı sevirəm. Axıra qədər də onunla bir yerdə olacağam.

O ki, qaldı şəxsi həyatıma, hər bir adam kimi, mənim də bağlı olduğum şeylər var. Lakin bu, təkcə mənə və yaxın adamlarıma aiddir.

- İndiyədək yaşadığınız həyata yekun vurularsa, başlıca hadisə nə olardı?

- Bilirsiniz, mən bu sual barədə heç vaxt düşünməmişəm, ona görə cavabım o qədər də dəqiq görünməyə bilər. Başlıca hadisə... Buna da müxtəlif cür yanaşmaq olar. Şəxsi həyatımda evlənməyim, qızımın, oğlumun dunyaya gəlmələri başlıca hadisə olubdur.

Siyasi fəaliyyətimdə isə həyatımda olanlar mənim iradəmdən asılı olmayaraq baş veribdir. Məsələn, məni siyasi büronun üzvü, Azərbaycanın rəhbəri seçmiş, o cür böyük ölkənin nazirlər soveti sədrinin birinci müavini təyin etmişdilər. Azərbaycanın tarixində belə şey olmamışdı. Ona görə də bu, xalqım üçün tarixi hadisə idi ki, onun övladı belə yuksəyə qalxmışdı. Lakin deyə bilmərəm ki, bu, o zaman məndən ötrü böyük sevindirici hadisə idi. Mən hətta oraya getmək istəmir, müqavimət göstərirdim, Respublikadan ayrılmaq məndən ötrü çətin idi. İndi bunların hamısını, bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur kı, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam.

"Oqonyok" jurnalı, söhbəti Vasif Səmədov və Aleksandr Sıqanov aparmışlar.

Tarixi arayış