Moskva zirvə görüşünün yekunlarına dair MDB ölkələri dövlət başçılarının birgə mətbuat konfransı - Kreml sarayı, Aleksandr salonu, 25 yanvar 2000-ci il


Sual (Ukrayna): Cənab prezidentlər, siz aparılmış danışıqlarla əlaqədər sammitin yekunlarını və Müstəqil Dövlətlər Birliyinin perspektivlərini necə qiymətləndirirsiniz?

Leonid Kuçma  (Ukrayna prezidenti): Əvvəla, biz - bütün prezidentlər yekdil fikirdə olaraq, Boris Nikolayeviç Yeltsinə Rusiya Federasiyası prezidenti vəzifəsində, başlıcası isə MDB-nin rəhbəri vəzifəsində gördüyü çox boyük işə görə təşəkkür etdik.

O ki qaldı bugünkü iclasa, mənə elə gəlir ki, burada iştirak edən prezidentlərin hər biri evə bu günə qədər olduğundan xeyli yaxşı əhval-ruhiyyə ilə qayıdacaqdır. Tam açıqlığı ilə bəyan edə bilərəm ki, bugünkü sammitin iştirakçıları arasında dialoq əslində ilk dəfə olaraq ən konstruktiv, ən aşkar zəmində keçdi və bu sammitdən sonra bizdə inam yarandı ki, MDB-nin gələcəyi var. Sağ olun.

Petru Luçinski ( Moldova prezidenti): Sizin narahatlığınızı başa düşürük. İnanın, biz daha çox narahatlıq keçirir və istəyirik ki, MDB indikindən daha yaxşı işləsin. Lakin birlik əslində yeni bir qurumdur və biz hamımız hər bir ölkənin mənəfelərini ümumi mənəfelərlə bir növ birləşdirməyin yollarını axtarırıq.

Mən Leonid Daniloviçlə razıyam ki, bu gün söhbət yeni tərkibdə, Birlik Dövlətləri Başçıları Şurasının yeni sədri Vladimir Vladimiroviç Putinin iştirakı ilə getdi. Demək olar, bütün prezidentlər öz fikrini söylədi. Biz MDB-nin daha dinamik birlik olması üçün, hamını qane edə biləcək təmas nöqtələrini tapmaq üçün azad ticarət zonası rejimi çərçivəsində imkanlar və əlavə yollar axtarışı yönümündə işi davam etdirəcəyik.

Çox geniş səpkili məsələlər müzakirə olundu. Onların bəziləri üzrə işçi qruplar yaradılması barədə razılığa gəldik və düşünürəm ki, biz apreldə növbəti dəfə toplaşdıqdan və güman ki, tam bir sıra problemlərə, ilk növbədə iqtisadi problemlərə yanaşılmasının ümumi yollarını tapdıqdan sonra daha dəqiq cavab ala biləcəksiniz. Sağ olun.

Nursultan Nazarbayev (Qazaxıstan prezidenti): MDB-nin böhran keçirdiyini biz iki ildən də çox əvvəl Kişinyovda qeyd etmişdik. Onda biz heç bir qərar qəbul etmədik və bir sənəd - azad ticarət zonası yaradılması haqqında sənəd üzərində işləmək barədə razılığa gəldik. Bu iş mənə tapşırılmışdı və mən Qərbi Avropa Birliyinin təcrübəsini öyrənərək, təklifimi prezidentlərin hamısına göndərdim. Lakin Kişinyov görüşündən bəri bu günədək heç bir əməli iş görülməyibdir. Təbii ki, sədrin dəyişdiyi bu görüşdə, - Boris Nikolayeviç istefaya getdi və MDB-yə yeni sədr, Rusiya prezidentinin vəzifəsini icra edən şəxs başçılıq etdi, - heç birimiz qlobal məsələlərin həll olunması vəzifəsini qarşıya qoymamışdıq. Lakin görüşün qapalı hissəsində əla diskussiya, sərbəst fakir mübadiləsi getməsini, hər kəsin MDB-dən nə gözlədiyini açıqlamasını müsbət hal sayıram. Onu da müsbət hal sayıram ki, biz hər halda, növbəti iclasımızadək bir neçə məsələ üzrə işçi qrupu yaratmaq tapşırığı verdik: Birincisi, azad ticarət zonasının xarici sərhədlərini müəyyən etmək, bunsuz heç bir azad ticarət zonası olmayacaqdır. İkincisi, terrorizmə, narkobiznesə və ekstremizmə qarşı mübarizə mərkəzi yaradılması məsələsi barədə. Bu məsələ və bütün dövlətlərin Təhlükəsizlik Şuraları məşğul olacaqdır. Zənnimcə, bu, tamamilə konkret qərardır. Hesab edirəm ki, bu gün diqqəti üç məsələlər - iqtisadi inteqrasiya, təhlükəsizlik məsələləri və humanitar məsələlər üzərində cəmləşdirmək lazımdır. Bax, dövlətlərimiz bu üç məsələdə strateji əməkdaşlıq edə bilərlər. Ümidvaram ki, bütün təkliflər, o cümlədən azad ticarət zonasına dair təkliflər sadə insanlara doğru atılan ən sadə addımdır. Avrasiya ideyası həmin ideyaları qəbul edən dövlətlərlə gələcək danışıqlarımızda irəlilədiləcəkdir.

İnteqrasiyanın bütün bu məsələləri barədə öz rəyi olan dövlətlərə isə biz hörmət və etimadla yanaşmalı, bir-birimizi başa düşməliyik.

Aleksandr Lukaşenko  (Belarus Respublikasının prezidenti): Hörmətli yoldaşlar, həmkarlarımın burada dediklərinə nə isə əlavə etmək yəqin ki, çətindir. Mən ancaq problemi konkretləşdirib cavab verməyə çalışacağam. Bu gün biz siyasi cəhətdən mühüm məsələ olan kadr məsələsinə, təşkilati və iqtisadi məsələlərə baxdıq. Bu onu göstərir ki, gündəlik hərtərəfli hazırlanmışdı və müzakirə getdi. Burada kadr məsələsindən danışıldı. Biz Dövlət Başçıları Şurasının sədrini seçdik. Belarus tərəfi Vladimir Vladimiroviç Putinin bu vəzifəyə seçilməsini, əvvəla, Rusiya Federasiyasına böyük etimad kimi, ikincisi isə, bu çox böyük dövlətə hazırda başçılıq edən insana etimad kimi qiymətləndirir. Terrorizmə, ekstremizmə qarşı müqavimət göstərilməsinə aid məsələ və bu dəhşətli bəlalara qarşı mübarizə proqramının işlənib hazırlanması haqqında qəbul edilmiş qərarlar mühüm siyasi məsələdir.

Biz həmçinin razılığa gəldik ki, Müstəqil Dövlətlər Birliyi Baş Qərargahı - İcraiyyə Komitəsi strukturlarının yaradılması aprel-may aylarınadək başa çatdırılacaq və bu model əvvəlcə Dövlət Başçıları Şurası sədrinin - Vladimir Vladimiroviç Putinin, sonra isə ümumi iclasın müzakirəsinə veriləcəkdir. Dediyim kimi, bu, əsas təşkilati məsələdir. Çox mühüm olanı budur ki, bu gün azad ticarət zonası barədə, - ancaq təəssüflər olsun, növbəti dəfə, - fikir mübadiləsi aparıldı. Bilirsiniz ki, qəbul etdiyimiz axırıncı sənədi yalnız üç dövlət hələ də ratifikasiya etməmişdir. Bir dövlət isə onu ümumiyyətlə, imzalamamışdır. O yerdə ki, bu sənədi ratifikasiya etmişlər, o, həmin dövlətlərdə qanuna çevrilmişdir. Onu öz parlamentlərində ratifikasiya etməyənlərin hamısı bildirmişdir ki, bu sənədlər yaxın vaxtlarda ratifikasiya üçün təqdim olunacaqdır. Bu, Müstəqil Dövlətlər Birliyinin mövcudluğu ərzində atılmış ən iri addım olacaqdır və biz işimizin ən başlıca istiqamətini - iqtisadi inteqrasiya məsələlərini qanunvericilik yolu ilə təsdiqləyəcəyik. Ümumiyyətlə desək, bugünkü iclasın fərqləndirici xüsusiyyəti onun çox dinamik, çox demokratik və çox konstruktiv keçməsindən ibarətdir ki, bunu da mən ən əvvəl Dövlət Başçıları Şurasının yeni seçilmiş sədri ilə bağlayıram. Sağ olun.

Heydər Əliyev:  Hörmətli xanımlar və cənablar, MDB Dövlət Başçıları Şurasının bugünkü iclasını əlamətdar və hətta müəyyən dəracədə tarixi iclas hesab edirəm. Belə ki, MDB-nin əsası qoyulandan bəri ona Boris Nikolayeviç sədrlik edirdi, biz səmərəli işinə görə ona təşskkürümüzü bildirdik. Bu gün isə Dövlət Başçıları Şurasının yeni sədrini - Rusiya Federasiyası prezidentinin vəzifəsini icra edən Vladimir Vladimiroviç Putini seçdik. Bununla da biz Rusiyaya və prezident vəzifəsini icra edən Vladimir Vladimiroviç Putinə yenidən inam və ümidlə etimad göstərdik ki, o, Rusiyanın prezidenti seçiləcəkdir. Elə bugünkü görüşümüz də cəmiyyətin demokratikləşdirilməsi, bazar iqtisadiyyatının inkişaf etdirilməsi və ölkələrimizin hamısında mövcud olan bütün nöqsanların aradan qaldırılması üçün Rusiyanın həyata keçirdiyi xəttin müəyyən dərəcədə dəstəklənməsi demikdir. Demokratikləşdirmə və bazar iqtisadiyyatı sahəsində Rusiyanın həmişə - keçmişdə də, bu gün də bizə nümunə olduğunu nəzərə alaraq ümid edirik ki, indi bu proseslər daha uğurla inkişaf edəcəkdir.

Əvvəlki bütün iclaslarla müqayisədə, mən dövlət başçılarının indiki qapalı iclasından daha çox məmnunluq duydum. Həqiqətən, demokratiklik, sərbəst fikir mübadiləsi mühiti yaradılmışdı. O qədər də çox sənəd qəbul etməsək, müzakirə üçün hazırlanmış bəzi sənədləri imzalamasaq və ya qəbul etməsək də, həm MDB-nin fəaliyyəti ilə bağlı, həm də beynəlxalq xarakterli bir çox məsələlər barəsində olduqca səmərəli fikir mübadiləsi apardıq. Ümidvaram ki, bu görüşü dönüş nöqtəsi adlandırmaq olar, əlbəttə, bir şərtlə ki, MDB rəhbərliyindəki bu cür ruh, bu cür mövqe, bu cür demokratizm bundan sonra da davam və inkişaf etdirilsin. Əlbəttə, bu cür şəraiti bütün dövlət başçıları yaratmışdılar, çünki fəallıq çox idi. Bunun uçün şəraiti, imkanları isə yeni sədrimiz yaratmışdı, buna görə mən ona şəxsən minnətdaram.

Vladimir Putin  (Rusiya Federasiyası prezidenti vəzifəsiniicra edən): Sağ olun, Heydər Əliyeviç.

Mətbuatın diqqətini buna cəlb etmək istəyirəm ki, bütün MDB ölkələri ilə əməkdaşlıq Rusiya üçün mütləq öncül istiqamət olub, indi də belədir və gələcəkdə də belə olacaqdır! Mütləq öncül istiqamət! Biz bu münasibəti birlik çərçivəsində çoxtərəfli əsasda da inkişaf etdirməyə hazırıq, bunu regional əsasda da etməyə hazırıq. Bunun səbəbi aydındır. Belə ki, keçmiş Sovet İttifaqı məkanında milyonlarla rus yaşayır, milyonlarla adam rus dilini ana dili hesab edir, onlar rus mədəniyyəti ilə bağlıdırlar. Bu aydındır.

Bütün bunlarla yanaşı, - bu gün biz hətta qabaqcadan planlaşdırılmış diskussiya çərçivəsindən kənara çıxaraq bu barədə də kifayət qədər ətraflı danışdıq, - bildirdik ki, istehsal, təsərrüfat, iqtisadi əlaqələrimizi dəstəkləmək və inkişaf etdirmək lazımdır. Azad ticarət zonası üzrə diskussiya da məhz bu səbəbdən yarandı. O, birgə işimizin planında nəzərdə tutulmamışdı.

Mənə elə gəlir ki, biz əməkdaşlığımızın bəzi prinsipial əsaslarının başa düşülməsində həqiqətən irəliləmişik. Bildirdik ki, MDB yaradılarkən çoxları bu təşkilata keçmiş Sovet İttifaqının qalığı kimi, Sovet İttifaqından qalmış təzahür kimi baxırdılar, guya bu təzahür ona görə meydana gəlmişdi ki, bir tərəfdən, dezinteqrasiya ilə bağlı mənfi proseslər sarıdan narahatlıq vardı, ölkələrimizin xalqlarını arxayın etmək lazım idi, digər tərəfdən, bu prosesin bütün iştirakçıları kəskin dönüş hərəkətlərinə bəlkə də hazır deyildilər. Bunu da açıq etiraf etmək lazımdır.

Bu gün aydındır ki, postsovet məkanında azad, tamamilə müstəqil dövlətlər yaranmışdır və bu baxımdan Müstəqil Dövlətlər Birliyinin rolu da xeyli dərəcədə dəyişir. O, vahid dövlət çərçivəsində olduğumuz dövr ərzində yaxşı, ən yaxşı nə vardısa, onların hamısını qoruyub saxlamağa kömək edən mexanizmə çevrilməlidir. Belə imkanlar da var. Onlar əsasən bundan irəli gəlir ki, bu cür tələbat var və biz bu tələbatın ödənilməsi mexanizmləri haqqında danışdıq. Mən sizin diqqətinizi buna cəlb etmək istərdim ki, işin gedişində təhlükəsizlik məsələlərinə xeyli fikir verildi. Bu da təsadüfi deyildir. Sovetlər İttifaqı parçalandıqdan sonra bəzi mərkəzlərdə, - Özbəkistan prezidenti bu gün bu barədə kifayət qədər inandırıcı şəkildə danışdı, - bəzi xarici mərkəzlərdə belə bir xülya yarandı ki, postsovet məkanında zəif yerlər əmələ gəlmişdir və burada beynəlxalq terrorizmin və ekstremizmin ən müxtəlif formaları və növləri fəal inkişaf edə bilər.

Aydın başa düşülür ki, bizim buna haqqımız yoxdur və onlara heç bir imkan verməyəcəyik. Heç bir imkan. Bizim birgə səylərimiz fəal, qətiyyətli və səmərəli olacaqdır. Birgə səylərimiz Qırğızıstana qarşı lap bu yaxınlarda müşahidə etdiyimiz sui-qəsdlə əlaqədər indiyədək göstərilmiş səylərə nisbətən daha səmərəli olacaqdır. Məhz buna görə elə danışıqların istisnasız olaraq bütün iştirakçıları terrorizmə və ekstremizmə qarşı, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə birgə dövlətlərarası məqsədli proqram hazırlanmasının və bu proqram çərçivəsində vahid antiterror mərkəzi yaradılması imkanlarının nəzərdən keçirilməsinin zəruriliyi barədə Qazaxıstan prezidentinin hazrlanmış qərarlar çərçivəsindən kənara çıxan təklifini dəstəklədilər. Biz bir sıra ölkələrin silahlı qüvvələrinin bu ilin yazında Özbəkistan və Qırğızıstan ərazisində birgə təlimlər keçirmək niyyətini bəyəndik.

Təlimlərdə beş dövlətin silahlı qüvvələri iştirak edəcəklər. Sözümün sonunda bildirmək istərdim ki, Rusiya nümayəndəsinin MDB Dövlət Başçıları Şurasının sədri seçilməsi inteqrasiya proseslərində Rusiyanın rolunun etirafı deməkdir. Odur ki, bu qərara görə bütün həmkarlarıma öz şəxsi minnətdarlığımı ifadə etmək istəyirəm. Mən bunu qapalı iclasda demişəm və zənnimcə, mətbuat qarşısında da demək doğru olardı ki, birlik dövlətlərinin liderləri simasında biz böyük dövlət fəaliyyəti və ictimai fəaliyyət təcrübəsinə malik insanları görürük və onların məni sədr vəzifəsinə seçmək barədə Rusiyanın xeyrinə olan qərarı şəxsən mənim üçün böyük şərəfdir. Onlara çox sağ olun deyirəm.

Robert Koçaryan  (Ermənistan prezidenti): Hörmətli dostlar, hamının dediyi kimi, bu iclasın xüsusiyyəti gündəliyin və reqlamentin çərçivəsindən çox-çox kənara çıxan açıq söhbət getməsindədir. Əlbəttə, hesab edirəm, buna Rusiya prezidentinin vəzifəsini icra edən Vladimir Putin istiqamət verdi. Zənnimcə, biz hamımız istərdik ki, hər bir iclasda məsələlərin bütün spektri üzrə vəziyyəti çox sərbəst müzakirə etməyə imkanımız olsun. Bu, bizə bir-birimizi daha yaxşı başa düşməyə, bir-birimizin narahatlığını anlamağa imkan verir. Bu, birincisi. MDB-nin gələcəyi barədə. Belə düşünürəm ki, bugünkü çıxışın xarakterinin özü və müzakirə olunmuş mövzular əməkdaşlığımızın hansı istiqamətlərdə daha səmərəli ola biləcəyini göstərir. Söhbət ən əvvəl təhlükəsizlik, terrorizmə müqavimət məsələlərindən, tam bir sıra digər məsələlərdən getdi. İqtisadi əməkdaşlığın, iqtisadi inteqrasiyanın daha fəal getməsi üçün, zənnimcə, bütün ölkələrin iqtisadi islahatlarında, iqtisadi siyasətində mövqelərin müəyyən qədər uyğunlaşdırılması gərəkdir ki, iqtisadiyyatlarımız bir-biri ilə bağlana bilsin. Bu halda MDB-nin ümumi məkanında hökumətlər-arası münasibətlərdə müəyyən şərait yaradılaraq, inteqrasiya prosesləri avtopilot rejimində gedərdi. Əks halda biz hər bir qərarı hansısa güc tədbirləri vasitəsilə irəlilətməli olarıq. Zənnimcə, bu məsələni ciddi surətdə müzakirə etmək lazımdır ki, iqtisadi əlaqələrimiz MDB iqtisadi inteqrasiya vəsitəsilə də əsaslı şəkildə möhkəmlənsin. Bu gün əmtəə dövriyyəsinə dair göstəricilər bunun tamamilə əksinə olduğuna dəlalət edir. Bütün səylərimizə baxmayaraq, hələlik iqtisadi dezinteqrasiya gedir. Növbəti iclasımızda ümumi diqqətin məhz bunun üzərində cəmləşdirilməsini istərdim.

Eduard Şeverdnadze  (Gürcüstan prezidenti): Xanımlar və cənablar, həmkarlarım sualmıza ətraflı cavab verdilər. Rusiya üçün və müstəqil dövlətlər üçün gördüyü bütün işlərə görə Boris Nikolayeviç Yeltsinə dərin hörmət bəslədiyimizi bir daha təsdiq etmək istəyirəm.

Həmçinin nəzərə çarpdırmaq istəyirəm ki, biz Vladimir Vladimiroviç Putini MDB Dövlət Başçıları Şurasının sədri kimi yüksək vəzifəyə namizəd göstərənda və hamılıqla təsdiq edəndə yekdil rəydə olduq. Onun bu ilk görüşü, ilk iclası necə inamla, səriştə ilə keçirdiyini görmək və müşahidə etmək, zənnimcə, bizim hamımıza çox xoş təsir bağışladı. Diqqəti cəlb etmək istədiyim ikinci bir məsələ barəsində. Bizim hamımızda ehtiyac yaranmışdır ki, qapalı iclaslar deyilən belə iclaslarda vaxtı çatmış problemlərə daha çox diqqət yetirək, ciddi reqlamentlə kifayətlənməyərək dörd-beş saat, nə qədər lazımdırsa vaxt sərf edək ki, aramızda problemlər yığılıb qalmasın.

Beynəlxalq terrorizmə, ölkələrimizdə hələ də qarşılaşdığımız terrorizmə, mütəşəkkil cinayətkarlığa, tacavüzkar separatizmə, təcavüzkar millətçiliyə bütün həmkarlarımın, bütün prezidentlərin kəskin, daha məsuliyyətli münasibətini də vurğulamaq istərdim. Təəssüf ki, bu hallar kifayət qədər dərin kök atmışdır və hər birimiz, hamımız onlara qarşı əlbir, daha kəskin mübarizə aparmağa hazırıq. Terrorizmə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə ölkələrimizin hüquq-mühafizə orqanları, güc strukturları arasında əməkdaşlığın vacibliyini nəzərə çarpdırmaq istəyirəm. Deməliyəm ki, bu baxımdan Rusiyanın Daxili İşlər Nazirliyi çox yaxşı nümunə göstərir. Mən bunu ona görə demirəm ki, nazir buradadır. Biz həqiqətən yəqin etmişik ki, cinayətkarlara qarşı görülən birgə tədbirlər nə dərəcədə səmərəlidir.

Daha bir məsələ barəsində. Qəbul etdiyimiz qərarların, yaxşı qərarların yerinə yetirilməməsi praktikamızda prinsipcə qeyriməqbuldur. Bu, azad ticarət sahəsində də, iqtisadi inteqrasiya sahəsində də, bir çox digər sahələrdə də belədir. Zənnimcə bugünkü gündən sonra, xüsusən apreldə keçiriləcək növbəti görüşdən sonra biz prinşipcə bütün məsələlərdən çox ətraflı və konkret şəkildə danışacağıq. Daha bir məsələ. Regional təhlükəsizlik məsələsi ciddi şəkildə müzakirə edildi və bu barədə də tamamilə konkret mülahizələr söylənildi. Sağ olun.

Əsgər Akayev  (Qırğızıstan prezidenti): Hörmətli xanımlar və cənablar, 2000-ci ildə MDB çərçivəsində ölkələrimiz arasında daha səmərəli əməkdaşlığın uğurlu olacağına məndə də nikbinlik və əminlik hissi var. Sağ olun.

İmaməli Rahmonov  (Tacikistan prezidenti): Hörmətli xanımlar və cənablar, nə isə əlavə etmək çətindir, çünki hörmətli həmkarlarım bugünkü görüşün və qəbul olunmuş qərarların mahiyyətini izah etdilər. Mən yalnız Vladimir Vladimiroviç Putini sədr vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik etmək və qəbul etdiyimiz qərarların həyata keçirilməsində ona uğurlar arzulamaq istəyirəm. Sağ olun.

İslam Kərimov (Özbəkistan prezidenti): Kütləvi informasiya vəsitələrinin hörmətli nümayəndələri, hörmətli dostlar, ilk öncə bildirmək istərdim ki, MDB-nin mövcudluğu ərzində dəfələrlə elə vəziyyətlər, Mən deyərdim, ekstremal vəziyyətlər yaranmışdı ki, əvvəlcədən, xüsusən, kütləvi informasiya vasitələrində belə mülahizələr və fikirlər söylənilirdi ki, MDB dağılmaq üzrədir, can üstədir, MDB əslində amorf və azsəmərəli təşkilatdır, guya vəziyyət elədir ki, MDB sabah öz varlığına son qoyacaqdır.

Deməliyəm ki, MDB-nin iclasının yanvarda keçirilmə vaxtı Boris Nikolayeviç Yeltsin MDB Dövlət Başçıları Şurasının sədri və Rusiya prezidenti olarkən təyin edilmişdi. Buna görə də ilk öncə qeyd etmək istərdim ki, MDB-nin növbəti zirvə görüşünün keçirilmə tarixi qabaqcadan müəyyənləşdirilmişdi. Lakin dekabrın 31-də Boris Nikolayeviç. Yeltsin istefa verən kimi və Vladimir Vladimiroviç Putin Rusiya prezidenti vəzifəsinin icraçısı təyin olunan kimi MDB-nin perspektivləri barədə, MDB-nin sabah fəaliyyət göstərib-göstərməyəcəyi barədə yenə də müəyyən fikirlər, mülahizələr söylənməyə başladı. Bu faktdır. Bütün bunlar sabah MDB-yə kimin rəhbərlik edəcəyi ilə və ya MDB-də sədrlik edəcəyi ilə bağlı idi. Bu diskussiya üç həftə ərzində davam etdi, getdikcə də artdı və məsələ bu gün, nəhayət, həll olundu. İnformasiyalara nəzər yetirsək görərik ki, dünənədək belə bir fikir vardı ki, kimsə namizəddir, kimsə əleyhinə çıxacaqdır və sair. Lakin MDB-də kimin sədrlik edəcəyi barədə lap son vaxtadək müəyyən fikir olmamışdır. Mən Rusiya prezidentinin vəzifəsini icra edən Vladimir Vladimiroviç Putinin MDB-nin sədri vəzifəsinə yekdilliklə seçilməsindən mən xoşhal oldum və bunu nəzərə çarpdırmaq istəyirəm. Təkrar edirəm, xoşhal oldum. Başqa fikir söyləyənlər müəyyən dərəcədə məyus oldular, yaxud sabah məyus olacaqlar.

Nə üçün bu fikirdəyəm? Mən bu mövzuda artıq çoxdan danışmışam, bu, Özbəkistanın nöqteyi-nəzəridir, - və demişəm ki, MDB-nin mövcudluğu özlüyündə Rusiyanın MDB-də necə çıxış elməsindən və MDB-nin perspektivlərini, mənasını necə görməsindən, MDB-nin birləşdirici pilləsi, hətta deyərdim, bel sütunu olan Rusiyanın birliyin tərkibinə daxil olan ölkələrə münasibətindən çox asılıdır. Təkrar edirəm, MDB-nin mövcudluğunun, öz perspektivlərimizi müəyyənləşdirməyin dönüş mərhələsində olduğumuz bir vaxtda Vladimir Vladimiroviç Putinin MDB Dövlət Başçıları Şurasının sədri seçilməsi haqqında bugünkü qərarı, hətta deyərdim, ən prinsipial qərarı dönüş yaradan, həlledici və MDB-nin sabah da var olacağına böyük nikbinlik aşılayan qərar hesab edirəm. Əks halda, - mən bunu dünən də, bir qədər əvvəl də demişəm, - əgər bu gün başqa bir qərar qəbul etsəydik, əminəm ki, onda MDB-nin perspektivləri xəyali olardı. Çünki əminəm ki, başqa düzgün bir qərar mövcud deyildi.

Buna görə də demək istərdim ki, əlbəttə, biz bu gün çox məsələləri müzakirə etdik, lakin prinsipial məsələ məhz bundan ibarət idi ki, sabah MDB-yə kim rəhbərlik edəcək, birliyin perspektivlərini kim müəyyənləşdirəcək və Rusiya prezidentinin vəzifəsini icra edən Vladimir Putini bu vəzifəyə seçmək üçün biz bir-birimizi nə dərəcədə başa düşəcək və zəka nümayiş etdirəcəyik.

Başa düşürəm, bəziləri deyə bilərlər ki, Vladimir Vladimiroviç Putinin bu vəzifəyə seçilməsini dəstəkləmək də MDB ölkələri rəhbərlərinin müəyyən dərəcədə xidmət göstərmək istəyi var. Bu kürsüdən istifadə edərək demək istərdim ki, bəli, burada iki fikir ola bilməz, biz Vladimir Vladimiroviç Putini MDB Dövlət Başçıları Şurasının sədri vəzifəsinə dəstəkləməklə Rusiya prezidenti vəzifəsində kimi görmək istədiyimiz barədə öz mülahizəmizi, buna, ola bilər, öz münasibətimizi ifadə edirik.

Vurğulamaq istədiyim ikinci məsələ. MDB-nin, nəhayət, işə düşməsi üçün Rusiyanın növbəti dəfə bu mexanizmdən istifadə etmək imkanı yaranmışdır. Biz hamımız başa düşürük ki, MDB yaranması məntiqi qərardır. Dünən Eduard Amvrosiyeviçin qeyd etdiyi kimi, MDB olmasaydı, onda biz Yuqoslaviya variantı ilə gedəcəkdik. Odur ki, MDB lazım idi. Lakin birliyə yeni nəfəs, yeni təkan vermək gərəkdir. Əgər Rusiya MDB-yə arxalanmaq istəyirsə, əgər Rusiyanın mənəfeləri həm də postsovet məkanında müəyyənləşirsə, onda bu imkandan istifadə etməlidir. Hesab edirəm ki, bu gün biz Vladimir Vladimiroviç Putini sədr vəzifəsinə seçməklə Rusiyaya MDB-ni möhkəmlətmək üçün bir daha imkan veririk ki, onun perspektivləri meydana gəlsin.

Sözümü tamamlayaraq nə demək istərdim? Vladimir Vladimiroviç indi dedi ki, bəzi yerlərdə müəyyən qüvvələr peyda olmuşdur və onlar hansısa boşluqlar, zəif nöqtələr aşkara çıxarırlar ki, bunların vəsitəsilə nəinki MDB-ni dağıtsınlar, həm də bəzi coğrafi-siyasi məqsədlərini həyata keçirsinlər. Mən hətta deyərdim ki, yoluxucu ekspansiya prosesi gedir, bunu başqa cür adlandırmaq olmaz, çünki ekstremizm, beynəlxalq terrorizm və bunlarla bağlı olanlar artıq MDB ərazisinə soxulur. Əgər biz buna birlikdə müqavimət göstərməsək, onu lazımınca dəf etməsək, sabah artıq gec olacaqdır.

Bununla əlaqədər mən bu gün qəbul edilmiş qərarı və Vladimir Vladimiroviç Putinin verdiyi bəyanatı tamamilə dəstəkləyirəm ki, qoy ümid bəsləməsinlər. Mən Putinin bu bəyanatında özüm üçün ciddi bir dəstək görürəm. Bilmək istəsəniz, bu, məndə nikbinlik doğurur ki, Rusiyanın simasında biz elə bir qüvvəyə arxalana bilərik ki, bu qüvvə postsovet məkanında terrorizmin, ekstremizmin ekspansiyası prosesi baş verdiyi bir vaxtda müəyyən mərkəzlərdə hazırlanan bütün bu coğrafi-siyasi planları, bəslənilən ümidləri bizimlə birlikdə dəf edəcəkdir. Sözümü bununla bitirmək istərdim.

Sual: Mənim sualım dörd prezidentədir. Bü gün dörd dövlətin - Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstanın dövlət başçılarının görüşü keçirilmişdir. Bu görüşün yekunları barədə danışa, habelə belə bir suala cavab verə bilərsinizmi ki, regional təhlükəsizlik modeli necə, hansı prinsiplər əsasında və hansi formatda olmalıdır?

Robert Koçaryan: Biz həqiqətən belə formatda görüşdük və bu, bir vaxtlar keçirilən, təəssüf ki, ənənəyə çevrilməyən Kislovodsk görüşünün bir növ davamı oldu.

Deməliyəm ki, bu gün biz hansısa müəyyən qərarlar qəbul etmədik. Amma, zənnimcə, başlıca bir qərar qəbul olundu -belə bir ümumi razılığa gəlindi ki, bu məsləhətləşmələri davam etdirmək lazımdır, regional təhlükəsizlik üzrə vəziyyəti necə təsəvvür etdiyimizi müəyyənləşdirməyə çalışmaq, bölgənin bütün ölkələri üçün, xüsusən həmin məsələni müzakirə etmiş dörd ölkə üçün məqbul olan regional təhlükəsizlik formulunu tapmaq gərəkdir.

İkincisi. Biz bütün bu məsələləri, sadəcə olaraq, konkretləşdirmək və bu görüşlərimizi müəyyən sistemli işə çevirməyə çalışmaq barədə razılığa gəldik. Bu işin məntiqi sonluğu isə, görünür, regional təhlükəsizlik sistemi yaradılmasından ibarət olmalıdır. Mən Ermənistanın bu məsələdə mövqeyindən ayrıca danışa bilərdim, lakin bunu etmək istəmirəm, çünki ümidvaram ki, biz, hər halda, ümumi mövqeyi müəyyənləşdirəcəyik. Həm də ona görə danışmıram ki, mövqelərdəki fərq barədə indi diskussiya açılmasını istəmirəm, fərq isə, yəqin ki, var.

Eduard Şevardnadze: Mən dörd prezidentin bir araya gələrək, bu çox kəskin problemləri müzakirə etməsi faktının özünə böyük əhəmiyyət verirəm. Bu, birincisi.

İkincisi. Əlbəttə, biz narahatlıq və təşviş hissi keçirdiyimizi bildirdik ki, vaxtilə qəbul edilmiş yaxşı qərarlardan, o cümlədən hazırlanmasında və qəbul olunmasında əslində bütün prezidentlərin, - mən Cənubi Qafqaz ölkələrinin prezidentlərini, Şimali Qafqaz xalqlarının liderlərini nəzərdə tuturam, - iştirak etdiyi Kislovodsk bəyannaməsinin potensialından istifadə olunmamışdır. Eləcə də bir çox maraqlı fikirlər, tam konkret təklif və araşdırmalar kağız üzərində qalmışdır.

Üçüncüsü. Ermənistan prezidenti Robert Koçaryanın dedikləri barədə. Biz razıyıq ki, bu problemlərə daha sistemli şəkildə yanaşmaq, yəni sistemli əsasda görüşmək və qəbul edilmiş qərarların həyata keçirilməsinə çalışmaq lazımdır. Hesab edirəm ki, dörd prezidentin burada, Moskvada görüşməsi üçün Vladimir Vladimiroviç Putinin göstərdiyi təşəbbüs, şübhəsiz, nəticəsiz qalmayacaqdır.

Heydər Ə1iyev: Məlumdur ki, Qafqaz Müstəqil Dövlətlər Birliyində mürəkkəb bölgələrdən biridir. Cəsarətlə deyə bilərəm ki, o, hətta dünya miqyasında mürəkkəb bölgələrdən biridir. Qafqazda münaqişələr baş verir, 1988-ci ildən bəri Dağlıq Qarabağ münaqişəsi - Ermənistanla Azərbaycan arasında münaqişə gedir, Abxaziya münaqişəsi gedir. Habelə Şimali Qafqazda da uzun illərdən bəri davam edən münaqişə. Ona görə də bu bölgəyə çox böyük diqqət yetirilməli idi. Mənim fikrim isə belədir ki, bunu Rusiya etməli idi, çünki biz hamımız uzun müddət Rusiyanın tərkibində, Sovet İttifaqının tərkibində olmuşuq, Rusiya, Moskva tərəfindən idarə edilmişik, onların rəhbərliyi altında olmuşuq.

Amma çox təəssüf ki, indiyədək bu bölgəyə lazımi diqqət, nəinki lazımi, həm də ümumən diqqət göstərilməmişdir. 1996-cı ildəki Kislovodsk görüşümüz yaxşı görüş idi. Lakin o görüş, - bu gün mən bunu deyə bilərəm, - bəlkə də epizodik xarakter daşımışdır, halbuki onda biz yaxşı bəyannamə qəbul etmişdik. Ancaq açığını deyəcəyəm, o vaxt həmin görüş başqa məqsədlər də güdürdü. Odur ki, Rusiya tərəfindən bu münaqişələrə indiyədək diqqət yetirilməməsi bizi, şübhəsiz, həmişə ağır vəziyyətə salmışdır və salır. Təbii ki, Cənubi Qafqazda təhlükəsizlik üçün şərait olmamasından, Şimali Qafqazda da mürəkkəb problemlər olmasından Rusiyanın özü də çətinliklər çəkir.

Vladimir Vladimiroviç Putinin təşəbbüs göstərməsini və prezident vəzifəsini icra edən yeni bir şəxs kimi vəziyyətin ondan ötrü mürəkkəb olmasına baxmayaraq, vaxt ayırmasını, bizimlə görüşüb fikir mübadiləsi aparmasını artıq irəliyə doğru əhəmiyyətli addım sayıram. Həmkarlarımın dediyi kimi, biz məsələlər barəsində həqiqətən fikir mübadiləsi apardıq, onları müzakirə etdik.

Əlbəttə, hər hansı qərarlardan danışmaq hələlik tezdir. Ancaq bu, irəliyə doğru getməkdir və Qafqazda və Cənubi Qafqazda təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına Rusiyanın böyük maraq göstərdiyinə sübutdur.

Əlbəttə, Cənubi Qafqazda tam təhlükəsizliyi və əməkdaşlığı təmin etmək üçün münaqişələri, xüsusən Ermənistanla Azərbaycan arasındakı münaqişəni, habelə digər münaqişələri aradan qaldırmaq lazımdır. Bunsuz təhlükəsizlikdən ciddi şəkildə danışmaq mümkün deyil. Şimali Qafqazda münaqişənin nizama salınmalı olmasına və bundan ötrü tədbirlər gorüldüyünə gəldikdə isə, bu da bütün Qafqazda vəziyyətin tədriclə sabitləşdirilməsi üçün mühüm addımdır. Bu görüşü çox faydalı hesab edirəm, onu gələcək qarşılıqlı fəal tədbirlərimiz üçün başlanğıc sayıram və buna ümid bəsləyəcəyəm.

Vladimir Putin: Azərbaycan prezidenti Heydər Əliyeviç Əliyevin indi söylədiyi bu sözlərlə, zənnimcə razılaşmayan olmaz ki, şübhəsiz, Qafqaz nəinki postsovet məkanında ən mürəkkəb bölgələrdən biri, həm də ümumiyyətlə, dünyanın ən mürəkkəb bölgələrindən biridir. Biz belə bir fikirlə razılaşdıq və diskussiyamızın iştirakçılarından birinin dediyi kimi, regional sahədə birgə işimiz hansısa yeni fikir ayrılıqları doğurmamalı, bu prosesin iştirakçılarının dünyanın başqa ölkələri, başqa dövlətləri ilə, o cümlədən də Qafqazın yaxnılığında yerləşən ölkələrlə əməkdaşlığına hər hansı yeni əngəllər törətməməlidir. Qətiyyən törətməməlidir. Burada biz məlum tələbi prinsip - "ziyan vurma" prinsipi üzrə hərəkət edəcəyik. Bu, birincisi.

Diqqəti cəlb etmək istədiyim ikinci məsələ. İstisnasız olaraq hamı razılaşdı ki, əgər biz diskussiyanı belə bir heyətdə davam etdirsək, onda, şübhəsiz, hamılıqla qəbul olunmuş beynəlxalq hüquq prinsipləri əsasında hərəkət edəcəyik, onların arasında ən ümdə prinsiplərdən biri isə dövlətlərin ərazi bütövlüyünün sözsüz tanınmasından ibarətdir. Ümidvaram ki, bölgədə baş verən mürəkkəb prosesləri nəzərə alaraq, bu dediklərimi siz də bizim başa düşdüyümüz kimi başa düşürsünüz.

Nəhayət, fəaliyyətimizin, şübhəsiz, yalnız bir son məqsədi ola bilər - sabitlik, sülh və tərəqqi üçün şəraitin yaradılması.

Sual (Rusiya): Vladimir Vladimiroviç, siz MDB ölkələrində rusdilli əhalinin vəziyyəti barədə Rusiyanın mövqeyini dəqiqləşdirə bilərsinizmi?

Vladimir Putin: Mövqeyimiz çox sadə və açıqdır. Biz bunu əsas götürürük ki, rus dilini öz ana dili sayan, Rusiyada yaşamaq istəyən adamlara bundan ötrü hüquq və imkan verilməlidir. MDB-nin bu gün yaşadıqları müstəqil dövlətlərini vətən seçən adamlara özlərini o ölkələrin tam hüquqlu vətəndaşları kimi hiss edə bilməsi üçün öz mədəniyyətini, dilini inkişaf etdirmək, təhsil almaq imkanı olmaqdan ötrü demokratik prosedurlarda nəzərdə tutulan bütün vəsitələrdən istifadə etmək imkanı yaradılmalıdır. Bu o deməkdir ki, Rusiya Federasiyası da birliyin müstəqil dövlətlərinin Rusiyada yaşayan vətandaşları üçün bunların hamısını etməlidir. Rusiya bu istiqamətdə ardıcıllıqla və qətiyyətlə fəaliyyət göstərəcəkdir.

Heydər Əliyev: Mən əlavə etmək istərdim. Bəyan edə bilərəm ki, Azərbaycanda rusdilli əhalinin vəziyyəti əladır, bütün şərait yaradılmışdır, rus məktəbləri var, rusdilli məktəblərdə çoxlu azərbaycanlı oxuyur. Bizim ancaq dərsliklərə ehtiyacımız var, onları da Moskvadan alırıq. Ona görə də ölkəmizin rusdilli əhalisinin nümayəndələri, necə deyərlər, Azərbaycanın tam hüquqlu vətəndaşları və mənim ən böyük dostlarımdır, onlar həmişə mənə səs verirlər.

Vladimir Putin: Mən bunu təsdiq edirəm. Bu, statistika məlumatı ilə də təsdiq olunur. Rusdilli əhalinin faiz etibarilə ən az axını Azərbaycandandır.