Azərbaycan Prezidenti Heydər Əliyevin Fransanın "TV Arte" televiziya kanalının müxbirinə müsahibəsi - Paris, 14 yanvar 1997-ci il


Sual: Cənab prezident, Sizinlə bu görüş mənim üçün böyük şərəfdir. Sizin müsahibəniz bu axşam "Arte" kanalı ilə efirə buraxılacaq, fransız və alman dilində bütün Avropaya yayımlanacaqdır.

Cənab prezident, mən Sizə 4-5 sual verəcəyəm və Sizdən çox xahiş edirəm, əgər mümkünsə, onlara qısa cavab verəsiniz ki, biz tərcümə etməyə macal tapaq. Siz Fransaya bu səfərinizə nə kimi ümidlər bəsləyir, ondan iqtisadi və siyasi sahədə nə gözləyirsiniz?

Cavab: Mən həm iqtisadi, həm də siyasi sahədə Fransa-Azərbaycan əlaqələrinin inkişaf etməsini və genişlənməsini gözləyirəm.

Sual: Siz bu səfəriniz zamanı iqtisadi sahədə əldə etdiyiniz nəticələr haqqında konkret olaraq məlumat verə bilərsinizmi? Bu nəticələr ölkəniz qarşısında nə kimi perspektivlər açır?

Cavab: Ən böyük nəticə ondan ibarətdir ki, mən Fransa prezidenti cənab Jak Şirakla bütün məsələlər haqqında, Fransa-Azərbaycan əlaqələri haqqında ətraflı danışıqlar aparmışam, söhbət etmişəm. Mən bu görüşdən və danışıqlardan məmnunam. Bu görüşdən sonra mən belə fikrə gəlmişəm ki, Fransa prezidenti cənab Jak Şirak Azərbaycan haqqında daha dolğun və düzgün obyektiv məlumata malik oldu və Azərbaycan-Fransa əlaqələrinin bütün sahələrdə o cümlədən iqtisadi, mədəni və siyasi sahələrdə inkişaf etməsinə çox böyük maraq göstərir. Bu görüşün ən yüksək nəticəsi ondan ibarətdir ki, Fransanın böyük şirkətləri olan "Elf Akiten" və "Total" şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında uzunmüddətli müqavilə imzalanıb. Müqavilənin imzalanması mərasimi Yelisey sarayında keçirilib, Fransa və Azərbaycan prezidentləri bu mərasimdə iştirak ediblər. Bu müqavilə Azərbaycanda iki böyük neft yatağında işlərin "Elf Akiten" və "Total" şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında müştərək təşkil olunmasını təmin edir və 25 il müddətində o yataqların işlənməsi, oradan neft çıxarılması nəzərdə tutulur. Bu, çox səmərəli bir müqavilədir.

Sual: Cənab prezident, məhz buna görə də Sizdən soruşmaq istərdim ki, indiki çətin böhrandan çıxmaq üçün Rusiya ilə müqayisədə Azərbaycan neftdən başqa, əlavə daha nə kimi imkanlara malikdir, hansı vasitələrdən istifadə edir?

Cavab: Bəli, biz bu iqtisadi böhrandan çıxmaq üçün bütün vasitələrdən istifadə edirik, o cümlədən də bizim indiyədək imzaladığımız neft müqavilələri, - yeri gəlmişkən, bu, xarici şirkətlərlə imzaladığımız beşinci müqavilədir, - bir neçə ildən sonra öz iqtisadi faydasını verəcək və onlar da Azərbaycanı böhrandan çıxarmağa kömək edəcəkdir. Bu sahədə vəziyyətin Rusiyaya nisbətən necə olacağını deyə bilmərəm. Mən Rusiya ilə Azərbaycanı müqayisə etmək istəmirəm. Rusiya çox böyük dövlətdir.

Sual: Sovet İttifaqının dağılmasından bir neçə il keçir, necə bilirsiniz, onun süqutu Azərbaycan üçün yaxşıdır, yoxsa pisdir?

Cavab: Sovet İttifaqının dağılması çox yaxşıdır. Çünki bunun nəticəsində Azərbaycan dövlət müstəqilliyi əldə etdi, müstəqil bir dövlət oldu. Bu, Azərbaycan üçün tarixi bir nailiyyətdir.

Sual: Siz öz ölkənizin gələcəyini düşünəndə hansı istiqamətə daha çox üstünlük verirsiniz - Avropaya tərəf, Rusiyaya tərəf, yoxsa Şərqə tərəf üz tutmağı üstün tutursunuz?

Cavab: Biz müstəqil bir dövlət kimi müstəqil siyasət yürüdürük, ona görə də nə o tərəfə, nə də bu tərəfə dönmək istəmirik. Biz bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əlaqələr qururuq və qurmaq istəyirik. Bu baxımdan biz həm Qərb ölkələri ilə, həm Şərq ölkələri ilə, həm də Amerika Birləşmiş Ştatları və Rusiya ilə əlaqələrə eyni səviyyədə fikir veririk. Odur ki, biz Fransa ilə əlaqələrimizin inkişaf etməsinə çox yüksək qiymət veririk.

Sual: Cənab prezident, bilirəm ki, vaxtınız çox azdır. Ona görə də axırıncı sualımı verirəm. Siz Dağlıq Qarabağ münaqişəsinin həllində Fransadan nə gözləyirsiniz?

Cavab: Onu gözləyirəm ki, Fransa Ermənistanla Azərbaycana eyni gözlə baxsın, bu münaqişənin həllində subyektivliyə yol verilməsin. Bu münaqişənin sülh yolu ilə həllində subyektivliyə yol verilməsin. Bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün dekabrın əvvəllərində ATƏT-in Lissabon sammitində prinsiplər müəyyən olunubdur. Bunlar, birincisi, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, ikincisi, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməsi, üçüncüsü, bütün Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi prinsiplərdir. Arzu edirəm ki, Minsk qrupunun üzvü kimi Fransa bu prinsiplərin həyata keçirilməsinə kömək göstərsin və bu işdə fəal iştirak etsin.

Müxbir: Cənab prezident, mən Sizə minnətdarlığımı bildirirəm: Səfərinizin uğurla başa çatmasını arzulayıram.

Heydər Əliyev: Təşəkkür edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 16 yanvar 1997-ci il