Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistanın müstəqillik günü münasibətilə Özbəkistanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Gülüstan" sarayı, 1 sentyabr 2000-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən Özbəkistanın milli bayramı - Müstəqillik günü münasibətilə sizi ürəkdən təbrik edirəm, qardaş özbək xalqına sülh, əmin-amanlıq və çiçəklənmə arzulayıram.

Özbəkistan da, Azərbaycan da müstəqil dövlətlərdir. Hər iki ölkənin keçmişi eyni olubdur, amma indi müstəqil dövlət kimi həm Azərbaycanda, həm də Özbəkistanda insanlar öz dövlət dilindən istifadə edirlər. Ona görə də mən nitqimi Azərbaycan dilində, dövlət dilimizdə başladım.

Özbək dili və Azərbaycan dili bir kökə malikdir. Bizim dillərimizdə müəyyən bir fərq var, amma eyni kökə malik olduğumuza görə biz bir-birimizin dilini başa düşürük. Ancaq hamı eyni səviyyədə başa düşmür. İndi hələ ki, nə Özbəkistanda özbək-Azərbaycan dillərinin tərcüməçisi, nə də Azərbaycanda Azərbaycan-özbək dillərinin tərcüməçisi var. Ona görə də mən problem qarşısındayam. Mən bu gün öz dilimizdə müraciət etməliyəm, amma eyni zamanda, nəzərə almalıyam ki, bizim özbək qardaşlarımız - hansı ki, biz bu gün onların müstəqillik günü bayramına gəlmişik- ola bilər, mənim dediyim sözlərin çoxunu, yaxud bir hissəsini anlaya bilməsinlər. Mən başa düşürəm, təbiidir ki, ona görə də Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri bu gün rus dilində danışdı. Mən bunu nəzərə alaraq nitqimi rus dilində davam etdirmək istəyirəm. Ancaq ümidvaram ki, vaxt gələcək, Özbəkistanda Özbək- Azərbaycan dillərinin tərcüməçisi, Azərbaycanda da Azərbaycan-Özbək dillərinin tərcüməçisi olacaqdır. O vaxt həm Daşkənddə, həm də Azərbaycanda prezidentlər belə mərasimlərdə yalnız öz dövlət dillərində nitq söyləyəcəklər.

Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Özbəkistanın milli bayramı - Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirəm, qardaş özbək xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.

Özbəkistanın, özbək xalqının dövlət müstəqilliyi əldə etməsi çox böyük tarixi əhəmiyyətə malik hadisədir. Tarixdən yaxşı məlumdur ki, özbək xalqı keçmişdə öz dövlətçiliyinə, özü də kifayət qədər qüdrətli, güclü dövlətçiliyə malik olmuşdur. Amma sonra xalq bu dövlətçilikdən, müstəqillikdən məhrum olmuş və təbii ki, bir çox illər sərbəst inkişaf üçün imkana malik ola bilməmişdir.

Bizim bu baxımdan da taleyimiz eynidir, tariximiz eynidir - mən həm özbək, həm də Azərbaycan xalqlarını nəzərdə tuturam. 1991-ci ildə biz də dövlət müstəqilliyi, milli azadlıq əldə etdik, öz demokratik, hüquqi, dünyəvi dövlətimizi qururuq, xalqımızın milli mənafelərinə uyğun olan yolla gedirik. Ona görə də azadlığı əldə etməyin, müstəqillik əldə etməyin və öz milli dövlətçiliyini qurmağın hər bir xalq üçün nə demək olduğunu yaxşı başa düşürük. Sovetlər İttifaqının süqutu bizə - Özbək xalqına da, Azərbaycan xalqına da bundan ötrü şəraiti təmin etdi və gördüyünüz kimi, biz öz müstəqilliyimizi çox tez möhkəmlətməyə və inkişaf etdirməyə başladıq.

Çox dərin məmnunluq hissi ilə deyə bilərəm ki, müstəqillik, azadlıq illərində özbək xalqı, Özbəkistan böyük uğurlar qazanmışdır. Özbəkistan Mərkəzi Asiyada mühüm yer tutur, olduqca böyük iqtisadi potensiala, insan ehtiyatlarına malik ölkədir. Özbək xalqının qədim, zəngin tarixi, mədəniyyəti, ədəbiyyatı var. Lakin müstəqillik qazanılması keçmiş vaxtlarda bu və ya digər dərəcədə tələb edilməmiş, istifadə olunmamış qalan bütün bunları hərəkətə gətirməyə imkan vermişdir. Nəticədə müstəqillik illərində Özbək xalqı, özbəkistan həqiqətən böyük uğurlar qazanmışdır. Özbəkistanın Azərbaycandakı fövqəlalə və səlahiyyətli səfiri burada bu barədə ətraflı söhbət açdı. O, bu barədə iftixar hissi ilə, sevinc hissi ilə danışdı. Bu gün, bu bayram günündə demək istəyirəm ki, Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti olaraq biz də Özbək xalqının müstəqillik illərində qazandığı uğurlara eyni dərəcədə sevinirik.

Xalqlarımız - Özbək və Azərbaycan xalqları arasında həmişə səmimi dostluq münasibətləri olmuşdur. Bu münasibətlər ümumi taleyimizə, tarixi köklərimizə, adət və ənənələrimizin, əxlaqi dəyərlərimizin, mənəvi dəyərlərimizin oxşarlığına əsaslanmışdır. Bütün bunlar xalqlarımız arasında dostluq, qarşılıqlı yardım və əməkdaşlıq üçün həmişə şərait yaratmışdır.

XX yüzilliyin tarixindən bütün bunları olduqca parlaq şəkildə göstərən çoxlu misallar çəkmək mümkündür. Biz keçmişdə olanları lazımınca qiymətləndiririk. Lakin bununla yanaşı, biz azadlıq əldə etdikdən, müstəqillik qazandıqdan sonra vəziyyət tamamilə dəyişmişdir və müstəqilliyin ilk günlərindən Özbəkistanla Azərbaycan arasında dövlətlərarası münasibətlər, diplomatik münasibətlər yaradılmışdır, Azərbaycanın Daşkənddə, Özbəkistanın Bakıda səfirlikləri var. Təbiidir ki, münasibətlərimiz keyfiyyətcə yeni xarakter almışdır. Azərbaycan öz xarici siyasətində bunu əsas tutur ki, bütün ölkələrlə, xüsusən qonşu ölkələrlə, ələlxüsus bizi böyük tarixi keçmişin birləşdirdiyi ölkələrlə qarşılıqlı surətdə faydalı dostluq münasibətlərini inkişaf etdirmək lazımdır.

Biz Özbəkistanla bir regionda yerləşirik. Qafqaz və Mərkəzi Asiya, Xəzər hövzəsi - bunların hamısı bir-biri ilə tarixən bağlı olmuşdur. Ona görə də artıq müstəqillik şəraitində əlaqələrimizin konkret əməli nəticələri var. Biz tarixi böyük İpək yolunun bərpası, TRASEKA proqramının həyata keçirilməsi ilə birlikdə fəal məşğul oluruq və deməliyəm ki, Özbəkistan və Azərbaycan bu istiqamətdə böyük uğurlar qazanmışlar. Biz Transqafqaz magistralından birlikdə fəal istifadə edirik. Biz bir çox digər proqramları birlikdə həyata keçiririk. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq və siyasət, xarici siyasət sahəsində, beynəlxalq münasibətlər sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda, MDB-də, GUÖAM kimi təşkilatda qarşılıqlı surətdə fəal əməkdaşlıq edirik və bunu Özbəkistan üçün də, Azərbaycan üçün də çox mühüm sayırıq. Böyük sevinc hissi doğurur ki, indi müstəqil dövlət olan Özbəkistan öz təbii ehtiyatlarından, öz iqtisadi potensialından tamamilə istifadə edir və böyük uğurlar qazanır. Şəxsən mən Özbəkistanı çoxdan - 70-ci illərdən və bundan əvvəl, habelə 80-ci illərdən tanıyıram. Mən Azərbaycanın rəhbəri kimi də, Moskvada işlədiyim dövrdə də Özbəkistanla sıx əlaqələr saxlayırdım. Mənim o vaxtlar da çoxlu dostum var idi, indi də var. Buna görə də Özbəkistanın o vaxtlar hansı vəziyyətdə olduğunu, - hərçənd o, öz xalqına maksimum səmərəli fayda gətirmək üçün çox geniş imkanlara malik idi, - və bu gün necə bir vəziyyətdə olduğunu yaxşı bilirəm. Nəhayət, XX əsrin sonunda nail olduğumuz azadlığın, müstəqilliyin, milli dövlətçiliyin mahiyyəti də məhz bundan ibarətdir.

Təbii ki, bizim bir çox iqtisadi, sosial, siyasi problemlərimiz var. Azərbaycanın ağır bir problemi var - bu, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, bir milyon azərbaycanlının öz ölkəsində qaçqına çevrilməsi problemidir, digər problemlərdir. Əlbəttə, Özbəkistanda da problemlər var. Bunlar iqtisadiyyatın inkişafı, islahatların aparılması ilə bağlıdır. Bütün bunlar bizim ölkələrimiz kimi ölkələr üçün, yəni bu yaxınlarda müstəqil dövlətlər olmuş ölkələr üçün asan məsələlər deyildir. Ancaq bizi məyus edən odur ki, son vaxtlar Özbəkistanın cənubunda gərginlik mənbəyi meydana gəlmişdir, terrorçular, terrorçu quldur dəstələri, islam ekstremistləri çətinliklər törədirlər. Bu təhlükəli hadisələr indi təkcə Özbəkistanda deyil, Mərkəzi Asiyanın bəzi digər ölkələrində də öz təsirini göstərir.

Təəssüf ki, hazırda terrorizm, təcavüzkar ekstremizm, təcavüzkar separatizm, dini ekstremizm dünyada, o cümlədən, Asiya qitəsinin ölkələrində, - həm də təkcə Asiya qitəsində deyil, - təhlükəli hala çevrilmişdir. Buna görə də biz orada baş verən hadisələri narahatlıq hissi ilə izləyir, sevinirik ki, Özbəkistan dövləti kifayət qədər güclü qüvvəyə malikdir və quldur basqınlarını, separatçı hərəkətləri dəf etməyə, öz ölkəsinin ərazisini hər cür terrorçu və ekstremistlərdən təmizləməyə qadirdir.

Lakin təkrar edirəm, bu, bütün ölkələrin belə hala qarşı necə birgə mübarizə aparmasının labüd olduğunu göstərən daha bir faktdır. Təəssüflər olsun, bəzən görürsən ki, bu cür hallarla rastlaşmayan ölkələr digər ölkələrdə baş verən belə separatçı, terrorçu, ekstremist hadisələrə bəzən laqeyd yanaşırlar. Amma mənə elə gəlir ki, indi bu hallar çox geniş yayılmışdır və ona görə də həmin halların baş verdiyi - yaxud hətta baş vermədiyi - dövlətlərin hamısı bütün dünyada, bütün qitələrdə sabitliyin təmin olunması üçün belə təhlükəli hallara qarşı fəal çıxış etməlidirlər. Təbii ki, biz özbək xalqının bu ekstremist, separatçı qüvvələrə qarşı mübarizəsində onunla həmrəyik və onu həmişə dəstəkləyəcəyik. Təkrar edirəm, əminəm ki, müstəqil dövlət olaraq Özbəkistan bu halların öhdəsindən uğurla gələcəkdir.

Ölkələrimiz arasında dostluğu və əməkdaşlığı möhkəmləndirən bir də budur ki, hörmətli prezident İslam Kərimovla mənim aramda çox sıx dostluq münasibətləri var. Bu dostluğun da böyük tarixi var, lakin o, indi xüsusi xarakter almışdır və mən buna şadam. Çünki bu, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün, qarşılıqlı fəaliyyət, qarşılıqlı anlaşma üçün və hər hansı mənfi hallara qarşı birgə tədbirlər üçün böyük əhəmiyyətə malikdir. Mən bu gün, bu bayram günü İslam Kərimovun rolunu, xüsusi rolunu nəzərə çarpdırmaq istəyirəm. Azadlıq və müstəqillik əldə edilməzdən hələ bir neçə il əvvəl Özbəkistanın rəhbəri, özbək xalqının lideri olaraq o, dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı, demokratik islahatların, iqtisadi, sosial islahatların aparılması, dünya birliyinə inteqrasiya, özbək xalqının rifahının yüksəlməsi üçün və öz ölkəsinin, öz torpağının müdafiəsi üçün çox işlər görmüşdür və görür. Buna görə də o, nəinki öz ölkəsində, həm də dünyada böyük nüfuza malikdir və bir müddət əvvəl onun həyatına terrorçuların sui-qəsd törətməyə çalışdıqları hadisə kimi hadisələrdən qorxmayaraq, çox cəsarətlə hərəkət edir, inamla hərəkət edir, öz xalqına, öz millətinə sədaqətini göstərir.

Mən bu bayram münasibətilə prezident İslam Kərimova təbrik göndərmişəm. Lakin bu gün burada mən Azərbaycan xalqının özbək xalqına ən xoş arzularını bir daha yetirmək və əmin olduğumu bildirmək istəyirəm ki, özbək xalqı bütün çətinlikləri dəf edəcək və müstəqil Özbəkistan Mərkəzi Asiyada, bütün dünya birliyində həmişə öz layiqli yerini tutacaqdır.

Hörmətli dostlar, sizi bayram münasibətilə bir daha təbrik edirəm, sizə sülh arzulayıram, səadət diləyirəm, bütün özbək xalqına xoşbəxt gələcək arzulayıram.