Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda açılmış "Qərb-Şərq" kinofestivalının iştirakçıları ilə görüşdə söhbətindən - Prezident sarayı, 8 oktyabr 1999-cu il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Heydər Əliyev: Sizi Azərbaycanda ürəkdən salamlayıram. Şadam ki, Azərbaycanda kinofestivallar keçirilməsi ənənəsi artıq təşəkkül tapmışdır. Bütün bunlar çox şeyə dəlalət edir. Ona dəlalət edir ki, Azərbaycanda cəmiyyət, xalq kinonu sevir və kinoya marağı itirməyiblər. Bu həm də ona dəlalət edir ki, kino sənəti xadimləri ölkəmizə daim diqqət yetirirlər. Bunların hər ikisi bizə, xüsusən mənə çox xoşdur. Buna görə də şadam ki, siz Bakıda, Azərbaycanda kinofestival keçirməyi yenidən qərara almısınız. Əminəm ki, tamaşaçılar, kino həvəskarları sizin festival kino nümayişlərinə, eləcə də bu gün Respublika sarayında festivalın açılışına böyük maraqla gələcəklər.

Yəqin ki, sizin bir çoxunuz əvvəllər Azərbaycanda olmuşdur, ola bilsin, kimsə buraya ilk dəfə gəlmişdir. Fərqi yoxdur, zənnimcə, burada olmuşlar da, burada ilk dəfə olanlar da buraya gəlməklərindən razı qalacaqlar. Ölkəmiz yaxşı ölkədir, xalqımız qonaqpərvərdir, Bakı gözəl şəhərdir. 8 il əvvəl əldə etdiyimiz dövlət müstəqilliyi şəraitində Azərbaycan böyük çətinliklərdən keçərək yaxşı nəticələrə nail olmuşdur.

Əvvəla, sizə yəqin maraqlıdır ki, Azərbaycanda incəsənətə, mədəniyyətə, kinoya, teatra, musiqiyə maraq getdikcə artır, ölkəmizin mədəniyyət xadimləri həm cəmiyyətin, həm də dövlətin qayğı və diqqəti ilə əhatə olunmuşlar, əlbəttə ki, mümkün dərəcədə.

Müstəqillik illərində Azərbaycan həm daxili, həm də xarici xarakterli çox mürəkkəb proseslər yolu keçmişdir. Əlbəttə, Azərbaycan üçün ən ağır olan budur ki, o, artıq 12 ildir ölkəmizin ərazisinin bir hissəsinə - Dağlıq Qarabağa Ermənistanın iddialarına görə Ermənistanla münaqişəyə cəlb edilmişdir. 1988-ci ildə başlayan bu münaqişə genişlənərək böyük müharibəyə çevrilmiş, hərbi əməliyyatlar getmiş, çox qanlar tökülmüş, çox insanlar həlak olmuş və müxtəlif məlum səbəblərə görə erməni silahlı birləşmələri Azərbaycan ərazisinin bir hissəsini işğal etməyə müvəffəq olmuşdur. Bu, Ermənistanın göz dikdiyi Dağlıq Qarabağ ərazisi və Dağlıq Qarabağ ətrafındakı rayonlardır. Bu, Azərbaycan ərazisinin birlikdə götürdükdə 20 faizidir. Həmin rayonların sakinləri olan azərbaycanlılar öz yaşayış yerlərindən qovulmuş və uzun illərdən bəri çox ağır şəraitdə, əksəriyyəti də çadırlarda yaşayırlar.

1994-cü ilin mayında biz Ermənistanla atəşkəs haqqında razılaşma əldə etdik. İndi müharibə getmir, döyüş əməliyyatları aparılmır, qan tökülmür, hər iki tərəf atəşkəs rejiminə əməl edir, lakin tam sülh də yoxdur. Bütün bu illər ərzində biz münaqişəni dincliklə nizama salmağa çalışırıq. Amma təəssüf ki, biz buna erməni tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində hələlik nail ola bilməmişik.

Əlbəttə, bu, gənc müstəqil dövlət üçün böyük yükdür və respublikanın iqtisadi, sosial vəziyyətinə təbii olaraq ciddi təsir göstərir. Ötən bu illərdə bizdə daxili xarakterli digər ciddi çətinliklər də olmuşdur. Təəssüf ki, keçmiş Sovet İttifaqının respublikaları ilə müqayisədə, heç yerdə Azərbaycandakı kimi hakimiyyət uğrunda daxili silahlı mübarizə getməmişdir. Müxtəlif qrupların, siyasi qüvvələrin və ya ayrı-ayrı adamların silahlı dəstələri Azərbaycanda daxili siyasi vəziyyəti çətinləşdirir, təbii ki, qayda-qanunu və adamların rahatlığını pozurdular.

Azərbaycana bu hadisələr də böyük ziyan vurdu. Buna görə də hakimiyyət dəyişirdi. Bu, bir dəfə 1992-ci ildə, sonra isə 1993-cü ilin iyulunda baş vermişdir, о vaxt respublikada vətəndaş müharibəsi başlanmışdı və Azərbaycan fəlakət, parçalanmaq həddində idi. Biz bunun qarşısını almağa müvəffəq olduq. Lakin hakimiyyəti ələ keçirməyə can atan, bir sıra hallarda kənardan qızışdırılan qüvvələr ayrı-ayrı dövlətlərin xüsusi xidmət idarələrinin köməyi ilə fəaliyyətini уеnə də davam etdirirdilər. Bu gün oktyabrın 8-dir, oktyabrın 4-5-də isə Azərbaycanın yenidən fəlakətlə üzləşdiyi vaxtdan beş il ötmüşdür. О vaxt silahlı yolla dövlət çevrilişi etmək üçün çox ciddi cəhd göstərilmişdir. Xalqın iradəsi və gücü ilə bu cəhdi boşa çıxarmaq mümkün oldu.

Son günlər televiziyamız о günlərin televiziya kadrlarını göstərmişdir. Biz bunların hamısını yaşadıq, mən özüm hadisələrin mərkəzində oldum, buna baxmayaraq, bir daha düşünürsən - biz necə ağır günlər keçirdik. Axşamdan xeyli keçmiş mənim televiziya ilə çağırışımla xalq, yəqin, yarım milyondan artıq adam Prezident sarayının ətrafına toplaşdı və öz dövlətini müdafiə etdi.

Lakin iş bununla bitmədi. Vəziyyəti qaydaya salmaq üçün bir çox digər tədbirlər görmək lazım gəldi. Yarım ildən sonra biz hakimiyyəti devirməyə çalışan adamların silahlı çıxışı ilə bir daha qarşılaşdıq. Onun da qarşısı alındı.

Bir sözlə, о illərdə həyatımız ağır, mürəkkəb olmuşdur. Lakin, hətta о ağır və mürəkkəb vaxtlarda da biz mədəniyyəti, mədəni ənənələrimizi heç zaman unutmurduq. Hətta о ağır illərdə də biz görkəmli mədəniyyət ustalarımızın - yazıçıların, şairlərin, bəstəkarların yubileylərini keçirirdik, çox böyük konsert - gecələr olurdu, teatr müntəzəm işləyirdi.

Ancaq bütün bunlar artıq arxada qalmışdır. İndi Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir, biz xalqın sakit yaşaması üçün şərait yaratmışıq. Bu baxımdan Azərbaycan bizi əhatə edən ölkələrlə müqayisədə hazırda bəlkə də ən sakit ölkədir.

Bizdə iqtisadiyyat da inkişaf edir. Siz bunu hətta şəhərin görkəminə əsasən də hiss edə bilərsiniz. Bakı şəhəri öz gözəlliyi ilə həmişə məşhur olmuşdur və biz bununla həmişə fəxr etmişik. Lakin son illərdə, bizdə azad sahibkarlığın, bazar iqtisadiyyatının inkişaf etdiyi, iqtisadi və sosial islahatlar aparıldığı dövrdə şəhər daha yeni görkəm alır.

Bu yaxınlarda Rüstəm İbrahimbəyov mənə dedi ki, bir neçə ay əvvəl şəhərin mərkəzindəki "Azərbaycan" kinoteatrı, - yeri gəlmişkən, o, kino həvəskarlarının neçə-neçə nəslinin olduğu yerdir, - yenidən qurulmuş, modernləşdirilmiş, burada heç zaman olmayan şeylər yaradılmışdır.

Rüstəm İbrahimbəyov  (kinodramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri): Biz hey gözləyirik ki, Siz haçansa vaxt tapacaqsınız...

Heydər Əliуеv:  Vaxt tapmaq istəyirəm, istəyirəm. Mən о kinoteatrı xatırlayıram. Gənclik illərində biz kinonu sevirdik, о vaxtlar kinoteatrlar axşamlar adamların getdiyi başlıca yer idi. Xatirimdədir, orada foyedə həmişə estrada orkestri çalırdı, biz gəlib musiqini dinləyirdik, sonra da salona daxil olub filmə baxırdıq. Doğrudur, bəzən bilet tapmaq çətin olurdu. Yadımdadır, mən dəfələrlə növbədə dayansam da bilet ala bilməmişdim, bəzən əldən alırdım. Odur ki, bu kinoteatr, eləcə də Bakıdakı bir çox kinoteatrlar mənə Çox yaxşı məlumdur. Mənim gəncliyim Bakıda keçmişdir.

Rüstəm deyir ki, siz nəyi gözləyirsiniz - mən mütləq gələсəуəm. Elə bunun özü yenilik əlamətləridir. Bu, sizə əziz ola biləcək bir misaldır, çünki bu, sizi qalan hər şeydən yəqin daha çox maraqlandırır. Lakin belə misallar bizdə çoxdur. Bütün bunlardan danışarkən əsas fikrə bir daha qayıdıram ki, Azərbaycanda biz hamımız incəsənətin, kinonun, mədəniyyətin böyük pərəstişkarlarıyıq. Formalar dəyişir, indi televiziya çox böyük yer tutur, Amma kino öz əhəmiyyətini itirmir. Deyirlər ki, bir çox ölkələrdə, о cümlədən keçmiş Sovet İttifaqının respublikalarında baş vermiş kinodan uzaqlaşma artıq dayanmışdır, əksinə, kinoteatrlara axın var.

Bilirəm ki, indi bəzi Qərb ölkələrində kinoteatrlara bilet tapmaq, əvvəllər bizdə olduğu kimi çətindir. Halbuki orada da televiziya var, bəlkə də bizdə olduğundan da artıqdır. Proqramlar da bizdə olduğundan çoxdur, buna baxmayaraq, adamlar kinofilmi təkcə televizorda deyil, ekranda da görmək istəyirlər. Buna görə də sizin peşəniz yaşayır və yaşayacaqdır. Məruz qaldığınız çətinliklər məlumdur. Мən sizə bizim çətinliklərimizdən danışdım, onlar sizin çətinliklərinizdən daha mürəkkəbdir. Amma gərək nikbin olasan, irəliyə baxasan və düşünəsən ki, hər şey getdikcə daha yaxşı olacaqdır. Zənnimcə, məhz bu fikirləri Bakı festivalı da nümayiş etdirəcək, bir daha təsdiqləyəcəkdir. Мənə elə gəlir ki, siz festivaldan məmnunluq duyacaqsınız. Lakin mən vətəndaşlarımız barədə daha çox düşünürəm, onlar kino xadimləri ilə film vasitəsilə deyil, canlı olaraq görüşməkdən böyük zövq alacaqlar. Bu, həmişə xoşdur, zənnimcə, bu dəfə də belə olacaqdır. Sizə böyük uğurlar arzulayıram.

Rüstəm İbrahimbəyov: Cənab prezident, vaxt tapıb bizi qəbul etdiyinizə görə Sizə çox minnətdarıq. Bu cür görüşlər kinematoqraf üçün çox vacibdir. Asanlıqla yada sala bilərik ki, perspektivli ideya və təşəbbüslər məhz bu cür görüşlərdə meydana gəlmişdir. Məsələn, üç il bundan əvvəl belə görüşlərdən birində Siz bu festivalı dəstəklədiniz, Bakıda beynəlxalq festival keçirmək ideyası dəstəkləndi və birinci festival üçün hətta büdcədən pul ayrıldı. Sonra biz "Filipp Morris" şirkəti ilə əlaqə yaratdıq və ikinci festival, habelə indiki festival onların sponsor yardımı ilə keçirilir. Ümidvaram ki, bu gözəl ənənə davam etdiriləcək və Şərqi Avropa üzrə vitse-prezident cənab Uayt başda olmaqla "Filipp Morris" şirkəti nümayəndə heyətinin əməkdaşlığımızın perspektivləri barədə fikrini dinləmək çox maraqlı olacaqdır.

Əvvəlki illərdə olduğu kimi, yenə də festivalın əsasını Avrasiya ölkələrində çəkilmiş filmlər təşkil edir. Bunlar müxtəlif festivallarda göstərilmiş ən yaxşı filmlərdir. Çox yaxşı olar ki, bakılılar bu filmləri görsünlər. Lakin indi bu festivalın coğrafiyasını bir qədər genişləndirmişik. Proqrama ABŞ, Türkiyə, İsrail filmləri də daxil edilmişdir. Onların nümayəndələri indi buradadırlar.

Bu, Sizin dəfələrlə nəzərə çarpdırdığınız kimi, onunla bağlıdır ki, Azərbaycan Şərqin və Qərbin böyük mədəni ənənələrinin qovuşduğu sərhəd ölkəsidir və burada bu əməkdaşlıq çox səmərəli şəkildə həyata keçirilir. Bu həm də Böyük İpək yolunun bərpası üçün diqqətəlayiq təşəbbüsdür. Bununla əlaqədar olaraq cari ildən festival "Şərq-Qərb" adlanır - biz meylləri, təmayülləri təhlil və müqayisə etmək üçün Şərq və Qərb kinematoqraflarının nümayəndələrini bir növ dəvət edirik. Festival çərçivəsində ilk dəfə olaraq "Fridom" festival proqramı da iştirak edəcəkdir. Bu festivalın əsası Amerika Kino Fondu tərəfindən qoyulmuşdur, fondun prezidenti cənab Heri Mak-Vey buradadır. Bu festivalın proqramı da "Filipp Morris" şirkətinin yardımı ilə keçirilir. Biz əməkdaşlığı bundan sonra da davam etdirəcəyik.

Festivalımız "Dağıdılmış körpülər" filmi ilə açılır. İstərdik ki, bu filmə Birləşmiş Ştatlarda da baxsınlar. Çünki o, Amerika- Azərbaycan filmidir. Onun rejissoru Rafiq Puyya burada oturmuşdur. Yadınızdadır, Siz Naxçıvanda işləyərkən biz onunla birlikdə yanınıza gəlmişdik.

Biz çox təəssüflənirik ki, Siz bu gün həmin filmə baxa bilməyəcəksiniz. Bilirik, çox məşğulsunuz, ancaq ümid edirik ki, 10 gün ərzində bu filmi Sizə bəlkə də göstərdilər, belə ki, film 1991-ci ildən bəri ən yeni tariximizin bütün mühüm problemlərini, о cümlədən Qarabağ problemini əhatə edir. Bu, çox maraqlı, geniş vüsətli filmdir.

Heydər Əliyev: Mən bu filmə hökmən baxacağam.

Rüstəm İbrahimbəyov: Beynəlxalq festivalı uğurla keçirmək üçün hər hansı ölkəyə çox şərtlər gərəkdir. Lakin bir labüd şərt var - ölkənin özündə az-çox güclü və maraqlı kinematoqraf olmalıdır. 1993-cü ildə kinematoqrafımıza dövlət yardımı, - bu yardım əvvəllər dayandırılmışdı və bir neçə il biz film çəkə bilmədik, - bərpa edildikdən sonra kino haqqında qanun qəbul edildi. O, dövlət yardımını qanuniləşdirdi, son bir neçə ildə biz dörd bədii film çəkməyə müvəffəq olduq. Onlardan ikisini Eldar Quliyev yenicə başa çatdırmışdır. Çox maraqlı filmlərdir. Bundan əvvəl Rasim Ocaqov çəkdiyi filmi başa çatdırmışdı. İki filmimiz artıq festivalları gəzib dolaşır və çox yüksək qiymətləndirilir. Bunların hamısı dövlətin yardımı, kino haqqında qanun sayəsində mümkün olmuşdur.

Əlbəttə, çox əhəmiyyətlidir ki, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda kinematoqrafın idarə edilməsi üzrə dövlət orqanı mövcuddur. Bu, çox vacibdir, çünki təcrübə göstərmişdir ki, həmin orqanın ləğv edildiyi ölkələrdə bu, kinematoqrafın təşkilinin pozulmasına gətirib çıxarır.

Ümidvaram ki, həmkarlarım bütün bunlar barəsində öz fikirlərini söyləyəcəklər. Mən isə Sizdən xahiş edərdim ki, - bilirəm, səfərə gedirsiniz, - oktyabrın 14-də, əgər mümkün olarsa, festivalın bağlanışına gələsiniz. Siz gəlsəniz biz çox şad olardıq. Türkiyədən Türkan Şoray, Moskvadan Mixail Ulyanov və başqaları buraya gələcəklər, çox təntənəli bağlanış mərasimi olacaqdır. Gələ bilsəydiniz biz çox şad olardıq.

Heydər Əliyev: Sağ olun. Bilirsiniz, siz mənim bugünkü vəziyyətimi nəzərə almalısınız. İndi məni Yaponiyanın böyük bir nümayəndə heyəti gözləyir. Мən onlarla görüşməliyəm. Sonra mənim daha bir görüşüm var. Odur ki, bu gün gecə yarısınadək bütün vaxtım proqramlaşdırılıbdır. Buna görə də gələ bilmirəm. Bilirsiniz ki, əvvəllər mən həmişə belə tədbirlərə məmnuniyyətlə gedirdim. Ayın 10-da mən həqiqətən üçgünlük səfərə gedirəm. Ayın 14-də burada olsam, sizin xahişinizi yerinə yetirməyə çalışacağam.

Endrü Uayt ("Filipp Morris" şirkətinin vitse-prezidenti): Cənab prezident, mənim adım Endrü Uaytdır, mən "Filipp Morris" şirkətindənəm, biz indiki festivalın sponsoruyuq. Şirkətimizin prezidenti bu gün Sizinlə görüşəcəyimi bilərək, məndən xahiş etdi ki, onun ən səmimi hisslərini Sizə çatdırım. Keçmiş Sovet İttifaqı məkanında bu, ilk ölkədir ki, burada biz kinofestival keçirilməsinə sponsor yardımı göstəririk. Мənə çox xoşdur, mən fəxr edirəm ki, belə gözəl nümayəndə heyətinin əhatəsindəyəm. Bu gün axşam bu festivalın açılışında məmnuniyyətlə iştirak edəcəyəm. Zənnimcə, bütün bu günlər yaddaşınızda unudulmaz günlər kimi qalacaqdır. Нəг şeyə görə Sizə təşəkkür edirik.

Heydər Əliyev: Sağ olun.

Heri Mak-Vey (Amerika Kino Fondunun prezidenti): Cənab prezident, mənim təşkilatım - Amerika Kino Fondu yazıçılar və film prodüserləri tərəfindən təşkil olunmuşdur. Biz öz fondumuzu demokratiya ideyalarını tarixi filmlər vasitəsilə inkişaf etdirmək və yaymaq üçün yaratmışıq. Biz tarixi oxumuşuq və Sizin liderliyinizin bu ölkə üçün, bütün dünya üçün necə böyük əhəmiyyətə malik olduğunu, əlbəttə, bilirik. Bütün kinematoqraf üçün gördüyünüz işlərə görə biz Sizə təşəkkür edirik.

Burada keçirəcəyimiz festival keçmiş Sovet İttifaqı və Şərqi Avropa məkanında təşkil edilmiş festivallardan, mənсə, ən yaxşısı olacaqdır. Əlbəttə, bu festivalı məhz Bakıda keçirməyimiz, ən yaxşı filmlərin istehsalçılarının məhz buraya toplaşması təbiidir. Rüstəm İbrahimbəyovun seçdiyi ən yaxşı Azərbaycan filmlərini götürüb gələn ilin fevralında Hollivudda göstərməyi planlaşdırırıq. Biz təntənəli təqdimat mərasimi keçirəcəyik və belə düşünürəm ki, bu, Azərbaycanın Birləşmiş Ştatlardakı dostlarını ruhlandıracaqdır. Düşünürəm ki, Siz Birləşmiş Ştatlara gəldikdə biz Nyu-Yorkda, Vaşinqtonda və ya Los-Ancelesdəki bu şouları Sizə nümayiş etdirə biləcəyik.

Əlbəttə, bütün dostlarıma - Azərbaycanda təmsil olunmuş "Filipp Morris" şirkətinə, cənab Pol Omahoniyə, İlqar Kərimova və şirkətin vitse-prezidenti Endrü Uayta təşəkkür etmək istəyirəm. Onların maliyyə yardımı olmasaydı, bu festival baş tutmazdı.

Bilirəm ki, Siz respublikanın mədəni hadisələri ilə həmişə maraqlanmısınız və bu hadisələri həmişə dəstəkləmisiniz. Buna görə Sizə təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun.

Nikolay Vaşşenko (Rusiya hökuməti mədəniyyət şöbəsinin müdiri): Çox hörmətli Heydər Əliyeviç, keçən il Sizinlə görüşüm xatirimdədir, ona görə də bu il də gəlmək dəvətini məmnuniyyətlə qəbul etdim. Burada gördüklərimizə görə sağ olun. Şəhər həqiqətən dəyişir, ölkə dəyişir.

Həmkarlarının - Azərbaycan kinematoqrafçılarının bu qısa müddətdə həyata keçirməyə müvəffəq olduqları prinsipcə bir neçə mühüm məqam var. Təbii olaraq, çox vacibdir ki, dövlət kinostrukturu, müstəqil kinostruktur mövcuddur. Çox vacibdir ki, kino haqqında qanun qəbul edilmişdir. Мənсə, ən mühüm və ən prinsipial məqam ondan ibarətdir ki, mədəniyyət və incəsənət kimi müdafiə edilməyən sahə dövlət başçısının bilavasitə himayəsi altındadır. Buna görə də Sizə möhkəm cansağlığı, Azərbaycan dövlətinə çiçəklənməyi arzu etmək və ümidvar olduğumu söyləmək istərdim ki, gələn il, eləcə də sonrakı illərdə biz qonaqpərvər torpağınızda yenidən görüşə biləcəyik.

Heydər Əliyev: Çox sağ olun. Sizi gələn ilə də dəvət edirəm.

Emil Lotyanu (kinorejissor, Moldova): Əziz Heydər Əliyeviç, Sizi üçüncü dəfə, - atalar üçdən deyilə, - məmnuniyyətlə bu gün görmək şərəfinə malikəm, bu birinci dəfə təxminən 20 il əvvəl olmuşdur. Siz 1981-ci ildə Aktyor evində kinematoqrafçıların qurultayında çıxış edirdiniz. Mən bu ittifaqda ilk dəfə olaraq elə bir lider gördüm ki, 15 dəqiqə onu salonda saxladılar və camaat ucadan Sizin adınızı çəkirdi. Onda dedim - mən millətin liderini gördüm. Sizi ikinci dəfə gözəl kino günündə, oktyabrda, Moskvada "Oktyabr" kinoteatrında Siz müşavirə keçirərkən gördüm. Sizi üçüncü dəfə bu gün görürəm.

Siz Azərbaycanda xalqın kinoya məhəbbətindən və münasibətinin əhəmiyyətindən danışdınız. Respublika prezidentinin kinonu sevməsi çox gözəl haldır. Əgər Siz prezident olmasaydınız, mən Sizə daha çox yaxşı sözlər deyərdim. Qorxuram ki, Siz bunu yaltaqlıq kimi qəbul edəsiniz. Amma deməliyəm ki, Sizin kimi qəddi-qamətə malik aktyorlar kino aləmində az olmuşdur. Нəг halda, bilirəm ki, dünya kinosunda bunlar Pol Nyuman, Jerar Filipp və bizdə Batalovdur. Buna görə də biz artistlərimizə deyirik - məğrur, sabit və gözəl olan bu əla kişi qəddi-qamətinə malik olmağı öyrənin. Sizin işiniz çox mürəkkəbdir. Sizə, Azərbaycana, həmkarlarıma arzu etmək istəyirəm ki, neftdən əlavə, neçə-neçə gözəl filmlər də bu ölkənin Heydər Əliyev epoxasının sərvəti olsun. Sizə ən xoş arzularımı bildirirəm.

Heydər Əliyev: Sağ olun. Bilirsiniz, siz məndə özüm üçün çox əziz xatirələri oyatdınız. Doğrudur, insan çox şeyi unudur. Həyatda mən də çox şeylər görmüşəm və çox şeyləri unutmuşam. Amma kimsə nəyisə xatırlatdıqda bu, çox xoş olur. Budur, siz bizim üç görüşümüzü yaxşı yadda saxlamısınız. İndi mən özüm də xatırladım ki, bu, həqiqətən olmuşdur. Xüsusən onu da xatırladım ki, Dövlət Kinematoqrafiya Komitəsində görkəmli kinematoqrafçıların böyük bir qrupu ilə görüşmüşdüm. О vaxtlar Sov.İKP MK Siyasi Bürosunun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini kimi mən Kinematoqrafiya Komitəsinin kuratoru idim və Sovet İttifaqında kinematoqrafın inkişafı tədbirləri haqqında böyük bir qərar - sənəd hazırlamışdım.

Mən bunun üzərində uzun illər işləmişdim. Sənədin təxmini variantı hazır olduqda mən əvvəlcə baş mütəxəssislərlə məsləhətləşmək istədim. Özü də mən onları Kremlə yanıma dəvət etmədim, Filipp Yermaşdan onları Dövlət Kinematoqrafiya Komitəsinə toplamağı xahiş etdim, dedim ki, mən oraya gələcəm və biz danışıb müzakirə edərik. Yadımdadır, müzakirə bir neçə saat getdi. Orada bir çox böyük kino xadimləri var idi, onlardan bəziləri artıq dünyasını dəyişmişdir. Şadam ki, siz, Rüstəm, orada olanlar bu gün buradasınız. Mən bu görüşü yadımda saxlamışam və deməliyəm ki, bu görüş mənə çox şey verdi. Мən bundan sonra hazırladığımız sənədlər üzərində həmkarlarımla dəfələrlə işlədim. Artıq bundan sonra bütün Sovet İttifaqının kino xadimlərini "Oktyabr" kinoteatrına topladılar, mən orada böyük çıxış etdim. Мən bunu xatırlayıram. Əlbəttə, mən sənətşünas deyiləm, kinoşünas deyiləm, amma bu çıxışı çox ciddi hazırlamışdım və zənnimcə, pis olmadı. Siz nədənsə qədd-qaməti xatırladınız. Bununla da mənə daha bir şeyi xatırlatdınız, qoy bu, mənim tərəfimdən təvazökarsızlıq kimi səslənməsin. Məni Moskvaya keçirdikdə mən Siyasi Büroda işləyirdim, onun üzvü idim. Bir dəfə Amerika jurnalında mənim haqqımda məqalə verildi. Orada çox şey yazılmışdı. Orada yazılmışdı ki, Siyasi Büronun bu yuxuya getmiş üzvləri arasında Əliyev zahirən Hollivud aktyorunu xatırladır. Bunu ilk dəfədir deyirəm, məni başa düşün. О jurnal mənim arxivimdə saxlanılır. Əgər siz qəddi-qamətdən danışmasaydınız, mən bunu xatırlamazdım. Demə, Amerika Birləşmiş Ştatlarının müşahidəçiləri kimi, siz də hər şeyə diqqət yetirirsiniz.

Hocaqulu Narlıyev (rejissor, Türkmənistan): Heydər Əliyeviç, xalq uzun müddət ərzində həll edə bilmədiyi böyük problemlə qarşılaşdıqda, sonra bu problem həll edildikdə deyirlər - Allah bilir, görür və hər şeyi ədalətlə həll edir. Мən Azərbaycan barədə düşünəndə о günləri - ölkəniz üçün ağır vaxtların başlandığı, prezidentlərin dəyişildikləri, vətəndaş müharibəsinin, Qarabağ probleminin başlandığı günləri xatırlayıram. Мənə elə gəlir ki, о rejim Azərbaycan xalqı üçün çox böyük problemə çevrilmişdi. Lakin Azərbaycan xalqı kimə müraciət etməyi bilirdi. O, Sizi Naxçıvanda tapdı, Sizə müraciət etdi və bununla da özünün bütün problemlərini həll etdi. Biz buna sevinirdik. Çox sağ olun. Zənnimcə, Siz çox ağır şəraitdən çıxış yolu tapmağa qadir rəhbərə xas böyük siyasi nümunə, vətəndaş nümunəsi göstərdiniz.

Belə bir türkmən atalar sözü var - Xalqa xoşbəxtlik üz verdikdə birinci olaraq sənət adamları və quşlar gəlirlər. Misal üçün götürək elə Sizin kinonu. Çox sağ olun ki, kino haqqında bu qanunu qəbul etmisiniz. Bu, böyük işdir. Artıq nəticələr var.

Bu il mənə "Avrasiya" teleforumunda gənc Azərbaycan rejissoruna mükafat təqdim etmək şərəfi nəsib oldu. O, həmin mükafata Sizin gözəl həmyerliniz Rostropoviç haqqında gözəl film çəkdiyi üçün layiq görülmüşdür. Anapada yenicə başa çatmış festivalda Sizin daha bir filminiz ssenariyə görə mükafat almışdır. Azərbaycan kinosu dünyada məşhurluq səviyyəsinə yenidən çıxır.

Siz bilirsiniz ki, Moskvada bütün 15 respublikanı öz tərkibində saxlayan yeganə bir təşkilat – Kinematoqrafçılar İttifaqı var. Ona Rüstəm İbrahimbəyov rəhbərlik edir. O, həmin təşkilata çoxdan məharətlə, müdrikliklə və cəsarətlə rəhbərlik edir. Bütün bunlara görə təşəkkür etmək istəyirəm. İndi burada festival keçirilməsi də, zənnimcə, belə bir zəruriyyətin aydın başa düşülməsinin nəticəsidir ki, xalq incəsənətsiz yaşaya bilməz. Xalqı bu sevincdən ancaq anlamaz adamlar məhrum edə bilər. Bunu başa düşənlərə çox sağ olun deyirik.

Heydər Əliyev: Sağ olun. Sizi dinləmək mənə xoş idi, çünki Türkmənistan yaxın qonşumuzdur, biz dostuq, ümumi tarixə, ümumi keçmişə, ümumi köklərə malikik. Türkmənistanın uğurları bizi həmişə sevindirmişdir. Siz bilirsiniz ki, gözəl Azərbaycan və türkmən kinorejissoru Əjdər İbrahimov azərbaycanlıdır, Amma Türkmənistanda doğulub boya-başa çatmış, öz fəaliyyətinə orada başlamış, sonra Moskvada "Mosfilm"də işləmişdir. Yeri gəlmişkən, o, mənim yaxın dostum idi, ona çox hörmət edirdim. Moskvada istefada olduğum, daha dəqiq desək, məni gözdən-nəzərdən salmağa can atdıqları, çox ağır şəraitdə yaşadığım, mənimlə çox az adamın əlaqə saxladığı vaxtlarda Əjdər İbrahimov həftədə azı bir dəfə axşam zəng edir, hal-əhval tuturdu. Mənim necə yaşamağımla maraqlanırdı. Biz onunla görüşürdük. O, vəfat etdikdə mən göstəriş verdim, biz onu buraya gətirdik və Bakıda, Fəxri xiyabanda dəfn etdik, lazım olan bütün işləri gördük.

Bir fikir verin, o, həm türkməndir, həm də azərbaycanlı, sovet kinematoqrafı üçün də çox şey etmişdir. Bir sözlə, türkmən və Azərbaycan xalqları arasında yaxınlıq və dostluq olduğunu təsdiqləmək üçün çox misallar çəкə bilərik. İndi mən çox istərdim ki, bu dostluq çox möhkəmlənsin, inkişaf etsin. Bundan ötrü bizim çox böyük imkanlarımız var.

Yeri gəlmişkən, sizdə çox yaxşı kino xadimləri var idi. Əlbəttə, ən yaxşısı sizsiniz, lakin başqaları da olmuşdur. Xatirimdədir, о vaxtlar Moskvada, "Oktyabr" kinoteatrında çox yaraşıqlı bir qadın çıxış etdi. Bu, Aymedova idi.

Rüstəm İbrahimbəyov: O buradadır.

Heydər Əliyev: Buradadır? (Türkmənistanlı aktrisa Maya Aymedovaya müraciətlə) Yadınızdadırmı? O, indi də çox yaraşıqlıdır. Halbuki nə qədər vaxt keçmişdir. Bu, 1984-cü ildə olmuşdur, о vaxtdan 15 il ötmüşdür. Siz dəyişməmisiniz.

Svetlana Toma (aktrisa, Rusiya): Sizdən böyük bir xahişim var. Мən aktrisayam. Bu gün burada, Sizinlə görüşdə olmağım mənim üçün ağlasığmaz şərəfdir. Buna görə də çox istərdim ki, mənim üçün bu çox əlamətdar gündən arxivimdə bir yadigar qalsın. Sizdən bir xahişim var - mən öz fotoaparatımı xüsusi olaraq gətirmişəm, çünki Sizinlə şəkil çəkdirməyi çox istəyirəm. İcazə verirsinizmi?

Heydər Əliyev: Əlbəttə, Amma onda gərək hamı ilə birlikdə şəkil çəkdirək.

Yerdən: Axı o, ayrıca, sonra da hamı ilə birlikdə şəkil çəkdirmək istəyir.

Heydər Əliyev: Nə deyirəm, bir halda ki, bu sizin təşəbbüsünüzdür.

Tarixi arayış

MƏDƏNİYYƏT