Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşdəki söhbətindən - Yalta, 5 iyun 1998-ci il


Heydər Əliyev: Cənab Kuçma! Ukraynanın füsunkar guşəsində - Yaltada Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının ənənəvi görüşünün yüksək səviyyədə təşkilinə, burada iştirakçılara göstərilən qonaqpərvərliyə, səmimi qəbula və zirvə görüşünün işi üçün yaradılmış gözəl şəraitə görə sizə, Ukrayna hökumətinə minnətdarlığımı bildirirəm, dost ölkənin xalqına ən xoş arzularımı çatdırıram.

Leonid Kuçma: Səmimi və xoş sözlərə görə, cənab prezident Heydər Əliyev, sizə öz dərin təşəkkürümü bildirirəm. Sizin, Azərbaycan Respublikasının rəhbərinin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə iştirak etməsindən çox məmnun qaldığımı bildirirəm. Zirvə görüşündə Azərbaycan prezidentinin dərin məzmunlu çıxışını böyük diqqətlə dinlədiyimi nəzərə çarpdırıram və Sizin qaldırdığınız məsələlərin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin genişləndirilməsi üçün son dərəcə vacibliyini və aktuallığını qeyd edir və onunla həmrəy olduğumu bildirmək istəyirəm.

Heydər Əliyev: Azərbaycan ilə Ukrayna arasında, xalqlarımız arasında həmişə dostluq və mehriban əməkdaşlıq əlaqələri olmuşdur. Bu səmimi münasibətlərin çoxəsrlik tarixi vardır. Ukrayna olduqca böyük iqtisadi potensiala, çox geniş bir əraziyə, zəngin təbii ehtiyatlara, həm də olduqca böyük intellektual potensiala malikdir. Ukrayna müstəqillik əldə etdikdən sonra burada gedən demokratikləşdirmə proseslərinin, siyasi və iqtisadi islahatların aparılmasının çox böyük əhəmiyyəti olmuşdur. Biz bu prosesləri böyük maraqla izləyirik. Ukraynanın müstəqillik qazanandan sonra, hörmətli prezident Leonid Kuçmanın rəhbərliyi altında əldə etdiyi nailiyyətlər məni qəlbən çox sevindirir.

Leonid Kuçma: Cənab Heydər Əliyev, xoş sözlərə görə sizə təşəkkür edirəm. Ukrayna ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin daha da dərinləşdirilməsi, iki ölkənin iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı bizi daha da yaxınlaşdırır.

Heydər Əliyev: Mən minnətdarlıqla qeyd edirəm ki, bütün beynəlxalq məclislərdə Ukrayna, onun prezidenti siz Leonid Kuçma və Ukrayna nümayəndə heyəti Azərbaycanın ədalətli xarici siyasətini, xüsusən Ermənistanla münaqişədə Azərbaycanın ədalətli mövqeyini, Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılmasına yönəldilmiş mövqeyini dəstəkləyirlər. Bizim bütün görüşlərimizdə mövqelərimiz, baxışlarımız uyğun gəlir. Bütün bunlar münasibətlərimizin daha da inkişaf etməsi və dərinləşməsi üçün yaxşı əsasdır.

Leonid Kuçma: Ölkələrimizin əlaqələrinin gündən-günə inkişaf etməsini mən də bir daha yüksək qiymətləndirirəm. Bu, bizim cəmiyyətimiz tərəfindən də məmnuniyyətlə qarşılanır. Cənab prezident, biz neft-qaz sahəsinin inkişaf etdirilməsində sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Siz bu sahədə çox böyük işlər görmüsünüz.

Heydər Əliyev: Siz bilirsiniz ki, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi çox böyük nəticələr verir. Bu müqavilənin Xəzər və Qara dəniz hövzələri zonasındakı ölkələrin qarşılıqlı əlaqələrində çox böyük əhəmiyyəti var. Bu prosesdə dost bir ölkə kimi Ukrayna da iştirak edir. Artıq ölkəmizdə ilkin neftin hasilatına, onun Şimal marşrutu ilə nəqlinə başlanmışdır. Xəzərin enerji ehtiyatlarından daha geniş surətdə istifadə olunması, hasil edilən neftin dünya bazarına çıxarılması problemləri geniş müzakirə olunur. ABŞ, Türkiyə, Gürcüstan və başqa ölkələrin neft şirkətləri ilə də danışıqlar aparırıq və bildirmişəm ki, məsələni artıq əməli hala gətirmək lazımdır. Azərbaycan dövləti, hökuməti bütün mümkün marşrutların hamısını araşdıraraq hesab edir ki, neftin nəql olunması üçün ən əlverişli marşrut haqqında qəti qərar Avropa Birliyinin himayəsi altında TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə 1998-ci il sentyabrın 7-8-də Bakıda keçiriləcək beynəlxalq konfransda qəbul ediləcəkdir. Güman edirəm ki, növbəti görüşümüzdə biz bu məsələni geniş şəkildə müzakirə edəcəyik.