Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan - Türkmənistan sənədlərinin imzalanmasından sonra birgə mətbuat konfransı - Prezident Sarayı, 18 mart 1996-cı il


Hörmətli xanımlar və cənablar, informasiya orqanlarının nümayəndələri! Bir az əvvəl Türkmənistan və Azərbaycan arasında çox mühüm dövlət sənədləri imzalandı. Bu müstəqil Türkmənistan ilə müstəqil Azərbaycan Respublikası arasında münasibətləri daha möhkəm müqavilə - hüquqi əsas üzərində qurmaq üçün həm Türkmənistan tərəfindən, həm Azərbaycan tərəfindən, həm də iki prezident tərəfindən göstərilmiş səylər nəticəsində mümkün olmuşdur.

İndicə imzaladığımız bütün sənədlər son aylar, Türkmənistan prezidenti hörmətli Saparmurad Niyazovun Azərbaycana rəsmi səfəri ərəfəsində aparılmış böyük səmərəli işin nəticəsidir. Bunlar çox mühüm sənədlərdir və Türkmənistan ilə Azərbaycan arasında bütün sahələrdə dostluq, mehriban qonşuluq münasibətlərinin daha uğurlu inkişafını təmin edəcəkdir. Dostluq və əməkdaşlıq haqqında sənəd çox böyük əhəmiyyətə malikdir və əvvəlki dövr ərzində xalqlarımız və ölkələrimiz arasında mövcud olmuş xoş münasibətləri, dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirir. Xalqlarımız və ölkələrimiz arasında münasibətlər yaxşı məlumdur və zəngin, çoxəsrlik tarixə malikdir. İndi onlar yeni hüquqi forma və zəmin, yeni məzmun kəsb edir. Bu, ondan ibarətdir ki, suveren müstəqil dövlətlər olan Azərbaycan və Türkmənistan öz aralarında münasibətləri beynəlxalq hüquq normaları əsasında, xalqlarımızın nəsillərdən-nəsillərə keçmiş səmimi dostluq ənənələri əsasında qururlar.

Mən dostumuz, Türkmənistan prezidenti Saparmurad Niyazovun Azərbaycana səfərinin başlanğıcından, bu bir neçə saatda gördüyümüz işdən çox məmnunam. Əminəm ki, biz bundan sonra da səmərəli işləyəcəyik. Bütün bunlar nəinki Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsinə, həm də ölkələr, müstəqil dövlətlər arasında sülhün, əməkdaşlığın, mehriban qonşuluğun və xoş münasibətlərin möhkəmlənməsinə böyük töhfə olacaqdır.

Möhtərəm Saparmurad Atayeviç, Sizi Azərbaycana səfərin uğurla başa çatması münasibətilə təbrik edirəm. Bugünkü gün ərzində müşahidə etdiklərimizdən, imzalanmış sənədlərdən çox məmnun qaldığımı və əmin olduğumu bildirirəm ki, bu sənədlər əməli surətdə həyata keçiriləcəkdir. Bildirirəm ki, Azərbaycan əməkdaşlığımızın dərinləşməsi və genişlənməsi üçün bütün bu sənədlərin yerinə yetirilməsini təmin etmək əzmindədir. Əməkdaşlığımızın dərinləşməsi və genişlənməsi üçün isə ehtiyat mənbələri və imkanları var. Qarşıda hələ çox böyük imkanlar durur. Ümidvaram ki, biz onlardan istifadə edəcəyik.

Vaxtı çox almaq istəmirəm. Sənədlərin məzmunu məlumdur. Burada kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər. Biz onların suallarına cavab verə bilərik.

Sual: Hörmətli Saparmurad Atayeviç, mən sizin həmyerlinizəm, Aşqabatda doğulmuşam. İndi mənə "Bakinski raboçi" qəzetinə başçılıq etmək etibar olunub. Azərbaycan ilə Gürcüstan arasında nəqliyyat əlaqələrini təkmilləşdirmək üçün bu yaxınlarda Poylu körpüsü yenidən quruldu. İndi Azərbaycan Avropaya çıxmaq imkanına malikdir. Sizə elə gəlmirmi ki, körpüdən sağ əli uzatmaqla bərabər Xəzərə tərəf sol əli də uzatmaq olar. Belə olan halda Türkmənistan da, bütövlükdə Orta Asiya da Avropaya və dünya okeanına çıxmaq üçün daha qısa yola malik ola bilərlər.

S. Niyazov:  Həmyerlimizə təşəkkür edirəm. Biz Heydər Əliyeviçlə dedik ki, Türkmənistanda təxminən 100 min azərbaycanlı yaşayır. Onlar türkmənlərlə bərabər hüquqlara malikdirlər. Biz onları öz qardaş-bacılarımız sayırıq. Biz hər şeyi edəcəyik ki, bundan sonra da etnik əlaqələr, gediş-gəliş azad - sərbəst olsun. "Bakinski raboçi" qəzeti barəsində demək istəyirəm ki, biz bu qəzeti SSRİ dövründə həmişə oxuyurduq. Lakin SSRİ parçalandıqdan sonra əlaqələr qırıldı. Belə düşünürəm ki, sizin qəzeti Türkmənistanda da yaymaq olar.

O ki qaldı Eduard Amvrosiyeviç Şevarnadze tərəfindən də imzalanmış regionda sülh haqqında bəyannamənin Heydər Əliyeviçin təşəbbüsü ilə imzalanmasına, biz bu sənədi dəstəkləyirik. Biz Heydər Əliyeviçlə Xəzər dənizi vasitəsilə nəqliyyat əlaqələrindən danışdıq. Bizim limanımız texniki təchizat baxımından geri qalır. Bununla əlaqədar yaxın vaxtlarda burada aparacağımız işlər iki xalqın mənafeyi naminə dənizdə nəqliyyatın gecə-gündüz səmərəli işləməsinə imkan verəcəkdir. Gələcəkdə bizim Krasnovodsk dəniz limanını da yenidən qurmaq fikrindəyik. Artıq bundan sonra Mərkəzi Asiyaya Azərbaycan üçün yol tamamilə açılacaqdır. Bu məsələdə də Heydər Əliyeviçlə mövqelərimiz tamamilə uyğun gəlir.

H. Əliyev:  Saparmurad Atayeviç, doğru deyirsiniz mövqelərimiz tamamilə uyğun gəlir. İradə Vəkilova nəqliyyat xəttini nəzərdə tutur. Elə nəqliyyat xəttini ki, onu Türkmənistandan, sizin Türkmənbaşı limanınızdan başlayıb Bakı limanından keçərək dəmir yolu ilə Gürcüstana, Qara dənizə yönəltmək olar. Zənnimcə, burada da perspektivlər var.

S. Niyazov:  Biz bu sahədə əməkdaşlıq edəcəyik. Bu nəqliyyat yolu bizim üçün çox sərfəlidir.

Sual: Xəzər dənizinin Türkmənistan sektoru onun beşdə bir hissəsini əhatə edir. Bir vaxtlar Azərbaycan neftçiləri Xəzərin sizə aid hissəsində təxminən 60 perspektivli struktur aşkara çıxarmışlar. Biz bilirik ki, bir sıra xarici şirkətlər Xəzərin Türkmənistan sektorunda axtarış - kəşfiyyat işləri aparılması barədə təkliflə Türkmənistan rəhbərliyinə müraciət etmişlər. Lütfən deyin, siz həmin şirkətlərdən hər hansı konkret təkliflər almısınızmı, Xəzərdəki öz hissənizi kimlə və hansı prinsiplərlə işlətmək niyyətindəsiniz? İkinci sual: Belovejsk sazişlərinin ləğv edilməsi haqqında Rusiya Federasiyası Dövlət Dumasının məlum qərarına münasibətiniz necədir? Bəlkə Heydər Əliyeviç də bu barədə öz fikrini bir daha bildirdi?

S. Niyazov:  Biz Heydər Əliyeviçiə Xəzər dənizindən istifadə edilməsi barədə fikir mübadiləsinə yenicə başlamışıq. Sənədlərin imzalanmasından sonra bu söhbəti davam etdirmək haqqında razılığa gəlmişik. Hollandiya və Amerika şirkətlərindən biri ilə Xəzər dənizinin bizə aid şelfində seysmika, hasilat sahəsində iş görürük. Bizim Xəzərdəki şelfimizdən istifadə olunması haqqında Amerikanın bir sıra iri şirkətləri ilə, Avropa şirkətləri, o cümlədən Rusiyanın "Rosqazprom" səhmdar şirkəti ilə danışıqlar aparılır. Biz Bakı neftçiləri və qaz işçiləri ilə əməkdaşlığı istisna etmirik. Onların təcrübəsi dünyada diqqətəlayiqdir. Düşünürəm ki, bu məsələ barəsində yaxın vaxtlarda məsləhətləşmələrə başlanacaqdır. Ölkələrlə, xüsusən də Azərbaycanla əməkdaşlıqda bizim tərəfimizdən məhdudiyyət yoxdur. Bizim şelfdən birgə istifadə olunmasında Azərbaycan neftçiləri, neft şirkətləri ilə əməkdaşlığa hazırıq.

O ki qaldı Xəzərin problemlərinə, biz Heydər Əliyeviçlə bu barədə danışacağıq. Biz müxtəlif fikirlərdə idik. Lakin düşünürəm ki, ümumi rəyə gələcəyik. Rəylərimiz bir-birinə zidd deyildir və üçüncü ölkələrə toxunmur. Zənnimcə, bu barədə Heydər Əliyeviçin özü daha yaxşı danışar.

Rusiya Dövlət Dumasının qərarına gəldikdə, məncə, bu, daxili siyasi, seçkiqabağı bir işdir. 1991-ci il oktyabrın 27-də Türkmənistan müstəqillik statusu haqqında referendum keçirdi və xalq elliklə öz iradəsini bildirdi və həmin gün, yəni 27 oktyabr Milli Müstəqillik günü elan edildi. Bu, heç cür dəyişdirilə bilməz. Qərar qəbul edərkən bizimlə məsləhətləşmədilər. Buna görə də belə düşünürük ki, bu qərarın həyata keçirilməsi mümkün deyildir.

H. Əliyev:  Neft və qaz kəşfiyyatı, hasilatı sahəsində Xəzər dənizində əməkdaşlığımıza dair məsələ barəsində. Bu məsələ dünyanın müxtəlif ölkələrində bir çox dairələrin müzakirə mövzusu olmuşdur. Lakin biz bildirmişik və bir daha bildiririk ki, Azərbaycan Respublikası neft və qazın kəşfiyyatı və hasilatı sahəsində işi Xəzər dənizinin Azərbaycan sektorunda aparır. Bundan ötrü biz dünyanın iri şirkətləri ilə həm Amerika, həm Avropa, həm də Rusiya şirkətləri ilə əməkdaşlıq edirik. Bunu olduqca perspektivli sayırıq. 1994-cü ildə imzalanan birinci müqavilə 30 il üçün nəzərdə tutulub. Bu əməkdaşlığı daha da genişləndirməyə hələ ehtiyat mənbələri var. Xəzər dənizində neft və qaz ehtiyatlarının hasilatı və onlardan istifadə edilməsi üçün keçmişdə Türkmənistanla Azərbaycan arasında çox sıx əlaqələr var idi. Azərbaycan neftçiləri Türkmənistan sektorunda çoxlu kəşfiyyat və qazma işləri aparmışlar. Azərbaycan geoloqları, alimləri, neftçiləri Xəzərin Türkmənistan sektorunda nə varsa hamısını yaxşı bilirlər. Bu, gələcək əməkdaşlığımız üçün şərait və əsas yaradır. Yeri gəlmişkən, mənə məlumdur ki, hazırda Türkmənistanda seysmik-kəşfiyyat işlərini bizim neft şirkətinin gəmisi aparır.

Lakin elə məsələlər var ki, onları hələ müzakirə etmək və onlarla bağlı mövqeləri müəyyənləşdirmək gərəkdir. Saparmurad Atayeviç dedi ki, bu gün biz həmin məsələ barəsində fikir mübadiləsi etdik. Mən onunla razıyam. Düşünürəm ki, ümumi və ya bir-birinə yaxın olan mövqeləri müəyyən etmək üçün gün ərzində biz yenə də fikir mübadiləsi aparacağıq.

O ki qaldı ikinci suala - Rusiya Federasiyası Dumasının qərarına münasibət barədə suala, mən bu haqda öz fikrimi söyləmişəm. Bir daha demək istəyirəm ki, bu, faydasız işdir. Sovet İttifaqının varlığına son qoyulduğu vaxtdan beş il keçmişdir. Onun süquta uğraması o dövrdə bütün dünyada və keçmiş Sovet İttifaqında getmiş obyektiv ictimai-siyasi və tarixi proseslərin nəticəsidir. Bu proseslər Sovet İttifaqının süqutuna gətirib çıxarmalı idi və gətirib çıxartdı. Bundan sonra müstəqil dövlətlər meydana gəldi. Onlar keçmişdə Sovet İttifaqının tərkibinə daxil idi. Ötən illər ərzində bu dövlətlərdən hər biri müstəqillik, öz iqtisadiyyatının, həyatının təşəkkülü sahəsində böyük yol keçmişdir. Zənnimcə, bütün bunlar dönməz hal almışdır, hər halda Azərbaycan üçün. Azərbaycan Respublikası müstəqillik əldə olunmasını tarixi nailiyyət sayır. Biz bu müstəqilliyi əziz tutur, onu qoruyub saxlayır və heç vaxt ondan üz döndərməyəcəyik.

Hesab edildiyinə görə, Sovet İttifaqının süqutuna gətirib çıxaran Belovejsk sazişini ləğv etmək cəhdlərinə gəldikdə, zənnimcə, bu cəhdlər əbəsdir. Məşələ heç də təkcə Belovejsk sazişində deyildir. Bu saziş Sovet İttifaqının süqutu faktını sadəcə olaraq müəyyən dərəcədə qeydə aldı və Sovet İttifaqının ali orqanı - Ali Sovet o vaxtlar Sovet İttifaqının buraxılması haqqında qərar qəbul etdi. Buna görə də həmin məsələyə qayıtmaq cəhdləri tamamilə mənasız və faydasızdır. Bəs nə üçün belə cəhdlər göstərilir. Bu, təbii olaraq, həmin qərarı qəbul edənlərin işidir. Lakin bunun Azərbaycan Respublikasına, onun müstəqilliyinə heç vəchlə dəxli ola bilməz.

Yeri gəlmişkən demək istəyirəm ki, bu qərar Rusiyanın özünə də xeyir gətirməyəcəkdir. Çünki Sovet İttifaqının süqutundan sonra Rusiya Federasiyası öz müstəqilliyini möhkəmlətmək, iqtisadi, sosial islahatlar aparmaq sahəsində böyük yol keçmişdir. Keçmişə qayıtmaq isə Rusiyada indiyədək həyata keçirilmiş nə varsa hamısının üstündən, təbii olaraq xətt çəkəcəkdir. Zənnimcə, keçmişə qayıdış ola bilməz. Həqiqətən, ola bilsin ki, bu, hansısa daxili siyasi mübarizənin nəticəsidir. Lakin, zənnimcə, bu səylər həmin qərarı qəbul edən qüvvələrə arzu olunan nəticələri verməyəcəkdir.

Sual: Mənim sualım Türkmənistan prezidentinədir. Siz türkdilli ölkələrin ümumi bazarını yaratmağın faydalı olduğunu qeyd etdiniz. Bəs bu ölkələrin lap mərkəzində yerləşən Türkmənistan bununla əlaqədar nə kimi tədbirlər görmək niyyətindədir? Siz belə bir bazarın yaradılmasında Xəzərin rolunu necə qiymətləndirirsiniz?

S. Niyazov: Mən həmişə belə hesab etmişəm ki, milli, dini əsasda dövlət qurumları yaratmaq çətindir, çünki hər dövlətin öz təfəkkürü, öz iqtisadi bazası, öz etnik, mənəvi adətləri var. O ki qaldı mədəniyyətə, iqtisadiyyata, malların ümumi hərəkətinə, burada türkdilli ölkələrin oxşar cəhətləri çoxdur, o cümlədən də xalq istehlakı malları, adət-ənənələr, sənətlər sahəsində. Buna görə də mən demişəm ki, türkdilli ölkələrin açıq ümumiqtisadi bazarı olmalıdır. Bizə deyirlər ki, gəlin, keçmiş Sovet İttifaqı çərçivəsində birləşək. Bu, bəzi dövlətlərlə mümkün olan iş deyildir. Ümumi çərçivə sazişi qəbul etmək olar, amma birləşmək çox çətindir. Biz Türkiyə ilə toxuculuq sənayesi sahəsində əməkdaşlıq edirik. Türkiyə qabaqcıl toxuculuq texnologiyasına malikdir, bizdə isə pambıq var. Buna görə də burada inteqrasiya çox yaxşı getdi. Mən nəqliyyat kommunikasiyaları, istilik-energetika əlaqələri yaradılmasından danışarkən bundan türkdilli xalqların və millətlərin ayrılması üçün və fövqəldövlət strukturları yaradılması üçün deyil, iqtisadi, mədəni, mənəvi həyatda sərbəst ünsiyyət, azad əməkdaşlıq üçün istifadə edilməsini nəzərdə tuturdum.

Sual: Danışıqlar zamanı Türkmənistan neftinin tranzitlə Azərbaycan vasitəsilə ixracının mümkünlüyü məsələsi müzakirə edildimi? Məlum olduğu kimi, dörd alternativi olan bu varianta sizin şəxsi münasibətiniz necədir?

S. Niyazov: Biz Heydər Əliyeviçlə bu məsələyə yenicə baxmağa başlamışıq. Mən nəqliyyat, istilik-energetika yollarının çoxvariantlılığına tamamilə tərəfdaram. Türkmənistan, İran, Türkiyə vasitəsilə Avropaya qaz kəməri çəkilməsi layihəsi bizdə müxtəlif siyasi və digər səbəblərə görə ləngidikdə, biz alternativ yollar axtarmağa başladıq və sizdə də işləyən Amerikanın "Yunokal" şirkəti ilə indi Əfqanıstan vasitəsilə Pakistana qaz kəməri çəkilməsini layihələşdiririk. İki il bundan əvvəl bir çox ölkələr Türkmənistan qazının Xəzər dənizindən, Bakıdan keçərək Qafqaz və ya Rusiyanın Avropa hissəsi ilə Qara dəniz sahillərinə nəql olunması variantına fəal qoşulmuşdular. Düşünürəm ki, biz Heydər Əliyeviçlə bunun üzərində hələ işləyəcəyik. Biz neft kəmərlərinin Gürcüstan və Rusiya ərazisindən çəkilməsi haqqında sizin imzaladığınız sazişləri dəstəkləyirik. Əgər bu, bizim üçün iqtisadi cəhətdən sərfəli olarsa, əlbəttə, burada iştirak edəcəyik. Biz bunun üzərində işləyirik.

Sual: Cənab Niyazov, bəzi Xəzəryanı ölkələrin müəyyən siyasi dairələri 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış "Əsrin müqaviləsi"ni qeyri-legitim sayırlar. Onlar hesab edirlər ki, bu müqavilə digər Xəzəryanı ölkələrin dövlət mənafelərinə ziddir. Xahiş edirəm deyəsiniz, həmin müqavilə Türkmənistanın mənafelərinə ziddirmi?

S. Niyazov: Xeyr, o, bizim mənafelərimizə zidd deyildir. Buna görə də burada aramızda mübahisəli məsələlər yoxdur. Əgər sizin müqavilə Xəzərin statusu haqqında bizim normalarımıza uyğun olaraq digərlərinin mənafelərinə toxunmursa, biz bunu alqışlayırıq. Xəzər ümumi sərvətdir. Sizin müqavilə də bunu nəzərə alaraq bağlanmışdır. Odur ki, Türkmənistan heç vaxt bu müqavilənin əleyhinə çıxmamışdır. Allah eləsin ki, siz onu Azərbaycan xalqının rifahı naminə həyata keçirə biləsiniz. Mən heç vaxt bu müqavilənin əleyhinə çıxmamışam, yalnız onun çətinliklərindən danışmışam.

Sual: Cənab Niyazov, mən bilən, Azərbaycandan sonra siz Ermənistana gedəcəksiniz. Bu, təsadüfdür, yoxsa səfərlərin növbəliliyi müəyyən məntiqə malikdir? Siz prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin imzaladıqları və digərləri tərəfindən imzalanmaq üçün açıq olan Qafqaz bəyannaməsini imzalamaq niyyətindəsinizmi?

S. Niyazov: Biz Heydər Əliyevin dəvətindən həqiqətən istifadə etdik və eyni zamanda Ermənistanın və Gürcüstanın da dəvətlərini qəbul etməyi qərara aldıq. Bizim onlarla iqtisadi əlaqələrimiz var və bu əlaqələr hələ Sovet hakimiyyəti dövründə yaranmışdır. Məsələ burasındadır ki, Türkmənistandan .çəkilən qaz kəməri Gürcüstana da gedir, Ermənistana da. İndiki halda da bizim həll edilməli olan bir çox məsələlərimiz var. Ermənistana səfərimiz Azərbaycana səfərimizlə əsla bağlı deyildir. Bitərəf ölkə olan Türkmənistan Heydər Əliyevin və Eduard Şevardnadzenin regionu sülh və əməkdaşlıq bölgəsinə çevirməyə yönəldilmiş addımlarını alqışlayır. Biz Dağlıq Qarabağ məsələsinin dincliklə aradan qaldırılması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün sizin prezidentiniz, bizim dostumuz Heydər Əliyeviçin səylərini alqışlayırıq. Sizin və beynəlxalq birliyin səyləri sayəsində atəşkəs 22 aydır davam edir. Bu məsələni beynəlxalq birliyin köməyi ilə ədalətlə həll etmək olar. Bu, ən yaxşı yoldur. Ona görə də beynəlxalq təşkilatlar vasitəsilə çalışacağıq ki, Qafqazda sülh əbədi bərqərar olsun. Heydər Əliyeviç mənimlə söhbətdə dedi ki, qonşuları seçmirlər, qonşularla sülh və həmrəylik axtarıb tapmaq, bütün mübahisəli məsələləri həll etmək lazımdır. Mən əminəm ki, bunu ATƏT, onun Minsk qrupu, Birləşmiş Millətlər Təşkilatı vasitəsilə və Amerika Birləşmiş Ştatları, Rusiya kimi böyük dövlətlərlə intensiv danışıqlar vasitəsilə etmək mümkün olacaqdır. Biz buna həmişə kömək göstərəcəyik.

O ki qaldı Qafqaz bəyannaməsinin imzalanmasına, biz Qafqaz zonasında deyilik. Biz öz Mərkəzi Asiya bəyannaməmizi yaratmalıyıq.