Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın tanınmış siyasi xadimi Henri Kissincer ilə görüşdə söhbətindən - Nyu-York, 28 iyul 1997-ci il


Hörmətli cənab Henri Kissincer!

Mən Sizi - Amerikanın məşhur siyasi xadimini səmimiyyətlə salamlayır, Amerika-Azərbaycan əlaqələrinin durmadan inkişaf etdirilməsindən məmnun qaldığımı bildirirəm. Mən hörmətli prezident cənab Bill Klintonun dəvəti ilə Amerikaya rəsmi səfərə gəlmişəm və əmin olduğumu bildirirəm ki, bu səfər ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsində yeni mühüm mərhələ olacaqdır.

Azərbaycanın bütün dünyanın iş adamları üçün açıq olduğunu, xarici şirkətlərin ölkəmizdə geniş fəaliyyət göstərməsindən ötrü hər cür şərait yaradıldığını, xarici investisiyaların dövlətimizin qanunları ilə möhkəm qorunduğunu vurğulayıram və deyirəm ki, biz öz iqtisadiyyatımızın Dünya Birliyi ilə sıx bağlanmasına xüsusi diqqət yetiririk və bu sahədə uğurlu nəticələr əldə etmişik.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün dünyanın bir sıra ölkələrinin nüfuzlu şirkətləri ilə imzalanmış müqavilələr tarixi əhəmiyyət daşıyır və bildirirəm ki, geniş potensial imkanlara, zəngin təbii ehtiyatlara malik olan Azərbaycan bütün sahələrdə xarici iş adamları ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa daim böyük maraq göstərir.

Demokratiya və bazar münasibətləri yolu ilə inamla irəliləyən ölkəmiz bir sıra ağır problemlərlə qarşılaşmışdır. Bunların sırasında ən ağırı - 1988-ci ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsi xalqımıza böyük ziyanlar vurmuşdur. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğal altına düşmüş, bir milyondan artıq vətəndaşımız doğma yurd-yuvalarını tərk etməyə, çadırlarda ağır şəraitdə yaşamağa məcbur olmuşlar. Təcavüz nəticəsində Azərbaycan iqtisadiyyatına və mədəniyyətinə ölçüyəgəlməz səviyyədə ağır ziyan dəymişdir. Bütün bunlara baxmayaraq biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Elə bu məqsədlə də 1994-cü il mayın 12-də Ermənistan tərəfi ilə imzalanmış atəşkəs haqqında sazişə dönmədən əməl edir, ATƏT-in Minsk qrupu qarşısında aparılan danışıqlarda fəal iştirak edirik.

Cənab Kissincer, biz münaqişənin sülh yolu ilə tezliklə ləğv edilməsi üçün dünya dövlətlərinin göstərdikləri səyləri yüksək qiymətləndiririk. Bu baxımdan ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması barədə 53 dövlət tərəfindən qəbul edilmiş prinsiplərin böyük əhəmiyyət daşıdığını bildirmək istəyirik.

Minsk konfransına həmsədrlik edən ABŞ-ın, Rusiyanın və Fransanın prezidentləri Bill Klintonun, Boris Yeltsinin, Jak Şirakın Denverdə imzaladıqları bəyanatdan razılıqla söhbət açmaq istərdim. Belə cəhəti də qeyd etmək əhəmiyyətlidir ki, Azərbaycan tərəfi münaqişəni dinc vasitələrlə həll etmək üçün daim sülh təşəbbüsləri ilə çıxış edir.

Hərbi münaqişədə üç ildən bəri davam edən atəşkəsin möhkəm və daimi sülh əldə olunmasında mühüm rol oynadığı bir dövrdə Rusiyanın Ermənistana qeyri-qanuni yolla külli miqdarda silah verməsindən narahatlıqla danışmamaq olmaz. Nəzərinizə çatdırmaq istəyirəm ki, belə bir addım həm münaqişənin həlli, həm də bütbvlükdə bölgədə əmin-amanlığın bərpa edilməsi üçün ciddi təhlükə yaratmışdır.

Keçmiş SSRİ-yə mənsub olmuş respublikalar arasında Azərbaycan yeganə respublikadır ki, onun ərazisində heç bir xarici ölkənin silahlı qüvvələri və hərbi bazaları yoxdur. Belə bir cəhət də nəzərə alınmalıdır ki, Azərbaycan coğrafi cəhətdən çox strateji əhəmiyyətli bir ərazidə yerləşir. Bu mənada da Azərbaycanın problemlərinin həllinə dünya ictimaiyyətinin, böyük dövlətlərin, beynəlxalq təşkilatların xüsusi diqqət yetirməsinin vacibliyi şəksizdir.

Mən ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı qəbul etdiyi 907-ci maddənin aradan qaldırılması məsələsinin də vacibliyini qeyd etmək istərdim. Bu ədalətsiz maddənin ləğv edilməsi, heç şübhəsiz, Amerika-Azərbaycan münasibətlərini xeyli yaxşılaşdırar, ilk növbədə isə ABŞ hökumətinin xətti ilə Azərbaycana göstərilən humanitar yardım üzərindən qadağanın götürülməsinə kömək edərdi. Ermənistanın təcavüzündən böyük zərər görmüş ölkəmizin belə bir yardıma çox ehtiyacı vardır.

Cənab Henri Kissincer, mən Sizi - ABŞ-ın siyasi həyatında mühüm yer tutan tanınmış siyasətçini Azərbaycana səfərə dəvət edirəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2003, 11-ci cild səh.61-63