Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyənin "Nərgiz-TV" telekanalının müxbiri Murat Yetrinə müsahibəsi - 23 may 1999-cu il


Sual: Cənab Əliyev, "Atatürk Beynəlxalq Sülh Mükafatı"na bu il siz layiq görüldünüz. Bu, Türkiyədə böyük önəmə malik olan bir mükafatdır. Hansı hissləri keçirirsiniz?

Cavab: Çox böyük qürur hiss edirəm. Çünki, həqiqətən, Atatürk adına Beynəlxalq Sülh Mükafatı Türkiyə Cümhuriyyətinin ən yüksək mükafatlarından biridir. Ancaq eyni zamanda bu mükafat mənim üçün əzizdir ona görə ki, Mustafa Kamal Atatürkün xatirəsinə təsis olunubdur və onun adını daşıyır.

Mustafa Kamal Atatürk XX əsrdə dünyanın ən böyük şəxsiyyətlərindən biridir, Türkiyə Cümhuriyyətini quran, qurtuluş savaşında qalib gələn, Türkiyə Cümhuriyyətini yaşadan bir şəxsiyyətdir. O, elə bir cümhuriyyət yaradıbdır ki, ölümündən 60 il keçəndən sonra da yaşayır, Türkiyəni dünyanın böyük, qüdrətli, iqtisadi cəhətdən zəngin dövlətlərindən biri edibdir. Mən çox məmnunam ki, Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürk bizlər üçün qəhrəmanlıq rəmzidir, müdriklik rəmzidir. Bütün bunlara görə də iftixar edirəm ki, mənə Türkiyə Cümhuriyyətinin belə bir mükafatına almaq nəsib olubdur.

Mən həyatımda çox mükafatlar almışam. Keçmişdə yaşadığımız sovetlər birliyi kimi böyük dövlətin ən yüksək mükafatlarını almışam. Başqa dövlətlərin də mükafatlarını almışam. Ancaq bu mükafat - Atatürk adına Beynəlxalq Sülh Mükafatı mənim üçün hamısından əziz, indiyə qədər aldığım bütün mükafatlardan üstündür.

Sual: Cənab prezident, Siz dünyanın bu bölgəsindəki siyasəti uzun illərdən bəri ən fəal şəkildə həyata keçirən, daim siyasətçilərin içində olan bir insansınız. XX əsrin son ilini yaşayırıq. Sizcə, bölgəmizdəki siyasətlər, güc əməliyyatları necə olacaqdır? Rusiyadakı, Balkandakı, Qafqazdakı vəziyyət və s. barədə Sizin fikirlərinizi bilmək istərdik.

Cavab: Əzizim, bu, çox böyük bir mövzudur. Buna qısa cavab vermək mümkün deyildir. Buna cavab vermək üçün gərək 15-20 dəqiqə danışasan. Amma qısa olaraq onu demək istəyirəm ki, XX əsrin son onilliyi dünya üçün çox böyük dəyişikliklər illəri, dövrü olmuşdur.

Birincisi, soyuq müharibə bitmiş, sovetlər birliyi dağılmış, Varşava paktı, müqaviləsi, yəni sovetlər birliyi ilə bərabər Avropanın bir neçə sosialist ölkəsinin NATO-ya qarşı yaratdığı əsgəri iş birliyi dağılmışdır. Ən önəmli də odur ki, sovetlər birliyinin içində olan 15 cümhuriyyət öz istiqlaliyyətinə nail olmuş, dövlət müstəqilliyini əldə etmişdir. Bu, xüsusən bizim Azərbaycan üçün çox əhəmiyyətlidir, önəmlidir, Azərbaycanın XX əsrin ərzində ikinci dəfə istiqlaliyyət alması, ancaq birincidən fərqli olaraq bu dəfə istiqlaliyyəti qoruyub saxlaması Azərbaycan xalqı üçün tarixi bir hadisədir.

Sonra baş verən hadisələr, Balkanlarda olan hadisələr, Avropada olan hadisələr - bu, təbiidir. Çünki bir çox sistemlər dağılmış və xalqlar daha da çox istiqlaliyyət əldə etmək istəmişlər. Bunlar hamısı da bəzi dəyişikliklərə gətirib çıxarmışdır. Mən hesab edirəm ki, əgər böyük dünya tarixini götürsək, bu dövr tarixi cəhətdən önəmli bir dövrdür.

Sual: Cənab prezident, iyun ayında Azərbaycanda türkdilli ölkələrin prezidentlərinin zirvə toplantısı keçiriləcəkdir. Bu zirvə toplantısının əhəmiyyəti nədən ibarətdir?

Cavab: Bilirsiniz, türkdilli dövlətlərin birliyi 1992-ci ildə yaranıbdır. Bunun yaranmasının təşəbbüskarı Türkiyədir, Türkiyənin cümhur başqanı, mənim əziz dostum, qardaşım, hörmətli Süleyman Dəmirəldir və Türkiyənin sabiq cümhur başqanı mərhum Turqut Özaldır. Bu da tarixi bir hadisədir, XX əsrin sonunda dünya tarixinə yazılası bir işdir. Çünki türk xalqları, türkdilli dövlətlər əsrlər boyu bir-birindən ayrı düşmüşlər. Bu dövlətlərin Türkiyədən başqa heç birinin istiqlaliyyəti olmamışdır. Ancaq bu türkdilli dövlətlər, cümhuriyyətlər istiqlal əldə etdilər və 1991-ci ilin sonunda istiqlaliyyət əldə edən kimi, bir neçə aydan sonra - 1992-ci ildə türkdilli dövlətlərin birliyinin əsası qoyuldu, yarandı. Artıq 7 ildir ki, bu birlik, bu qurum yaşayır və mən Azərbaycanın prezidenti kimi 1993-cü ildən bu qurumun iştirakçısıyam. İlbəil, yəni hər ildən-ilə bu dövlətlərin iş birliyinin daha da genişlənməsi müşahidə olunur. Buna görə də türkdilli dövlətlərin başçılarının zirvə görüşü hər il bir ölkədə keçirilir. Bu il növbə Azərbaycanındır. Zirvə görüşümüz iyun ayının 14-də keçiriləcəkdir və güman edirəm ki, bu görüş də türkdilli dövlətlərin inkişafı üçün, gələcək istiqbalı üçün çox önəmli olacaqdır.

Bu görüşün böyük əhəmiyyəti, önəmi bir də ondan ibarətdir ki, iyun ayının 15-də bizim hamımızın müştərək milli sərvəti olan "Kitabi-Dədə Qorqud"un 1300 illiyini biz Azərbaycanda yubiley edəcəyik. Türkdilli dövlətlərin başçılarının hamısı bir yerə toplaşaraq tarixi köklərimizə bir daha hörmətimizi və minnətdarlığımızı bildirəcəyik və "Kitabi-Dədə Qorqud"un 1300 illiyini qeyd edəcəyik. Bunlar çox önəmlidir.

Sual: Cənab prezident, keçmiş 15 sovet ölkəsinin, o cümlədən müstəqillik qazanan ölkələrdən biri kimi Azərbaycanın inkişafı üçün iqtisadiyyatın inkişafının böyük rolu vardır. Bu baxımdan Xəzər neftinin dünya bazarına çıxarılması ilə və Bakı - Ceyhan layihəsinin həyata keçirilməsi ilə bağlı işlər necə gedir?

Cavab: Bunlar çox yaxşı gedir. Biz - Azərbaycan, tarixi bir iş görmüşük. 1994-cü ildə bir müqavilə imzaladıq -7 ölkəyə mənsub olan 11 böyük neft şirkətinin yaratdığı konsorsiumla anlaşma, müqavilə imzaladıq. Bu müqaviləyə görə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" zəngin neft yataqlarından neftin çıxarılması və dünya bazarlarına daşınması nəzərdə tutulmuşdur. Müqavilənin müddəti 30 ildir və bu müqaviləni həyata keçirmək üçün 8 milyard dollar yatırım, sərmayə planlaşdırılmışdır.

Bununla biz Xəzər dənizini açdıq. Xəzər dənizinin çox zəngin təbii sərvətləri - nefti və qazı vardır. Biz bunun təkcə Azərbaycan üçün yox, təkcə bu bölgədə olan ölkələr üçün yox, dünya ölkələri üçün də istifadə olunmasının əsasını, təməlini qoyduq. O müqavilədən sonra Xəzər dənizi dünyanın bütün ölkələrinin diqqətini cəlb etdi. Bu, dünyanın ən zəngin neft, qaz bölgələrindən birinə çevrildi. Yəni bunlar var idi, amma biz bunu dünya üçün açdıq, anlatdıq və böyük neft şirkətləri Azərbaycana gəldilər, yeni-yeni təkliflər irəli sürdülər və 1994-cü ildən indiyə qədər, - sentyabr ayında 5 ili tamam olacaqdır, - biz 19 müqavilə, anlaşma imzalamışıq. Bunların da hamısında Azərbaycan cümhuriyyətinə təxminən 50 milyard dollar sərmayə qoyulması nəzərdə tutulubdur.

Biz 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalayarkən o müqavilədə yazılıbdır ki, bu nefti ixrac etmək üçün, dünya bazarlarına çıxarmaq üçün ilkin neftin ixracı üzrə boru xətti yaratmaq lazımdır. Ancaq böyük neftin ixracı üçün əsas neft boru xətti yaratmaq lazımdır. Bu da Bakı - Ceyhandır.

Ötən illər ərzində biz iki neft boru xətti yaratdıq. Biri Bakı - Novorossiysk xəttidir. Rusiyanın Qara dənizdə olan Novorossiysk limanına gedən xətti biz 1997-ci ilin noyabr ayında açdıq. Çünki biz "Çıraq" yatağından neftin çıxarılmasına nail olduq və həmin boru ilə nefti ixrac edirik. Ancaq biz alternativ, ikinci xəttin, boru kəmərinin də tikilməsini lüzumlu bildik və ona da başladıq.

Bu il aprel ayının 17-də biz Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən Bakı - Supsa boru xəttini də açdıq. Neft artıq oradan da dünya bazarlarına ixrac olunur. Ancaq ən böyük neft, əsas neft Bakı - Ceyhan boru xətti ilə getməlidir. Biz dörd ildir çalışırıq ki, Bakı - Ceyhan boru xəttini reallaşdıraq. Bunun qarşısına çox çıxdılar. Yəni guya bu, lazım deyil. Bəzi neft şirkətləri, konsorsiumda olanlar, digər ölkələr neftin buradan, Türkiyədən və Ağ dənizə getməsinin əleyhinə olaraq, başqa yollarla getməsini lüzumlu hesab edərək, tələb edərək Bakı - Ceyhan boru xəttinin qarşısına çıxdılar, buna çox maneələr etdilər, müxtəlif təbliğatlar apardılar və s. Ancaq biz bunların hamısının qarşısını aldıq.

1994-cü ildə qəbul etdiyimiz qərarı biz ardıcıl sürətdə yerinə yetiririk və Azərbaycan burada da öz iradəsini göstərdi. Burada da Türkiyə ilə Azərbaycanın iş birliyi üçün 1994-cü ildə biz bəyan etdiyimiz Bakı - Ceyhan boru xəttinin tikilməsi, reallaşdırılması üçün hər cür tədbirləri gördük və nəticə də aldıq. Nəticə də ondan ibarətdir ki, keçən il oktyabr ayının 29-da Türkiyə Cümhuriyyətinin 75 illik yubileyində biz burada, Ankarada böyük bir anlaşma imzaladıq. Bu anlaşmanı Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan imzaladılar ki, yəni Qazaxıstan da, Özbəkistan da öz neftini bu boru xətti ilə nəql edəcək və Azərbaycan bütün nefti bu xətt ilə keçirəcəkdir. Bu, Gürcüstanın ərazisindən də keçəcək, Türkiyədən Ağ dənizə gedəcəkdir. Ancaq yenə də bizim o konsorsiumda bunun əleyhinə çıxanlar var idi - guya bunun çox baha olduğunu söyləyirdilər.

Bir neçə aydır ki, biz bu barədə danışıqlar aparırıq və Türkiyə ilə Azərbaycan arasında çox böyük tədbirlər, yəni ilişkilər gedir. Nəhayət, onlara da anlatdıq və güman edirəm ki, yaxın vaxtlarda son qərar qəbul olunacaq və Bakı - Ceyhan neft boru xəttinin tikilməsinə başlanacaqdır.

Sual: Cənab prezident, hazırda bu qərarın qarşısını alan əngəl varmı və varsa, hansıdır?

Cavab: Elə bir əngəl yoxdur. Sadəcə, burada Türkiyənin hökuməti də gərək bəzi şeyləri həll etsin. Çünki o vaxtkı konsorsiumun içində olan şirkətlər bəyan etdilər ki, Bakı - Ceyhan boru xəttinin çəkilişi bahadır, bunun dəyəri 3,7 milyard dollardır. Ancaq sonra Türkiyə də bu işə çox qatıldı, Amerika bu işə çox dəstək verdi və araşdırmalar aparıldı. Sübut olundu ki, yox, bu, doğru rəqəm deyildir. Bunun təxminən 2,7 milyard dollar, ya ondan da az olması artıq sübut, isbat edildi. Bunların hamısı, yəni bəzi maliyyə, texniki məsələlər çözülməlidir. Başqa bir şey yoxdur.

Müxbir: Cənab prezident, mənim soruşmaq istədiklərim bu qədər. Sizin söyləmək istədiyiniz fikir varsa, buyurun.

Heydər Əliyev: sağ olun. Mən sizə təşəkkür edirəm. "Nərgiz-TV" kanalı çox gözəl bir kanaldır. Bilirsiniz ki, bu, Azərbaycanda da yayımlanır və onu Azərbaycanda da çox məmnuniyyətlə seyr edirlər.

Mən heç unutmaram ki, 1997-ci ildə sizin apardığınız sorğulara görə Türkiyənin "NTV" televiziya kanalı Azərbaycanın prezidentini, cümhur başqanını "dünya siyasət adamı" kimi qiymətləndirdi, İstanbulda gözəl bir mərasim keçirildi və mənə mükafat verildi. Mən bunu çox yüksək qiymətləndirirəm.

Mən Türkiyənin "NTV" kanalına uğurlar, müvəffəqiyyətlər diləyirəm. "Nərgiz-TV"nin seyrçilərinə də, bütün Türkiyə vətəndaşlarına da uğurlar, sülh, əmin-amanlıq, rifah və gözəl istiqbal, gələcək arzulayıram. Mənim ürəkdən gələn salamlarımı bütün Türkiyənin vətəndaşlarına çatdırmağınızı rica edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 25 may 1999-cu il.

Tarixi arayış