Xalq rəssamı Tahir Salahova Azərbaycan Prezidenti Heydər Əliyevin təbrik məktubu - 28 noyabr 1998-ci il


Hörmətli Tahir Salahov!

Sizi - dünya şöhrətli Azərbaycan rəssamını 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Milli mədəniyyətimizin inkişafında yeni bir mərhələ təşkil edən yaradıcılığınız mövzu və janr zənginliyi, bədii forma rəngarəngliyi və estetik kamilliyi ilə səciyyələnir. İncəsənətimizin zəngin ənənələrini Avropa rəssamlıq sənətinin nailiyyətləri ilə birləşdirən əsərlərimiz özündə Qərb və Şərq mədəniyyətlərinin üzvi vəhdətini təcəssüm etdirir.

Siz sənət aləminə öz dünyagörüşü olan, həyatın və zamanın nəbzini duyan kamil sənətkar kimi inamla qədəm qoymusunuz. Hələ ali təhsili başa vurarkən yaratdığınız "Növbədən qayıdanlar" diplom əsəri təsviri sənətimizə böyük bir istedadın gəldiyini xəbər verdi. Yaradıcı əməyin romantikasını, insanın cismani və mənəvi gözəlliyini, intellekt və qüdrətini tərənnüm edən tablolarınız qurub-yaratmaq, layiqli bəşər övladı olmaq əhval-ruhiyyəsi aşılayır.

Yaradıcılığınızda insan kainatın ən başlıca, ən böyük dəyəri kimi həmişə ön plandadır. Portretlərinizdə qəhrəmanlarınızın mürəkkəb daxili aləmi ilə yanaşı müasiri olduqları əsrin cizgiləri mütəfəkkir sənət salnaməçisinin fırçası ilə öz əksini tapmışdır. Mirzə Ələkbər Sabir, Dmitri Şostakoviç, Qara Qarayev, Fikrət Əmirov, Rəsul Rza və başqa görkəmli şəxsiyyətlərin portretləri təkcə obrazların möhtəşəmliyini, onların mənəvi-fəlsəfi düşüncələrini deyil, eləcə də sizin özünüzün insana, yaşadığınız dövrə olan münasibətinizi açıqlayır.

Azərbaycanın təbiətini və insanlarını vəsf edən tablolarınız doğma diyara bəslədiyiniz səmimi və dərin övlad məhəbbətindən xəbər verir. Yaratdığınız mənzərə və natürmortlar ətraf mühitlə, təbiətlə təmasdan doğan hədsiz və nikbinlik duyğularını ifadə edir.

Sizin istedadlı teatr rəssamı kimi xidmətləriniz böyükdür. Səhnə əsərlərinə verdiyiniz tərtibat obrazların parlaqlığı, bu janrın mürəkkəb məsələlərinin həllində böyük məharət, hadisələrin cərəyan etdiyi dövrün xüsusiyyətlərini duymaq bacarığı ilə səciyyələnir.

Dünyanın bir çox ölkələrində nümayiş etdirilmiş fərdi sərgiləriniz, məşhur muzeylərdə qorunub saxlanılan əsərləriniz dünya təsviri sənətinin inkişafına xidmət etməklə sizə, eləcə də Azərbaycan Rəssamlıq Məktəbinə böyük şöhrət gətirmişdir.

Sizin ictimai fəaliyyətiniz də yaradıcılığınızla həmişə sıx bağlı olmuşdur. Aldığınız fəxri ad və mükafatlar, müxtəlif orden və medallar sənətinizə və ictimai fəaliyyətinizə verilən yüksək qiymətin aydın ifadəsidir.

Əminəm ki, öz dəst-xətti ilə dünya mədəniyyətində layiqli yer tutmuş sənətkar kimi Azərbaycan incəsənətinin şöhrətini daha da artırmaq üçün bundan sonra da var qüvvənizi sərf edəcək, yaradıcılığınızın pərəstişkarlarını yeni əsərlərinizlə sevindirəcəksiniz.

Sizə cansağlığı və xoşbəxtlik, sənət yollarında daha böyük uğurlar arzulayıram.

Tarixi arayış

MƏDƏNİYYƏT