"Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin milli televiziya və radio ilə xalqa müraciəti" (Bakı, 2 noyabr 1993-cü il) sənədinə tarixi arayış


Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 1993-cü ildə daha da kəskinləşməsi və bu gərgin şəraitdə Azərbaycan daxilində hakimiyyət uğrunda siyasi qrupların mübarizəsi ölkə ərazilərinin ermənilər tərəfindən işğalını sürətləndirdi. Həmin il beş Azərbaycan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu.

Azərbaycanın itkilərinin səbəblərindən biri daxildə siyasi vəziyyətin qeyri-sabitliyi ilə əlaqədar ordunun zəifliyi, mütəşəkkilliyinin aşağı olması idi. Bundan başqa, ordunu formalaşdıran hərbi hissələr əslində fərqli məqsədlərə malik müxtəlif siyasi qrupların təsiri altında fəaliyyət göstərirdi. Belə vəziyyət Dağlıq Qarabağ cəbhəsində müdafiəni yaxşı təşkil etməyə imkan vermir, Azərbaycan silahlı qüvvələrinin mövqelərini dalbadal itirməsi ilə nəticələnirdi.

Yaranan vəziyyətlə əlaqədar 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev noyabrın 2-də milli televiziya və radio ilə ölkə ictimaiyyətinə müraciət edib. Dövlət başçısı çıxışında Azərbaycanın məruz qaldığı itkiləri 80-ci illərin sonlarında başlayan erməni təcavüzü nəticəsində ölkədə baş verən sosial-iqtisadi, siyasi və hərbi böhranlar, qarşıdurmaların məntiqi nəticəsi kimi qiymətləndirib.

Heydər Əliyev müraciətində xüsusilə ordunun vəziyyəti ilə əlaqədar böyük narahatlığını bildirib, əlaqədar hakimiyyət orqanlarının bu sahədə fəaliyyəti haqqında danışıb, eyni zamanda bütün ictimaiyyəti silahlı qüvvələrin gücləndirilməsinə yardım göstərməyə çağırıb. Dövlət başçısı bəyanatında ordunun təşkili məsələsi üzərində xeyli dayansa da, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində cəhdlərin davam etdiriləcəyini də elan edib.

Bu müraciətdən sonra Azərbaycan ordusunun döyüş hazırlığı və imkanlarında az vaxt ərzində - 1993-cü ilin sonu 1994-cü ilin əvvəllərində böyük dəyişikliklər müşahidə olunub. Məhz həmin vaxt ölkənin silahlı qüvvələri Ermənistan hərbi birləşmələrinə qarşı uğurlu hücum əməliyyatları keçirərək işğal olunmuş Ağdam, Füzuli, Kəlbəcər rayonları ərazilərinin bir hissəsini geri alıb. Həmin əməliyyatlardan sonra Ermənistan ordusunun Azərbaycanın içərilərinə doğru təcavüzü dayandırılıb və 1994-cü il mayın 14-də atəşkəs elan edilib. Atəşkəsdən sonra Azərbaycan silahlı qüvvələrinin klassik ordu quruculuğuna uyğun təşkili üçün imkanlar yaranıb və həmin istiqamətdə dövlətin fəaliyyəti son dövrə qədər davam edir.

Lakin bununla belə, Ermənistan silahlı qüvvələri atəşkəs rejimi olmasına baxmayaraq Azərbaycan ordusunun mövqelərini vaxtaşırı müxtəlif silahlardan atəşə tutur. Yüzlərlə yaşayış obyektləri, müəssisələr ziyan çək, Azərbaycan ordusu onlarla canlı itki verib.

2008-ci il martın 4-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib. Azərbaycan ordusunun əsgərləri qəhrəmancasına düşmənin layiqli cavabını verib, ona ağır zərbələr endirib. Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatında düşmənin Ermənistanda keçirilən prezident seçkilərindən sonra orada baş verən qanlı hadisələrdən, silahlı və vətəndaş qarşıdurmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə belə təxribata əl atdığı bildirilib.

Tarixi arayış 6 mart 2008-ci ildə yeniləşdirilib.