Beynəlxalq Musiqi Xadimləri İttifaqının sədri, SSRİ xalq artisti İrina Arxipovaya - Bakı şəhəri, 3 aprel 2000-ci il


Hörmətli İrina Konstantinovna!

Sizi - dünya opera sənətinin görkəmli nümayəndəsini əlamətdar yubileyiniz münasibətilə təbrik edir və sizə cansağlığı, səadət, uğurlar arzulayıram.

Böyük müğənnilik istedadınız güclü temperament, yüksək intellekt, cazibədar xarici görkəm, təsirli aktyor ifaçılığı ilə vəhdət təşkil edərək sizə dünya şöhrəti gətirmişdir. Yaratdığınız bir çox obrazlar gənc sənətkarlar nəsli üçün ifaçılıq etalonuna çevrilmişdir. Rus və dünya klassikasının opera səhnəsində və konsert estradasında ifa etdiyiniz şah əsərləri rus mədəniyyəti tarixinin parlaq səhifəsi olaraq əbədi yaşayacaqdır.

Siz bir çox teatrların səhnələrində görkəmli sənət ustaları ilə birlikdə çıxış edərək ayrı-ayrı dövrlərə və müxtəlif üslublara mənsub olan əsərləri əhatə edən zəngin repertuar yarada bilmisiniz. Tarixi səciyyə daşıyan silsilə konsertlərdə rus romansının sizin tərəfinizdən yaradılmış antologiyası istedadınızın yeni çalarlarını açmaqla yanaşı, faktiki olaraq bütöv bir musiqi janrına yeni nəfəs vermişdir. Sizə müasir bəstəkarların əsərlərinin gözəl interpretatoru kimi XX əsrin musiqi mədəniyyəti xəzinəsinə daxil olmuş bir çox əsərləri bənzərsiz ifa etmək müyəssər olmuşdur. İfaçılıq fəaliyyətiniz, əslində, seçdiyiniz peşənin hüdudlarını çoxdan aşaraq zəmanəmizin rəmzlərindən birinə çevrilmişdir.

Siz musiqi mədəniyyətinin bütöv bir dövrünün parlaq nümayəndəsi olaraq Moskva Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyətinizlə yanaşı, böyük ictimai iş də aparırsınız. Bu, MDB ölkələrinin ümummədəni məkanını qoruyub saxlamaq və mədəni əlaqələrimizi inkişaf etdirmək üçün olduqca vacibdir.

Bakıda vokalistlərin dahi müğənni, Azərbaycan peşəkar vokal məktəbinin banisi Bülbülün xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqəsi keçirilərkən gənc istedadların üzə çıxarılması və tərbiyə edilməsi sahəsində göstərdiyiniz xüsusi səyləri respublikamızda yüksək qiymətləndirirlər.

Artıq ənənəyə çevrilmiş Bülbül adına bu beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri kimi sizin gəlişinizi Azərbaycan 2000-ci ildə yenə də gözləyir. Şübhəsiz ki, bu, Azərbaycan-Rusiya mədəni əlaqələrinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi işinə kömək edəcəkdir.

Xoşbəxtlik və yaradıcılıqla dolu uzun illər diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT