Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Ross Uilsonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 5 aprel 2002-ci il


Ross Uilson: Cənab prezident, çox yaxşıyam. Son vaxtlar çox məşğuluq.

Biz ingilislərdə belə bir söz var: "Bir şey arzu edərkən ehtiyatlı ol. Çünki həmin arzular həqiqətən baş tuta bilər".

"Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin ləğv olunmasını uzun müddət idi ki, arzulayırdıq. İndi onun qüvvəsi dayandırılmışdır. Artıq işlərimiz qaydasındadır. Bunun nəticəsi kimi, mənim səfirliyim yeni gələn adamlarla doludur. Sizin hökumətinizlə də görüləcək işlər haqqında proqramlar çoxdur. İstərdim ki, onların bəzilərini Sizin nəzərinizə çatdırım. Amma elə bilirəm ki, ümumən götürdükdə, bizim əvvəlki kimi problemlərimiz yoxdur.

Heydər Əliyev: Mən bilirəm ki, siz son zamanlar bizim hakimiyyət orqanları ilə intensiv danışıqlar aparırsınız. Baş nazirlə, bir neçə nazirlərlə göruşmüsünüz. 907-ci düzəlişin qüvvəsinin dayandırılmasından sonra görüləcək işlər haqqında müzakirələr aparırsınız. Bu, çox yaxşı haldır, mən bunu bəyənirəm. Bizim ictimaiyyət belə fikirdə idi ki, 907-ci düzəlişin qüvvəsi dayandırılandan sonra Amerikadan buraya böyük yardım gələcəkdir. Təbiidir ki, bu, insanların arzusu idi. Bir də ki, son 9 ildə 907-ci düzəliş haqqında o qədər danışıqlar getmişdir ki, insanlarda belə bir təsəvvür yaranmışdı ki, o götürüləndən sonra burada böyük sıçrayış olacaqdır. Ancaq mən başa düşürəm və bilirəm ki, bu işlərə realist nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Əsas odur ki, indi sizinlə mütəmadi əməkdaşlıq etmək lazımdır.

Görüşləriniz zamani danışıqlar aparmısınız. Bu barədə mənə məlumat veriblər. Bizim hakimiyyət orqanları, icra təşkilatları hazırdırlar ki, - siz deyirsiniz ki, səfirliyə çoxlu adamlar gəliblər, çoxlu planlar var, - bunların hamısını sizinlə birlikdə həyata keçirsinlər. Biz buna hazırıq.

Ross Uilson: Cənab prezident, Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə Sizin böyük təcrübəniz vardır. Siz yaxşı bilirsiniz ki, biz - Amerika Birləşmiş Ştatları hər şeyi birdən etmirik. Bir sıra digər ölkələr kimi biz də işləri yavaş-yavaş görürük. Lakin biz də dərk edirik ki, yeni imkanlar açılmışdır və bu imkanlardan hər iki tərəfin qarşılıqlı maraqlan üçün istifadə olunmalıdır.

Bu günə qədər görüşdüyüm rəsmi şəxslərin, nazirlərin hamısı bizimlə iş görməyə hazır olduqlarını bildirmişlər. Cənab prezident, əlavə etmək istərdim ki, bu, həm Sizin Amerika Birləşmiş Ştatlarına səfərinizdən sonra, həm də mən öz ölkəmdən geri qayıtdıqdan sonra ilk görüşümüzdür. Bu fürsətdən istifadə edərək, diplomatik münasibətlərimizin 10 illiyi tədbirində iştirakınıza görə Sizə öz minnətdarlığımı bildirmək istərdim. Sizin şərhləriniz, elə bilirəm ki, bizim nədən başladığımızı, haraya getmək əzmində olduğumuzu tam əhatə etdi.

Heydər Əliyev: Diplomatik əlaqələrimizin 10 illiyini biz neçə gündür bayram edirik. Siz yaxşı bir klip hazırlamısınız. Bizim televiziya onu hər axşam göstərir. Doğrudur, o, heç bir dəqiqə də çəkmir. Amma çox gözəl və olduqca təsirlidir, yaxşı hazırlamısınız. Ona görə, hər axşam bayramı biz qeyd edirik.

Ross Uilson: Əslində biz bu bayramı davam etdirməkdəyik. Mən səfirlikdəki əməkdaşlarımıza tapşırmışam ki, Azərbaycanın regionlarında da bu bayram qeyd olunsun. Oralarda da iş aparılsın. Biz öz işimizi, sadəcə, nitqlər söyləməklə bitirmirik, məktəblərə, ictimaiyyətin çox olduğu yerlərə gedirik və orada insanlarla adi qaydada görüşüb söhbət edirik. Səfirliyimizin əməkdaşları Azərbaycanın hər guşəsində onlara qonaqpərvərlik göstərilməsindən çox razıdırlar. Mən bilirdim ki, belə də olacaqdır.

Bizim məqsədimiz yalnız hökumətlə. işləmək deyildir; Məqsədimiz həm Lənkəranda, Gəncədə, həm Naxçıvanda və Qubada adi insanlarla işləməkdir. Onların da bizə maraqları böyükdür.

Heydər Əliyev: Elədir, mən sizin məqsədlərinizi bilirəm. Bəzi başqa məqsədləriniz də var, onları da bilirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 6 aprel 2002-ci il.