"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Abşeron", "Naxçıvan", "Oğuz" strukturlarının birgə işlənməsi haqqında üç sazişin imzalanması mərasimində nitqi - Vaşinqton, Ağ ev, 1 avqust 1997-ci il)" sənədinə tarixi arayış


1997-ci il avqustun 1-də Heydər Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində Ağ evin Ruzvelt otağında Birləşmiş Ştatların vitse-prezidenti Albert Qor və Heydər Əliyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti İlham Əliyev və “Şevron”un birinci vitse-prezidenti Riçard Matske Xəzərin Azərbaycan sektorundakı “Abşeron” perspektivli sahəsinin, İlham Əliyev və “Eksson” şirkətinin prezidenti Terri Kuns “Naxçıvan” perspektivli sahəsinin, ARDNŞ -nin prezidenti Natiq Əliyev və “Mobil” şirkətinin prezidenti Bill Skoqginz “Oğuz” perspektivli sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalayıblar.

Natiq Əliyev və “Amoko” şirkətinin prezidenti Corc Pitman “İnam” perspektivli strukturu ilə bağlı danışıqlar aparmaq üçün “Amoko”ya müstəsna hüquqlar verən əməkdaşlıq müqaviləsini imzalayıb.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.99