Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş bayram gecəsi başa çatdıqdan sonra iştirakçılara təbriki - Respublika sarayı, 1 fevral 2000-ci il


Siz bu səhnədən bütün Azərbaycan xalqını Gənclər Günü münasibətilə təbrik etdiniz. Mən də bu ümumxalq bayramı, Gənclər Günü münasibətilə sizi təbrik edirəm. Sizə, bütün Azərbaycan gənclərinə səadət, xoşbəxtlik, təhsildə, həyatda uğurlar arzulayıram.

Siz çox maraqlı bir gecə təşkil etdiniz. Birincisi, məni çox sevindirən odur ki, mədəniyyətimizin bütün sahələrində ilbəil gənc istedadlar meydana gəlir və biz bu gün onların bir qrupunu gördük. İkincisi, ona görə ki, siz bu gecəni çox gözəl, ruh yüksəkliyi ilə keçirdiniz. Görürəm ki, hamınız xoşbəxtsiniz, hamınız yaxşı əhval-ruhiyyədəsiniz, hamınız gözəlsiniz, Azərbaycan xalqının gözəl balalarısınız.

Bu gözəl gecəni təşkil etdiyinizə və keçirdiyinizə görə sizə təşəkkür edirəm. Təhsilinizdə, həyatınızda sizə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.