Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bilkənd Universitetinin banisi və fəxri rektoru, dünya şöhrətli alim İhsan Doğramaci ilə görüşdəki söhbətdən - Ankara, "Çamlı köşk" 27 noyabr 1999-cu il


Heydər Əliyev: İhsan bəy, xoş gördük, Sizi görməyimə çox şadam. Necəsiniz, vəziyyətiniz, səhhətiniz necədir.

İhsan Doğramacı: Çox sağ olun, yaxşıyam.

Heydər Əliyev: Sədri olduğunuz Azərbaycan-Türkiyə Dostluq və Əməkdaşlıq Fondundakı fəaliyyətinizə görə, Sizə öz dərin hörmətimi, sevgimi, məhəbbətimi bildirirəm.

İhsan Doğramacı: Təşəkkürümü və minnətdarlığımı bildirirəm. Cənab prezident, "Eroziya ilə mübarizə həftəsi"nin açılış mərasimindəki yarım saata qədər olan nitqiniz çox xoşuma gəldi. Nitqinizdə söylədiyiniz fikirləri çox yüksək qiymətləndirirəm.

Heydər Əliyev: Sən çıxışımı dinlədin?

İhsan Doğramacı: Cənab prezident, dinləməmək mümkün deyildi. Çünki ən gözəli o oldu ki, Siz bildirdiniz, hörmətli Süleyman Dəmirəl Sizə dedi ki, çıxış edənləri dinləyin, ondan sonra çox gözəl danışacaqsan. Siz orada bəlkə də ona qədər mesaj verdiniz. Ən sonuncu mesajınız isə cənab Klintonun söylədiklərini Sizin də təsdiq etməyinizdir. Yəni çixışınız çox gözəl oldu.

Heydər Əliyev: Elədir, mən təxminən yarım saat çixış etdim.

İhsan Doğramacı: Cənab prezident, mən saatımı qurmuşdum. Çıxışınız düz 28 dəqiqə oldu.

Heydər Əliyev: Düzü, mən bu qədər danışmaq fikrində deyildim. Sadəcə, bir neçə söz demək istəyirdim. Amma gördüm ki, beynimdə bir neçə fikir var, ona görə də onları dedim.

İhsan Doğramacı: Hər şey yaxşı oldu. Dediniz ki, sovet vaxtında hər şey dövlətin idi, xalqm əlində heç nə yox idi. Amma indi baxın, millətlə dövlətin bərabər işləməsi nə qədər faydalıdır. Bir çox belə mesajlar verdiniz. Hörmətli cümhur başqanım, nitqinizin sonunda bir də onu dediniz ki, Azərbaycana gəlsinlər, eroziyaya qarşı mübarizə sahəsində Türkiyənin təcrübəsini öyrənsinlər və istifadə etsinlər. Mən bunları çox maraqla dinlədim.

Heydər Əliyev: Mənim əziz dostum, qardaşım. Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişaf etməsi üçün var qüvvə ilə səy göstərməliyik. Bu əlaqələr bir xalqdan, bir kökdən gələn xalqların əlaqələridir. Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir.