Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyanın dövlət başçılarının, habelə Şimali Qafqaz respublikaları, diyar və vilayətləri rəhbərlərinin görüşündən qayıtdıqdan sonra Binə Hava Limanında "Mir" dövlətlərarası teleradio şirkətinin müxbiri ilə müsahibəsi - 3 iyun 1996-cı il


Suаl:  Xahiş edirəm, bu görüş barədə öz təəssüratınızı bölüşəsiniz.

Heydər Əliyev: Təəssüratlarım yaxşıdır. Bu, ilk görüşdür ki, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan prezidentləri, Rusiya Federasiyasının subyektləri olan Şimali Qafqaz respublikalarının, diyar və vilayətlərinin rəhbərləri bir yerə toplaşmışdılar. Hələ heç vaxt belə olmayıbdır. Biz Qafqazda sabitliyin, demək olar, bütün sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsi ilə bağlı məsələləri müzakirə etdik, bəyannamə imzaladıq. Hesab edirəm ki, bu, mühüm sənəddir. Bu görüşün keçirilməsi faktının özü böyük əhəmiyyətə malikdir. Lakin, bundan başqa, biz hamımız belə bir yekdil fikirdə olduq ki, Qafqazın istər Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan kimi müstəqil ölkələr üçün, istərsə də müxtəlif millətlərdən çoxlu insanın yaşadığı bu regionun respublikaları, diyarları, vilayətləri üçün misilsiz əhəmiyyəti var. Təəssüf ki, burada silahlı münaqişələr gedir. Əlbəttə, bu baxımdan da görüş çox vacib bir görüş idi. Mən məmnunam.

Suаl: Lütfən deyin, bu görüş Rusiyada qarşıdakı prezident seçkilərinə hər hansı dərəcədə təsir göstərəcəkmi?

Heydər Əliyev: Təbii ki, təsir göstərəcəkdir. Orada bu barədə də söhbət getdi və Şimali Qafqaz respublikalarının, diyar və vilayətlərinin rəhbərləri indiki prezident Boris Yeltsinin qarşıdakı seçkilərdə dəstəklənməsi haqqında xüsusi bəyanat qəbul etdilər. Təbii ki, Rusiyada seçkilər barəsində biz də öz fikrimizi söylədik, о cümlədən mən də öz çıxışımda dedim ki, əlbəttə, biz Rusiya ilə maraqlanırıq, axı bizi Rusiya ilə çox şey bağlayır. buna görə də biz seçkilərin necə keçəcəyinə və xalqın kimi seçəcəyinə biganə deyilik.

Mən, məsələn, dedim ki, Azərbaycan demokratiyanı, demokratik islahatları, islahatlar xəttini dəstəkləyir və təbii olaraq, bununla əlaqədar biz Yeltsinə rəğbət bəsləyirik, onu dəstəkləyirik.

Suаl: Əgər hamısına birlikdə yekun vursaq, şəxsən siz bu görüşdən razı qaldınızmı?

Heydər Əliyev: Bilirsinizmi, mən əvvəlcə bu təklifi о qədər də həvəslə dəstəkləmirdim. Çünki burada bizim üçün məsələlər, problemlər var, misal üçün, sülh haqqında Ermənistan prezidenti ilə bəyannamə imzalamalı idik. Biz tez-tez görüşsək də, Ermənistan tərəfindən hərbi təcavüzü, hərbi münaqişəni nəzərə alsaq görərik ki, bu sənədi imzalamaq о qədər də yerinə düşmür. Buna baxmayaraq, hesab edirəm ki, bu, faydalıdır.

Müxbir:  Çox sağ olun.

Tarixi arayış