Heydər Əliyev: Çoxdandır ki, Sizi görmürəm, Azərbaycana xoş gəlmisiniz.
Riçard Matske: Biz burada olmağımızdan çox şadıq. Buraya tez-tez gələ bilmədiyimizə görə mən üzr istəməliyəm.
Heydər Əliyev: İşləriniz necə gedir?
Riçard Matske: "Abşeron" blokunda qazma işləri davam edir. Ümidvaram ki, hər şey yaxşı olacaqdır.
Heydər Əliyev: Siz onda mənə söz verdiniz ki, çox böyük neft və qaz aşkar edəcəksiniz. Hətta "Şahdəniz"dən də çox.
Riçard Matske: Mən ümid edirəm ki, vədimə əməl edəcəyəm.
Heydər Əliyev: Çox gözəl, mən də bunu istəyirəm. Azərbaycanda bir məsəl var: "Kor nə istər, iki göz, biri əyri, biri düz".
Riçard Matske: Biz ümid edirik ki, "Abşeron" - blokunda, "gözlərin hər ikisi düz olacaqdır".
Heydər Əliyev: İkisi də düz olacaqdır, çox yaxşı. Başqa sahələrdə işləriniz necədir?
Riçard Matske: Dünyada neftin qiyməti yüksək olduqda, demək olar ki, işlərimiz yaxşı gedir.
Heydər Əliyev: Neftin qiyməti də qah qalxır, gah düşür. O sizə də təsir edir, bizə də.
Riçard Matske: Bir halda ki, nisbətən yüksək səviyyədə dəyişir, biz onunla yaşaya bilərik.
Heydər Əliyev: Yaxşı, mən başa düşürəm ki, gərək mətbuatı azad edək.
Riçard Matske: Mənə elə gəlir ki, yaxşı olardı. Ona görə ki, biz təkcə "Abşeron" bloku haqqında yox, həm də "Şevron"un Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulması haqqında danışmaq istəyirik.
Heydər Əliyev: Bunu artıq bütün dünya bilir.
Riçard Matske: Yəqin ki, Siz demisiniz.
Heydər Əliyev: Yaxşı.
"Heydər Əliyevin neft strategiyası: Azərbaycanın müstəqilliyi və rifahı naminə." Baki-2001, səh.316.