Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibətilə keçirilən bayram şənliklərində iştirak etmək üçün Naxçıvana yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 10 oktyabr 1999-cu il


Suаl: Cənab prezident, Naxçıvan Muxtar Respublikasının 75 illiyinin bayram edilməsinin ictimai-siyasi əhəmiyyəti və bu səfər zamanı Ermənistan prezidenti Robert Koçaryanla keçirəcəyiniz görüş barədə nə deyə bilərsiniz?

Сavab: Bu yubileyin ictimai-siyasi əhəmiyyəti haqqında artıq bir ildir ki, danışılır. Biz Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının layihəsini müzakirə edərkən, sonra onun ümumxalq müzakirəsini keçirərkən bunu bütün ictimaiyyətə, Azərbaycanın bütün vətəndaşlarına izah etmişik. Naxçıvan Muxtar Respublikasının yaranması Azərbaycan xalqının, Respublikasının həyatında tarixi hadisədir. Bu respublikanı vaxtilə yaradanlar çox müdrik, uzaqgörən insanlar olublar, Azərbaycan torpaqlarının ayrı-ayrı iddiaçılar tərəfindən parçalanmasının qarşısını alıblar.

Naxçıvan Muxtar Respublikasının yaranması beynəlxalq müqavilələr əsasında olubdur. Bilirsiniz ki, 1921-ci il Qars müqaviləsi, Moskva müqaviləsi vardır. Bu müqavilələrə о vaxt həm Rusiya, həm Türkiyə, həm Azərbaycan, həm də Ermənistan imza atıblar. Bunun özü də göstərir ki, bu, tarixi zərurətdən meydana gəlmiş bir hadisə olubdur. Ötən 75 il içərisində Naxçıvan Muxtar Respublikası ərazi cəhətdən Azərbaycandan ayrı düşməsinə baxmayaraq, 1990-cı ildən Ermənistan - Azərbaycan münaqişəsi ilə əlaqədar Naxçıvan ilə Azərbaycanın mərkəzi və əsas torpaqları arasındakı bütün əlaqələrin, yəni rabitə, elektrik, qaz xətlərinin, dəmir yolunun və avtomobil yollarının hamısının kəsilməsinə baxmayaraq, Naxçıvan ağır blokada şəraitində yaşayıb, bu gün də yaşayır və inkişaf edir. Ona görə də bu, böyük bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır. Mən də bu bayramda iştirak etmək üçün oraya gedirəm.

Bilirsiniz ki, mən Ermənistan prezidenti Robert Koçaryanla son vaxtlar bir neçə dəfə görüşmüşəm, bu dəfə də görüşəcəyik. Məqsəd Ermənistan - Azərbaycan münaqişəsini sülh yolu ilə həll etməkdən ibarətdir. Güman edirəm ki, bu görüşlər lazımdır. Ümid edirəm ki, onlar da öz nəticəsini verəcəkdir. Sağ olun.

Tarixi arayış