Azərbaycan Respublikasının Konstitusiyası


28 may 1918-ci ildə qəbul edilən və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığını elan edən 6 bənddən ‎ibarət İstiqlal bəyannaməsi Azərbaycanın tarixində ilk konstitusiya aktı olub. Ancaq 28 aprel 1920-ci ildə XI Qızıl ‎Ordunun Bakını işğal etməsi nəticəsində AXC süqut edib. ‎

SSRİ-nin tərkibində olduğu müddətdə Azərbaycanda sovet konstitusiyaları qüvvədə olub. 1925-ci ildə Azərbaycan ‎SSR-in ilk konstitusiyası qəbul edilib. Bu sənəd Azərbaycanın SSRİ tərkibində bir dövlət olduğunu təsbit edib. ‎Növbəti konstitusiyalar 1937 və 1978-ci illərdə qəbul olunub. ‎
‎ ‎
‎18 oktyabr 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycan Respublikasında yeni konstitusiyanın qəbulu ‎zəruri idi. Beləliklə, 2 may 1995-ci ildə 33 nəfərdən ibarət komissiya yaradılıb (komissiyanın tərkibinə ‎qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin nümayəndələri ilə yanaşı, respublikanın hüquq elminin və ‎ictimaiyyətin tanınmış simaları cəlb olunub) və bu komissiya Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyi ilə ‎suveren Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayaraq, oktyabrın 15-də ümumxalq ‎müzakirəsinə çıxarıb. Nəhayət, 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq referendumunda Azərbaycan ‎Respublikasının Konstitusiyası qəbul edilərək həmin il noyabrın 27-də qüvvəyə minib.

5 bölmə, 12 fəsil, 158 ‎maddədən və keçid müddəalarından ibarət Əsas Qanun dövlətin fəaliyyətinin əsas prinsiplərini, demokratik dövlət ‎quruculuğu prosesinin başlıca istiqamətlərini, vətəndaşların fundemantal hüquq və vəzifələrini müəyyən edir. ‎Konstitusiyanın üçdə bir hissəsini təşkil edən insan hüquq və azadlıqlarına dair müddəalar beynəlxalq hüquqi ‎sənədlərdə təsbit olunmuş insan hüquqlarına dair normalarla uyğunluq təşkil edir. Əsas Qanunda insan hüquq və ‎azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilib. ‎

Konstitusiyanın qəbulundan sonra ölkədə bir çox sahələrdə, xüsusən hüquqi dövlət quruculuğu və insan haqları ‎sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Hakimiyyətin bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi ‎üçün məhkəmə-hüquq islahatları aparılıb, Azərbaycan Respublikası insan hüquqları sahəsində bir çox ‎konvensiyalara qoşulub, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər ‎yaradılıb. ‎

‎24 avqust 2002-ci il tarixdə keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra əlavə və ‎dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər ilk növbədə cəmiyyətin inkişafından doğan və konstitusiyanın, ‎qanunların, bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşmə prosesinin dərinləşdirilməsi və insan ‎hüquqlarının daha səmərəli müdafiə edilməsi zərurətindən irəli gəlib. ‎

Ötən dövr ərzində respublikada beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşıb. ‎Azərbaycanda genişmiqyaslı məhkəmə-hüquq islahatları həyata keçirilib, hüquqi dövlət üçün zəruri olan yeni ‎demokratik təsisatlar (Ombudsman, Konstitusiya Məhkəməsi) yaradılıb, nüfuzlu beynəlxalq təşkilatlara inteqrasiya ‎istiqamətində mühüm addımlar atılıb. ‎

 
 
Qısa oçerk 14 iyul 2008-ci ildə yeniləşdirilib‎