"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Britaniya-Azərbaycan Parlament qrupunun nümayəndə heyətini qəbul edərkən söhbətindən" (11 avqust 1999-cu il) sənədinə tarixi arayış


Azərbaycan Respublikasi və Böyük Britaniya arasında əlaqələrin yaradılması prosesində ilk addım 1991-ci il dekabrın 31-də Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanıması olub. Bu addımı möhkəmlədən amil isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü il fevralın 22-dən 25-dək Böyük Britaniyaya ilk rəsmi səfəri olub. Həmin səfər zamanı Heydər Əliyev Böyük Britaniyanın Baş naziri Con Meycorla, həmçinin, Birləşmiş Krallığın digər dövlət və hökumət nümayəndələri, şirkət rəhbərləri ilə görüşüb. Sözügedən səfər zamanı Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında dostluq və əməkdaşlıq haqqında bəyannamə, elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq haqqında və hava nəqliyyatı haqqında sazişlər, məhdudiyyətsiz hərəkət azadlığı haqqında anlaşma memorandumu imzalanıb.

19-24 iyul 1998-ci il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Böyük Britaniyada ikinci dəfə rəsmi səfərdə olub. Bu səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında əsaslı rol oynayıb. Səfər çərçivəsində ilk dəfə olaraq Heydər Əliyevin Böyük Britaniya kraliçası 2-ci Yelizaveta ilə görüşüb. Azərbaycan Prezidenti həmçinin, Böyük Britaniyanın Baş naziri Toni Bleyerlə, digər dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirib. (http://www.news.bbc.co.uk/)

Heydər Əliyevlə Toni Bleyerin görüşü zamanı Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması problemləri də müzakirə obyekti olub. Baş nazir Toni Bleyer öz ölkəsinin Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində, sülh yolu ilə və qəti şəkildə həll edilməsinə Londonun tərəfdar olduğunu bildirib. Toni Bleyer bu sahədə beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in dəyişməz prinsiplərinə əməl olunmasının, 1994-cü ilin mayında əldə olunmuş atəşkəsin qorunub saxlanılmasının vacibliyini, o cümlədən ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin - ABŞ, Rusiya və Fransanın səylərini dəstəklədiyini söyləyib.

11 avqust 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Britaniya-Azərbaycan Parlament qrupunun nümayəndə heyətini qəbul edib. Görüş zamanı Britaniya-Azərbaycan əlaqələrinin inkişafı məsələsinə toxunulub. Heydər Əliyev çıxışında Böyük Britaniya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrə xüsusi əhəmiyyət verildiyini, əlaqələrin strateji əməkdaşlıq, tərəfdaşlıq xarakteri daşıdığını və bu yöndə də işlərin aparıldığını vurğulayıb.

20 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev öz diplomatik missiyasını başa vuran Böyük Britaniyanın Azərbaycandakı səfiri Devid Rocer Toması qəbul edib. Görüş zamanı Heydər Əliyev Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişaf etməsindən məmnun olduğunu qeyd edib. Azərbaycanın Böyük Britaniya ilə münasibətlərinə önəm verən prezident Azərbaycanın neft strategiyasının həyata keçirilməsində, 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"ndə İngiltərənin bp Şirkətinin aparıcı rol oynadığını qeyd edib: "Böyük Britaniya ilə əlaqələrimizə çox böyük əhəmiyyət veririk. BP təkcə o müqavilədə deyil, 12-ci yataqda, "Şahdəniz"də də əsas rol oynayır. O müqavilənin əsas iştirakçısı bp-dir. Ona görə əgər Xəzər dənizində Azərbaycana məxsus neft-qaz yataqlarına dair 20 müqavilə imzalamışıqsa, bunun böyük bir hissəsi İngiltərəyə məxsusdur, bp-yə məxsusdur. Bu, bizim Britaniya ilə münasibətimizin göstəricisidir".  

Öz növbəsində səfir Rocer Tomas ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib. (www.britishembassy.gov.uk)

13-15 dekabr 2004-cü ildə İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri hər iki ölkə arasında əlaqələri daha da inkişaf etdirib. O, səfər zamanı bir sıra işgüzar görüşlər keçirib. BP Şirkətinin prezidenti Con Braun, Böyük Britaniyanın xarici işlər üzrə dövlət katibi Cek Stro, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyerlə keçirilən görüşlərdə Azərbaycan-Böyük Britaniya əlaqələrinin indiki vəziyyəti, Azərbaycanın Avropa Birliyinə inteqrasiyasında, beynəlxalq aləmdə layiqli yer tutmasında Böyük Britaniyanın maraqlı olması fikri dəfələrlə vurğulanıb.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın Baş naziri Toni Bleyerlə görüşüb. Prezident və Baş nazir arasında keçirilən görüşdə Azərbaycan-Böyük Britaniya əlaqələrinin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər və ölkəmizin Avropa Birliyinə inteqrasiyası məsələləri ətraflı müzakirə olunub. Tərəflər Azərbaycan-Böyük Britaniya əlaqələrinin yüksək səviyyəsini xüsusi vurğulayaraq, əməkdaşlığın gözəl perspektivləri olduğunu bildiriblər.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.(www.president.az)

7 iyun 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev İngiltərə-Azərbaycan Cəmiyyətinin prezidenti lord Freyzerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, iki ölkənin ayrı-ayrı strukturları arasındakı əməkdaşlığın ikitərəfli əlaqələrin genişləndirilməsi üçün əhəmiyyəti vurğulanıb, İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimizin münasibətlərinin inkişafına töhfə verdiyi bildirilib. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilb. (http://www.president.az/)

12 aprel 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə Böyük Britaniyanın İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri lord Freyzerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Lord Freyzer bu il İngiltərə-Azərbaycan Cəmiyyətinin yaradılmasının 10 ilinin tamam olduğunu və bununla bağlı Bakıda xüsusi tədbir keçirilməsinin planlaşdırıldığını söyləyib.Görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin müxtəlif sahələrdə inkişafından, iki ölkənin müxtəlif strukturları arasındakı əməkdaşlığın daha da genişləndirilməsindən və İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafına töhfə verdiyi bir daha bildirilib.

Tarixi arayış 17 sentyabr 2008 - cı ildə tərtib edilib.