Azərbaycan Prezidenti Heydər Əliyevin "Nyu-York Tayms" qəzeti Redaksiya Heyətinin üzvləri ilə görüşdə söhbətindən- Nyu-York, BMT-nin binası, 28 iyul 1997-ci il


Hörmətli xanımlar və cənablar!

Mən ilk öncə "Nyu-York tayms" qəzeti redaksiya heyətinin mənimlə görüşə gəlmiş nümayəndələrinin simasında ABŞ jurnalistlərini ürəkdən salamlayır, mətbuat işçiləri ilə görüşə həmişə böyük əhəmiyyət verdiyimi və "Nyu-York tayms" kimi yüksək nüfuzlu bir qəzetin redaksiya heyətinin üzvləri ilə söhbətdən çox məmnun olduğumu bildirirəm.

Mənim bu qəzet haqqında müəyyən məlumatım vardır və bilirəm ki, "Nyu-York tayms" çox məşhur bir mətbuat orqanı kimi tanınır, burada çalışan peşəkar jurnalistlərin dünya ölkələrinin və xalqlarının həyatını, problemlərini dərindən işıqlandırmağa xüsusi diqqət yetirmələrindən razı qaldığımı bildirirəm.

Bu mənim prezident Bill Klintonun dəvəti ilə ABŞ-a ilk rəsmi səfərimdir. Bildirirəm ki, son illər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığın durmadan inkişaf etməsini yüksək qiymətləndirirəm və bu münasibətlərin möhkəmləndirilməsində cənab Klintonla, ölkənizin yüksək vəzifəli digər rəsmi şəxsləri ilə mənim aramda yaranmış şəxsi dostluq əlaqələrinin mühüm rol oynadığını vurğulayıram.

Bazar münasibətləri yolunu seçmiş, demokratik inkişaf istiqamətini tutmuş, hüquqi demokratik dövlət quran gənc müstəqil Azərbaycan dünya birliyi ilə əlaqələrin möhkəmləndirilməsinə diqqət yetirir, bu əməkdaşlığın genişləndirilməsi sahəsində böyük işlər görür. Biz respublikamızın qapılarını bütün iş adamları üçün açmışıq və indi əksər ölkələrin şirkətləri ölkəmizdə fəaliyyət göstərirlər.

Biz son illərdə Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün bir sıra ölkələrin nüfuzlu neft şirkətlərı ilə müqavilələr imzalamışıq və böyük təbii sərvətlərə malik olan, strateji cəhətdən çox əhəmiyyətli ərazidə yerləşən ölkəmizlə əlaqələr qurulmasına nail olmaq üçün uğurlu işlər görmüşük.

Bununla belə, respublikamız bir sıra problemlərlə də üzləşmişdir ki, onların da ən ağrılısı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Ermənistan-Azərbaycan münaqişəsidir. Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən bəri ölkəmizə qarşı davam edən hərbi təcavüzü nəticəsidə Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız doğma yerlərindən zorla qovularaq çadırlarda ağır vəziyyətdə yaşamağa məcbur edilmişlər, onların hüquqları tapdalanmışdır.

Bu münaqişənin əsl mahiyyətini Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi və əzəli torpağı olan Dağlıq Qarabağı ilhaq etmək və özünə birləşdirmək kimi təcavüzkar niyyəti təşkil etmişdir və edir. Bu barədə xəritə üzərində şərh vermək, zənnimcə, daha məqsədəuyğundur və Ermənistanın təcavüzkar olduğunu mahiyyətcə daha aşkar nümayiş etdirir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət olmuş, orada yaşayan 170 min əhalinin 30 faizini azərbaycanlılar təşkil etmişdir. Nəzərinizə çatdırıram ki, Ermənistanın silahlı qüvvələri nəinki Dağlıq Qarabağı, hətta onun ətrafında olan yeddi rayonumuzu da işğal etmişdir. Bu günədək işğal altında olan ərazilərdə xalqımızın bütün varidatı, maddi və mədəniyyət abidələri tamamilə talan olunmuşdur.

Xatırladıram ki, 1988-ci ildən 1993-cü ilin iyununadək erməni lobbisinin fəaliyyəti sayəsində bu münaqişə barədə dünya ictimaiyyətində yanlış məlumat olmuşdur. Nəticədə təcavüzə məruz qalmış, ərazisi işğal olunmuş, üstəlik də informasiya blokadasına alınmış Azərbaycan ayrı-ayrı dairələrdə az qala ermənilərin hüququnu pozan, Ermənistanı blokadada saxlayan bir dövlət kimi suçlandırılmışdı. Hətta 1993-cü ildən başlayaraq əsl həqiqət öz yerini tutmağa başladıqda belə, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələri və qərarları qəbul edildikdən sonra da Ermənistan bu mühüm sənədlərə daim etinasızlıqla yanaşmışdır. ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün dünyanın 53 dövləti tərəfindən qəbul olunmuş əsas prinsiplərin də həyata keçirilməsinə Ermənistan əhəmiyyət vermədiyini bildirdi.

Hazırda ABŞ-ın, Rusiyanın və Fransanın Minsk qrupuna həmsədrlik etməsi bu münaqişənin tezliklə həll ediləcəyinə olan ümidləri artırır. Bu baxımdan prezidentlər - Bill Klintonun, Boris Yeltsinin, Jak Şirakın Denverdə imzaladıqları birgə bəyanatın böyük əhəmiyyət daşıdığını xüsusi nəzərə çarpdırmaq olar.

Vurğulayıram ki, münaqişənin tezliklə aradan qaldırılması Azərbaycan Respublikasının iqtisadi inkişafı, ümumiyyətlə, bölgəmizdə sülhün, əmin-amanlığın bərqərar edilməsi üçün çox vacibdir. Biz Azərbaycan ərazisi hesabına ikinci bir erməni dövləti yaradılmasına heç cür yol verə bilmərik və gərək bu məsələdə dünya ictimaiyyəti də Azərbaycanın mövqeyini tamamilə dəstəkləsin, belə bir ədalətsiz iddianın qarşısı vaxtında alınsın. Xatırladıram ki, bu sahədə "Nyu-York tayms" kimi çox nüfuzlu bir qəzetin jurnalistlərinin üzərinə də mühüm işlər düşür. Əmin olduğumu bildirirəm ki, redaksiya heyətinin üzvləri bu barədə öz sözlərini deyəcək, beynəlxalq aləmdə Azərbaycanın haqq işinin qətiyyətlə müdafiə edilməsinə yaxından kömək göstərəcəklər.

Ermənistanın guya blokada şəraitində yaşaması barədə erməni lobbisinin yaydığı uydurmaların heç bir əsası olmadığını təkcə xəritəyə baxmaqla aydınca görmək və dərk etmək mümkündür. Əslində Azərbaycan, xüsusilə onun Naxçıvan Muxtar Respublikası uzun illər blokada altında qalmağa məcbur olmuşdur.

ABŞ Konqresinin "Azadlığı müdafiə aktı"na ədalətsiz 907-ci düzəlişi də məhz erməni lobbisinin təsiri altında qəbul edilmişdir. Azərbaycana hərbi təcavüz etmiş Ermənistan hər il ABŞ hökuməti tərəfindən 100 milyon dollardan çox yardım aldığı halda, respublikamız bütün bunlardan məhrumdur.

Dünyanın ən demokratik bir ölkəsinin parlamentində qəbul olunmuş bu ədalətsiz qərarın aradan götürülməsinin vacibliyini nəzərə çarpdıraraq vurğulayıram ki, amerikalı jurnalistlərin də bu məsələnin həlli üçün təsirli sözü xüsusi əhəmiyyətə malikdir.

Konqresin üzvləri ilə qarşıdakı görüşlərimdə də bu məsələni ətraflı müzakirə edəcəyəm və əmin olduğumu bildirirəm ki, bu düzəliş tezliklə aradan qaldırılacaqdır. Bildirirəm ki, prezident Bill Klintonla Ağ evdə keçirəcəyim görüşü ABŞ-a ilk rəsmi səfərimin zirvə görüşü hesab edirəm. Ağ evdə aparılacaq danışıqlarda bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulur ki, bunlar Azərbaycan-Amerika əməkdaşlığında yeni mərhələnin yaradılmasında mühüm rol oynayacaqdır.