Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçən siyasi partiyalara müraciəti - Bakı şəhəri, 23 iyun 1998-ci il


1998-ci ilin payızında keçiriləcək Azərbaycan Respublikası prezidentinin seçkiləri müstəqil Azərbaycanın yeni Konstitusiyasi əsasında aparılan ilk seçkilərdir. Azərbaycan Respublikasının müstəqillik qazandığı dövrdən birinci dəfədir ki, prezident seçkiləri əmin-amanlıq, siyasi sabitlik və siyasi plüralizm şəraitində keçirilir. Mütərəqqi ölkələrin dövlət quruculuğu təcrübəsinə uyğun hazırlanan və bu yaxınlarda Milli Məclis tərəfindən qəbul edilən "Azərbaycan Respublikası prezidentinin seçkiləri haqqında" və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasi haqqında" qanunlar bu seçkilərin demokratik, azad və sağlam siyasi rəqabət və tam aşkarlıq şəraitində keçirilməsinin hüquqi zəminini yaradıbdır.

Azərbaycan Respublikasının dövlət başçısı Konstitusiyaya əsasən Azərbaycan xalqının vahidliyini təcəssüm edir. Ona görə də prezident seçkilərinin keçirilməsində və nəticələrinin müəyyən edilməsində bütün vətəndaşlara bu sahədə nəzarət üçün imkan yaradan mexanizmlərin və institutların təsis edilməsi, şübhəsiz, bir şərtdir. Bununla əlaqədar, bütün seçki hərəkətləri və seçki tədbirləri tam aşkar keçirilməli, seçkilərin bütün mərhələlərində müşahidəçilərin azad və maneəsiz iştirakı təmin edilməlidir. Eyni zamanda, seçki komissiyaları səsvermənin nəticələrini müəyyən edərkən tam sərbəst və qərəzsiz hərəkət etməli və cəmiyyətdə mövcud olan müxtəlif siyasi qüvvələr arasında arbitr olmalıdırlar. Bu və ya digər seçki komissiyasinın üzvünün siyasi baxışları, onun bu və ya digər prezidentliyə namizədə olan münasibəti seçkilərin nəticələrinin müəyyən edilməsində qərəzli hərəkət etmək üçün səbəb olmamalıdır.

Cəmiyyətdə siyasiləşmə proseslərinin kifayət qədər yayılmağı səbəbindən bir çox siyasi partiyalar cəmiyyətin yalnız məhdud dairələrinin siyasi baxışlarını ifadə edirlər. Lakin buna baxmayaraq, hesab edirəm ki, qanunda seçkilərin keçirilməsində aşkarlıq və açıqlıq prinsiplərinin əsas götürülməsində şübhə üçün yer qoyulmaması nöqteyi-nəzərindən fəal siyasətlə məşğul olan qurumların, siyasi partiyaların Azərbaycanın siyasi həyatının ən mühüm hadisəsi olan prezident seçkilərində daha fəal iştirak etmələrini təmin etmək məqsədilə müşahidəçilər institutundan başqa, əlavə imkanlar da yaradıla bilər. "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasi haqqında" qanunun ikinci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyasinın 12 üzvü hakimiyyətlər bölgüsü və hakimiyyətlərin tarazlaşdırma prinsiplərinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, digər 12 üzvü isə Azərbaycan Respublikası prezidenti tərəfindən təyin edilir. Mərkəzi Seçki Komissiyasinın üzvlüyünə namizədlərin seçilməsində həm Azərbaycan Respublikasının prezidenti, həm də Azərbaycan Respublikasının Milli Məclisi tam sərbəstdirlər.

Lakin, hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasinın tərkibinə namizədlərin müəyyən edilməsi üçün mümkün qədər geniş imkanlar yaradılmalı və belə namizədlərin sayı mümkün qədər çox olmalıdır. Bu məqsədlə, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçən bütün siyasi partiyalara müraciət edərək bildirirəm ki, onlar Azərbaycan Respublikası prezidentinə Mərkəzi Seçki Komissiyasinın tərkibinə təyin edilmək üçün öz bitərəf namizədlərini təklif edə bilərlər. Əminəm ki, əksəriyyəti ixtisasca hüquqşünas olan həmin namizədlər müəyyən peşəkar tələblərə cavab verəcəklər və Mərkəzi Seçki Komissiyasinın tərkibinə Azərbaycan Respublikasının prezidenti tərəfindən təyin edilərək seçkilərin nəticələrini qərəzsiz və sərbəst müəyyən etməyə qadir olacaqlar.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış