Azərbaycan Prezidenti Heydər Əliyevin Birləşmiş Ərəb Əmirlikləri səfirinin etimadnaməsini qəbul edərkən söhbətindən - 19 fevral 1999-cu il


Səlim Rəşid Səlim Əl-Aqrubu: Cənab prezident, mən çox məmnunam ki, ölkələrimiz arasındakı əlaqələr gündən-günə inkişaf edir və dərinləşir. Bildirmək istəyirəm ki, bizim ölkəmiz münaqişələrin sülh yolu ilə həll olunmasına tərəfdardır.

Cənab prezident, mən Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındakı əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinə var gücümü sərf edəcəyəm. Əminəm ki, Azərbaycan dövləti və hökuməti mənim buradakı fəaliyyətimə hərtərəfli kömək göstərəcəkdir.

Cənab prezident, mən Sizə möhkəm cansağlığı, işinizdə müvəffəqiyyət, qardaş Azərbaycan xalqına tərəqqi və inkişaf, ölkənizə Sizin müdrik rəhbərliyiniz altında çiçəklənən gələcək arzulayıram.

Heydər Əliyev: Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələr son illər yaranıb və sürətlə inkişaf edir. Biz bu əlaqələrin daha da genişlənməsinin və inkişaf etməsinin tərəfdarıyıq. Biz bu sahədə öz tərəfimizdən bir neçə təşəbbüs irəli sürmüşük və onların həyata keçirilməsinə çalışırıq.

Birləşmiş Ərəb Əmirlikləri bizə yaxın ölkələrdə, ərəb ölkələrində xüsusi mövqe tutur və öz iqtisadi inkişafı ilə başqa dövlətlər üçün örnək olubdur. Birləşmiş Ərəb Əmirliklərinin son dövrdə, qısa bir zamanda iqtisadi inkişafı bizi sevindirir. Dost və qardaş ölkə kimi biz Birləşmiş Ərəb Əmirliklərinə daha da çox uğurlar arzulayırıq.

Birləşmiş Ərəb Əmirlikliklərinin əmiri hörmətli Şeyx Zahid Bin Sultan uzun illərdir ki, sizin ölkənizə rəhbərlik edir. Sizin ölkəniz ümumiyyətlə ərəb dünyası qarşısında böyük xidmətlər göstəribdir. Mən 1994-cü ildə İslam Konfransı Təşkilatının Mərakeşdəki zirvə görüşündə hörmətli dostum Şeyx Zahid Bin Sultanla keçirdiyim görüşü, apardığım danışıqları və ondan sonra bizim aramızda yaranmış dostluq və qardaşlıq əlaqəsini çox yüksək qiymətləndirirəm. Mən rica edirəm ki, salamımı və ən xoş arzularımı hörmətli dostum Şeyx Zahid Bin Sultana çatdırasınız.

Ölkənizin səfiri kimi Azərbaycanda fəaliyyət göstərməyiniz üçün bütün imkanlar yaranacaqdır. Dövlət və hökumət orqanlarımız bütün işlərdə sizə yardım etməyə hazırdırlar. Biz Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi və başqa sahələrdə əlaqələrimizi daha da genişləndirmək, inkişaf etdirmək istəyirik. Ölkənizin səfiri kimi siz bu işdə böyük xidmətlər göstərə bilərsiniz. Mən sizə qarşıdakı işlərinizdə uğurlar arzulayıram. Birləşmiş Ərəb Əmirliklərinin xalqına, vətəndaşlarına və dövlətinə səadət, rifah, sülh və əmin- amanlıq arzulayıram.

... Xahiş edirəm, mənim salamlarımı, xoş arzularımı dostum və qardaşım Şeyx Zahid Bin Sultana çatdırasınız.

"Azərbaycan"qəzeti, 20 fevral 1999-cu il.