Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin böyük Azərbaycan rəssami Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyi münasibətilə təntənəli yubiley gecəsində çıxışı - Respublika Sarayı, 17 dekabr 1994-cü il


Hörmətli həmvətənlər! Mədəniyyət xadimləri, incəsənət pərəstişkarları! Möhtərəm bacılar və qardaşlar!

Bu günlər biz böyük rəssam, sənətkar, böyük insan Səttar Bəhlulzadənin anadan olmasının 85-ci ildönümünü qeyd edirik. Bu, bizim həyatımızda əlamətdar hadisədir. Biz, xalqımız, vətəndaşlarımız, dövlətimiz Səttar Bəhlulzadənin yubileyini qeyd edərkən mədəniyyətə, incəsənətə hörmət və ehtiramımızı, münasibətimizi bildiririk. Səttar Bəhlulzadə Azərbaycan Respublikasının və Azərbaycan xalqının mədəniyyətində çox görkəmli yer tutduğuna görə və böyük mədəni irs qoyduğuna görə onun yubileyinin belə təntənəli keçməsi və ümumi bayrama çevrilməsi tam əsaslıdır.

Azərbaycan xalqı zəngin mədəniyyət və incəsənət tarixinə malikdir. Xalqımız əsrlər boyu dünya sivilizasiyasına və mədəniyyətinə böyük töhfələr vermişdir. Mədəniyyətimizin böyük bir sahəsi rəssamlıq sənətidir və bu sahədə də Azərbaycan xalqının dünya mədəniyyətində öz yeri var. Şərq aləmində keçmiş dövrlərdə-orta əsrlərdə, qədim zamanlarda rəssamlıq sənəti miniatür üslubunda idi. Azərbaycanın böyük sənətkarı Sultan Məhəmməd beş yüz il bundan öncə böyük miniatür rəssamlığı məktəbi yaratmış və o məktəb davam edərək bütün Şərq aləminə öz təsirini göstərmişdir. Azərbaycan xalqı bununla fəxr edir. Onun bu gün də davamçıları var. Miniatür rəssamlıq sənəti bütün dünyada tanınmış və çox yüksək qiymətləndirilən rəssamlıq məktəbi və üslubudur. Bir daha deyirəm, biz bununla fəxr edirik və gələcək nəsillər də fəxr edəcəklər. Eyni zamanda XX əsr Azərbaycan xalqının mədəni həyatında böyük hadisələr dövrü olubdur. XX əsrdə mədəniyyətimiz bütün sahələrdə sürətlə inkişaf edib, dünya mədəniyyətinə böyük simalar bəxş edib. Onların arasında rəssamlıq sahəsində Səttar Bəhlulzadənin xüsusi yeri var. O, nəinki Azərbaycan, həm də bütün dünya mədəniyyəti üçün, dünya rəssamlıq sənəti üçün görkəmli bir simadır və böyük mədəni irs qoymuşdur. Azərbaycan xalqı belə bir şəxsiyyəti ilə, belə bir insanla fəxr edir və bundan sonra da fəxr edəcəkdir.

Mən bilirəm ki, bu salona toplaşanlar Səttar Bəhlulzadə sənətinin pərəstişkarlarıdır, onun sənətinin əhəmiyyətini, mənasını qiymətləndirən adamlardır. Ancaq təkcə biz yox, hesab edirəm ki, bütün xalqımız Səttar Bəhlulzadə sənətinə yüksək qiymət verir və onunla fəxr edir. Ona görə də bu gün bizim üçün böyük mədəniyyət bayramıdır. Bu mədəniyyət bayramı münasibətilə və Səttar Bəhlulzadə günü münasibətilə sizin hamınızı təbrik edirəm!

Bu gün Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgiyə baxdıq. Şübhəsiz ki, bu sərgidə görkəmli rəssamın əsərlərinin az bir qismi toplanmışdır. Səttar Bəhlulzadənin yaradıcılığına bələd olan adamlar onu tədqiq edənlər və tanıyanlar bilirlər ki, o həm böyük sənətkar idi, həm də çox məhsuldar işləyən adam idi. Bir sıra başqalarından fərqli olaraq daim işləyirdi, çoxlu əsər yaradırdı və bu əsərləri də dostlarına və tanışlarına, ayrı-ayrı təşkilatlara təmənnasız bağışlayırdı. Ona görə də əgər Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi yaratmaq fikrinə gəlsək və onun əsərlərinin hamısını toplamalı olsaq, bunun üçün bir salon yox, bir neçə salon da çatmaz. Ancaq bugünkü sərgidə toplanan əsərlər də Səttar Bəhlulzadənin yaradıcılığının, sənətkarlığının nə qədər böyük və təsirli olduğunu tam əks etdirir.

Səttar Bəhlulzadə Azərbaycan rəssamlıq sənətində yeni bir məktəb yaratmışdır. Onun əsərləri, sənətkarlıq və rəssamlıq üslubu çox orijinal və özünəməxsusdur. Sənətkarı tanıyan adamlar bu əsərləri görən kimi deyirlər ki, onun müəllifi Səttar Bəhlulzadədir. Səttar Bəhlulzadənin davamçıları var və şübhəsiz ki, olacaqdır.

Onun əsərləri yaşayacaq və şagirdləri yeni-yeni sənət nümunələri yaradacaqlar. Ancaq Səttar Bəhlulzadə Azərbaycanda bu janrın, bu üslubun və öz rəssamlıq məktəbinin banisidir. O, çox böyük, dəyərli və qiymətli əsərlər yaratmışdır. Səttar Bəhlulzadə Azərbaycan deməkdir. Onun əsərləri Azərbaycanı təsvir edir, Azərbaycanı göstərir, əks etdirir. Bu, rəssamın öz torpağına, öz vətəninə və xalqına nə qədər bağlı olduğunu göstərir. O, elə bir böyük sənətkardır ki, istənilən mövzuda və süjetdə əsər yarada bilərdi. Ancaq onun əsərlərinin demək olar ki, əksəriyyəti Azərbaycanı və ölkəmizin əsasən bütün bölgələrini təsvir edir. Bunu etmək üçün Səttar Bəhlulzadəyə şübhəsiz ki, bütün Azərbaycanı gəzmək və onun hər yeri ilə tanış olmaq gərək idi. Səttar Bəhlulzadə bu yolu da keçmişdir. Azərbaycanı dərindən tanıyan adam kimi, o, vətənimizi çox gözəl təsvir edibdir.

Onun yaratdıqları adi rəsm əsərləri deyildir. Səttar Bəhlulzadə yaradıcılığa klassik üslubdan başlayıb - biz sərgidə bunun nümunəsini gördük, - sonra isə özünəməxsus, öz aləminə, öz dünyasına, öz fəlsəfəsinə məxsus bir rəssamlıq yolu seçib və həmin yola daim sadiq olubdur. O vaxtlar - 50-ci və 60-cı illərdə, yəni Səttar Bəhlulzadənin ilk əsərləri yaranan zaman bəziləri onu anlamırdılar, bəziləri qəbul etmirdilər. Bəziləri isə bu əsərlərin- nə qədər qiymətli olduğunu bilmirdilər. Ona görə də bəzən klassik üslubda çəkilən əsərlərə üstünlük verilirdi, Səttar Bəhlulzadənin əsərləri isə kənarda qalırdı. Ancaq zaman keçdi və Səttar Bəhlulzadə çox inadla öz yaratdığı üslubu, öz məktəbini davam etdirdi və yeni bir rəssamın yaranmasını nəinki Azərbaycana, həm də bütün dünyaya nümayiş etdirdi. Çox vaxt keçmədi, o, təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində görkəmli bir rəssam - xüsusi üsluba, xüsusi istedada malik olan rəssam kimi tanındı.

Səttar Bəhlulzadə öz əsərləri ilə Azərbaycan mədəniyyətini zənginləşdirdi, dediyim kimi, yeni bir rəssamlıq məktəbi yaratdı və incəsənətimizi zənginləşdirdi. Eyni zamanda o, Azərbaycanın mədəniyyətini, incəsənətini bütün dünyaya tanıtdı. Əgər Avropa Pikasso kimi böyük rəssamı ilə fəxr edirsə, biz də, şübhəsiz ki, Pikassonu böyük rəssam kimi tanıyırıq, onun əsərlərinə dərin hörmət edərək, eyni zamanda iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanın da Pikassoya bərabər Səttar Bəhlulzadə kimi rəssamı var və Azərbaycan da onunla fəxr edə bilər.

Rəssamın yaratdığı əsərlər yaşayır və gələcəkdə də yaşayacaqdır. Qeyd etdiyim kimi, İlahidən verilən fitri istedad onun tədakarlığı, inamla öz sənətini yaratmaq və inkişaf etdirmək əzmi Səttar Bəhlulzadəni böyük sima etmişdir, onun Azərbaycan üçün belə zəngin töhfələr verməsinə şərait yaratmışdır.

Bu il rəssamın yubileyi ilə əlaqədar Nyu-Yorkda BMT-nin binasında, İstanbulda və başqa yerlərdə onun əsərlərinin sərgisi nümayiş etdirilibdir. Ancaq Səttar Bəhlulzadənin dünyada tanınmasını təkcə bunlar göstərmir. Rəssamın əsərlərini indi bir çox ölkələrdə tapmaq olar. Axtarsaq, onun əsərlərini ayrı-ayrı adamlarda, sənətsevərlərdə tapa bilərik.

Onun özünəməxsus aləmi var idi. O, bir insan kimi fəlsəfəyə bağlı adam idi. Ona görə də Səttar Bəhlulzadənin yaratdığı əsərlər, onun həyatı rəssamın daxili dünyasını nümayişidir. Mən onu yaxşı tanıyırdım. 60-cı ilin əvvəllərində Səttar Bəhlulzadə ilə şəxsi münasibətim var idi və mən Azərbaycana rəhbərlik edərkən onun sənətini sevdiyimə və bir insan kimi ona hörmət etdiyimə görə bu böyük rəssamla təmaslarım olmuşdur.

O, qeyri-adi bir insan idi. Qeyri-adiliyini öz əsərləri ilə hamıya nümayiş etdiribdir. Rəssamı tanımayan adamlar da onun orijinallığını, novatorluğunu öz gözləri ilə görmüşlər. Bu gün bu salonda olanların bir çoxu bəlkə onu görməmiş və şəxsən tanış olmamışdır, amma əsərlərinə əsasən bunların hamısını hiss edirlər. O, bir insan kimi də əzmkar və fədakar, sənətini çox sevən və bütün həyatını öz sənətinə həsr edən adam idi. Bu insan heç vaxt şan-şöhrət, ad, mükafat dalınca getməmişdir. Belə şeylər onu heç vaxt maraqlandırmamışdır. Buna görə onun həyatı da çox sadə və təvazökar olmuşdur. Bəlkə də onun şəxsi həyatı, yaşayışı çox çətin keçmişdir, - mən bunları da bilirəm, - ancaq bununla bərabər, onun daxili aləmi, mənəviyyatı, yaratdığı əsərlər o qədər böyükdür ki, bunlar Səttar Bəhlulzadəni bizə böyük bir sima kimi tanıdıbdır və gələcəkdə də tanıdacaqdır. Mən Səttar Bəhlulzadənin 85 illik yubileyinin keçirilməsi haqqında sərəncam verərkən, bu qərarı, şübhəsiz ki, bir tərəfdən onun yaradıcılığına yüksək qiymət verilməsi üçün qəbul etdim və digər tərəfdən bu, bizim hamımızın, müstəqil Azərbaycan dövlətinin mədəniyyətimizə, incəsənətimizə, rəssamlarımıza və onların sənətinə olan hörmət və ehtiramının rəmzidir, təzahürüdür. Eyni zamanda biz bu yubileyi keçirərkən vəzifələrimizi də bilməliyik. Bu vəzifələr ondan ibarətdir ki, biz Səttar Bəhlulzadənin əsərlərinin hamısını toplamalıyıq, onların kataloqunu hazırlamalıyıq. Görkəmli sənətkarın adına bir rəssamlıq mərkəzi açmalıyıq, Səttar Bəhlulzadə muzeyi yaratmalıyıq.

Doğrudur, onun yaşadığı yerdə ev muzeyi var. Bu, təbiidir və vaxtilə yaranıbdır. Biz onu qoruyub saxlamalıyıq. Ancaq mən muzey deyəndə Səttar Bəhlulzadənin əsərlərindən ibarət daimi muzeyin yaranmasını nəzərdə tuturam. Çünki rəssamın həm həyatı, həm də yaradıcılığı, əsərləri, mədəni və mənəvi irsi xalqımızın bu günü və gələcəyi üçün mənəviyyat mənbəyidir, məktəbidir. Xalqımızın estetik tərbiyəsini daha da gücləndirmək üçün Səttar Bəhlulzadənin əsərlərindən istifadə etməliyik. Ona görə də belə bir mərkəzin, belə bir muzeyin yaranması çox zəruridir.

İndi həyatımız nə qədər çətin, ağır olsa da, biz heç vaxt mədəniyyəti unutmamalıyıq. Mədəniyyət həmişə bizimlə bərabər olmalıdır, mədəniyyətə qayğı göstərməliyik, onu inkişaf etdirməliyik. Çünki bu çətin günlər müvəqqətidir. Ancaq həyat daimidir. Mədəniyyət də, rəssamlıq da daimidir.

Buna görə də gələcək nəsillərin tərbiyəsi üçün, onları Səttar Bəhlulzadə həyatının nümunəsində tərbiyə etmək, onun sənətə bağlılığı, fədakarlığı, işgüzarlığı, təvazökarlığı nümunəsində böyütmək və eyni zamanda gələcək nəsilləri rəssamın yaratdığı əsərlərin mənəvi və fəlsəfi təsiri altında yetişdirmək üçün biz Səttar Bəhlulzadə irsinə çox böyük diqqət yetirməliyik. Biz buna çox ehtiyatla yanaşmalıyıq, ona qayğı göstərməliyik və elə etməliyik ki, bu əsərlər toplansın, bizim böyük bir mədəniyyət mərkəzində olsun, indi və gələcəkdə Səttar Bəhlulzadənin yaradıcılığı timsalında mədəniyyətimizi inkişaf etdirib irəli apara bilək.

Biz Səttar Bəhlulzadənin yubileyini qeyd edərkən bütün incəsənət xadimlərinə, rəssamlarımıza öz hörmət və ehtiramımızı göstəririk. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, XX əsrdə Azərbaycan rəssamlıq məktəbi, Azərbaycan rəssamları dünya miqyasında görkəmli yer tutmuşlar. Bunu bütün dünya rəssamların işləri ilə tanış olan bir adam kimi, onlarla müqayisə edərək tam əsasla deyə bilərəm. Bəzən biz özümüz ətrafımızda olan inciləri qiymətləndirə bilmirik. Ancaq bu həqiqətdir ki, XX əsrdə, xüsusən 30- cu illərdən sonra Azərbaycanda gözəl, böyük, çoxsahəli və çoxşaxəli rəssamlıq məktəbi yaranıb, böyük rəssamlar yetişibdir.

Onlar Azərbaycan rəssamlıq məktəbini dünyaya tanıdıblar. Biz bununla fəxr edirik. Bütün rəssamlarımızın əsərlərinə qayğı ilə yanaşmalıyıq və gözəl əsərlər yaratmalarına şərait təmin etməliyik.

Altı ildir ki, müharibə içərisindəyik. Bu dövr Azərbaycanın həyatı üçün ağır, əzab-əziyyətli bir dövrdür. Eyni zamanda bu, sınaq, imtahan dövrüdür. Bu dövr mədəniyyətimizin bütün sahələrində, o cümlədən də rəssamlarımızın əsərlərində gərək öz əksini tapsın. Həmin əsərlər də indi yaradılmalıdır. Mənim xatirimdədir, 1990-cı il faciəsindən sonra rəssamlarımızda böyük bir coşğunluq əmələ gəlmişdi. Onlar çox böyük hissiyyatla o günləri, o dövrü öz əsərlərində əks etdirirdilər. Mən o vaxt Moskvadan Bakıya gələndə bir sıra yeni əsərlər gördüm və çox sevindim.

Ancaq indi yaşadığımız dövr - Azərbaycanın öz müstəqilliyini əldə etməsi və onu müdafiə etməsi, torpaqlarını qorumaq uğrunda vuruşması, xalqımızın qanının tökülməsi, şəhidlər verməsi, bir milyondan artıq qaçqın və onların vəziyyəti - bunlar Azərbaycan tarixinin böyük bir səhifəsidir. Bu, gərək bütün mədəniyyət və incəsənət ustalarımızın əsərlərində öz əksini tapsın. Mən arzu edərdim ki, rəssamlarımız da bu dövrü öz əsərlərində əks etdirsinlər. Güman edirəm ki, bugünkü yubiley toplantısı, Səttar Bəhlulzadənin yaradıcılığına, şəxsiyyətinə verilən qiymət rəssamlarımızı daha da ruhlandıracaq, onlar həm xalqımızın tarixi keçmişi, həm də bu günü və xüsusən son illər haqqında gözəl əsərlər yaradacaqlar.

Mən sizin hamınızı Səttar Bəhlulzadənin 85 illiyi, bu bayram münasibətilə təbrik edirəm. Bir daha demək istəyirəm ki, Səttar Bəhlulzadənin həyatı, yaradıcılığı, onun əsərləri bu günümüz və gələcəyimiz üçün mənəviyyat mənbəyidir. Biz fəxr edə bilərik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı, Bakı şəhəri, Əmircan torpağı belə böyük insan, böyük bir sima, dünya mədəniyyətində özünə layiq yer tutan Səttar Bəhlulzadə kimi insan yetiribdir.

Eşq olsun Azərbaycan mədəniyyətinə!

Sağ olun!

Tarixi arayış

MƏDƏNİYYƏT