Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransanın "TV-5" televiziya kanalının müxbirinə müsahibəsi Paris-15 yanvar 1997-ci il


Sual: Cənab Prezident, Siz tarixin canlı səhifəsisiniz, Sovet İttifaqında yüksək vəzifə tutmuş şəxssiniz. Siz Fransanın neft şirkətləri ilə, o cümlədən "Elf Akiten"lə yenicə müqavilə imzaladınız. Fransaya səfərinizdən nə gözləyirsiniz?

Cavab:  Mən Fransaya səfərimdən, ən əvvəl, ölkələrimiz arasında əməkdaşlıq proseslərinin sürətlənməsini gözləyirəm. Fransa böyük ölkədir, Avropada, bütün dünyada çox mühüm rol oynayır. Fransa zəngin tarixə və təbii olaraq, texnologiyalar sahəsində böyük imkanlara malikdir. Odur ki, Fransa ilə əməkdaşlıq, onunla dostluq münasibətlərinin möhkəmləndirilməsi ölkəmizin inkişafı üçün də, Avropa Birliyində, Dünya Birliyində Azərbaycanın mövqelərinin möhkəmlənməsi üçün də mühüm amildir.

Sual: Cənab Prezident, "Elf Akiten" və "Total" şirkətləri ilə imzalanmış müqavilə, görünür, çox mühümdür.

Cavab: Bəli, bu, mühüm müqavilədir. O, bir çox ölkələrin transmilli şirkətləri ilə bağladığımız beşinci müqavilədir. Son iki ildə imzaladığımız bütün müqavilələr dünyanın 11 ölkəsini və 16 transmilli şirkəti əhatə edir. Bu müqavilələr üzrə kapital qoyuluşlarının, yəni investisiyaların ümumi məbləği 15 milyard  dollara çatır. Buna görə də onlardan hər biri bizim üçün böyük iqtisadi əhəmiyyətə malikdir. Lakin bununla yanaşı, bunlar qarşılıqlı surətdə faydalı müqavilələrdir. Onlar transmilli şirkətləri bizimlə bu müqavilələri imzalamış olan ölkələr üçün də böyük iqtisadi əhəmiyyətə malikdir. Məsələn, Fransanın "Elf Akiten" və "Total" şirkətləri ilə imzalanmış müqavilə həm Azərbaycana, həm də Fransaya böyük iqtisadi fayda gətirəcəkdir.

Sual: Siz imzalanmış müqavilədən Ermənistanla, Dağlıq Qarabağla mövcud münaqişənin həlli üsulu kimi istifadə etməyə ümid bəsləyirsinizmi? Gərək ki, Sizdə əhalinin 20 faizini ermənilər təşkil edir?

Cavab:  Azərbaycan əhalisinin 20 faizinin ermənilərin təşkil etməsi məlumatı doğru deyildir. Hazırda Azərbaycanda cəmi 80 min erməni var. Deyəsən, siz səhv salmısınız. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Lakin orada heç kəs yaşamır. Bu torpaqlardan bir milyondan çox azərbaycanlı didərgin salınmışdır, onlar çadırlarda yaşayırlar. Ermənistanla Azərbaycan arasında münaqişənin yaranmasına səbəb olmuş Dağlıq Qarabağda isə hazırda erməni millətindən 80 min adam yaşayır. Ermənistanın bu təcavüzü nəticəsində Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdur. Bunu sizin sualınızı dəqiqləşdirmək üçün deyirəm. O ki qaldı sualın mahiyyətinə, təbii ki, bu müqavilələr regionumuzda, xüsusən Azərbaycanda çox geniş iqtisadi fəaliyyəti təmin edəcəkdir. Onlar Azərbaycanın Qərb ölkələri ilə əlaqələrini möhkəmləndirəcəkdir. Biz  ümidvarıq ki, bu ölkələr Azərbaycanla uzunmüddətli əməkdaşlığa başlayaraq,  – həmin müqavilələr 25-30 il müddətinə imzalanıb,  – regionumuzda sülhün bərqərar edilməsində maraqlı olacaqlar. Bu isə öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə tənzimlənməsinə kömək edəcəkdir. Biz müharibə istəmirik, biz təcavüzə məruz qalmışıq. Mən dedim ki, Azərbaycanın ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunubdur. Biz tələb edirik ki, onlar Azərbaycanın ərazisini tərk

etsinlər, yurdlarından qovulmuş bir milyondan çox azərbaycanlı öz yerlərinə qayıtsın. Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və Ermənistanla sülh şəraitində yaşamaq istəyirik. Hesab edirəm ki, əgər Ermənistan bizimlə sülh yaradarsa, müharibəni dayandırarsa və Azərbaycanla iqtisadi əlaqələr  saxlayarsa, bu müqavilələr ona da öz iqtisadiyyatını inkişaf etdirməkdə kömək göstərəcəkdir.

Sual: Siz Ermənistanla birbaşa danışıqlara tərəfdarsınızmı?

Cavab: Biz Ermənistanla birbaşa danışıqlara tərəfdarıq və bu danışıqları aparırıq. Son bir il ərzində bu danışıqları Ermənistan Prezidentinin və Azərbaycan Prezidentinin xüsusi nümayəndələri aparmışlar. Lissabon sammitinə hazırlaşmağımızla əlaqədar bu danışıqlar sammit ərəfəsində dayandırılmışdır. Lakin biz Ermənistan ilə Azərbaycan arasında birbaşa danışıqları tezliklə bərpa edəcəyik və biz buna böyük əhəmiyyət veririk.

Sual: Siz Azərbaycanın ərazi bütövlüyünün tanınmasını tələb edirsiniz, ermənilər isə Dağlıq Qarabağ ərazisində özləri üçün beynəlxalq təminat tələb edirlər. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Biz bunun əleyhinə deyilik, yəni biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edirik, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcədə özünüidarə verilməsinə təminat veririk. Eyni zamanda biz Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə razılaşırıq. Bu məsələdə müxtəlif variantları, o cümlədən də beynəlxalq təminatlarla bağlı variantları nəzərdən keçirmək olar.

Sual: Azərbaycan ərazisinin işğalı adlandırdığınız vəziyyətə nə qədər dözəcəksiniz?

Cavab: Şübhəsiz bu, bizim üçün çox ağırdır və buna dözmək istəmirik. Səkkiz ildir ki, münaqişə davam edir. Dörd ildən çoxdur ki, Azərbaycan vətəndaşları öz yerlərindən zorla qovulmuşlar və hazırda çadırlarda yaşayırlar. Buna dözmək mümkün deyildir. Ancaq Ermənistan tərəfi bütün bu məsələlərə pozucu münasibət

göstərir, o, münaqişənin həlli ilə razılaşmır və biz dözməyə məcburuq. Burada iki yol var: ya dözmək və məsələnin sülh yolu ilə həllinə nail olmaq, ya da hərbi əməliyyatlara yenidən başlamaq. Biz isə hərbi əməliyyatlara yenidən başlamaq istəmirik. İki il səkkiz aydır ki, barışıq mövcuddur, biz atəşkəs şəraitində yaşayırıq. Bu, həm Ermənistan, həm də Azərbaycan üçün yaxşıdır. Hərbi əməliyyatların başlanması yenidən qan tökülməsinə, insanların həlak olmasına gətirib çıxaracaqdır. Biz bunu istəmirik.

Sual: Bu böhranda Rusiyanın rolu müsbət, yoxsa mənfidir?

Cavab:  Müsbət və ya mənfidir deyə birmənalı cavab vermək olmaz. Rusiya bu məsələdə, sözün tam mənasında, müsbət rol oynaya bilər. Ancaq təəssüf ki, o, bu münaqişənin aradan qaldırılması üçün hələ özünün bütün imkanlarından istifadə etmir. Biz istəyirik ki, birincisi, Rusiya fəal olsun, ikincisi isə ədalətli olsun, həm

Ermənistana, həm də Azərbaycana eyni şəkildə yanaşsın və ədalət, obyektivlik əsasında  bu münaqişəyə real surətdə son qoyulmasına çalışsın.

Sual: Çeçenistanda müharibə ilə əlaqədar Rusiya ilə sərhəddə Azərbaycanın blokadası davam edir. Amma indi Çeçenistanda müharibə sanki qurtarmışdır. Belə isə Siz bu problemin həllini görürsünüzmü?

Cavab:  Çeçenistan hadisələri ilə əlaqədar iki il bundan əvvəl Azərbaycana qarşı blokada qoyulması ədalətsiz bir tədbir idi. Rusiya dövləti və onun ayrı-ayrı məmurları ədalətsizliyə yol verdilər, çünki bu, qeyrihüquqi qərar idi və Azərbaycanı ağır vəziyyətə saldı. Rusiya ilə bizim çox fəal iqtisadi əlaqələrimiz var. Odur ki, ölkələrimiz arasındakı yolların, bütün kommunikasiyaların bağlanması Azərbaycan iqtisadiyyatını, ümumiyyətlə, bütün həyatımızı çox ağır vəziyyətə saldı. İki ildən sonra Rusiya yəqin etdi ki,  Azərbaycandan Çeçenistana heç bir yaraqlı keçib getməmişdir və bu, Çeçenistanda münaqişənin həllində heç bir rol oynamamışdır. İndi orada müharibə dayanmışdır. Ümid edirik ki, Rusiya bu blokadanı götürəcəkdir. Biz bu barədə Rusiya rəhbərləri ilə danışmışıq. Onlar bizə vədlər verirlər. Ümidvarıq ki, öz vədlərini tezliklə yerinə yetirəcəklər.

Sual: Siz Azərbaycanda vəziyyətin sabitliyini poza biləcək qanunsuz bölmələrin ölkənizə daxil olmasının qarşısını almaqda Moskvanın roluna ümid bəsləyirsinizmi?

Cavab:  Əgər Rusiya Azərbaycanda layiqli cəzadan gizlənən cinayətkar qrupların orada yaşamasına və qalmasına imkan verməsə, onda biz özümüz bu adamların öhdəsindən gələrik və Rusiyanın bizə heç bir köməyi lazım olmaz.

Müxbir: Siz sərt hökmdar kimi ad çıxarmısınız, Sizi hətta ziyalı müstəbid adlandırmışlar. Vəziyyətin qeyri-sabit ola biləcəyi müsəlman dövlətində Siz özünüzü müxalifətlə kifayət qədər sərt aparırsınız. Amma bununla yanaşı, Azərbaycanda demokratiya var.

Cavab: Bilirsinizmi, belə bir fikirlə razı deyiləm ki, mən sərt siyasət yeridirəm. Heç bir sərtlik yoxdur. Qanunlara əməl edilməsi hamı üçün eynidir. Mən isə qanunlara ciddi əməl edilməsinə tərəfdaram. Qanunsuz, hüquqa zidd olan hallardan heç birisi dəstəklənə və ya onlara yol verilə bilməz. Müxalifətin  bəzi adamları isə

olduqca çox qanunsuz əməllərə əl atırlar. Onların bu fəaliyyətinin qarşısı alındıqda sərtlikdən danışmağa başlayırlar. Sərtlik deyilən şey yoxdur. Yeri gəlmişkən deməliyəm ki, bizdə demokratiya yenicə başlayır. Biz cəmi beş ildir ki, dövlət müstəqilliyi şəraitindəyik. Fransa neçə əsrdir demokratiya şəraitində yaşayır, amma siz də şikayətlənirsiniz ki, tam demokratiya yoxdur. Buna görə də yenicə başlanan demokratiya öz təşəkkülünün təbii olaraq mürəkkəb dövrünü keçirir. Müxalifətdə dayanmış adamlar isə sadəcə olaraq başa düşmürlər ki, müxalifət sivilizasiyalı, siyasi müxalifət olmalıdır. Bizim bəzi müxalifətçilərimiz silaha əl atır, qanunsuz silahlı dəstələrdən istifadə edirlər. Təbiidir ki, biz bu cür müxalifətə qarşı qanunun müvafiq tədbirlərini görəcəyik. Ona görə də mən "sərt" və ya "müstəbid" fikri ilə razı deyiləm. Bu, düz deyildir. Biz demokratiya mövqeyində möhkəm dayanmışıq. Biz Azərbaycanda demokratik, sivilizasiyalı və hüquqi dövlət qururuq və quracağıq. Qoy buna heç kəsin şəkk-şübhəsi olmasın.

Sual: Siz sovet tarixini bilən bir adamsınız. İndi isə, baş verən hadisələri nəzərə alaraq, müstəqil və çox güclü dövlətin rəhbərisiniz. XX əsrin hadisələri, o cümlədən Belqradda, Sofiyada baş verən hadisələr barəsində fikriniz necədir?

Cavab: XX əsr çox mürəkkəbdir. Tezliklə biz XXI əsrə qədəm qoyacağıq və onda indiki yüzillikdə baş vermiş və baş verən hadisələrə daha düzgün qiymət vermək mümkün olacaqdır. Lakin bütün bu hadisələr ümumən qanunlardan və sairədən tez-tez kənara çıxsa da, görünür, xüsusən Avropada, keçmişdə totalitar rejim şəraitində olmuş ölkələrdə, o cümlədən Yuqoslaviyada, Bolqarıstanda, keçmiş Sovetlər İttifaqı ərazisində baş verən proseslərlə müəyyən dərəcədə əlaqədardır. Bu ölkələrdə keçmiş kommunist, sosialist rejimindən, totalitar, avtoritar rejimdən demokratiyaya keçid baş verir. Lakin bu keçid, təəssüf ki, bəzi yerlərdə xoşagəlməz  hadisələrlə müşayiət olunur.

Sual: Müsahibənizə görə sağ olun. Nəhayət, sonuncu sual. Sizdən ötrü Fransa, Avropa nə deməkdir?

Cavab: Bizim üçün Fransa, Avropa və dünya siyasətində çox böyük rol oynayan ölkə də şübhəsiz ki, böyük iqtisadi potensiala malik, Avropanın iqtisadi birliyində layiqli yer tutan ölkədir. Avropanın bir hissəsi olan Azərbaycan isə Avropa Birliyi ilə fəal əməkdaşlıq edir, Avropa Şurasına daxil olmaq istəyir. Yeri gəlmişkən deyim ki, bizi oraya qonaq sifəti ilə qəbul etmişlər, tezliklə isə Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi mərasimi olacaqdır. Buna görə də Azərbaycan Avropa Birliyinin tam hüquqlu üzvü olmaq istəyir. Fransa Avropada çox mühüm yer tutduğuna görə onunla əməkdaşlığımız həm qarşılıqlı fayda baxımından, həm də Fransa ilə əməkdaşlığın Azərbaycanı Avropa dövləti kimi təsdiqləyəcəyi və onun Avropa Birliyində mümkün qədər tez bir vaxtda layiqli yer tuta biləcəyi baxımından bizim üçün əhəmiyyətlidir.

Müxbir: Sağ olun.