Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyətli səfiri Tasım Cəmili qəbul edərkən söhbətindən - Prezident iqamətgahı, 10 fevral 1999-cu il


Hörmətli cənab səfir!

Mən sizi Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.

Rumıniya ilə Azərbaycan arasında çox dəyərli və işgüzar əlaqələr yaranmışdır. Bu əlaqələrin nəticəsində 1995-ci ildə mənim Rumıniyaya rəsmi səfərim zamanı Rumıniya ilə Azərbaycan arasında bir çox müqavilələr, sazişlər imzalanmış və beləliklə, Rumıniya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün normativ hüquqi baza yaranmışdır.

1998-ci ildə Rumıniyanın prezidenti cənab Emil Konstantineskunun Azərbaycana rəsmi səfəri zamanı yeni sənədlər imzalanmış və Rumıniya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün ciddi addımlar atılmışdır.

Keçən ilin sentyabr ayında Azərbaycanda, Bakıda böyük tarixi İpək yolunun bərpası, TRASEKA proqramının həyata keçirilməsi ilə əlaqədar beynəlxalq konfransda Rumıniya çox gözəl təmsil olunmuşdur. Rumıniyanın prezidenti Emil Konstantinesku bu beynəlxalq konfransda iştirak etmiş, nitq söyləmiş və konfransın işinin uğurla nəticələnməsi üçün çox xidmətlər göstərmişdir.

Nəhayət, bütün bunlar Rumıniya ilə Azərbaycanın əlaqələrini daha da sürətləndirmək üçün Rumıniyanın Azərbaycanda səfirliyinin açılması qərarına gətirib çıxarıbdır və hörmətli səfir, Rumıniyanın prezidenti cənab Konstantinesku sizi Azərbaycana səfir təyin edibdir.

Bu qısa bir tarix Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra Azərbaycanın dünya dövlətləri ilə əlaqələrinin yaranmasını və inkişaf etməsini gözəl nümayiş etdirir.

Sizin səfir təyin olunmağınızdan mən çox məmnunam. Prezident cənab Konstantinesku Azərbaycana rəsmi səfər etdiyi zaman mən sizinlə şəxsən tanış olmuşam. Sizin Azərbaycanı, ümumiyyətlə türk dünyasını yaxşı tanımağınız, bu sahədə çox biliklərə malik olmağınız və Azərbaycan dilini bu gün nümayiş etdirdiyiniz kimi çox gözəl bilməyiniz - bunlar hamısı Rumıniyanın Azərbaycanda ilk səfiri kimi sizin uğurla işləməyiniz üçün çox yaxşı şərait yaradır. Ümidvaram ki, siz bu imkanlardan səmərəli istifadə edəcəksiniz. Əmin ola bilərsiniz ki, Azərbaycanda Rumıniyanın səfirinin uğurla çalışması üçün bütün imkanlar yaradılacaqdır. Çünki biz Rumıniya-Azərbaycan əlaqələrini daha da günişləndirmək, daha da inkişaf etdirmək istəyirik. Sizə hər cür yardımlar göstəriləcəkdir və inanıram ki, sizin buradakı fəaliyyətiniz Rumıniya-Azərbaycan əlaqələrini daha da yüksəklərə qaldıracaqdır.

Mən sizi bir daha təbrik edirəm. Sizə cansağlığı və uğurlar arzulayıram.


"Azərbaycan" qəzeti, 11 fevral 1999-cu il.

Tarixi arayış

Azərbaycan - Avropa