Azərbaycan Prezidenti Heydər Əliyevin Fələstin rəhbəri Yasir Ərəfat ilə görüşdəki söhbətdən - Tehran, 8 dekabr 1997-ci il


Yasir Ərəfat: Hörmətli cənab Heydər Əliyev! Sizinlə köhnə dost kimi mehribanlıqla görüşməkdən hədsiz məmnunluq duyuram. Cənab Prezident, Siz həmişə mənim qəlbimdəsiniz. Problemlərimizə göstərdiyiniz diqqəti biz heç vaxt unutmarıq.

Heydər Əliyev: Hörmətli Fələstin rəhbəri cənab Ərəfat, mən də Sizinlə görüşdən məmnun qaldığımı bildirirəm. Keçmiş Sovetlər İttifaqının rəhbərlərindən biri olarkən də, indi Azərbaycanın prezidenti kimi də mənim bu barədə mövqeyim daimidir. Mən xatırlayıram ki, 16-17 il bundan əvvəl İranda vəziyyət ağır idi. Oraya təyyarə ilə getmək mümkün deyildi. Siz Azərbaycana gəldiniz. Biz İrandakı vəziyyət haqqında xeyli söhbət etdik. Mən sizi Bakıdan avtomobillə İrana yola saldım. O vaxt siz İran ilə İraqı barışdırmaq istəyirdiniz. Mən 1984-cü ildə Moskvada işləyirdim. Siyasi Büronun üzvü idim. O zaman fələstinliləri Livandan çıxartdılar. Siz Misirə getdiniz, mən Dəməşqə gəldim, prezident Hafiz Əsədlə saatlarla danışıq apardım ki, Yasir Ərəfatla Hafiz Əsəd mütləq barışmalıdırlar.

Yasir Ərəfat: Bildirirəm ki, həmin günləri mən çox yaxşı xatırlayıram və cənab prezident, göstərdiyiniz diqqətə görə Sizə minnətdarlıq edirəm.

Heydər Əliyev: Nəzərə çarpdırıram ki, Azərbaycan Fələstinin dostudur. Müstəqil Azərbaycan Respublikası Fələstin xalqının qəhrəmanlıq mübarizəsini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.

Yasir Ərəfat: Vurğulayıram ki, biz Azərbaycanın dəstəyini həmişə hiss etmişik. Biz bununla fəxr edirik və bundan qüvvət, güc alırıq.

Biz azərbaycanlılarla fələstinlilərin tarixi dostluq əlaqələrinin böyük əhəmiyyətini qeyd etməklə yanaşı, bu münasibətlərin daha da yaxşılaşdırılmasının vacib olduğunu vurğulayırıq.

Əminik ki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü Müsəlman Dünyası Birliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.

"Azərbaycan" qəzeti, 10 dekabr 1997-ci il.