Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi ilə söhbətindən - 28 may 2001-ci il


- Moskvanın və bütün Rusiyanın müqəddəs patriarxı, hörmətli qonaqlar, mən sizi Azərbaycanda ürəkdən salamlayır və təşəkkür edirəm ki, müqəddəs patriarx, siz tarixdə ilk dəfə olaraq Azərbaycana səfər etdiniz. Mən bu səfəri ölkəmiz üçün, xalqımız üçün, Azərbaycanda yaşayan pravoslavlar üçün son dərəcə mühüm hadisə kimi, eləcə də Rusiya-Azərbaycan münasibətlərində mühüm hadisə kimi qiymətləndirirəm.

Ona görə də mən sizi bir daha salamlayır və sizə təşəkkür edirəm ki, belə zəhmətə qatlaşaraq Azərbaycana gəlmisiniz. Mənə məlum olduğuna görə, siz iki-üç gündür ki, buradasınız və ölkəmizlə, xalqımızla və əlbəttə, Azərbaycanda yaşayan pravoslavlarla tanış ola bilmisiniz.

Biz Rusiya ilə uzun müddət - keçmişdə, Rusiya imperiyasında da, müttəfiq respublika kimi hamımız Sovet İttifaqına daxil olduğumuz dövrdə də birlikdə olmuşuq. Ona görə də əlaqələrimizin çox böyük tarixi və Rusiya ilə Azərbaycan arasında, rus və Azərbaycan xalqları arasında dostluğu səciyyələndirən çox parlaq səhifələri var.

Azərbaycanda, xüsusən XIX-XX əsrlərdə rusların, özü də təkcə rusların deyil, bütün pravoslavların sayı getdikcə artırdı. Ona görə də burada Pravoslav Kilsəsi fəxri yer tuturdu. Bir vaxtlar, Azərbaycan Rusiya imperiyasının tərkibində olarkən, azərbaycanlıların bir çoxu imperator sarayı ilə də, kilsə ilə də sıx əlaqə saxlayırdı. O vaxtlar bizim bir çox görkəmli adamlarımız Rusiyanın müxtəlif universitetlərində, ali məktəblərində təhsil almışlar. Zəngin ailələrdən olan neçə-neçə azərbaycanlı çar ordusunda zabit kimi də xidmət edirdi, azərbaycanlı generallar da çox idi. Onlar Rusiya uğrunda savaşlarda döyüşmüşlər. Məsələn, məşhur general Əliağa Şıxlinski XX əsrin əvvəllərində Rusiya-Yaponiya müharibəsi zamanı Port-Arturda igidliklə döyüşmüşdür və bütün Rusiyada onu "Rus artilleriyasının allahı" adlandırırdılar. Bu sözləri general Səmədağa Mehmandarov və ya bir neçə naxçıvanlı general haqqında da demək olar. Şübhəsiz, bütün bunlar Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin səhifələridir, özü də çox gözəl səhifələridir.

Xalqlarımız müxtəlif dinlərə mənsubdurlar və burada təəccüblü bir şey yoxdur. Çünki dünyada vahid din yoxdur, bir Allah var. Xalqlar müxtəlif dinlərə etiqad edirlər, amma bununla belə, dini mənsubiyyətdəki fərq bədxah münasibətləri, ədavət və düşmənçiliyi, yaxud xoşagəlməz daha nəyisə heç zaman şərtləndirmir.

Ona görə də Azərbaycanda rus əhali və ümumiyyətlə, pravoslavlığa etiqad etmiş olanların və etiqad edənlərin hamısı hüquq bərabərliyi şəraitində yaşamışlar. Bu, keçmiş vaxtlarda da olmuşdur, bu, Sovet İttifaqı illərində - dinin yasaq edildiyi, lakin bununla belə, mövcud olduğu illərdə də olmuşdur. Əks halda, sizin gördüyünüz bu məbədlər, sadəcə, olmazdı, axı, onlar heç də indi tikilməyibdir. Bu sözləri məscidlər haqqında da demək olar. Yasaq vardı, din elədir ki, o, bütün əsrlərdə həm sıxıntılara, həm də təqiblərə məruz qalmışdır. Bunu istənilən dinin tarixinə aid etmək olar. Lakin bununla belə, din həmişə həyata yol açmış, mövcud olmuşdur və indiyədək mövcuddur.

Sovetlərin dövründə burada insanlar tam hüquq bərabərliyi şəraitində yaşayırdılar, hərçənd indi, adətən, belə hesab edirlər ki, sovetlərin dövründə insanların hüquq bərabərliyi ümumən olmamışdır. İndi mən bu mübahisələrə qoşulmaq istəmirəm, çünki dini mənsubiyyət baxımından hüquq bərabərliyi Azərbaycanda kiminsə rus, ukraynalı, azərbaycanlı, belorus olmasından asılı olmayaraq, tam şəkildə vardı. İndi isə biz bir-birimizdən ayrılmışıq. Rusiya öz dövlət suverenliyini Sovet İttifaqının bütün müttəfiq respublikalarından əvvəl elan edərək, Sovet İttifaqının dağılması prosesinin bünövrəsini qoydu. Digər respublikalar da, görünür, birlikdə olsalar da, müstəqillik, azadlıq haqqında daha çox düşünürdülər. Odur ki, 1991-ci ildə Azərbaycan da özünün dövlət suverenliyini, müstəqilliyini elan etdi. Biz bu ilin axırlarında dövlət müstəqilliyinin bərpa olunmasının 10-cu ildönümünü qeyd edəcəyik. 1918-ci ildə məhz bu gün - mayın 28-də Azərbaycan ilk dəfə öz dövlət müstəqilliyini bəyan etmiş və demokratiya prinsipləri əsasında Xalq Cümhuriyyəti yaranmışdı. Lakin o, çox yox, 23 ay yaşadı, sonra isə sosialist inqilabı, bolşevizm dalğası Qafqaza da gəlib çıxdı. Ona görə də bu suveren dövlət, təbii ki, daha mövcud ola bilmədi, sovet hakimiyyəti quruldu. Sonrakı tarix isə sizə yaxşı məlumdur.

Yeri gəlmişkən, çox maraqlı və bəlkə də hətta rəmzi haldır ki, bu gün mən sizinlə milli bayramımız günü - Azərbaycanın Müstəqilliyi günü, Respublika günü görüşürəm. Biz bu günü təntənə ilə qeyd edirik, ayın 26-da böyük təntənəli yığıncaq keçirdik. İnsanlar bu bayram gününü dünən də qeyd etmişlər, bu gün də qeyd edirlər.

1991-ci ildə Sovet İttifaqı dağılarkən Azərbaycan öz müstəqilliyini bəyan etdi və 1920-ci ildə itirilmiş dövlət müstəqilliyini bərpa etdi. Bu on ildə Azərbaycanda mürəkkəb proseslər baş vermişdir. Lakin ölkədə vəziyyəti ən çox mürəkkəbləşdirmiş və bu gün də qalmaqda olan hadisə budur ki, hələ 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə, yəni əzəli Azərbaycan torpağını - Dağlıq Qarabağ Vilayətini özünə birləşdirmək arzusu, niyyəti ilə əlaqədar Ermənistanla Azərbaycan arasında münaqişə başlanmışdır.

Ona görə 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdə o, Ermənistanla, əslində, müharibə vəziyyətində idi. Bundan başqa, Azərbaycanda daxili xarakterli olduqca çox çətinliklər, mürəkkəb hallar var idi. Əlbəttə, sizə çox yaxşı məlumdur, mən bunu bütün insan əxlaqı prinsiplərinə və mənəvi prinsiplərə zidd olan çox kədərli, ağır bir fakt hesab edirəm ki, 1990-cı ilin yanvarında sovet hökuməti Azərbaycanda ancaq bir şeyi - Ermənistanla münaqişədə Azərbaycana ədalətli münasibət göstərilməsini tələb edən xalqın çıxışını yatırmaq üçün sovet qoşunlarının iri bir kontingentini göndərdi. Halbuki, bundan ötrü buraya bu qədər qoşun yeritmək lazım deyildi, o mənada ki, Azərbaycanda sovet qoşunları kifayət qədər idi. Sizin ziyarət etdiyiniz qəbiristan - Şəhidlər xiyabanı da əslində, elə onda yaranmışdır. Bu, şübhəsiz, adamların əhval-ruhiyyəsinə müəyyən təsir göstərdi, çünki o vaxt insanların çoxu sovet rəhbərliyini Rusiya ilə, yaxud da, məsələn, Sovet İttifaqındakı bütün xalqların nümayəndələrinin, o cümlədən də azərbaycanlıların xidmət etdikləri sovet qoşunlarını Rusiya qoşunları ilə eyniləşdirirdi. Açığını deyəcəyəm, orna görə də o vaxt antirus, antirusiya əhval-ruhiyyəsi burada geniş yayıldı. Doğrudur, o vaxt mən burada yaşamırdım, buna baxmayaraq, bütün o illər, o günlər mənə yaxşı məlumdur. Odur ki, o vaxt rus əhalisinin müəyyən hissəsi buradan köçüb getdi. Sonra daxili proseslər başlandı, ölkəmizdə sabitlik pozuldu və əlbəttə, bəzi adamlar belə qeyri-sabit şəraitdə qalmaq istəməyərək, özlərinə sadəcə olaraq, başqa yaşayış yeri axtarırdılar. Ona görə də, məsələn, 1990-cı ildə baş vermiş hadisələrdən əvvəlki dövrlə müqayisədə, burada rusdilli əhalinin sayı azaldı.

Lakin biz bu məsələni sabitləşdirdik və siz yəqin bunu bilirsiniz. 1993-cü ildən, burada vətəndaş müharibəsinin qarşısını almağa və Azərbaycanda vəziyyəti ardıcıl surətdə sabitləşdirməyə müvəffəq olduğumuz vaxtdan başlayaraq, bütün millətlərdən olan adamlar, o cümlədən və ilk öncə ruslar Azərbaycanda rahat yaşamağa imkan tapdılar.

Şübhə yoxdur ki, rus xalqı Azərbaycan xalqının həyatında olduqca böyük rol oynamışdır - mən elmin, təhsilin, mədəniyyətin inkişafını, iri sənaye kompleksləri tikilməsini nəzərdə tuturam.

İlk universitet Azərbaycanın müstəqilliyini elan etmiş həmin hökumətin qərarı ilə 1919-cu ildə yaradılmışdır. Lakin bizim öz kadrlarımız yox idi, professor-müəllim heyəti əsasən yerli ruslardan və ya rusdilli millətlərin nümayəndələrindən ibarət idi, yaxud bu kadrlar Rusiyadan dəvət edilmişdilər. Ona görə də biz XX əsrdə ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, ümumən iqtisadiyyatın bütün sahələrinin inkişafında Rusiyanın rolunu, rus xalqının rolunu çox yüksək qiymətləndiririk.

Bunların hamısı öz izini qoymuşdur və gərək ki, sizin bunu şəxsən yəqin etməyə imkanınız olmuşdur. Mənə dedilər ki, burada çoxlu kilsə var. Mən bunu bilirdim, ancaq sizin gəlişinizlə əlaqədar dedim ki, mənə daha dəqiq rəqəmlər verin. Siz bir neçə il əvvəl burada Bakı və Xəzəryanı bölgə yeparxiyası yaratdınız. Bu, əvvəllər var idi, lakin sonralar ləğv edilmişdi, indi siz onu yenidən yaratdınız. Yeri gəlmişkən, sizin burada çox layiqli nümayəndəniz var, onunla görüşmək, söhbət etmək həmişə xoşdur, çox ağıllı adamdır. Bir sözlə, din yaşayır, mövcuddur, bütün dini adətlər - müsəlman adətləri də, pravoslav adətləri də, başqa dinlərin adətləri də bərpa olunmuşdur. Biz ümidvarıq ki, bu, hər bir ölkənin, hər bir xalqın inkişafına kömək edəcəkdir. Çünki biz onu əsas tuturuq ki, din həmişə müsbət rol oynamalıdır. Xüsusən də insanın mənəvi inkişafında, insanların mənəvi tərbiyəsində və onların yüksək mənəviyyat, yüksək əxlaq prinsipləri əsasında sıx birləşməsində. Ümidvaram ki, siz bu günlər ərzində müəyyən təəssürat toplaya bildiniz. Mən bu görüşdən istifadə edərək, özüm də bəzi şeylər söyləməyi qərara aldım. İndi sözü sizə verirəm.

II Aleksi: Mən çıxışımın birinci hissəsini ayaq üstündə söyləmək istərdim, çünki bu gün Azərbaycan Respublikası üçün əlamətdar gündür və belə əlamətdar gündə, respublika günündə Siz bizi qəbul edirsiniz. Ona görə də, icazə verin mənə, zati-aliləri, çox hörmətli Heydər Əliyeviç, Sizi nümayəndə heyətimizin adından, şəxsən öz adımdan Azərbaycanın bizim də iştirakçısı olduğumuz bu milli bayramı münasibətilə ürəkdən təbrik edim və Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan Respublikasına xeyir-dualı uğurlar və tərəqqi arzulayım. Biz də ümidvarıq ki, Azərbaycan həqiqətən inkişaf edəcəkdir. Sizin müdrik siyasətçi olmağınız, danılmaz nüfuza malik olmağınız, Azərbaycanda vəziyyəti sabitləşdirməyiniz bunun böyük rəhnidir. Əlbəttə, çətinliklər də var, lakin hər halda XXI əsrə başlayaraq, biz həmişə təzə əsrə ümidlə baxırıq ki, o, Sovet İttifaqının yeni yol - suverenlik və müstəqillik yolu tutmuş keçmiş respublikalarından hər birinə tərəqqi və uğur gətirəcəkdir. Sizi bugünkü bayram - Respublika günü münasibətilə ürəkdən təbrik edirəm və bu gün Sizinlə görüşməyimizi əlamətdar hadisə bilirik.

Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov: Heydər Əliyeviç, icazə verin mən də ayağa qalxım. Milli bayram münasibətilə Rusiya prezidentinin Sizə təbrikini oxumaq istəyirəm.

Heydər Əliyev: Çox sağ olun.

Nikolay Ryabov: Mən də bu təbriklərə qoşulmaq və xalqımız arasında hamının sevdiyi, hörmət və ehtiram bəslədiyi bütün Rusiya patriarxının səfərinə göstərdiyiniz çox böyük qayğı və diqqətə görə səmimi qəlbdən təşəkkür etmək istəyirəm.

II Aleksi: Zati-aliləri, indi icazə verin, sözümə davam edim. Bu gün bizi qəbul etdiyinizə görə ürəkdən təşəkkürümü bildirirəm, xalqlarımız arasında qarşılıqlı münasibətlərin tarixinə toxunduğunuza görə çox sağ olun. Buraya səfərimiz, ünsiyyətdə olmağımız bizim üçün son dərəcə faydalı oldu. Bir var eşidəsən, bir də var ki, görəsən. Bunlar başqa-başqa şeylərdir.

Bakı öz gözəlliyi, səliqə-sahmanı, təmizliyi ilə bizə həqiqətən çox xoş təsir bağışladı, insanlar bugünkü dövlət bayramını qeyd edir və bu bayrama sevinirlər. Əlbəttə, rus və Azərbaycan xalqları arasında keçmişdə olmuş və bu gün də inkişaf edən birgə əməkdaşlıq əvəzsizdir. Faciəli səhifələr olmuşdur və buraya gəldiyimiz elə ilk gün şəhidlər xiyabanını ziyarət etdik və o faciəli günlərdə şəhid olanlara ehtiramımızı bildirdik.

Biz orada azərbaycanlıların da, rusların da familiyalarını gördük, onların ruhuna dua oxuduq.

Biz dövlət xadimləri, şəhərin rəhbərləri ilə də görüşdük, İçərişəhərlə tanış ola bildik və daim münasibətlərimizin inkişaf tarixini xatırladıq. Bu gün təsdiqləmək olar ki, rusdilli əhali burada həqiqətən bütün hüquqlara, bərabər hüquqlara malikdir. Onlar özlərini ikinci dərəcəli adamlar kimi hiss etmirlər və pravoslavlar öz dininə, öz imkanına heç bir maneə olmadan etiqad edirlər, təəssüflər ki, bu, hətta bəzi pravoslav ölkələrində də yoxdur.

Möhtərəm şeyxlə bizim aramızda artıq neçə illərdir ən xoş qarşılıqlı münasibətlər mövcuddur, onunla tanışlığımız və əməkdaşlığımız 1988-ci ildən başlamışdır. Bu illər ərzində biz bəzən ən faciəli anlarda, Dağlıq Qarabağda qan axıdıldığı günlərdə, qan tökülməsini dayandırmaq lazım olduğu vaxtlarda rus pravoslav kilsəsinin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya ruhani liderlərinin dörd dəfə üçtərəfli görüşünü keçirmişik. Din xadimləri vəziyyətdən çıxış yolunu görür və böhrandan çıxmaq üçün öz yollarını təklif edirdilər.

Elə dünən biz səfərimizə yekun vuraraq, bəyannamə imzaladıq. Biz bu bəyannamədə mövcud problemin həll edilməsinə tərəfdar olduğumuzu və Azərbaycanın, Ermənistanın dövlət rəhbərlərinə indi bu iki ölkə qarşısında duran problemin siyasi yolla aradan qaldırılmasını arzuladığımızı bildiririk. Bizə gəlincə, daha bir üçtərəfli görüş keçirmək və bu problemin həllini necə təsəvvür etdiyimizi bildirmək niyyətindəyik.

Ev-eşiklərindən məhrum olmuş, yurd-yuvasından məhrum olmuş və bu gün burada yaşayaraq, dövlət üçün müəyyən iqtisadi çətinliklər törədən qaçqınlarla görüşmək, zənnimcə, bizim üçün çox vacib idi, çünki 8 milyon əhalinin 1 milyon nəfərinin qaçqın olması müəyyən dərəcədə böyük iqtisadi problem yaradır. İnsanların öz müsibətlərindən necə danışmalarını eşitmək, müsibətləri görmək din xadimləri üçün də, - biz onlarla görüşə qardaşımız şeyx Paşazadə ilk birlikdə getmişdik, - olduqca ağır idi. Odur ki, kilsə də, dinlər də həmişə öz diqqətini əzab-əziyyət çəkənlərə, müsibətlərə məruz qalanlara, ev-eşiyindən məhrum olanlara yönəldir. Ona görə də qeyd etmək istərdim ki, qaçqınlarla görüşlər zamanı səslənmiş bütün çıxışlarda Ermənistandan və Dağlıq Qarabağdan, digər rayonlardan didərgin salınmış bir çox ruslar şeyx qardaşımızla bizdən xahiş edirdilər ki, bu problemin həllinə kömək göstərək. Onlar bunu ancaq sülh yolu ilə aradan qaldırılmaqda görürlər, çünki bu müharibədə hərbi əməliyyatlar zamanı tökülən qanları, xalqların verdikləri qurbanları, itkiləri xatırlayırlar.

Hələ inqilabdan əvvəl dövlətlərimizin inkişafına rusların da, azərbaycanlıların da necə qarşılıqlı surətdə töhfə verdiklərini bizə Siz də xatırlatdınız. Biz elə sovet dövründə də milli mənsubiyyətlərə ayrılmadan bir ailə kimi yaşayırdıq. Vaxtilə mövcud olmuş ənənəvi əlaqələr, əlbəttə, Sovet İttifaqı dağıldıqdan sonra pozuldu, canlı əlaqə itirildi, lakin mənə elə gəlir ki, bu əlaqə tədricən bərpa edilir və burada təhsil almış, neft sənayesinin təşkilində təcrübə toplamış bir çox sahibkarlar indi Rusiyada işləyir və məsul vəzifələr tuturlar.

Xüsusi qeyd etmək istərdim ki, burada rus dilində çoxsaylı məktəb var, bu məktəblərdə təkcə rusdillilər deyil, azərbaycanlılar da oxuyurlar. Biz Slavyan Universitetinə getdik. Orada slavyan xalqlarının mədəniyyəti, dilləri öyrədilir. Bütün bunlar yadlaşmanın xalqlarımız arasında kök atmaması üçün edilir.

Zənnimcə, bu baxımdan Azərbaycan ərazisində ənənəvi dinlərimiz çox mühüm rol oynayırlar. Biz məscidləri də, fəaliyyətdə olan üç pravoslav məbədini də, səfirliyin ərazisində tikilmiş kiçik kilsəni də ziyarət etdik. İbadət etməyə gələn çoxsaylı pravoslav dindarlar gördük. Məhəmməd peyğəmbərin nəvəsinin uyuduğu yerdə Sizin zəhmət və qayğılarınızla bərpa olunmuş məscidi ziyarət etdik. Gözəl məsciddir. İndi o, müsəlmanların ziyarətgahına çevrilmişdir. Biz görürük ki, dini həyat həqiqətən dirçəlir. Düşünürəm ki, bu dirçəliş insanların öz əməyinə, vəzifələrinə münasibətində müsbət rol oynayacaqdır. Onlar öz borcuna və öz vəzifələrinə vicdanla yanaşacaqlar.

Elə bu gün mən müsahibə verərkən bildirdim ki, bəzən ölkələrimizdə deyirlər ki, bu məsələləri məhz prezident, hökumət həll etməlidir. Mən isə deyirəm ki, ölkənin gələcəyi, xalqın gələcəyi hər bir kəsin töhfəsindən asılıdır və buna görə də hər bir vətəndaşın üzərinə məsuliyyət düşür.

Pravoslavlar din xadimlərinin ağsaqqalı kimi müxtəlif millətlərin və müxtəlif dinlərin nümayəndələrinin necə birgə yaşamasına, əməkdaşlıq etməsinə gözəl nümunə verdiyinə görə, şeyx qardaşımız Paşazadəyə çox minnətdardılar. Zənnimcə, Azərbaycan yeganə dövlətdir ki, burada müsəlmanların dini başçısı həm sünnilərin, həm də şiələrin başçısıdır. Odur ki, bu nümunə islamın iki qolu arasında bəzən qarşıdurmaların baş verdiyi bir çox ölkələr üçün örnək olmağa layiqdir. Elə qardaşım da mənə dedi ki, İrana gedir, çünki orada məhz bu təcrübəyə ehtiyac duyulur.

Bu gün biz haqq-taalanın xeyir-dua verdiyi qonaqpərvər Azərbaycan torpağına səfərimizi başa çatdırırıq, özümüzlə ən xoş və nurlu təəssüratlar aparırıq. Mənə elə gəlir ki, XXI əsr və üçüncü minillik dövlətlərimiz arasında inkişaf etməkdə olan intensiv əlaqələrlə başlanır. Vladimir Vladimiroviç Putinin səfəri də, parlamentin sədri başda olmaqla parlamentin böyük bir nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri də belə əlaqələrdəndir. Əgər bizim səfərimiz də buna öz töhfəsini verərsə, çox şad olarıq. Bizi ənənəvi Qafqaz mehribanlığı və qonaqpərvərliyi ilə hər yerdə həqiqətən çox səmimiyyətlə, gülərüzlə qarşılayırdılar. Aldığımız təəssüratlar olduqca zəngindir. Budur, indi biz zati-alilərinizin qəbulundayıq, bizdə belə bir məsəl var ki, işin sonu onun bəzəyidir. Ona görə düşünürəm ki, zati-alilərinizlə bugünkü görüş də bizim səfərimizin bəzəyidir. Öz xalqınız üçün və Azərbaycan torpağında yaşayan xalqlar üçün gördüyünüz bütün işlərə görə Sizə səmimi təşəkkürümüzü bildirmək istərdik. Siz qan tökülməsini dayandırdınız, Siz bu torpaqda yaşayan insanlara bərabər hüquqlar verilməsinə, dindarların öz dininə, öz imanına etiqad etməsinə, hamının çiyin-çiyinə işləməsinə və bir-birinə qarşı durmamasına nail oldunuz, onlara bu hüquqları verdiniz.

Ənənəvi dinlərin fəaliyyətinə eyni dərəcədə diqqət yetirdiyinizə və qiymət verdiyinizə görə rus pravoslav kilsəsi adından Sizə təşəkkürümüzü bildirmək istərdik. Eyni zamanda, müxtəlif təriqətlərin, başabəla missionerlərin, Azərbaycan ərazisində, habelə bütün keçmiş Sovet İttifaqı respublikalarının ərazilərində həyata keçirməyə çalışdıqları dini ekspansiyalarla əlaqədar dövlət səviyyəsində də narahatlıq ifadə edilir, bu narahatlıq ənənəvi dinlərin başçıları səviyyəsində də bildirilir. Mən qəti əminəm ki, belə missionerlərin fəaliyyəti adamları maarifləndirməyə yox, adamların arasına həm də dini etiqad əlamətinə görə rəxnə salmağa yönəldilmişdir. Təhlükə də, bax, bundadır.

Çünki tamamilə yad olan, heç bir kökü, ənənələri olmayan təriqətlər, missionerlər torpağımıza gəlir və 70 illik ateizm tərbiyəsindən və dini dəyərlərin inkarından sonra yaranmış mənəvi boşluğu doldurmağa can atırlar. Onlar Rusiyanı və keçmiş Sovet İttifaqının digər ölkələrini mənəvi boşluq adlandırır və ona görə də buraya gəldiklərini bildirirlər. Ona görə də biz bununla razı deyilik. Biz bu təhlükəni dünən qəbul etdiyimiz bəyannamədə də xatırlatmışıq. Çünki bu, xalqları bir-birindən ayırır.

Qüvvələrin birləşdirilməsi prinsipi isə, zənnimcə, hər bir ölkədə olmalıdır. Ona görə ki, hər bir ölkənin gələcəyi birlikdədir. Odur ki, çox hörmətli Heydər Əliyeviç, birlikdə çalışan və birlikdə işləyən bu vahid cəmiyyətin yaradılmasında Sizin xidmətiniz bu baxımdan olduqda böyükdür.

Siz din xadimləri üçün, dini başçılar üçün çox işlər görürsünüz və möhtərəm şeyxin də, Sizin də Yepiskop Aleksandra yüksək qiymət verməyiniz bu qəbildəndir. Biz, həqiqətən, bir neçə il əvvəl burada Yeparxiya yaratdıq və onun statusuna xüsusi əhəmiyyət vermişik, çünki o, suveren dövlətin ərazisindədir. Üstəlik, biz hansısa bir yeni adamı təyin etmədik, əksinə, elə bir adamı təyin etdik ki, o, artıq burada xidmət etmiş, hörmət-nüfuz qazanmışdır, onu tanıyırlar və Siz onu özünüzünkü, burada böyüyüb başa çatmış adamınız kimi qəbul etmisiniz. Biz ağsaqqal şeyx Paşazadənin rəhbərliyi ilə ənənəvi dinlər - islam, pravoslav və iudaizm arasında həyata keçirilən əməkdaşlığa çox şadıq. O, bəlkə də yaşca hamıdan böyük deyildir, amma zəngin həyat və mənəvi təcrübəsinə görə qalan bütün ənənəvi dinlərin rəhbərləri üçün həqiqətən ağsaqqaldır.

Azərbaycanda yaşayan pravoslavlar ibadət etmək imkanına malikdirlər. İndən belə Bakının üç kilsəsində pravoslav dindarlar - təkcə ruslar deyil, ukraynalılar da, belaruslar da ibadət edəcək, mənən kamilləşəcəklər. Biz zati-alilərinizin böyük diqqətini bunda da görürük.

Xalqların barışması işinə, Azərbaycanın və onun xalqının rifahı naminə fəaliyyət göstərən ənənəvi dinlərin dəstəklənməsinə çox böyük töhfəyə dərin ehtiram əlaməti olaraq, mən rus pravoslav kilsəsinin ordenini Sizə təqdim etmək istərdim. Bizim verdiyimiz qiymətin əlaməti olaraq, birinci dərəcəli müqəddəs mömin Moskva knyazı Daniil ordenini qəbul etməyinizi xahiş edirəm.

Bu ordeni bizdən nəinki Azərbaycanın inkişafına və möhkəmlənməsinə, həm də mənəvi, əxlaqi dəyərlərin, inam, haqq-ədalət dəyərlərinin Azərbaycan xalqının həyatına qaytarılmasına verdiyiniz çox böyük töhfənin qiymətləndirilməsi kimi qəbul edin.

Heydər Əliyev: Sağ olun.

II Aleksi: "Rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı bölgə Yeparxiyasına göstərdiyi diqqətə, köməyə və dəstəyə görə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyeviç Əliyev rus pravoslav kilsəsinin birinci dərəcəli müqəddəs mömin Moskva knyazı Daniil ordeni ilə təltif edilir".

Yepiskop Aleksandrın simasında Bakı və Xəzəryanı bölgə Yeparxiyası mənim səfərimlə əlaqədar medal buraxmışdır. Mənə icazə verin, görüşümüz münasibətilə bu medalı sizə təqdim edim.

Heydər Əliyev: Necə gözəl ordendir. Şübhəsiz ki, bu, ilk kilsə ordenidir. Keçmişdə aldığım ordenlərdən qat-qat gözəldir. Çox sağ olun, mən Sizə çox təşəkkür edirəm.

II Aleksi: Moskva knyazı Daniil Moskvanı yaratmış və birləşdirmiş knyazdır.

Bu orden Azərbaycanın yaradıcısı, Azərbaycan xalqlarının vəhdət halında birləşdiricisi kimi Sizə təqdim olunur.

Bu ordeni qəbul etməyinizi xahiş edirəm.

Heydər Əliyev: Hörmətli müqəddəs patriarx, söylədiyiniz bütün sözlərə görə, bölüşdüyünüz təəssüratlara görə, insanlar arasında etimadın möhkəmlənməsi və dinin inkişaf etməsi, hər bir adamın Konstitusiyamıza müvafiq surətdə vicdan azadlığı hüququndan istifadə edə bilməsi üçün şərait yaradılması sahəsində ölkəmizin, xalqımızın, dövlətimizin işinə verdiyiniz qiymətə görə çox sağ olun. Bu, Konstitusiyamızın ən mühüm müddəalarından biridir. Mənə çox xoşdur ki, Azərbaycanda olduğunuz müddətdə sizdə yaxşı təəssürat yarandı və siz doğru dediniz ki, bir var eşidəsən, bir də var ki, görəsən. Zənnimcə, sizin eşitdikləriniz prinsipcə görmək istədikləriniz üçün əsas olmuşdur.

Biz sizi çoxdan, dəfələrlə dəvət etmişdik. Mən də dəvət edirdim, şeyx həzrətləri də dəvət edirdi. Əlbəttə, biz inanırdıq ki, dəvətimiz qəbul ediləcək və siz Azərbaycana gələcəksiniz. İndi isə bunların hamısı gerçəkliyə çevrilmişdir. Siz Azərbaycana gəldiniz, bir neçə gün burada oldunuz və bu gün səfəriniz başa çatır və siz evinizə, Moskvaya qayıdırsınız.

Mən sizin bütün fikirlərinizlə razıyam və əlbəttə, barışıq, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması sahəsində fəaliyyətinizi çox yüksək qiymətləndirirəm. Mənə məlumdur ki, mən hələ Azərbaycan prezidenti seçilməzdən əvvəl məhz sizin təşəbbüsünüzlə siz, bütün Qafqaz müsəlmanlarının şeyxülislamı və Ermənistan katalikosu - əvvəlki katalikos və indiki katalikos - görüşlər keçirmisiniz. Bu səylərinizə görə sağ olun. Bu, yüksək qiymətə layiqdir, çünki mən belə bir mövqe tutmuşam ki, bir daha qan tökülməməlidir. Biz münaqişəni sülh yolu ilə nizama salmalıyıq və bu məqsəd üçün bütün imkanlardan istifadə edilməlidir. Xalq arasında isə ruhanilərin, din xadimlərinin nüfuzu çox vaxt daha yüksək olur və dövlət rəhbərlərinin fəaliyyətinə nisbətən daha güclü təsir göstərir. Odur ki, indiyədək gördüyünüz işlərə görə sağ olun. Lakin sizin bu fəaliyyətinizin davam etdirilməsinə hələ bizim ehtiyacımız var.

Biz 1994-cü ilin mayında hərbi əməliyyatları dayandırdıq, atəşkəs haqqında razılığa gəldik. Artıq yeddi ildir hərbi əməliyyatlar aparılmır və diqqətəlayiq haldır ki, hər hansı xarici sülhyaratma qüvvələrinin müdaxiləsi olmadan Ermənistan tərəfi də, Azərbaycan tərəfi də atəşkəs rejiminə əməl edir. Bu, onu göstərir ki, Azərbaycanda da, Ermənistanda da məsələnin dincliklə həll olunmasını istəyirlər.

Bu yeddi ildə biz bir çox danışıqlar aparmışıq. Bilirsiniz ki, hələ 1992-ci ildə ATƏT xüsusi qrup, Minsk qrupu yaratmışdır. Münaqişənin dincliklə nizama salınmasına kömək göstərilməsi üçün indi bu qrupa Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa başçılıq edirlər. Ötən bütün illər ərzində bu qrup daim fəaliyyət göstərmiş, həmin məsələ ilə məşğul olmuşdur. Doğrudur, bəzən fəal, bəzən də fasilələrlə. Şadam ki, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin, Birləşmiş Ştatların prezidenti Corc Buşun, Fransa prezidcenti Jak Şirakın simasında Minsk qrupunun həmsədrləri münaqişənin nizama salınması üçün son vaxtlar öz aralarında daha fəal əməkdaşlıq edirlər. Deməliyəm ki, biz əvvəllər belə fəallıq, belə sıx əməkdaşlıq müşahidə etmirdik və münaqişənin dincliklə həll olunmamasının səbəblərindən biri, bəlkə də budur.

Biz şadıq ki, indi qarşılıqlı anlaşma var, Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa arasında əməkdaşlıq arzusu var. Biz buna böyük ümid bəsləyirik. Bilirsiniz ki, 1999-cu ildən bəri biz Azərbaycan və Ermənistan prezidentlərinin vaxtaşırı görüşlərini keçiririk. Böyük ölkələrin - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının və Fransanın rəhbərləri bizə tez-tez deyirlər ki, razılığa gəlmək imkanını ən əvvəl siz özünüz tapmalısınız. Bu, bəlkə də doğrudur, amma burada biz bərabər vəziyyətdə deyilik. Əvvəla, Ermənistan müxtəlif səbəblərə görə Dağlıq Qarabağı işğal edə, bütün azərbaycanlıları oradan qova bilmişdir. Lakin Ermənistan bununla kifayətlənməyərək, Azərbaycanda daxili sabitsizliklə əlaqədar özü üçün yaranmış əlverişli imkandan istifadə edərək, döyüş əməliyyatları zonasını genişləndirdi və ancaq azərbaycanlıların yaşadıqları daha yeddi rayonu işğal etdi. Ermənistandan da bütün azərbaycanlılar qovuldular, orada bir nəfər də azərbaycanlı qalmayıbdır. Ona görə bizdə bir milyon qaçqın var.

Qaçqınların məskunlaşdıqları yerlərdən birinə getdiyinizə görə sizə təşəkkür edirəm. Söz düşmüşkən, bu, qaçqınların qaldıqları yerlər arasında ən yaxşısıdır. Çünki onlar hər halda Bakı şəhərində digər, hansısa bir binadadırlar, hərçənd bu bina tam tikilib qurtarmamışdır.

II Aleksi: Binanın damı varmı?

Heydər Əliyev: Bəli, dam var. Əgər iki-üç saatlıq məsafədə yerləşən yaxın rayonlara, - mən bütün düşərgələrdə oluram, - getsəniz, görərsiniz ki, orada insanlar artıq yeddi, səkkiz, hətta doqquz ildir çadırlarda yaşayırlar. Çadırlarda uşaqlar doğulur. Biz çadırlarda şərait yaratmışıq ki, onlar oxuya bilsinlər. Çadırlarda yeni-yeni ailələr qurulur. Çadırlarda insanlar dünyalarını dəyişirlər, bəs onları harada dəfn etməli? Hər kəs istəyir ki, öz doğma torpağında dəfn olunsun. Bu, hər bir insan üçün təşəkkül tapmış ənənədir. Lakin o, çadırda ölür və çadırların yaxınlığında yeni qəbiristanlar salmaq lazım gəlir, onun cənazəsini öz doğma torpağına aparmağa isə imkan yoxdur, çünki orada hər şey dağıdılmış, yağmalanmışdır. Mən hələ onu demirəm ki, bu işğal edilmiş torpaqlarda bütün qəbiristanlar, müqəddəs yerlər dağıdılmışdır.

Öz fikirlərimi belə faciəli notlarla davam etdirmək istəmirəm. Bu baxımdan Ermənistanla vəziyyətimiz bərabər deyildir. Onlar bu baxımdan üstünlüyə malik olduqlarına görə təkid edirlər ki, şərtləri qəbul edilsin. Onların şərtləri isə Dağlıq Qarabağa müstəqillik statusu verilməsindən ibarətdir. Azərbaycan ərazisində ikinci bir erməni dövləti ola bilməz, ola bilməz! Eləcə də Dağlıq Qarabağ Ermənistana birləşdirilə bilməz! Beynəlxalq hüququn, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in əsas prinsipləri hər bir dövlətin ərazi bütövlüyündən, mövcud sərhədlərin toxunulmazlığından ibarətdir. Ermənilər isə tələb edirlər ki, ərazimizin bir hissəsini onlara verək, bunun əvəzində onlar Dağlıq Qarabağın ətrafında yerləşən, işğal etdikləri rayonları azad etsinlər. Yəqin ki, bu rayonlar azad edildikdən hələ 50 il sonra da insanlar öz ev-eşiklərini qurmaqla məşğul olmalıdırlar, çünki orada hər şey dağıdılmış, hər şey talan edilmişdir.

Minsk qrupu həmsədrlərinin - Amerika Birləşmiş Ştatlarının, Rusiya və Fransanın nümayəndələri bu yaxınlarda burada oldular. Onlar Ağdam rayonunda atəş xəttini keçdilər, Dağlıq Qarabağa getdilər. Bizim belə bir iri rayonumuz var, orada 160-170 min adam yaşayırdı. Özü də o, qədim mədəniyyət mərkəzlərindən biri, öz gözəlliyi, öz xüsusiyyətləri olan şəhərdir. Ən başlıcası isə budur ki, orada bu qədər adam yaşayırdı. Həmsədrlərin nümayəndələri əvvəllər də orada olmuşlar, indi isə təsdiqləmişlər ki, orada hər şey dağıdılmış, hər şey qarət edilmişdir. Ona görə də biz sülh istəyirik, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Lakin eyni zamanda, erməni tərəfi də daha konstruktiv mövqe tutmalıdır. Təəssüf ki, biz bunu hələlik görmürük. Əgər vəziyyət belə qalsa, onda bunun çox ağır nəticələri ola bilər. Çünki xalqımızda, əhalimizdə belə bir əhval-ruhiyyə getdikcə güclənir ki, axı, torpaqlarımızın işğalına nə qədər dözmək olar, biz vuruşmalıyıq, torpaqlarımızı öz qanımızla, nəyin bahasına olursa olsun, azad etməliyik.

Son vaxtlar Rusiya münaqişənin dincliklə nizama salınmasına fəal kömək göstərir. İyunun 1-də Minskdə Müstəqil Dövlətlər Birliyi ölkələri dövlət başçılarının görüşü keçiriləcəkdir. Yəqin ki, orada prezident Vladimir Vladimiroviç Putinin, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü olacaqdır. Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana rəsmi səfər etməsi, özü də yeni əsrin əvvəlində, yeni minilliyin əvvəlində səfər etməsi çox mühüm rol, müstəsna rol oynamışdır. O, yanvarın 9-da buraya gəldi. Xalqımız bunu çox yüksək qiymətləndirdi. Mən inciklik hissi ilə deməliyəm ki, biz neçə illərdi Rusiya prezidentini də, baş nazirini də dəvət edirdik, amma müsbət bir cavab almırdıq. Lakin mənim dəvətimdən sonra qısa müddətdə Vladimir Vladimiroviç Putin onu qəbul etdi və buraya gəldi. Siz gördüyünüz kimi, o da vəziyyəti özü gördü.

Fəxri doktoru adına layiq görüldüyünüz elə həmin Slavyan Universitetində o da fəxri doktor adı aldı. Yeri gəlmişkən, universitetin tarixində iki nəfər onun fəxri doktoru olmuşdur - Rusiya prezidenti Vladimir Vladimiroviç Putin və Moskvanın və bütün Rusiyanın müqəddəs patriarxı. Əlbəttə, bütün bunlar onun üçün müəyyən dərəcədə gözlənilməz idi, eləcə də sizin üçün. Yəni, Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsi üçün müxtəlif qüvvələrin yaratdıqları əhval-ruhiyyə bu gün də var. Lakin bununla belə, prezidentin hər şeyi öz gözü ilə görməsinin və hər hansı informasiyadan istifadə etmədən vəziyyəti artıq özünün qiymətləndirilməsinin və bütün Rusiya patriarxının hər şeyi öz gözü ilə görməsinin, özünün qiymətləndirmək imkanına malik olmasının böyük əhəmiyyəti var. Biz buna ehtiyac duyuruq. Təkrar edirəm, ehtiyac duyuruq. Çünki onlar işləmirlər, öz torpaqlarında işləsəydilər, əvvəllər nə əkib-becərirdilərsə. onu da əkib-becərirdilər. Bu torpaqlar çox bərəkətlidir. Onlar məhsul istehsal edərdilər və ya özlərinin başqa işləri ilə məşğul olardılar.

Respublikamız belə bir mürəkkəb vəziyyətdə inkişaf edir, Qərblə Şərq arasında, Qafqazda yerləşdiyinə görə son dərəcə böyük coğrafi-strateji əhəmiyyəti var. Respublika böyük təbii ehtiyatlara malikdir və öz xalqımıza daha yaxşı həyat şəraiti təmin etmək üçün də, əlbəttə, qonşularımızla, Rusiya ilə ticarət münasibətlərini və digər münasibətləri daha fəal genişləndirmək üçün də bütün bunlardan daha səmərəli istifadə etmək imkanımız var. Bizim bəzi layihələrimiz var, məsələn, Rusiyanın "LUKoyl" şirkəti burada fəal işləyir və təbii ki, fayda götürür və bu birgə işdən Azərbaycan da faydalanır.

II Aleksi: Hər halda iş yerləri də açılır.

Heydər Əliyev: Əlbəttə, indi bizdə 32 Qərb şirkəti işləyir. Təəssüf ki, Rusiyanın təkcə bir şirkəti var, halbuki mən Rusiyanın bir çox şirkətlərini dəvət etmişəm. Görünür, onların Rusiyada hələ çox nefti var, ona görə də bir yana getmək istəmirlər.

Bütün bunlar nəzərə alınaraq, sizin sülhyaratma missiyanız böyük əhəmiyyətə malikdir. Odur ki, sizdən öz fəaliyyətinizi davam etdirməyinizi xahiş edirəm. Bizim şeyxülislam bu baxımdan fəaldır. O, sizinlə görüşləri barədə, əlaqələr barədə, köməyinizə bəslədiyi ümid barədə mənə tez-tez məlumat verir. İstərdim ki, bütün bunlar səmərəli nəticələnsin. Sülh hər yerdə lazımdır. Minskdə Qafqaz dördlüyünün görüşü olacaqdır. Çünki indi dünyada, xüsusən, postsovet məkanında hamı beynəlxalq terrorizm, ekstremizm sarıdan narahatdır. Şimali Qafqazda nələr baş verdiyini siz çox yaxşı bilirsiniz, Gürcüstanda münaqişə var, Ermənistanla Azərbaycan arasında münaqişə var.

Dünyanın Qafqaz kimi nadir diyarı hazırda elə bir vəziyyətdədir ki, burada terrorçular üçün də, hər cür ekstremistlər üçün də şərait mövcuddur.

Bizi narahat edən daha bir məsələ var. Bu, dini ekstremizmin yayılmasıdır. Din cəmiyyətdə insan fəaliyyətinin həmişə ən nəcib sahəsi hesab olunmuşdur və hesab edilir. Ayrı-ayrı dini cərəyanların qarşılarına terrorizm, ekstremizm vəzifələri qoyması, yaxud din pərdəsi altında tamam əks əməllərlə məşğul olması və xalqlara, ölkələrə, ayrı-ayrı insanlara ziyan vurması, əlbəttə, qətiyyən dözülməz haldır. Yeri gəlmişkən, biz təkcə Azərbaycanı deyil, bütün Qafqazı bundan qorumalıyıq. Siz Şimali Qafqazdakı, Mərkəzi Asiyadakı vəziyyəti bilirsiniz. Biz bundan da qorunmalıyıq.

Əlbəttə, mən hər şeydən çox istərdim ki, siz Ermənistanla Azərbaycan arasında sülh yaradılmasına, işğal olunmuş torpaqların azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə və qaçqınların öz yaşayış yerlərinə qayıtmasına daha fəal kömək göstərəsiniz. Lakin bununla yanaşı, mən bu işə eqoistcəsinə, ancaq Azərbaycanın məhdud mövqelərindən yanaşmıram. Mən sizinlə bu söhbəti apararkən onu nəzərdə tuturam ki, bir siyasi xadim kimi məni bütün bəşəriyyətin, hər halda regionumuzun, Yer kürəsinin bu guşəsinin taleyi narahat edir, bütün bu təhlükələrin daha da inkişaf etməməsi üçün siz müvafiq qüvvələri onlara qarşı qaldıra bilərsiniz.

Başa düşürəm, sizin imkanlarınız elədir ki, sizdən xahiş etdiyim məsələlərin həllinə ancaq bu imkanlar daxilində kömək edə bilərsiniz. Bu gün vəziyyətin necə olduğunu, gələcəkdə daha nə kimi çətinliklərin yarana biləcəyini və xalqlar, ölkələr, dövlətlər arasında sülhün və dinc qarşılıqlı münasibətlərin təmin edilməsi üçün bizim nə kimi işlər görməli olduğumuzu xatırlatmaq məqsədi ilə öz fikirlərimi sizinlə bölüşürəm. Yeri gəlmişkən. dinin həmişə ən birinci məqsədi sülh olmuşdur.

Mən təbliğat aparmıram və bu məlum həqiqətləri sizə söyləmək istəmirəm. Siz onları gözəl bilirsiniz. Mən, sadəcə olaraq, öz baxışlarımı, öz fikirlərimi bildirirəm. Mən sizə bir daha və yenidən təşəkkür edirəm. Məni təltif etdiyiniz ordenin isə mənim üçün müstəsna əhəmiyyəti var. Təbii ki, bu hadisə bioqrafiyamda öz layiqli yerini tapacaqdır. Sağ olun.

II Aleksi: Sağ olun. Çox hörmətli Heydər Əliyeviç, sağ olun ki, öz fikirlərinizi bölüşdünüz. Çünki Qafqazda baş verən hadisələr bizi narahat etməyə bilməz. Çünki Qafqaz xüsusi, bərəkətli, xeyir-dualı torpaqdır, burada isti cənub günəşi altında torpaq bəhrələr verir. Bu torpaqlar viran edildikdə və insanlar bir-biri ilə qarşı-qarşıya durduqda qan tökülür. Əlbəttə, bu, bizi narahat etməyə bilməz. O ki qaldı bizim üçtərəfli qarşılıqlı münasibətlərlə bağlı problemlərə, qardaşım şeyx həzrətləri mənə dedi ki, belə görüşün keçirilməsinin zəruriliyi barədə fikir yeni katolikos tərəfindən də səslənmişdir. Zənnimcə, burada din xadimləri belə bir yekdil fikirdədirlər ki, görüşmək, məsələnin dincliklə həlli yollarını axtarmaq lazımdır.

Çeçenistanda baş vermiş faciə zamanı biz də həmişə bu faciəyə cəlb edilmişik. Törədilən terror aktları hətta Qafqazın hüdudlarından kənarda da yayılırdı. Moskvada, Buynakskda evlərin partladılması dinc sakinlərin həlak olmasına gətirib çıxardı. Orada insanların girov götürülməsi kimi mənəviyyata çox zidd olan biznes həyata keçirilir. Biz də üç keşiş itirdik. Onlar Qroznıda xidmət edirdilər və girov götürülərək, çeçen əsirliyində həlak oldular. Bu da başımıza gələn faciədir. Dolanacaq imkanlarından məhrum olmuş və indi müxtəlif ətraf rayonloarda yaşayan qaçqınların məsələləri də bu qəbildəndir.

Lakin burada, Azərbaycan torpağında olarkən ilk əvvəl kömək etmək lazımdır ki, - bu məsələdə qardaşımız şeyxülislamla tamamilə həmrəyik, - münaqişənin həlli üçün mümkün olan hər bir iş görülsün.

Biz siyasi qərar qəbul edə bilmərik, lakin mənəviyyat, insanlıq baxımından dövlət xadimlərinə üz tutacağıq ki, bu problem həll olunsun. Çünki bu problemin arxasında milyonlarla insanın taleyi durur.

Sizin çox obrazlı dediyiniz kimi, onlar çadırlarda, başları üstündə dam olmadığı bir şəraitdə doğulur, yeni ailələr qurur, həyatdan gedirlər. Bax, bu, həmin məsələnin həllinə çağırmaq üçün bizi mümkün olan bütün tədbirləri, bizdən asılı olan tədbirləri görməyə bir daha sövq etməlidir.

Azərbaycana dəfələrlə dəvət etdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, hər şey zamanın xeyrinə edilir. Məsələn, Vladimir Vladimiroviç də XXI əsrdə, üçüncü minillikdə xaricə ilk səfərini Azərbaycana etmişdir.

Bu, XXI əsrdə, üçüncü minillikdə mənim Moskvadan kənara ilk səfərimdir. Bu, yaxşı başlanğıcdır və o, davam etdiriləcəkdir. Burada gördüyümüz qonaqpərvərlik də çox səmimi oldu, qəlbimizi riqqətə gətirdi. Biz onu heç vaxt unutmayacağıq. Qardaşımız şeyxülislam Paşazadə ilə, Sizin tapşırığınızla bizi müşayiət etmiş dövlət müşavirinizlə bu günlər ərzində həmişə birlikdə olduğumuza görə minnətdarıq. Biz Azərbaycanın bir çox dövlət xadimləri ilə görüşdük, onların sülhə sadiqliyinin və Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın çiçəklənməsini istədiklərinin şahidi olduq.

Heydər Əliyev: Sağ olun.

"Azərbaycan" qəzeti, 30 may 2001-ci il