Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl və xanımı Nəzmiyyə Dəmirəl ilə görüşdəki söhbətindən - Gülhanə Tibb Akademiyası, 19 yanvar 1999-cu il


Süleyman Dəmirəl: Əziz dostum, qardaşım, xoş gördük. Sizi Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu mübarək Ramazan bayramında ulu tanrıdan Sizə möhkəm cansağlığı arzulayır, ən xoş arzularımızı bildiririk.

Sizin müayinə və müalicəniz haqqında Gülhanə Tibb Akademiyasının rəhbərliyi mənə mütəmadi məlumat verirlər. Səhhətinizin yaxşı olduğunu, yaxın zamanda müayinə və müalicənin başa çatacağını söyləyirlər.

Heydər Əliyev: Azərbaycan xalqının və şəxsən mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl və Nəzmiyyə xanım Türkiyənin məşhur tibb ocağı olan Gülhanə Tibb Akademiyasındakı müayinə və müalicə dövründə yaradılan şəraitə və göstərilən hərtərəfli qayğıya görə Sizə öz təşəkkürümü bildirirəm. Gülhanə Tibb Akademiyasının həkimlərinin dərin biliyə və yüksək professionalizmə malik olduqlarını xüsusi ilə qeyd etmək istəyirəm. Burada mən çox böyük diqqət və qayğı ilə əhatə olunmuşam. İndi özümü çox yaxşı hiss edirəm, səhhətim gündən - günə yaxşılaşır.

Əziz dostum, qardaşım Süleyman bəy! Azərbaycan xalqının Sizə böyük sevgisi, xüsusi hörmət və məhəbbəti vardır. Azərbaycan xalqı Sizi türk dünyasının böyük bir oğlu kimi tanıyır. Son illər biz ən böyük dəstəyi Türkiyədən alır, Azərbaycan xalqı milli azadlıq mübarizəsinə qalxarkən Siz xalqımıza dayaq durmusunuz, kömək etmisiniz, onu dəstəkləmisiniz. Biz yaxşı bilirik ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınmasında, Türkiyənin Azərbaycanı müstəqil dövlət kimi tanımasında, Sizin xüsusi xidmətləriniz vardır. Şübhə etmirik ki, Azərbaycan Respublikasına, xalqımıza indiyədək göstərdiyiniz diqqət və qayğı bundan sonra da davam edəcək, dövlətlərimiz arasında bütün sahələrdə olan əməkdaşlıq daha da dərinləşəcək və inkişaf edəcəkdir.

Əziz dostum, qardaşım Süleyman bəy, Sizə və Nəzmiyyə xanıma məni ziyarət etdiyinizə, göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. Sizi Ramazan Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm və bütün türk xalqına bayram təbriklərimi çatdırmağı xahiş edirəm.