Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Turan xanım Cavidə məktubu - 1 oktyabr 2003-cü il


- Hörmətli Turan xanım!

Sizi - Azərbaycanın tanınmış mədəniyyət xadimini yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz respublikamızın mədəni həyatında uzun illərdən bəri yaxından iştirak edən ziyalı kimi ölkəmizdə yaxşı tanınırsınız. Mədəniyyət və İncəsənət Universitetində sizin Azərbaycan teatr tarixinə dair otuz ildən də artıq bir dövr ərzində oxuduğunuz mühazirələr gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda böyüməsi baxımından əhəmiyyətli olmuş, milli mədəniyyətimizin inkişafına ləyaqətli xidmətin parlaq nümunəsini təşkil etmişdir.

Siz uzun müddət Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru vəzifəsində çalışmış, tarixi yaddaşımızın böyük bir parçasının qorunması üçün əlinizdən gələni əsirgəməmisiniz. Bu gün isə Azərbaycanın milli sərvətlərindən sayılan bir mədəniyyət ocağının - Hüseyn Cavidin ev-muzeyinin direktoru kimi göstərdiyiniz nəcib fəaliyyət sayəsində Cavid yaradıcılığı ilə maraqlananlar da, elmi işlə məşğul olanlar da qiymətli sənədlərlə zəngin bu muzeydə özləri üçün lazımi məlumatları toplaya bilmək imkanına malikdirlər. Bununla yeni nəsil ulu əcdadlarımızın əsrlər boyu yaratdığı mənəvi dəyərlərin xalqımıza qaytarılması üçün sizin də yorulmadan göstərdiyiniz səylər sayəsində tariximizin zəngin bir dövrü ilə tanış olmaq, görkəmli şəxsiyyətlərimizi daha da yaxından tanımaq imkanı əldə etmişdir.

Siz mətnşünaslıq sahəsində də uğurlu fəaliyyət göstərmisiniz. Böyük Azərbaycan şairi Hüseyn Cavidin işıq üzü görən bütün əsərlərinin tərtibçisi kimi sizin fəaliyyətiniz hər cür təqdirə layiqdir. Hüseyn Cavid irsini - bu əvəzsiz söz xəzinəsini bir çox təhriflərə məruz qalmaqdan məhz siz xilas etmiş, onlara yenidən Cavid nəfəsi vermisiniz.

Ata ocağı qarşısında həqiqi vəfalı övladlıq borcunu ömür boyu şərəflə yerinə yetirən və öz taleyini doğma xalqının taleyi ilə birləşdirən şəxsiyyət kimi sizin həyatınız, sizin ləyaqətiniz və ən çətin anlarda göstərdiyiniz dəyanət, dözüm ibrətamiz olub, bugünkü və gələcək nəsillər üçün bir nümunə bir həyat dərsidir.

Sizə uzun ömür, cansağlığı arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 oktyabr 2003-cü il.

Tarixi arayış

MƏDƏNİYYƏT