HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCANDA ELM VƏ TƏHSIL


Azərbaycan elmi XX əsrdə çox sürətlə inkişaf edib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin, Elmlər Akademiyasının ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin, elm ocağının yeni yüksəlişi məhz onun adı ilə bağlıdır. 1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını yaratdı, maddi-texniki bazasını möhkəmləndirdi. Heydər Əliyevin özünün qeyd etdiyi kimi, akademiyanın əlli ilinin yarısından çoxu onun həyatı, rəhbərliyi ilə bağlı idi. Onun uzaqgörənliyi məhz elmi prinsiplərə, intellektual potensiala arxalanmasında idi. Azərbaycan elminə və elm adamlarına göstərdiyi qayğı və dəstək elə bundan qaynaqlanırdı. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görürdü.

Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldiyi ilk günlərdən elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirib, daim qayğı göstərib, elmin sürətli inkişafı üçün mühüm qərarlar verib. O, 1969-cu ilin avqust plenumunda respublika elminin inkişafında yaranmış vəziyyətdən narahat olaraq deyirdi: “Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır. Elmlər Akademiyası, bir sıra sahə elmi idarələri elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda, tamamlanmış işlərin istehsalata tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq göstərmirlər... Dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət yaxşı deyildir... Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər...”. (“Xalq qəzeti”, 11 may 2016-cı il)

Heydər Əliyev SSRİ dövründə, yəni Azərbaycan Respublikasına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində də bu məsələni daim diqqət mərkəzində saxlayıb. Onun rəhbərliyi ilə təhsil sistemində ciddi islahatlar həyata keçirilib. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılıb. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi.

Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılıb və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artıb. Eləcə də Heydər Əliyevin keçmiş SSRİ-nin ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışıb və bu istiqamətdə əsaslı dönüş yaradıb. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaradıb.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymayıb, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşıb. Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirib, mühüm tarixi fərman və sərəncamlar imzalayıb. Məsələn, 2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi qiymətləndirilir. Bu sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaradıb. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı da ölkədə bu sahədə yaranmış problemlərin aradan qaldırılması yönümündə müstəsna əhəmiyyətə malik dövlət sənədi olub. (“Xalq qəzeti”, 12 dekabr 2009-cu il)

1997-ci ilin 31 yanvarında Prezident Sarayında Heydər Əliyev Elmlər Akademiyasının rəhbərləri, həqiqi və müxbir üzvləri, aparıcı alimləri ilə görüşündəki çıxışında Elmlər Akademiyasına və onun alimlərinin əməyinə verdiyi yüksək qiymət 1990-cı illərin axırlarında bu elm ocağının bağlanması ilə bağlı şayiələrə və narahatçılıqlara son qoydu və burada çalışan əməkdaşların Azərbaycan elminin sabahına inamını və ümidini artırdı. Həmin görüşdəki çıxışında Prezident Heydər Əliyev dedi: “XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir… Biz bununla fəxr edirik. Bir şeyi bilməlisiniz-Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elm müəssisəsidir… O, dövlətə məxsusdur. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaq. Biz bu akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq. Heç vaxt imkan vermək olmaz ki, akademiyamız, yüksək səviyyəli elmi-tədqiqat institutlarımız yaranan cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin. Buna yol vermək olmaz…”

Heydər Əliyevin 15 may 2001-ci il tarixdə imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” kimi ən yüksək ali dövlət elmi-təşkilati statusu verilməsi və nəhayət AMEA-ya seçkilər keçirilməsi barədə göstəriş verməsi dövlət başçısının Azərbaycan elminə əvəzsiz qayğısının parlaq təzahürü idi. Elmlər Akademiyasının tarixində ilk dəfə olaraq Heydər Əliyevin göstərişi ilə 2001-ci ilin iyun ayında AMEA-ya seçkilər vaxtı akademiyanın qarşısında qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini təmin etmək və ölkənin görkəmli elm adamlarının bu elm ocağının fəaliyyətinə daha geniş surətdə cəlb etmək məqsədilə onun üzvlərinin sayı 141-dən 200-ə (80 həqiqi və 120 müxbir üzvü) qaldırıldı. Ölkə başçısı Heydər Əliyevin respublika elminin inkişafına qayğısının digər bir təzahürü isə 2001-ci il avqustun 7-də AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında fərman imzalaması oldu. Blokada şəraitində yaşayan, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanda akademiyanın bölməsinin yaradılması həm ölkəmizin sosial-iqtisadi, mədəni inkişafı, elmi tərəqqisi, həm də dövlətçiliyimizin möhkəmləndirilməsi və qorunub saxlanması üçün müstəsna əhəmiyyət kəsb edir. Ölkə başçısının akademiyamızın inkişafına qayğısının digər bir çox mühüm təzahürü isə Azərbaycan elminin gələcək inkişafında yeni üfüqlər açan “Azərbaycan Milli Elmlər Akademiyasının statusu” və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi” haqqında 2003-cü il yanvarın 4-də imzaladığı fərmanda öz əksini tapıb. Həmin fərmanda deyilir: “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatdır”. (“Respublika” qəzeti, 12 iyul 2009-cu il)

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 60 illiyinə həsr edilmiş təntənəli yığıncaqdakı çıxışında dediyi kimi, “Bütün dövrlərdə – 70-ci illərdə, ondan sonra, 90-cı illərdə Heydər Əliyevin elmə diqqəti və qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır.”

“Nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət yox, məhz intellektual potensial, məhz elmin səviyyəsi o ölkələrin tərəqqisini müəyyən edir və ölkəni inkişaf etmiş ölkəyə çevirir” söyləyən İlham Əliyev sözün əsl mənasında dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı və varisi olduğunu təsdiq edir və ölkəmizdə elmin, təhsilin və intellektual insan potensialının və insan kapitalının inkişafının vacibliyini ön plana çəkir.

2009-cu ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, İ.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, 2016-cı ildə Bakı Mühəndislik Universitetinin açılışı yeni yüksək ixtisaslı kadrların hazırlanmasında böyük rol oynadı.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası sənədi təsdiq edildi. Sənədin mərhələli icrası Azərbaycanda orta təhsilin inkişafına yeni üfüqlər açdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən sürətli inkişaf prosesləri bir çox sahələrlə yanaşı, elmin tərəqqisi və milli mənəvi dəyərlərin qorunması sahəsində də sürətli yüksəlişə geniş imkanlar yaratdı. Bu sırada “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin inkişafı ilə bağlı tədbirlər diqqət mərkəzində saxlanılıb. 2014-cü il mayın 5-də ölkə rəhbərinin iştirakı ilə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışı bu tədbirlərdəndir. Artıq bir neçə cildi nəşr olunan ensiklopediya xalqımızın tarixi inkişaf mərhələlərini, milli mənəvi sərvətlərini, habelə dünyanın elm və mədəniyyət nailiyyətlərini özündə əks etdirən elmi nəşrdir.

2016-cı ildə Azərbaycan Respublikasının "Elm haqqında" qanunun qəbul edilməsi ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi-siyasi təminat verir. "Elm haqqında" qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, vəzifələri və sosial müdafiəsi, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqaməti, yüksək ixtisaslı kadr hazırlığı sahəsində dövlət siyasətinin əsasları, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və sair kimi məsələlər öz əksini tapmışdır. 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəlib. Proqram çərçivəsində 2005-2012-ci illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi vardır.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan alimlərinin I qurultayına ünvanladığı təbrik məktubunda qeyd etdiyi kimi, “Müasir cəmiyyət quruculuğunu təmin edən əsas amil kimi elm bu gün də müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir.”

Oçerk 22 yanvar 2018-ci il tarixdə tərtib olunub.