Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Iran rəssamı Vədud Müəzzinin fərdi sərgisinin açılış mərasimində nitqi - Azərbaycan Dövlət İncəsənət Muzeyi, 9 oktyabr 2002-ci il


Hörmətli qonağımız Vədud Müəzzin!

Hörmətli xanımlar və cənablar!

Bu gün bizim ictimai-mədəni həyatımızda böyük bir hadisə baş verir. İran İslam Respublikasının rəssamı bizim üçün açılır. Bu mərasim sərginin açılışıdır. Amma bu sərgi İran rəssamı, Təbriz rəssamı, Ərdəbil rəssamı, Tehran rəssamı Vədudu Azərbaycan ictimaiyyəti üçün açır. Azərbaycan incəsənət xadimləri üçün, Azərbaycan üçün açır. Bu, böyük hadisədir.

Azərbaycanda rəngkarlıq, rəsm sənəti böyük inkişaf yolu keçibdir. Bəhruz Kəngərlidən, Əzim Əzimzadədən başlayaraq, Azərbaycanda davamlı olaraq böyük rəssamlar dünyaya gəlib və böyük əsərlər yaradıblar. Onların bəziləri həyatdan gediblər, bəziləri isə bu gün də yaradıcılıq işi ilə məşğuldurlar.

Biz bununla həmişə fəxr etmişik. Mən bu rəssamların hamısının adlarını çəkə bilərdim. Amma bu çox vaxt aparardı. Çünki təkcə son dəfə Azərbaycan rəssamlarına fəxri ad verərkən, fərmanı imzalayarkən baxıb gördüm ki, başqa sahədə mən bu qədər adama fəxri ad verməmişəm. Bunlar fəxri ad almayanlar idi. Amma fəxri ad alanlar nə qədərdir. Ona görə mən bilirəm – Azərbaycan rəssamları bu dövrdə, yəni müstəqillik əldə etdiyimiz gündən başlayaraq, həyatımızda böyük dəyişikliklər, çətinliklər, problemlər olmasına baxmayaraq, daim işləyiblər, öz sərgilərində əsərlərini göstəriblər. Bilirəm ki, Azərbaycan rəssamlarının çox əsərlərini burada alırlar –həm bizim yerli insanlar, həm də turistlər və yaxud başqa, müxtəlif səbəblərə görə Avropadan Azərbaycana gələn insanlar alırlar. Əgər Avropadan gələnlər Azərbaycan rəssamlarının əsərlərini alırlarsa, bunun özü böyük bir hadisədir, çünki Avropa, təbiidir ki, öz klassik üslubunda yaşayıbdır və indi də yaşayır. Bu bizim böyük nailiyyətimizdir. Mən görürəm, Tahir Salahov orada durubdur. O, Azərbaycanın ən istedadlı və böyük rəssamlarından biridir. Neçə illərdir Moskvada – keçmişdə SSRİ, indi Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir, oradakı bütün tərkiblərə daxildir və rəhbər vəzifələrdədir. Bunların hamısı bizim mədəni sərvətimizdir, xalqımızın sərvətidir. Mən bu gün bu barədə öz fikrimi bir daha bildirmək istədim və arzu edirəm ki, bizim Azərbaycan rəssamları bundan sonra da yeni mühitə uyğunlaşaraq, ancaq Azərbaycan rəssamlıq məktəbinin xüsusiyyətlərini unutmayaraq, yeni-yeni əsərlər yaratsınlar.

Bilirsiniz, hər rəssam gərək yaratdığı əsərlərin səviyyəsini qaldırsın. Amma eyni zamanda da, gərək heç vaxt yaratdığı əsər onun xalqından, onun torpağından, vətənindən təcrid olunmuş kimi görünməsin. Güman edirəm ki, bizim Rəssamlar İttifaqı, rəssamlarımız bu yolla gedəcəklər.Ancaq bugünkü hadisə, yenə də deyirəm, çox əlamətdar bir hadisədir. Onu bilirdim ki, İranda, ümumiyyətlə, keçmişdən, əlbəttə, böyük rəssamlıq məktəbi olubdur. Sultan Məhəmmədin əsərləri, onun miniatür sənəti 500 il bundan öncə bizim Azərbaycanın bu sənət sahəsindəki nailiyyətlərini göstərir.

Sultan Məhəmməd bunun əsasını qoyubdur. Amma ondan sonra da İranda və Azərbaycanda o üslubda çox gözəl əsərlər yaranıbdır. Çox gözəl əsərlər… Məsələn, indi bizim müxtəlif təşkilatlar jurnallar, kitablar nəşr edirlər. Onların içərisində miniatür əsərlərin fotosurətlərini dərc edəndə, o kitablar, jurnallar daha da çox dəyər kəsb edir. Çünki o əsərlər çox orijinaldır. Miniatür sənəti çox orijinal sənətdir. Vaxtilə, gərək ki, 1981-ci ildə biz burada SSRİ Rəssamlıq Akademiyasının böyük bir iclasını keçirdik. Buraya ən böyük rəssamlar gəlmişdilər. Onda biz nə ilə fəxr etdik? Bəli, Avropanın qədimdən özünəməxsus üslubda məktəbləri var – Rəfael, Mikelancelo, Tisian, Rubens və başqaları. Eləcə də rus rəssamları. Ancaq onunla fəxr etdik ki, bizim də miniatür məktəbimiz var – Sultan Məhəmmədin yaratdığı miniatür məktəbi. Burada onu çox böyük həvəslə qarşıladılar.

Məndə belə bir təsəvvür vardı ki, İranda ancaq miniatür sənəti mövcuddur. Amma bu cür rəngkarlıq əsərlərinin olduğunu mən bilmirdim. İranda xalçalar toxuyurlar. 1996-cı ildə Tehrana getmişdik, İslam Təşkilatı Konfransının iclası keçirilən salonda Xomeyninin xalçada toxunmuş portreti asılmışdı. Mən o xalçanın yanına, ola bilər ki, on beş dəfə getdim. Birincisi, Xomeynini görmək istəyirdim, ikincisi də, xalçada toxunmuş o portret miniatür əsəri deyildi. O məni heyran etdi. Bilmirəm, sən orada idin, yoxsa yox. Mən səfiri çağırıb göstərdim, dedim ki, bax, xalça üzərində belə əsərlər yaratmaq lazımdır. Həqiqətən, çox yüksək səviyyədə yaradılmış bir əsər idi. Mən düşünürdüm ki, bu ancaq xalçada yaradılıbdır. Bilmirdim ki, İranda, İran Azərbaycanında belə əsərlər var, Azərbaycan oğlu, İran oğlu, gözəl bir oğlan belə əsərlər yarada bilibdir. Təbiidir, bu onun fitri istedadı olduğunu göstərir.

Mən belə başa düşdüm ki, bunun belə böyük bir müəllimi olmayıbdır. Bəli, bizdə rəssamlıq texnikumu olub, indi Rəssamlıq Akademiyası var. Adətən, orada rəssamlar necə çəkməyi, nə cür etməyi öyrədirlər. Bu kişinin heç bir şeyi, müəllimi olmayıbdır. Amma onun müəllimi fitri istedadı ilə bərabər, bu işə həvəsi, istəyidir.

Mən çox sərgilərə baxmışam. Hər sərginin öz yeri var. Heç birini digəri ilə müqayisə edib demək istəmirəm ki, bu yaxşıdır, o yaxşıdır. Yox. Amma bugünkü sərgi məndə çox böyük təəssürat oyatdı. Bu əsərlərin hər biri bizim dostumuzun, gənc rəssamın nə qədər böyük istedada malik olduğunu göstərir.

Eyni zamanda, nə qədər fədakar insan olduğunu sübut edir. Orada kiçik bir əsər var. Şubert haqqında bu cür əsəri kiçik bir yerdə elə yaradıb ki, adam məəttəl qalır ki, bunu necə yaratmaq olar.

Mən çox sevinirəm, çox şadam. Bilirsiniz ki, belə sərgilərə gəlməyə mənim çox vaxtım yoxdur. Ancaq mənə xəbər vermişdilər ki, sən gələcəksən və burada sənin sərgin açılır. Dünən də mənə sərgidə nümayiş etdiriləcək işlər barədə bir az məlumat verdilər. Baxmayaraq ki, bu gün mənim işim həddən çoxdur, amma bu sərgiyə gəldim. Hər bir əsərə diqqətlə baxdım. Heç bir əsərin yanından keçmədim. Bəzən olur, sərgiyə gedirsən, əsərlərin birinə, ikisinə baxırsan, hiss edirsən ki, ümumi təsəvvür var. Amma burada təkcə ümumi təsəvvür məsələsi deyildi. Onsuz da bir neçə əsərə baxandan sonra artıq məndə təsəvvür yarandı. Burada mən hər əsərə baxmaq istəyirəm. Onun incəliyini, təbiiliyini görmək istəyirəm. Ona görə də xeyli vaxtdır ki, mən burdayam. Amma mən buna vaxt itirdiyimə görə şadam. Şadam ki, bu sərgini gördüm.

Demək, Azərbaycan xalqı – indi müstəqil Azərbaycanda da, İranda da – bütün İran xalqı yüksək istedada malikdir. İndi biz bölüşdürə bilmirik ki, Şəhriyar kimindir. Təbiidir ki, Azərbaycanındır. Eyni zamanda, o İranındır. Xətai kimindir? O, İranın və Azərbaycanındır. Belələrini çox saymaq olar.

Vədud da İran vətəndaşıdır, rəssamıdır, amma azərbaycanlıdır. Demək, İranda çox millətlər var, azərbaycanlılar da var. Azərbaycanlılar öz istedadını bu cür nümayiş etdirən, Şərq aləminə indiyə qədər uyğun olmayan Avropa üslubunda belə əsərlər yaradan rəssam yetişdiribdir.

Əziz dostum, mən səni təbrik edirəm. Mən sənin əsərlərindən çox böyük həzz aldım. Güman edirəm, burada sərgiyə gəlib maraq göstərənlər, baxanlar çox olacaqdır. Sən gəncsən. Neçə yaşın var?

Vədud Müəzzin: 41 yaşım var.

Heydər Əliyev: 41 yaş… Ən gözəl yaşdır. Çünki mən bu yaşların hamısını keçmişəm. Bu, ən gözəl yaşdır. Ona görə vaxtı itirmə, işini davam etdir. Yaxşı oxuyursan, səsin yaxşıdır. «Segah» da mənə ləzzət verdi. O da pis deyildir. Hərdənbir oxu ki, ilham alasan. Amma vaxtının çoxunu bu işə sərf et. Çünki bu, oxumaqdan daha da vacibdir. Oxuyanlar çoxdur. O tərəfdə də, bu tərəfdə də, o tayda da, bu tayda da çoxdur. Amma belə əsər yaradanlar o qədər də çox deyildir. Xüsusən, İranda. Elədirmi? Cənab səfir, düz deyirəm?

Əhəd Qəzai (İranın Bakıdakı səfiri): Bəli.

Heydər Əliyev: Səni təbrik edirəm, cansağlığı arzu edirəm. Mənim haqqımda əsər yaratdığına görə də təşəkkür edirəm və demək istəyirəm ki, çox dəyərli bir əsərdir. Yəni rəssamlıq ustalığı nöqteyi-nəzərindən dəyərlidir. Sənə təşəkkür edirəm.

Sağ olun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT