Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyə Müsavat Partiyasının sədri İsa Qəmbərə Azərbaycan Liberal Partiyasının sədri Lalə-Şövkət Hacıyevaya - Bakı şəhəri, 4 avqust 1998-ci il


Məlum olduğu kimi, "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" 1998-ci il may ayının 15-də Milli Məclis tərəfindən qəbul olunmuş qanuna görə Mərkəzi Seçki Komissiyasının 12 üzvünün Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, digər üzvünün isə Azərbaycan Respublikasının prezidenti tərəfindən təyin olunması nəzərdə tutulub. Buna müvafiq olaraq Milli Məclis 1998-ci il iyunun 26-da həmin məsələni müzakirə etmiş və Mərkəzi Seçki Komissiyasının 12 üzvündən 11-ni parlamentin siyasi strukturuna uyğun olaraq təyin etmişdir. Onların 6-sı Yeni Azərbaycan Partiyası tərəfindən, 3-ü bitərəf deputatlar tərəfindən, 1 nəfər Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən, 1 nəfər isə Azərbaycan Demokratik İstiqlal Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası tərəfindən təklif edilmişdir. Mərkəzi Seçki Komissiyasında AXCP-nin nümayəndəsi üçün nəzərdə tutulmuş bir yerə isə bu partiya öz təklifini verməmişdir.

1998-ci il iyun ayının 23-də Azərbaycan Respublikasının prezidenti Mərkəzi Seçki Komissiyası haqqında qanuna əsasən Prezident tərəfindən təyin ediləcək Mərkəzi Seçki Komissiyasının üzvünü müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçən siyasi partiyalarla məsləhətləşmək üçün onlara müraciət edərək Mərkəzi Seçki Komissiyasına təyin olunması üçün öz namizədlərini irəli sürmək xahişi etmişdir. Müxalifət mövqeyində dayanan Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Seçki Komissiyasına üzv təyin edilməsi üçün öz təklifmi Azərbaycan Respublikasının prezidentinə təqdim etmişdir. Lakin sizin partiyalardan indiyədək heç bir təklif daxil olmamışdır. Azərbaycan Respublikasında prezident seçkilərinin keçirilməsini təmin etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasının təşkil olunmasının zəruriliyini nəzərə alaraq, mən 1998-ci il iyunun 26-da onun 7 üzvünü təyin etmişəm. Bununla belə, Mərkəzi Seçki Komissiyasına 5 üzv hələ də təyin olunmamışdır.

Dünən - avqustun 3-də Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının nümayəndələri ilə sizin partiyaların nümayəndələri arasında partiyalarınızın seçkilərdə iştirak etməsi ilə əlaqədar görüş keçirilmişdir. Sizin nümayəndələr bir neçə təklif irəli sürmüşlər. Onlar diqqətlə öyrənilmiş və bu gün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının nümayəndələri ilə sizin partiyaların nümayəndələri arasında keçirilən ikinci görüşdə bildirilmişdir ki, həmin təkliflərin bir qismi prezident seçkiləri ilə bilavasitə bağlı deyil. Ona görə də onların müzakirəsi indi zəruri deyil. Sizin partiyaların nümayəndələrini Mərkəzi Seçki Komissiyasına təyin etmək üçün prezidentin səlahiyyətində olan 5 yerdən 4-nün təmsil etdiyiniz partiyaların nümayəndələrindən təyin olunmasının mümkün olduğu bildirilmişdir. Eyni zamanda bildirilmişdir ki, sizin partiyalar Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədlərini təklif etdikləri halda imza toplanması vaxtının 10 gün uzadılması üçün qanunvericilik təşəbbüsündən istifadə edərək Azərbaycan Respublikasının prezidenti Milli Məclisə müraciət edə bilər. Sizin partiyaların nümayəndələri bildirmişlər ki, Mərkəzi Seçki Komissiyasına təyin edilmək üçün ayrılmış 4 yerə nümayəndə verməkdən imtina edirsiniz.

Bu bəyanat məndə təəssüf doğurur. Məlumdur ki, Azərbaycanda seçki kampaniyası başlanmazdan xeyli əvvəl siz öz partiyalarınızla bu seçkilərdə iştirak edəcəyinizi və namizədlərinizi irəli sürəcəyinizi dəfələrlə bəyan etmişdiniz. Sonra "Azərbaycan Respublikası prezidentinin seçkiləri haqqında" və "Mərkəzi Seçki Komissiyası haqqında" qanunların müzakirəsi zamanı siz təkliflərinizi irəli sürmüsünüz və onların əksəriyyəti qanunların müzakirəsi, qəbulu və qanunlara əlavələr və dəyişikliklər edilməsi yolu ilə qəbul edilmişdir. Beləliklə, Azərbaycanda növbəti prezident seçkilərinin demokratik, azad və ədalətli keçirilməsini təmin edən bütün təkliflər nəzərə alınmışdır. Mərkəzi Seçki Komissiyasının indi hazırladığı və qəbul etdiyi təlimatlarda da qanunların icra olunması üçün əlavə tədbirlər nəzərdə tutulmuşdur.

Azərbaycanın prezidenti kimi 1998-ci il oktyabrın 11-də növbəti prezident seçkilərinin keçirilməsini mühüm siyasi hadisə hesab edərək, bütün siyasi partiyaların, siyasi qüvvələrin və bütün vətəndaşların qarşıdan gələn seçkilərdə iştirak etmələrini zəruri hesab edirəm. Əminəm ki, Azərbaycanda prezident seçkilərinin keçirilməsi ölkəmizin demokratiya yolu ilə getməsini bir daha təsdiq edəcək və onun inkişafının növbəti mərhələsi olacaqdır.

Prezident seçkiləri gənc və müstəqil Azərbaycanın həyatında, onun bu günü və gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın hər bir vətəndaşı, hər bir siyasi partiyası və ictimai təşkilatı bu böyük işə qatılmalı və onun yüksək səviyyədə həyata keçirilməsinə öz töhfələrini verməlidirlər. Seçkilər haqqında qəbul olunmuş qanunların icrası ilə əlaqədar Azərbaycanın icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün lazımi tədbirlər görülür və gələcəkdə də görüləcəkdir.

Azərbaycanın prezidenti kimi növbəti prezident seçkilərinin keçirilməsində öz məsuliyyətimi dərindən dərk edərək, sizi bir daha bu seçkilərdə iştirak etməyə dəvət edirəm. Bəyan edirəm ki, bizim tərəfimizdən sizin nümayəndələrə çatdırılmış şərtlər öz qüvvəsində qalır. Güman edirəm ki, siz də siyasi partiya liderləri kimi mənim dəvətimə Azərbaycanın ümumxalq milli mənafeyi və dövlətimizin taleyüklü məsələsi kimi yanaşacaqsınız.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış