Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moldova Respublikasının Prezidenti Petru Luçinski ilə keçirilən birgə mətbuat konfransında bəyanatı - 27 noyabr 1997-ci il


Hörmətli cənab prezident!

Möhtərəm qonaqlar, xanımlar və cənablar!

Dünən Moldova Respublikası prezidentinin Azərbaycana rəsmi səfəri başlanmışdır. Bu, müstəqil Moldova prezidentinin Azərbaycan Respublikasına ilk rəsmi səfəridir. Ötən vaxt ərzində biz böyük və səmərəli iş apardıq. Moldova prezidenti Petru Luçinski ilə Azərbaycan prezidenti arasında görüş oldu, Bakı Dövlət Universitetində Moldova prezidentinə fəxri elmlər doktoru adı verilməsi mərasimi keçirildi, Moldova prezidenti Azərbaycan parlamenti ilə görüşdü, iki prezident saatlarla dostcasına söhbət etdi, nəhayət, bu gün Moldova Respublikasının və Azərbaycan Respublikasının nümayəndə heyətləri arasında danışıqlar aparıldı.

Bütün söhbətlər, danışıqlar dostluq, qarşılıqlı anlaşma, bir-birinə səmimi hisslər şəraitində keçir. Hesab edirəm ki, biz Azərbaycan-Moldova münasibətlərində böyük və səmərəli iş gördük.

Bir az əvvəl biz 15 dövlətlərarası, hökumətlərarası sənəd imzaladıq. Onlar fəaliyyətin bir çox sahələrini əhatə edir və bu sahələrdə əməkdaşlığı təmin edir. Biz başlıca sənədi - Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladıq. Bu, bizim müstəqil dövlətlərimiz arasında ilk müqavilədir. Bu gün imzalanmamış qalan bütün sənədlər də ilk dövlətlərarası, hökumətlərarası sənədlərdir.

Dövlətlərimiz 1992-ci ildən diplomatik münasibətlərə malik olsalar da və bu illər ərzində onların arasında xoş, yaxşı münasibətlər və bir çox sahələrdə əməkdaşlıq olsa da, biz belə yüksək səviyyədə ilk dəfə görüşdük, ilk dəfə belə ətraflı danışıqlar apardıq, ilk dəfə mühüm sənədlər imzaladıq. Elə sənədlər ki, onlar gələcəkdə Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin yaxşı müqavilə-hüquqi bünövrəsini qoymuşdur.

Bu sənədlərdəki bir çox mühüm müddəalar bizə əməkdaşlığımızı, dövlətlərimiz və xalqlarımız arasında dostluğu möhkəmlətməyə və inkişaf etdirməyə kömək edəcəkdir. Bu sənədlər nəinki Petru Luçinskinin Azərbaycanda olduğu müddətdə, həm də onun səfərindən əvvəlki vaxtda görülmüş böyük işin nəticəsidir.

Bu sənədlərdə ikitərəfli münasibətlər sahəsində, dünyada baş verən proseslər barəsində həm Moldovanın, həm də Azərbaycanın prinsipial mövqeləri əks etdirilir. Başlıcası isə budur ki, əsas sənəddəki müddəa ölkələrimizin dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daha da möhkəmlətmək və inkişaf etdirmək baxımından Moldova üçün də, Azərbaycan üçün də çox vacibdir.

Bunun çox böyük əhəmiyyəti var ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq haqqında müqavilədə ərazi bütövlüyü, suverenlik, separatizmə, terrorizmə qarşı mübarizə, hər bir ölkənin, hər bir dövlətin suveren hüquqlarına hörmət edilməsi kimi beynəlxalq hüquq normalarının müddəaları və bir çox digər cəhətlər öz əksini tapmışdır.

Söhbətlərimiz və danışıqlarımız zamanı biz dünyada baş verən proseslərlə bağlı, Moldova ilə Azərbaycanın dövlətlərarası münasibətlərinə, beynəlxalq təşkilatlarda, o cümlədən Müstəqil Dövlətlər Birliyində iştirakımıza aid, demək olar, bütün məsələlərdə baxışlarımızın uyğun gəldiyini aşkara çıxardıq. Bu, çox vacibdir.

Danışıqlar və söhbətlər zamanı biz Moldovada və Azərbaycanda milli dövlət quruculuğu təcrübəsi barədə, ölkələrimizdə demokratikləşdirmə prosesləri barədə, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi üçün iqtisadi islahatların həyata keçirilməsi barədə də fikir mübadiləsi apardıq. Biz hər iki ölkə üçün çox mühüm bir məsələ - ərazi bütövlüyü, bir-birinə qarşı güc işlədilməsinin, hər hansı ölkənin ərazi və sərhədlərinin zor gücünə dəyişdirilməsinin yolverilməzliyi məsələsi barədə fikir mübadiləsi etdik. Bu məsələlərdə, xüsusən də həm Azərbaycan, həm də Moldova dövlət müstəqilliyi əldə etdikdən sonra onların qarşılaşdıqları münaqişələrin həlli məsələsində tam yekdil rəydə olduq.

Məlumdur ki, Azərbaycan Dağlıq Qarabağı onun tərkibindən qoparmaq məqsədi ilə Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində Ermənistanla hərbi münaqişə vəziyyətindədir. Moldovada isə Pridnestrovyedə vəziyyətlə əlaqədar münaqişə yaranmışdır. Orada da, burada da ölkələrimizin ərazi bütövlüyü pozulmuşdur. Hamıya məlumdur ki, Azərbaycanda erməni silahlı birləşmələri ərazilərimizin 20 faizini işğal etmiş, qəsb olunmuş torpaqlardan bütün azərbaycanlılar, bu rayonların sakinləri, - onlar isə bir milyon nəfərdən artıqdır, - qovulub didərgin salınmışdır. Qaçqınlar ağır şəraitdə, çadırlarda yaşayırlar.

Əlbəttə, Pridnestrovyedə baş verən hadisələr Moldovanın da suverenliyini və ərazi bütövlüyünü pozur. Buna görə də biz bu məsələlərə xüsusi diqqət yetirdik. Təkrar edirəm, biz tamamilə yekdil rəydəyik ki, bu məsələlər dinc yolla, danışıqlar yolu ilə həll edilməlidir, lakin onlar istər Azərbaycanda, istərsə də Moldova Respublikasında suverenliyin, ərazi bütövlüyünün tamamilə bərpa olunması şəraitilə büsbütün və qəti şəkildə həll edilməlidir.

Bir çox digər məsələlər də müzakirə, fikir mübadiləsi, danışıqlar mövzusu oldu. Başlıcası budur ki, Moldova prezidentinin Azərbaycana ilk rəsmi səfəri baş tutdu, səfər uğurla keçir, biz mühüm sənədlər imzaladıq və bütün bunlar müstəqil dövlətlərimizin tarixində, Moldova ilə Azərbaycan arasında münasibətlərin tarixində çox mühüm bir mərhələnin başlandığını göstərir.

Əminəm ki, imzaladığımız sənədlər Azərbaycan və Moldova tərəfindən həyata keçiriləcəkdir və biz daha da irəliləyərək iqtisadiyyat, elm, mədəniyyət, insani, humanitar münasibətlər sahəsində, bütün digər sahələrdə çoxcəhətli əməkdaşlıq edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm. Sözü dostum, Moldova prezidenti cənab Petru Luçinskiyə verirəm.