Azərbaycan Prezidenti Heydər Əliyevin Iran İslam Respublikasının prezidenti Seyid Məhəmməd Xatəmi ilə görüşdəki söhbətindən - 9 dekabr 1997-ci il


Seyid Məhəmməd Xatəmi: Azərbaycan Respublikasının hörmətli prezidenti cənab Heydər Əliyev! Sizinlə görüşümdən məmnunam və mənim dəvətimi qəbul edərək İslam Konfransı Təşkilatının VIII zirvə görüşündə iştirak etmək üçün Tehrana gəldiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Qeyd edim ki, hüquqi demokratik dövlət quruculuğu və islahatların müvəffəqiyyətlə aparılması sahəsində son illər Azərbaycanda Sizin rəhbərliyiniz ilə həyata keçirilən tədbirlər İranda da diqqətlə izlənilir və maraqla qarşılanır. Ölkələrimiz arasında əlaqələrin daim möhkəmləndirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıram.

Heydər Əliyev: İran İslam Respublikasının hörmətli prezidenti cənab Xatəmi, xoş sözlərə görə minnətdarlığımı bildirirəm və Sizi prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Əvvəlcədən verilmiş müxtəlif proqnozların əksinə olaraq İranda xalqın böyük əksəriyyətinin seçki məntəqələrinə gəlib səs verməsini və prezident seçkilərinin demokratik qaydada keçməsini yüksək qiymətləndirirəm.

İslam Konfransı Təşkilatının VIII zirvə görüşündə iştirak etməyimdən məmnun olduğumu bildirirəm və nəzərə çarpdırıram ki, bu görüş yaxşı təşkil edilmişdir. Əmin olduğumu bildirirəm ki, VIII zirvə görüşü müsəlman ölkələrinin əməkdaşlığının daha da canlandırılmasında əhəmiyyətli rol oynayacaq və Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətlə pisləyən mühüm sənədlər qəbul edəcəkdir.

İran ilə Azərbaycan arasında dərin köklərə malik tarixi dostluq əlaqələrinin gündən-günə möhkəmləndirilməsinin vacib olduğunu nəzərə çarpdıraraq bildirirəm ki, biz qonşu və dost ölkə olan İranla əməkdaşlığın genişləndirilməsinə daim diqqət yetiririk.

Seyid Məhəmməd Xatəmi: Vurğulayıram ki, qarşıdakı üç ildə İslam Konfransı Təşkilatına İran sədrlik edəcəkdir. Bu üç ildə biz bu nüfuzlu təşkilatın Azərbaycan dövlətinin problemlərinin həllinə yaxından kömək göstərməsinə xüsusi fikir verəcəyik.

Heydər Əliyev: Qeyd edirəm ki, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İKT çərçivəsində Azərbaycan-İran əlaqələrinin daha da yaxşılaşdırılması zəruridir. Azərbaycan Respublikası öz müstəqilliyinin qorunub saxlanması və əbədi olması üçün əlindən gələni edəcəkdir. Bildirirəm ki, Azərbaycan xalqı bundan sonra heç bir ölkənin təsir dairəsində ola bilməz və olmayacaqdır.

Ermənistanın təcavüzü Azərbaycanın ən ağır problemi olaraq qalır. Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikası ərazisinin 20 faizini işğal etmişdir, bir milyondan çox vətəndaşımız qaçqın vəziyyətində, çadırlarda ağır şəraitdə yaşayır. Biz bu münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara böyük əhəmiyyət veririk, həmsədrlərin son sülh təklifləri də münaqişənin həllinə olan ümidləri artırmışdır.

Seyid Məhəmməd Xatəmi: İran xalqı azərbaycanlı bacı-qardaşlarının dərdinə şərikdir və bu münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Heydər Əliyev: Cənab Xatəmi, mən Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Seyid Məhəmməd Xatəmi: Cənab prezident, mən Sizin dəvətinizi məmnunluqla qəbul edirəm.

"Müstəqilliyimiz əbədidir", IX cild.

Tarixi arayış