"Azərbaycan İnternəşnl" jurnalının beş illiyinə həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 22 noyabr 1997-ci il


-Hörmətli xanımlar və cənablar, dostlar!

Bugünkü mərasim "Azərbaycan internəşnl" jurnalının beşillik fəaliyyətinin qeyd olunmasına həsr edilmişdir.

Son illər belə bir ənənə yaranıbdır ki, yeni bir maraqlı kitab, yaxud jurnal, toplu, məcmuə, başqa bir əsər meydana çıxan zaman onun təqdimat mərasimi keçirilir. Bu ənənədən fərqli olaraq "Azərbaycan internəşnl" jurnalı beş il bundan əvvəl özünün ilk addımlarını atıbdır və heç bir təqdimat mərasimi keçirməyibdir. Ancaq ötən illərdə ilbəil öz fəaliyyətini artırıb, gücləndirib və jurnalı çox yüksək səviyyəyə qaldırıbdır. Hesab edirəm ki, indi jurnalın fəaliyyətinə qiymət vermək üçün bu mərasim çox lazımlı bir mərasimdir.

Mübaliğəsiz demək olar ki, "Azərbaycan internışnl" jurnalı müstəqil Azərbaycanın həyatında, ümumiyyətlə dünyada Azərbaycana məxsus olan çox əlamətdar və nadir bir hadisədir. Azərbaycan daim öz milli mədəniyyətini, nailiyyətlərini, xalqımızın ənənələrini dünya xalqlarına, ictimaiyyətinə tanıtmağa çalışmışdır. Bu sahədə Azərbaycanın mütəfəkkir insanlarının tarix boyu göstərdikləri xidmətləri biz daim qiymətləndirməliyik. Ancaq bu səylər nə qədər olmuşdursa da, Azərbaycan dünyada, dünya xalqları içərisində indiyədək heç vaxt tanınmamışdır.

Şübhəsiz ki, indi dünyada tanınmağımızın ən əsas səbəbi Azərbaycanın dövlət müstəqilliyi əldə etməsidir və dövlət müstəqilliyi əldə edəndən sonra bir müstəqil dövlət kimi Azərbaycanın dünya birliyinə daxil olmasıdır. Ancaq bu fakt da, yəni bu hüquqi, siyasi akt da öz-özlüyündə Azərbaycanı dünyada istədiyimiz kimi heç vaxt tanıda bilməz. Bunun üçün daim ardıcıl, çoxsahəli işlər görmək lazımdır. Bu işlər bütün sahələrdə aparılmalıdır. Dövlət orqanları, bizim ictimai təşkilatlarımız, mədəniyyət, elm xadimlərimiz - hamımız birlikdə Azərbaycanı dünyaya açmağa, tanıtmağa çalışmalıyıq, Azərbaycanın həqiqətlərini dünyanın hər bir guşəsinə çatdırmağa çalışmalıyıq.

Bu, indi xüsusən ona görə daha da çox lazımdır ki, Ermənistanın Azərbaycana təcavüzü başlayandan, Ermənistan-Azərbaycan münaqişəsi davam etdiyi dövrdə Ermənistanın tərəfdarları: dünyada olan erməni diasporunun təbliğat maşını çox güclü olmuşdur. Onlar Azərbaycana təcavüz etdikləri, torpaqlarımızı işğal etdikləri, işğal olunmuş ərazilərimizdən bir milyon insanı öz yerindən-yurdundan zorla didərgin saldıqları halda Azərbaycanı məhkum etməyə çalışmışlar, Azərbaycan haqqında yalan, iftiralar, böhtanlar yaymışlar. Təəssüf ki, Azərbaycanın təbliğatı olmadığına görə, yaxud da çox zəif olduğuna görə onlar üstünlük əldə edə bilmişlər və öz istədiklərinə nail olmuşlar. Yaranmış şərait bir tərəfdən bizim vəziyyətimizi çox mürəkkəbləşdirmişdir, ikinci tərəfdən də Azərbaycan haqqında dünyaya məlumat verməyin, Azərbaycanı dünyaya tanıtmağın nə qədər vacib, zəruri, əhəmiyyətli olduğunu bir daha sübut etmişdir.

Qeyd etmək lazımdır ki, son illər bu sahədə çox işlər görülmüş, birinci növbədə Azərbaycanın ardıcıl xarici siyasəti, ardıcıl, çox təşəbbüskar, doğru-düzgün xarici siyasəti Azərbaycan ilə dünyanın bir çox ölkələri arasında sıx əlaqələr, əməkdaşlıq yaratmış və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmağa böyük imkanlar açmışdır.

İnformasiya orqanlarımız da, ictimai təşkilatlarımız da və bizim Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, elmi təşkilatlarımız, Elmlər Akademiyası və başqaları da bu sahədə bir çox işlər görmüş və müəyyən nailiyyətlər əldə etmişlər. Ancaq bunlar heç də yetərli deyil, hələ çox iş görülməlidir. Çox səylər qoymalıyıq ki, Azərbaycanı hər yerdə, hər ölkədə olduğu kimi tanısınlar, bilsinlər, Azərbaycan xalqının tarixini, nailiyyətlərini, xüsusiyyətlərini, keyfiyyətlərini həqiqətən bilsinlər.

Hələ çox iş görülməlidir, bir də ona görə ki, təəssüflər olsun ki, bizim xarici düşmənlərimizlə yanaşı, Azərbaycanın daxilində olan, bəzən guya müxalifət mövqeyində duran bəzi qüvvələr öz şəxsi məqsədləri naminə, öz şəxsi məqsədlərinə çatmaq üçün Azərbaycanı bir çox yerlərdə ləkələməyə, Azərbaycanın həqiqətləri haqqında yalanlar, iftiralar yaymağa çalışırlar. Bu da həmin o düşmən qüvvələrinin səyləri ilə üst-üstə gələrək Azərbaycanın həqiqətlərinə kölgə salır.

"Azərbaycan internəşnl" jurnalının fəaliyyəti xüsusi qiymətə layiqdir. Çox qətiyyətlə demək olar və bunu etiraf etməliyik ki, indiyə qədər xarici ölkələrdə dərc olunan, nəşr edilən cürbəcür nümunələr - kitablar, jurnallar içərisində "Azərbaycan internəşnl" jurnalı qədər Azərbaycan haqqında dolğun, düzgün və çox parlaq, gözəl, cazibədar məlumat yayan jurnalımız, toplumuz olmayıbdır.

Maraqlı, sevindirici cəhət də bundan ibarətdir ki, bu jurnalı nə Azərbaycanın dövlət orqanları, nə bir ictimai təşkilat, nə də respublikamızdakı hansısa bir təşkilat yaradıb. Bu jurnalı yaradanlar Azərbaycanı sevən, ona ürək yandıran, Azərbaycanla dostluq edən şəxs - xanım Betti və Piruz Xanlıdır. Onlardan biri amerikalı, o birisi isə azərbaycanlıdır, amma Amerika vətəndaşıdır. Onlar şəxsi təşəbbüs göstəriblər və öz fədakarlıqları nəticəsində o jurnalı yaradıb, indi belə bir yüksək səviyyəyə gətirib çıxarıblar.

Mən xanım Bettinin və Piruz Xanlının təşəbbüsünü və ötən illərdə gördükləri işləri, Azərbaycana göstərdikləri münasibəti, dostluğu və ölkəmiz haqqında çəkdikləri bu qədər zəhməti çox yüksək qiymətləndirirəm. Onların gördükləri iş, əldə etdikləri nailiyyət onu göstərir ki, insan bir işə həvəslə, ürəklə, canla yanaşarsa, həqiqətən xalqa xidmət etmək istəyərsə, o, çox işlər görə bilər. O, təkbaşına da çox işlər görə bilər.

Azərbaycanda nə qədər nəşriyyat orqanları, ictimai təşkilatlar, cürbəcür nə qədər kitab, jurnal buraxanlar var. Onlardan indi hansı gəlib buna bərabər bir nümunəni ortaya qoya bilər ki, Amerika Birləşmiş Ştatlarında belə bir jurnalın yaranmasını və bu qədər yüksək səviyyəyə çatmasını təmin edə bilsin? Heç birisi yoxdur. Əgər kiminsə varsa, ortaya çıxarsın, meydana qoysun.

Bu jurnalın yaranması və onun varlığı, bugünkü səviyyəsi məni həddindən artıq sevindirir. Bu, eyni zamanda onu göstərir ki, insan nəyə qadirdir. Bu, eyni zamanda onu göstərir ki, bizim Azərbaycanın cürbəcür təşkilatlarının, böyük-böyük imkanlara malik olan təşkilatlarının istifadə olunmamış nə qədər imkanları var.

Bu gün biz bu jurnalın ilk nömrəsinə də, son nömrəsinə də baxdıq. Mən 1993-cü ildən bu jurnalın hər nömrəsini oxuyuram, ona baxıram, müşahidə edirəm. Bu jurnalın aybaay, həm nömrədən - nömrəyə keyfiyyətinin artmasını, onun səhifələrinin genişlənməsini, mövzularının müxtəlifləşməsini görürəm. Görürəm ki, bu jurnal günbəgün nə qədər inkişaf edir, genişlənir və Azərbaycanın həyatını nə qədər geniş əhatə etməyə çatıbdır.

Bu insanlar - xanım Betti və Piruz Xanlı öz işlərinə çox sadiqdirlər, ancaq eyni zamanda onlar Azərbaycanın ən gözəl dostlarıdır, Azərbaycanın həqiqətlərinə, xalqımızın bugünkü həyatına sadiqdirlər. Ona görə də mən onlara səmimi-qəlbdən təşəkkür edirəm.

"Azərbaycan internəşnl" bütün parametrlərinə, xüsusiyyətlərinə görə dünyada, ən inkişaf etmiş ölkələrdə nəşr edilən yüksək səviyyəli jurnallarla rəqabət apara bilən bir jurnaldır. Sovetlər İttifaqı mövcud olan zaman ABŞ-da bir "Amerika" jurnalı çıxırdı və o da siyahı ilə abunə yazdırılıb paylanırdı. Mənim xatirimdədir, bu "Amerika" jurnalına abunə yazılmaq üçün Azərbaycana da müəyyən limit verilirdi və bunun üçün siyahı tərtib edilirdi. Kim bu siyahıya düşər, kim də düşə bilməzdi. Həmin jurnalı kim ala bilirdisə, o, özünü xoşbəxt hesab edirdi. Bu jurnalın qiyməti də sovet jurnallarının qiymətinə nisbətən çox baha idi. Çoxları onu oxuyub mənasını başa düşmürdülər.

Həmin jurnal çox nəfis nəşr olunurdu, oradakı rəsmlər, fotoşəkillər çox gözəl idi, bir də Amerikanın həyatından cürbəcür mənzərələr verilirdi. Biz o vaxt Amerikanın həyatını o qədər yaxşı bilmirdik. Ona görə də insanlar bu jurnala çox böyük maraq göstərirdilər. Həmin jurnal mənim yaxşı xatirimdədir. O vaxt biz bu jurnalı daim alırdıq, baxırdıq, vaxt olanda ayrı-ayrı məqalələri oxuyurduq.

Bəli, o jurnal mənim yadımdadır. Doğrudur, Amerikada onun keyfiyyəti sonralar nədənsə get-gedə aşağıya düşdü. Ancaq o vaxt həmin o "Amerika" jurnalının həsrətini çəkən azərbaycanlılar - yəqin, həmin adamlardan indi bu mərasimdə iştirak edənlər də var - bu "Azərbaycan internəşnl" jurnalını əllərinə alsınlar və əgər arxivlərində varsa, gedib o jurnalı çıxarsınlar, müqayisə etsinlər. "Azərbaycan internəşnl" ondan qat-qat üstün səviyyədə nəşr olunan bir jurnaldır.

Jurnalın yüksək qiyməti onun yalnız nəşr keyfiyyəti ilə bağlı deyil. Mənim bu jurnala verdiyim yüksək qiymət onun məzmunu ilə əlaqədardır. Bu, nə qədər məzmunlu jurnaldır! Azərbaycanın tarixi, mədəniyyəti, müasir həyatı, ölkəmizin ayrı-ayrı görkəmli şəxsiyyətlərinin əsərləri, onların yaradıcılığı, Azərbaycanın həyatının cürbəcür mənzərələri və çoxlarımızın tanımadığımız, çoxdan unutduğumuz səhifələr - hamısı bu jurnalda böyük ustalıqla, məharətlə, deyə bilərəm ki, çox böyük sevgi ilə, məhəbbətlə açılıb, dərc olunub. Bu məni heyran edir.

Biz bir neçə vaxt bundan əvvəl burada Azərbaycan qaçqınlarının vəziyyətinə həsr olunmuş foto-albomun təqdimat mərasimini keçirdik. Ancaq təəssüf ki, o, gec bir zamanda oldu. "Azərbaycan internəşnl" jurnalı iki nömrəsini Azərbaycan qaçqınları mövzusuna həsr edibdir və nə qədər məzmunlu, mənalı fotoşəkillər tapıb dərc edibdir. Şübhəsiz ki, bax bunu oxuyan hər bir insan Azərbaycanda qaçqınların olduğunu və onların nə vəziyyətdə yaşadığını çox gözəl dərk edə bilər.

"Azərbaycan internəşnl" jurnalında Azərbaycanın parlaq nailiyyətləri, tarixinin parlaq səhifələri necə gözəl əks olunub! Mən sonuncu nömrəyə baxdım. Burada Azərbaycan kinosunun tarixindən bir çox səhifələr, bir çox məşhur kinofilmlərimiz, onların ayrı-ayrı kadrları haqqında çox gözəl rəngli fotoşəkillər verilibdir. Orada "Nəsimi", "Babək", "Arşın mal alan", "Məşədi İbad" və başqa kinofilmlərimiz, kino xadimlərimiz haqqında fotoşəkillər dərc olunubdur. Bilirsiniz, onlara baxanda çox şeyləri unutduğumuzu görürük. Bizim mədəniyyətimizin bütün sahələri, o cümlədən kinematoqrafiya sahəsi nə qədər zəngindir, nə qədər gözəl əsərlər yaranıbdır. Bunu bizim özümüz bilirik, amma çoxları indi onu unudubdur. Ancaq bunları Amerika da, İngilətərə də, Almaniya da, Fransa da bilməlidir. Bütün dünya bilməlidir ki, Azərbaycan xalqının mədəniyyəti bu qədər yüksək səviyyələrə qalxıbdır.

Bu jurnalın ən gözəl xüsusiyyətlərindən biri də odur ki, bizim çoxlarımızın həyatımızda olan, bəzən görmədiyimiz gözəl hadisələri gedir, tapır, öz səhifələrində göstərir. Bu məlumatlar bəzən bizə, o cümlədən mənə də bu jurnal vasitəsilə gəlir. Bu da çox maraqlıdır.

Məsələn, bizim gənc müğənnimiz var - Surxay Əsgərov. O, iki ildir ki, meydana çıxıbdır, çox gözəl gələcəyi olan bir gəncdir. Şəxsən mən Surxay Əsgərov haqqında ilk məlumatı bu jurnaldan almışam. Betti xanım bu jurnalı mənə təqdim edərkən Surxay Əsgərov haqqında geniş məlumat veribdir. Bundan sonra, gərək ki, incəsənət muzeyində bir axşam konserti düzəltmişdilər. Mən orada Surxay Əsgərovu dinləyib onun istedadı ilə tanış olmuşam.

Bu jurnal həm Üzeyir Hacıbəyovu, Rəşid Behbudovu, Niyazini, həm bizim böyük şairlərimizi, rəssamlarımızı təbliğ edir, həm də bu gün meydana gələn gənc istedadlarımızı təbliğ edir. Bu, nə qədər gözəl təşəbbüsdür, işdir!

Mənim bu jurnal haqqında o qədər böyük təəssüratım var ki, bütün bunlar barədə çox danışmaq olar. Ən mühüm cəhət bir də ondan ibarətdir ki, bu jurnal artıq 47 ölkədə yayılır, 7 min nüsxə tirajla nəşr olunur. Demək, bu jurnal 47 ölkədə, özü də yüksək dövlət dairələrində, ictimai təşkilatlarda, böyük biznes, maliyyə mərkəzlərində yayılır. Bu, çox əhəmiyyətlidir.

Jurnalın gördüyü çox gözəl işlərdən biri də Azərbaycan musiqisinin kompakt disklərə yazılması və dünyaya yayılmasıdır. Xanım Betti bu barədə geniş məlumat verdi. Bu, bizim üçün çox faydalı bir işdir. Onlar şəxsən mənə də kömək ediblər. Mən indi məni ziyarət edən qonaqlara "Azərbaycan internəşnl" jurnalını və Azərbaycan bəstəkarlarının gözəl musiqi əsərlərindən ibarət kompakt diskləri hədiyyə verirəm.

Bu jurnalı nəşr edənlərin fəaliyyətinin ən gözəl cəhəti bir də ondan ibarətdir ki, onların nə redaksiya heyəti, nə böyük ştatı, nə katibləri, nə də çoxlu telefonları var. Heç bir şeyləri yoxdur. Ər-arvad - Betti xanım və Piruz Xanlı, bir də bizim alimimiz Məzahir onlarla birlikdə bu jurnalı yaradırlar. Görün onlar nə qədər gözəl nümunə göstərirlər! Respublikamızda bir jurnalın, qəzetin çıxması üçün deyirlər ki, buna böyük ştat, avtomobil vermək, tez telefon çəkmək, özü də hökumət telefonu çəkmək, sonra başqa şeylər lazımdır. Amma qəzetin də, jurnalın da keyfiyyəti yoxdur, çoxları da heç onu oxumurlar. Ancaq görürsünüz, bu iki-üç adam nə qədər iş görür.

Bunlar hamısı ona görə mümkün olur ki, onlar Azərbaycanı çox sevirlər, ölkəmizə çox ədalətli münasibəti olan insanlardır və öz işlərinin çox böyük entuziastlarıdır. Yalnız və yalnız böyük entuziastlar möcüzələr yarada bilərlər. Onlar məhz bu cür insanlardır. Ona görə də mən onları xüsusi qiymətləndirirəm.

Ümid etmək olar ki, bu jurnal daim yaşayacaq, təkcə Amerika Birləşmiş Ştatlarında yox, dünyanın bir çox ölkələrində Azərbaycanın həqiqətlərini gündən-günə daha da parlaq şəkildə yayacaqdır. Ümid edirəm ki, bu jurnalın illik sayı da artacaqdır. Onlar bu jurnalı ildə dörd dəfə buraxırlar. Çox arzu edərdim ki, onlar işlərini, jurnalın sayını bir az artırsınlar, onun sayı ildə bəlkə beş, altı dəfə olsun. Bunu da edəcəklər. Çünki birinci nömrədən sonuncuya qədər olan böyük inkişafı görərkən hesab edirəm ki, qarşıdakı iki-üç il içərisində onlar bu jurnalı həm sayca, həm keyfiyyətcə, həm də məzmunca daha da yüksəklərə qaldıracaqlar.

Jurnalın son xidmətlərindən biri də Azərbaycan prezidentinin Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərinə həsr olunmuş, onların yaratdığı və burada təqdim etdikləri kitabdır. Bu kitab da çox yüksək səviyyədə yaranıbdır. Hesab edirəm ki, jurnal kimi, bu kitab da Azərbaycanın bugünkü həyatının, həqiqətlərinin, xarici siyasətimizin və Azərbaycan-Amerika Birləşmiş Ştatları əlaqələrinin dünyada təbliğ olunması üçün çox dəyərli xidmətlər edəcəkdir.

Mən Sizi, xalqımızı, vətəndaşlarımızı Azərbaycan üçün çox böyük əhəmiyyətli olan "Azərbaycan internəşnl" jurnalının əldə etdiy nailiyyətlər münasibətilə təbrik edirəm. Mən bu jurnalı yaradıb bu qədər yüksək səviyyəyə çatdıran insanları - xanım Bettini, dostumuz Piruz Xanlını ürəkdən təbrik edirəm. Onlara təşəkkür edirəm və bu xeyirxah işlərində yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

Tarixi arayış

MƏDƏNİYYƏT