Xocalı


Xankəndi-Ağdam yolunun üzərində şəhər. Xocalı rayonunun inzibati mərkəzidir. 1990-cı ildə şəhər statusu verilib. 26 fevral 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən MDB silahlı qüvvələrinin 366-cı motoalayının dəstəyi ilə işğal olunub. Xocalının işğal etməklə ermənilər bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırırdılarsa, digər tərəfdən ümumiyyətlə, bu şəhəri yer üzündən birdəfəlik silmək istəyirdilər. Çünki Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirən yaşayış məskəni idi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür.

Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.

Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.