Rzayev Oqtay Əli Yusif oğlu. “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN RESPUBLİKASININ QLOBALLAŞMA DÖVRÜNDƏ İNTEQRASİYA VƏ İNKİŞAF SİYASƏTİ” (2009)


23.00.04 - beynəlxalq münasibətlərin və qlobal inkişafın siyasi problemləri

 

siyasi elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

 

AVTOREFERATI

DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri, Yer kürəsinin bütün qitələrini əhatə edir. İnteqrasiyanın bir çox tədqiqatçıları onun yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu adlandırırlar. Regional və qlobal əməkdaşlığın intensivləşməsi meyllərini Asiyada da, Afrikada da, Amerikada da müşahidə etmək olar. Lakin, ən aşkar və əyani inteqrasiya nümunəsini, gerçək tədqiqini tapmış inteqrasiya modelini əlbəttə ki, hələlik yalnız Qərbi Avropa timsalında tam mənzərəsi ilə görmək olar. Son əlli ildə dünya birliyinin bütün dövlətlərinə nüfuz edən qarşılıqlı əməkdaşlıq münasibətlərinin əlli il əvvəl təsəvvürə belə gəlməyən nəticələrinə, bəhrəsinə məhz bu məkanda nail olunmuşdur.

Bu baxımdan, inteqrasiya problemi bizim günlərdə konkret təcrübi məsələdən, məhdud elmi çərçivədə təhlil edilən mövzudan qlobal əhəmiyyətli, taleyüklü məsələyə çevrilmişdir. İnteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə düzəlişlər edir, xalqların taleyində dönüş nöqtələrinə təkan verir, dünya inkişafının başlıca meyllərini şərtləndirir.

XX əsrin sonu, XXI əsrin əvvəlləri dünya elmi ictimaiyyətinin qlobal proseslərə, onun mahiyyətinə, nəzəri əsaslarına və konseptual modellərinə getdikcə artan diqqəti ilə müşayiət olunmaqdadır. Müasir dünyada bütün ölkələri əhatə edən inteqrasiya fenomeni, onun suveren milli dövlətlərə təsirinin nəticələri, yaxın və uzaq ölkələrlə əməkdaşlığın qarşılıqlı, faydalı modellərinin axtarışı bu proseslərin obyektiv, elmi əsaslarının və hərtərəfli konsepsiyasının müəyyənləşməsinə böyük ehtiyac yaratmışdır.

Müstəqil Azərbaycan dövlətinin yaradıcısı ümummilli lider Heydər Əliyevin dəyişən, yeni dünya düzənində regional və qlobal inteqrasiyanın strateji xəttini milli inkişafın prioritet istiqamətlərindən biri kimi önə çəkməsi, onu ardıcıl olaraq həyata keçirməsi, bu yöndə aparılan bütün fəaliyyətini müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın dünyada özünü təsdiqinə nail olması bu gün hamı tərəfindən qəbul olunmuş gerçəklikdir. (Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır. B., Azərbaycan nəşriyyatı, 1994, s.31)

Azərbaycan dövlətinin Avropaya və Avrasiyaya inteqrasiyasının siyasi prinsip və əsasları ulu öndərin alternativi olmayan qalibiyyət kursunun ayrılmaz tərkib hissəsidir. Heydər Əliyevin inteqrasiya xəttinin siyasi, iqtisadi, mədəni, sosial, hüquqi aspektlərinin kompleks elmi təhlili, onun dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən optimal əməkdaşlıq modelinin hərtərəfli araşdırılması, inteqrasiya sahəsində beynəlxalq təcrübə və Azərbaycanın konkret nümunəsinin əlaqəli şəkildə tədqiq edilməsi bir çox sahələrdə olduğu kimi, politologiya elminin də mühüm vəzifələrindən biridir.

Son onilliklərdə geniş vüsət alan, getdikcə daha da intensivləşən inteqrasiya, qloballaşma və regional əməkdaşlıq formalarının Azərbaycan üçün əlverişli və sərfəli olan ən optimal modellərini müəyyənləşdirən ulu öndərin siyasi irsinin geniş tədqiqi daim dəyişən dünyada inteqrasiyanın yeni istiqamətləri, formaları kontekstində də aktuallıq kəsb edir. Postsovet məkanında inteqrasiya proseslərinin spesifikası, ikitərəfli və çoxtərəfli əməkdaşlığın, regional inteqrasiyanın intensivləşməsi ulu öndərin siyasi irsinin Azərbaycan və dünya ölkələri arasında münasibətlərin təkmilləşməsi baxımından yenidən dərin təhlilini gündəmə gətirir. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətındə kompleks tədbirlər həyata keçirən ümumilli lider Heydər Əliyev məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan və dünya politologiya elmi üçün böyük nəzəri- metodoloji əhəmiyyətə malikdir.

Azərbaycanın dünya birliyinə inteqrasiyası, onun regional inteqrasiya qurumlarını yaratmaq, burada təmsil olunmaq prosesində milli inkişaf strategiyasının üzvi tərkib hissəsi kimi, qlobal meyllərlə nə dərəcədə uzlaşması, dövlət suverenliyinin ilkin və müqəddəm şərt kimi, beynəlxalq münasibətlərin bərabərhüquqlu siyasətinin atributu kimi mövzular aspektində araşdırılması, bu proseslərin ən səmərəli forma və modellərinin ayırd edilməsinə xidmət edir. Belə ki, müasir beynəlxlaq münasibətlərin subyektləri, faktorları qismində yeni çoxsaylı qurumların meydana gəlməsi «suveren milli dövlət və inteqrasiya proseslərinin siyasi aspekti» problemini həddən çox aktual etmiş, müzakirələrin mərkəzinə gətirmişdir. İnteqrasiya prosesində dövlət, onun rolu, funksiyaları və vəzifələrinin dəyişməsinə dair fikir müxtəlifliyi çeşidli mövqelər, nəzəri yanaşma və baxışlar doğurmuşdur.

Ümummilli lider Heydər Əliyevin inteqrasiya sahəsində siyasi irsinin geniş təhlili bu baxımdan da bütövlükdə, dövlət və inteqrasiya aspektində, konkret olaraq isə suveren Azərbaycan dövlətinin qlobal inkişafının meylləri və tələbləri kontekstində inteqrasiya potensialının aşkarlanmaşı, onun siyasi təcrübəsinin ümumiləşdirilməsi və təbliği istiqamətində də geniş öyrənilməlidir.

İnteqrasiya probleminin hər bir ölkəsinin müasir inkişafı və gələcək perspektivləri baxımından ulu öndərin fəaliyyətinin beynəlxalq və milli aspektlərdə təhlilinə həm elmi, həm də sosial sifarişi şərtləndirmişdir.

Bu gün bir çox ölkələrdə beynəlxalq inteqrasiya proseslərinin nəzəri, konkret – praktiki istiqamətləri ayrıca elmi fənn və xüsusi tədris kursu kimi öyrənilir. Bununla yanaşı inteqrasiya fenomeni, onun çoxçalarlı mahiyyəti beynəlxalq və milli təzahürləri, regional və qlobal spesifikliyi barədə hələlik bitkin, tam formalaşmış politoloji nəzəriyyənin mövcudluğundan danışmaq tezdir. Bu və digər məsələlər qloballaşma dövründə inteqrasiyanın elmi tədqiqini zəruri edir.

Tədqiqatın obyektini Ümummilli lider Heydər Əliyevin müasir dünyada, Avropada və MDB məkanında gedən intensiv inteqrasiya proseslərinə, Azərbaycanın xarici siyasətinə, iqtisadiyyatına, milli maraqlarına və inkişaf strategiyasına uyğun məqsədyönlü şəkildə qoşulmasını təmin edən siyasi fəaliyyəti təşkil edir.

Tədqiqatın predmetini qarşılıqlı əməkdaşlıq münasibətlərinin, Azərbaycanın dünya birliyinə inteqrasiyasının politoloji aspektləri, onun çoxşaxəli təsirlərinin kompleks təhlili təşkil edir.

Mövzunun işlənmə dərəcəsi. Müasir dünyada gedən beynəlxalq inteqrasiya proseslərinin təhlili və tədqiqinə yanaşmada fikir müxtəlifliyi, konseptual mövqelər, inteqrasiyanın formaları, mexanizmləri, prinsipləri, optimal modellərinə dair ziddiyyətli, bəzən bir-birinə kökündən əks olan fərqli mövqelər ortaya çıxmışdır.

Xüsusilə də inteqrasiya fenomeni və suveren milli dövlət münasibətləri, bu qarşılıqlı asılılığın xarakteri və dərəcəsi, iqtisadi və siyasi faktorların nisbəti məsələsi ayrı-ayrı prizmalardan müxtəlif cür fərqləndirilir. Bu baxımdan inteqrasiya mövzusunun işlənmə dərəcəsini müxtəlif prinsiplər üzrə qruplaşdırmaq olar. Burada həm coğrafi prinsiplər üzrə, məsələn Qərb, ümumiyyətlə dünya tədqiqatlarını, MDB məkanında aparılan araşdırmaları, habelə Azərbaycanda mövcud olan tədqiqatları göstərmək olar.

Fikrimizcə, problemin tədqiqi sahəsində mövcud olan araşdırmaları, əvvəla, mövzuya kompleks yanaşan müəlliflər, sonra da müxtəlif inteqrasiya konsepsiyaları və nəzəriyyələr üzrə təsnifləşdirilməsi daha məqsədəuyğundur. Belə olduqda həm məlum yanaşmaların mahiyyəti, həm Azərbaycan müəlliflərinin inteqrasiya probleminə münasibəti, həm də ən başlıcası ümummilli lider Heydər Əliyevin strateji inteqrasiya siyasətinin mövcud prinsiplərlə müqayisədə özəllikləri və üstün cəhətlərinin daha aşkar nəzərə çatdırılması mümkündür. İnteqrasiya fenomeninin, о cümlədən, onun Avropa modelinin sistemli, bütöv təqdimatı, kompleks təhlili sahəsindəki tədqiqatlar məlumdur. Bu baxımdan dissertasiya üzərində işləyərkən bir sıra müəliflərin əsərlərindəki fikir və mülahizələrdən dissertasiyanın istiqamətinə uyğun olaraq istifadə olunmuşdur.

Rus müəlliflərindən problemlə məşğul olan Y.A. Borko, А.V. Zoqorski və S.А. Karaqanov (Борко Ю.А., Зогорский А.В. Караганов С.А. Общий Европейский дом: что мы о нем думаем? М. МО, 1991), Y.V. Şminov (Шминов Ю.В. Интеграционные процессы на пороге XXI века. Почему не интегрующся страны СНГ М., 2001, 479 с.), V.Q. Baranovski (Барановский В.Г. Политическая: интеграция в Западной Европе. Некоторые вопросы теории и практики М. 1989), Y.A Borko və О. Buturina (Борко Ю. Буторина О. Перспективы Евросоюза в новом веке//Современная Европа, 2001, №3), Е.Т.Usenko (Усенко Е.Т. Интеграция как всемирно-исторический процесс и международное право. М.:1992), А.М. Salmin (Салмин А.М. Россия, Европа и новой мировой порядок. М.: 2001), Е.F.Avdokuşin (Авдокушин Е.Ф. Международные экономические отношения. М.: 1999), P.А. Sıqankov (Цыганьков П.А. Политическая социология международных отношений. М.: 1994), О.V. Qrisay (Грицай О.В. Западная Европа: региональные контакты на новом этане НТР. М.: 1998), N.V. Zaqladin, V.N.Dahin və Х.Т. Zaqladina (Загладин Н.В., Дахин В.Н., Загладина Х.Т. Мировое политическое развития: век XX. М.: 1995), M.А.Xrustalyov (Хрусталев М. А. Системное моделирование международных отношений. М.: 1987), К. Voronov (Воронов К. Четвертое расширение ЕС: Тормоз или стимул интеграции.// МЭ и МО. 1996. №8) və başqalarının tədqiqatlarında, habelə bir sıra kollektiv nəşrlərdə (Европейский Союз. Прошлое, настоящее и будущее. От единого рынка к Европейскому Союзу. М.: 1994; Мир на пороге XXI столетия. Западная Европа: региональные контакты на новом этапе НТР.М: 1998) inteqrasiyanın inkişaf tarixi, ziddiyyətləri, qazandığı təcrübə və hüquqi təbiəti kimi məsələlər ətraflı araşdırılmışdır.

İnteqrasiya sahəsində mövcud olan müasir nəzəriyyələrə, onların təhlilinə dair tədqiqatlara misal olaraq erkən liberalizm və neoliberalizm sahəsində bir sıra tədqiqatlar mövcuddur ki, bunlarda inteqrasiyanın təkcə siyasi-hüquqi aspektləri yox iqtisadi aspektləri, beynəlxalq sərhədlərin şəffaflaşması nəticəsində iqtisadi inteqrasiyanın perspektivləri kimi məsalələr elmi-nəzəri baxımdan təhlil edilir, habelə praktiki nəticələrlə nəzəri məsələlər arasında paralellər və analoqlar aparılır, bununla da inteqrasiyanın fərdi spesifik xüsusiyyətləri açılı göstərilir və müasirliklə bağlanır (Интеграция. Международные экономические отношения. Под ред. Ю.А. Щербинина, М.: 1997; Molle W. The economics of European integration: theory, practice, policy, Dortmouth, 1997. A.A. Tovias European integration: theories and approadies University Press of America, 1994; Theories of political integration IV-V,1994 və s.)1.

İnteqrasiyanın korporativ, dirijist, funksional və neokeynsian nəzəriyyəsinin nümayəndələri inteqrasiya proseslərinin öyrənilməsinə ciddi fikir vermiş, onun neqativ və pozitiv tərəflərini, nəzəri aspektlərini habelə, inteqrasiyanın bir sıra nəzəriyyələrlə bağlılığını, nəzəriyyə və praktikanın alınan və alınmayan təraflərini aydınlaşdırmışlar. Problemə belə yanaşma nəinki müasir rus politoloji fikrinin, habelə, Qərb ictimai-siyasi nəzəriyyələrinin (D.Corbey Dialectical funksionalalism staguation as a booster of European integration // International organization, 1995, volume 49 № 2; Cappdetti M. Integration through law: Europe and American federar experience (in 3 vols), New-York, 1996, v. 1, book 1) daim diqqət mərkəzində olmuşdur. Belə ki, Qərb müəlliflərindən Y.Tinberqen (Тинберген Я. Теория экономической политики, М.: 1982) inteqrasiyanın iqtisadi siyasətlə bağlığının mahiyyətinə aydınlıq gətirmişdir. Problemə belə yanaşma rus müəlliflərindən İ.D. İvanov (И.Д. Иванов Расширение ЕС на Восток: последствия для Роcсии //Современная Европа, 2003) və А.D. Şutov (А.Д.Шутов. На руинах великой Державы. М.: 2004) tədqiqatlarında habelə, kollektiv nəşrlərdə (Интеграционные процессы в развивающемся мире. М:1999. Будущее Европы, будущее Европейского Союза//Диалог, 2005, апрель; Расширение ЕС на Восток. Позиции стран Евросоюза. М: ИМЭМО, 2002, Ближнее и дальнее зарубежье в геоэкономнческой стратегии России. Отв. Ред. Ю.В Шинщиков М: ИМЭМО РАН, 1997) özünü göstərir.

Azərbaycan alimlərinin inteqrasiya problemi, onun regional və qlobal aspektlərinə dair dəyərli tədqiqatları mövcuddur. Məlum olduğu kimi, Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etdiyi gündən Qərb dəyərlərinə üstünlük verməsi və Avropa inteqrasiya proseslərinə qoşulmağı başlıca məqsəd elan etməsi daim elmi-ictimai fikrin diqqətini məşğul etmişdir. Azərbaycan siyasətşünaslığı problemə belə yanaşmanın gedişində sanballı tədqiqat əsərlərini və elmi məqalələri ortaya qoymuşdur. Azərbaycanlı müəlliflərdən Ə.Həsənov (Həsənov Ə. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri (1991-1996), Bakı, 2000; Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı 2005), A.Abbasbəyli və R.Mustafayev (Abbasbəyli A. Mustafayev R. Çoxtərəfli və regional diplomatiyanın əsasları. Bakı, 2001; Abbasbəyli A. Azərbaycan müasir dövrdə. Bakı, 1998; Mustafayev R. Fikir azaddır. Bakı 2000; Аббасбейли А. Аббасбейли Э. Гейдар Алиев и мировая политика,Баку, 1999 və s.), R.Mehdiyev (Mehdiyev R. XXI əsrdə milli dövlətçilik. Bakı, 2003; Mehdiyev R. Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti. Bakı, 2008), H.Hüseynova (Hüseynova H. Azərbaycan Avropa inteqrasiya prosesləri sistemində. 1991-1997, Bakı. 1998), M.Qasımov (Qasımov M. Azərbaycanın xarici siyasəti (konsepsiya məsələləri), Bakı, 1997), M.Əhmədov (Əhmədov М. Azərbaycan yeni neft erası və beynəlxalq siyasəti. Bakı, 1997), N.Nəsibli (Nəsibli N. Azərbaycanın geopolitikası və neft. Bakı 2000), E.Aslanov (Aslanov E. Yeni dünya nizamı və milli inkişaf. Bakı, 2006), R.Aslanova (Aslanova R. XXI əsr; yeni mədəniyyət məkanına inteqrasiya. Bakı, 2007), N.Abdallı (Abdallı H. «Azərbaycanın Avropaya inteqrasiya yolları // Sosial-siyasi problemlər, 2007, №1-2), A.Vəliyev (Həsənov Ə., Vəliyev A. Azərbaycan və xarici ölkələrin siyasi sistemləri. Bakı, 2007; Vəliyev A. Azərbaycanın inteqrasiya proseslərinə qoşulmasında Avropa Şurasının rolu Bakı. 2005), H.Rəcəbli və V.İbayev (Rəcəbli H., İbayev V. Avropa Şurası, Bakı, 1999) kimi müəlliflər inteqrasiya proseslərini Azərbaycanla bağlamağa müvəffəq olmuş, bununla da nəzəriyyə ilə praktikanın birliyini göstərməyə çalışmışlar.

Göstərilən əsərlər inteqrasiya probleminə dair dəyərli tədqiqat əsərləri hesab oluna bilər. Bu əsərlərdə ümummilli lider Heydər Əliyevin inteqrasiya kursunun bu və ya digər aspektlərinə toxunulmuşdur. Bununla belə, hələlik ulu öndərin dünya birliyinə inteqrasiya siyasətinin politoloji konteksti bütövlükdə və ayrıca təhlil predmeti olmamışdır.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın başlıca məqsədini qloballaşma dövründə Azərbaycan Respublikasının inteqrasiya və inkişaf siyasətində Heydər Əliyevin rolunun, ümumilli lider faktornun politoloji təhlili təşkil edir. Bu əsasda ulu öndərin inteqrasiya strategiyasının milli və beynəlxalq aspektləri, çoxşaxəli fəaliyyətinin Azərbaycanın indiki və gələcək perspektivləri üçün əhəmiyyətinin aşkara çıxarılmasına əsas diqqət yönəldilmişdir. Qarşıda qoyulan məqsədə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:

- müasir dövrün beynəlxalq inteqrasiya proseslərinin politoloji səciyyəsinin verilməsinə cəhd edilməsi;

- beynəlxalq təcrübədə siyasi inteqrasiya proseslərinə konseptual, nəzəri-metodoloji yanaşmalara münasibət bildirilməsi;

- Avropada gerçəkləşən inteqrasiya modelinin universal və Azərbaycan üçün spesifik aspektdə əhəmiyyətinin dəyərləndirilməsi;

- postsovet məkanında siyasi inteqrasiya proseslərinin spesifikliyinin aşkarlanması;

- ümummilli lider Heydər Əliyevin enerji strategiyasının Avropaya inteqrasiya baxımından kompleks təhlil edilməsi;

- dünya birliyinə inteqrasiyanın Heydər Əliyev siyasətinin, beynəlxalq əməkdaşlığın optimal modeli kimi əsaslandırılması;

- ümummilli liderin inteqrasiya siyasətinin prinsiplərinin tədqiqi və onların beynəlxalq inteqrasiya təcrübəsini zənginləşdirən potensialının aşkarlanması.

Tədqiqatın nəzəri və metodoloji əsasları. Bu tədqiqatın metodoloji xüsusiyyətini səciyyələndirən əsas cəhət onun müxtəlif elmlərin qovuşuğunda - politologiya, beynəlxalq münasibətlər, iqtisadiyyat, sosial elmlər, fəlsəfə və s fənlərin sərhəddində araşdırılan problemlərin sırasında olmasıdır. Bu baxımdan tədqiqatın nəzəri - metodoloji əsasını sistemli yanaşma, struktur - funksional təhlil, müqayisəli politoloji yanaşma, tarixilik və məntiqilik, analiz və sintez prinsipləri təşkil etmişdir. Mövzunun tədqiqinə belə elmlərarası yanaşma bizə ümumdünya inteqrasiya proseslərinin milli, regional və qlobal istiqamətlərini vəhdətdə, sıx əlaqədə nəzərdən keçirməyə imkan verir.

İnteqrasiyanın Heydər Əliyev tərəfindən gerçəkləşdirilən modelinin siyasi aspektləri, оnun Avropa inteqrasiya modeli ilə ümumi və fərqli cəhətləri məhz bu əsasda müqayisəli şəkildə aşkarlana bilər. Təsadüfi deyil ki, H.Əliyevin yaradıcılığını əks etdirən əsərlər, habelə çıxış və məruzələri metodoloji və mənbəşünaslıq baxımından əsas kimi götürülmüşdür. (Müstəqilliyimiz əbədidir. I-XIII kitablar. Bakı, Azərnəşr, 1996-2005, 448 s.; Müstəqillik yolu. Bakı, Azərnəşr, 1997, 375 s;)

Sistemli yanaşma metodu inteqrasiyanın universal (qlobal) və unikal spesifik (milli) təzahürlərinin əlaqəli şəkildə təhlilinə imkan vermişdir. Müxtəlif ölkələrdə inteqrasiyanın təkamülü, intensivliyi və sürətinin təhlili üçün isə müqayisəli- politoloji tətbiqinə cəhd edilmişdir. Bütövlükdə isə, tədqiqatın metodoloji əsası, təhlil üçün seçilən mövzunun predmeti ilə bağlı olduğundan müxtəlif nəzəri yanaşma və konsepsiyaların sistemli sintezinə üstünlük verilmişdir.

Tədqiqatın elmi yeniliyi. Tədqiqat işində ilk dəfə müasir dünyada və Avropada gedən inteqrasiya proseslərinin suveren Azərbaycan məkanında ümummilli lider Heydər Əliyevin strateji inteqrasiya siyasəti ilə üzvi bağlılıqda sistemli politoloji təhlilinə cəhd edilmişdir. Son illər aparılan tədqiqatlarda əsasən inteqrasiyanın iqtisadi aspeklərinə daha çox diqqət ayrılmışdır. Mövcud kontekstdə Azərbaycanın dünya birliyinə uğurlu inteqrasiyasını təmin edən Heydər Əliyev kursunun siyasi prinsipləri, strateji istiqamətlərinin əhəmiyyəti, beynəlxalq təcrübə üçün yeni olan forma və mexanizmlərinin gerçəkləşdirilməsi diqqət mərkəzinə gətirilmişdir.

Bu baxımdan tədqiqatda:

- inteqrasiyanın müsbət nəticələrinin əldə edilməsi vurğulanmışdır.

- Müasir Azərbaycanı regionda və dünyada inkişafın lideri səviyyəsinə yüksəlməsini təmin edən ilkin şərt qismində ümumilli lider Heydər Əliyevin alternativi olmayan siyasi kursunun başlıca amilləri və meyarlarının aşkara çıxarılmasma səy göstərilmişdir.

- Ulu öndərin dünya ölkələri ilə əməkdaşlıq siyasətinin qlobal məkana inteqrasiyanın optimal forması kimi səciyyələndirilmişdir.

- Azərbaycanın konkret təcrübəsi timsalında elmi əsaslandırmanın zəruriliyi vurğulanmışdır.

- Heydər Əliyevin enerji strategiyası, qlobal enerji təhlükəsizliyi və diplomatiyası siyasi inteqrasiyanın ən önəmli faktoru kimi politoloji təhlilə cəlb edilmişdir,

- İnteqrasiyanın siyasi aspektində suveren, milli dövlətin beynəlxalq münasibətlərin müstəqil, bərabərhüquqlu faktoru kimi rolunun heç bir başqa subyektin əvəzləyə bilməməsi xüsusi vurğulanmışdır;

- Siyasi müstəqilliyin, inteqrasiya iştirakçılarının statusunu müəyyən edən ilkin müqəddəm şərt kimi ulu öndərin bütün fəaliyyəti boyu rəhbər tutduğu əsas prinsip olduğu göstərilmişdir;

- Müasir dövrdə qlobal inteqrasiyanın hədsiz intensivləşməsi, qeyri-dövlət statuslu iştirakçı-subyektlərin meydana gəlməsi ilə əlaqadar milli dövlətin rolunun heçə enməsi kimi təsvir edən nəzəriyyə və konsepsiyalara birmənalı münasibət bildirilmişdir. Bütün mərhələlərdə, bütün səviyyələrdə inteqrasiyanın başlıca subyekti qismində müstəqil milli dövlət çıxış edir və edəcəkdir. Heç bir başqa qeyri-rəsmi, fövqəlmilli qlobal və ya dövlətlərarası qurum «dövlət» subyektini əvəzləyə bilməz.

- Tədqiqat işində inteqrasiya, onun mexanizmləri və formalarına, modellərinə dair mövcud olan bəzi baxışlara tənqidi münasibət bildirilir.

- Regional inteqrasiyanın siyasi faktorları diqqət mərkəzinə gətirilir.

 - İstər «klassik Avropa», istərsə də «yeni regionalizm» modellərinin iqtisadi və siyasi amillərin nisbətindən xeyli dərəcədə asılı olduğu irəli sürülür. Heydər Əliyevin inteqrasiya siyasətinin təhlili nəticəsində Azərbaycan təcrübəsinin yaxın və uzaq müddətli perspektivlər üçün dünyada əməkdaşlığın optimal modeli qismində çıxış etdiyi əsaslandırılmışdır.

- MDB məkanında ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətlərinin paralel şəkildə intensivləşməsinin daha səmərəli olması nəzərə çatdırılmışdır.

- Postsovet məkanında inteqrasiya proseslərinin başlıca spesifikliyini burada suveren milli dövlətlərin yaranması, beynəlxalq təcrübə üçün qeyri-tipik olan inteqrasiya meyllərinin ortaya çıxmasını şərtləndirdiyi xüsusi vurğulanır. Bunun da öz növbəsində inteqrasiyanın keyfiyyətinə və sürətinə ləng, qeyri-bərabər və ziddiyyətli təsir göstərdiyi təhlil edilir. Suverenlik əldə edildikdən sonra dinamik inkişafın templərində, maddi rifah və iqtisadi yüksəlişin xarakterində

mövcud olan fərqlər, MDB ölkələrində miqyaslı inteqrasiya proseslərinin axarına öz təsirini göstərir. Bəzi dövlətlərin (məsələn, Ermənistanın) müstəqil siyasət yürütmək əvəzinə yenidən hər hansı böyük dövlətin «əlavəsinə» çevrilmək yönündə siyasəti də, ardıcıl suveren xətti həyata keçirən digər dövlətlərlə müqayisədə inteqrasiyanı fərqli edən, onu zəiflədən inteqrasiya xəttinin həyata keçirilməsi postsovet məkanında da əməkdaşlığın perspektivlərini müəyyən edən əsas prinsiplərdəndir.

- Tədqiqat işində inteqrasiyaya dair mövcud olan dünya təcrübəsinin yerli-milli spesifikliyi, milli-maraqları və suveren perspektivlərini nəzərə alaraq, onların optimal balansından çıxış edən ümummilli lider Heydər Əliyevin inteqrasiya modelinin dünya politoloji fikri kontekstində mütərəqqi təcrübə kimi geniş təhlili və təbliğinin zəruriliyi əsaslandırılmışdır.

- Azərbaycan Respublikasının ümümavropa təhlükəsizlik sisteminə inteqrasiyasının vacibliyinə dair Heydər Əliyev konsepsiyasının elmiliyi göstərilmişdir.

Tədqiqatın nəzəri-praktik əhəmiyyəti təhlil predmeti seçilən mövzunun aktuallığı ilə müəyyən olunmuşdur. Araşdırma nəticəsində əldə olunan ümumiləşdirmə, tövsiyə və nəticələr həm Azərbaycanın dünya birliyinə inteqrasiyası, həm də intensiv inkişaf edən beynəlxalq münasibətlərin daha da təkmilləşdirilməsi üçün ümummilli liderin siyasi irsinin təbliği yönündə əhəmiyyətə malikdir.

Tədqiqat işi qloballaşma və inteqrasiya proseslərində milli dövlət, onun qarşılıqlı əməkdaşlıq münasibətlərində statusu, funksiyaları və vəzifələrinin müəyyənləşdirilməsinə dair mövcud baxışlarını Azərbaycanın konkret təcrübəsi nümunəsində müqayisəsi, daha səmərəli forma və mexanizmlərin axtarışı yönümündə tətbiqi baxımından faydalı ola bilər.

Araşdırmaların nəticələri Azərbaycanın Avropaya inteqrasiyası sahəsində nəzəri və praktiki konsepsiyanın işlənməsində, milli inkişafın qlobal inteqrasiya meylləri ilə əlaqəli strategiyasının hazırlanmasında gərəkli ola bilər.

Tədqiqat işinin nəticələrindən ümumilikdə inteqrasiya, о cümlədən siyasi inteqrasiya, politologiya, beynəlxalq münasibətlər nəzəriyyəsi üzrə xüsusi kursların tədrisində, mühazirələrin hazırlanmasında, proqramların tərtibində mütəxəssislər tərəfindən istifadə oluna bilər.

Tədqiqatın aprobasiyası. Dissertasiya AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda müzakirə edilmiş və müdafiəyə tövsiyə edilmişdir.

Dissertant mövzu ilə bağlı respublika səviyyəsində keçirilmiş seminarlarda iştirak etmişdir. Dissertantın respublika elmi nəşrlərində çap olunmuş məqalə və tezisləri işin fəsillərini və ümumi məzmununu əhatə edir.

Dissertasiyanın quruluşu. İş, giriş, yeddi yarımfəsli əhatə edən iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

 

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU

Girişdə tədqiq edilən movzunun aktuallığı əsaslandırılır, problemin öyrənilmə səviyyəsi, tarixşünaslığı və mənbəşünaslıq məsələləri təhlil edilir, metodoloji məsələlərə aydınlıq gətirilir, tədqiqatın məqsəd və vəzifələri müəyyənləşdirilir, işin elmi yeniliyi və praktiki əhəmiyyəti açılıb göstərilir.

Birinci fəsil «Müasir dövrün əsas inkişaf meyllərinin politoloji səciyyəsi» adlanır. Bu fəsil 3 paraqrafdan ibarətdir. Birinci paraqraf «XXI əsrdə siyasi inteqrasiya proseslərinin konseptual əsasları» adlanır. Müasir dövrdə siyasi və iqtisadi inteqrasiya prosesləri, dövlətlərin regional birlik və ittifaqlarının formalaşması geniş vüsət almışdır. Bunun ən parlaq nümunəsi Avropa Birliyidir.

Avropada inteqrasiya məsələsinin dünya dövlətləri arasında çoxtərəfli əməkdaşlığın optimal forması olduğunu ildən-ilə bu quruma üzv olmaq istəyən ölkələrin sayının durmadan artması da sübut edir. Bütün dünyada siyasi inteqrasiyanın Avropa modelinə müşahidə olunan maraq, bu proseslərin nəinki sadəcə şərhini, həm də dərin elmi-konseptual əsaslarının tədqiqini gündəmə gətirir.

Əvvəla ona görə ki, İkinci dünya müharibəsindən sonra Qərbi Avropada meydana gələn inteqrasiya prosesləri, XX əsrin sonlarına doğru, müasir dünyanın əksər bölgələrinə yayılmağa başlamışdır və hazırda dünya inkişafının səciyyəvi cəhətlərindən birini təşkil edir. Bu proseslərin dərinləşməsi nəinki müasir dövrdə elmin mühüm vəzifələrindən birinə çevrilir, həm də dünya birliyi ölkələrinin XXI əsrdə təkamül proseslərinin ümumi qanunauyğunluqlarını anlamağa kömək edir.

İkincisi, bu gün Azərbaycan dövləti dünya birliyinə inteqrasiyanı milli inkişafın prioritet istiqamətlərindən biri hesab edir. Yeni dünya düzənində öz yeri və rolunu müəyyən etməyə səylə çalışır. Azərbaycan XXI əsrdə, dünya iqtisadiyyatı və siyasətində özünün optimal təsisatlarını müəyyənləşdirmək istiqamətində intensiv siyasi təlimini ardıcıl həyata keçirir.

Ölkəmizdə dövlətin xarici siyasətinin ən mühüm istiqamədərindən birini, şübhəsiz ki, Avropa təşkil edir. Bu məkanda unikal dövlətlərarası inteqrasiya modeli - Avropa Birliyi təşəkkül tapmışdır.

Üçüncüsü, Azərbaycan həm qlobal, həm də regional inteqrasiyanın çoxşaxəli şəbəkəsində yaxından iştirak etməyə çalışır. Bu baxımdan, beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə də inteqrasiyanın Avropa modeli öz zənginliyi və çox maraqlı xüsusiyyəti ilə diqqəti cəlb edir.

İnteqrasiya prosesləri siyasi, iqtisadi, mədəni və s. cəhətdən tədqiqatçılar tərəfindən öyrənilir. Keçən onilliklər ərzində inteqrasiyaya münasibətdə çoxlu baxışlar, mövqelər formalaşmışdır. Bunların sistemləşdirilməsi və ümumiləşdirilməsi inteqrasiya proseslərinin nəzəri-konseptual əsaslarının müəyyənləşdirilməsi vəzifəsinə daxildir.

Digər tərəfdən, bu illər ərzində inteqrasiyanın dinamik inkişafı ilə əlaqədar onun praktiki, real tərəfinə dair faktiki materiallarla nəzəri təhlili arasında bir növ uçurum formalaşmışdır.

“İnteqrasiya” sözünün təşəkkülünə gəlincə bu latın sözü olub, "inteqratio” sözündən götürülüb, “yenidən qurmaq”, “tamamlamaq, zənginləşdirmək” mənasını verməklə, müxtəlif ictimai quruluşlu iki və ya daha çox dövlətlərin fəaliyyətlərinin bir-birinə qarşılıqlı uyğunlaşdırılması və birləşdirilməsidir.

Siyasi elmlər doktoru, H.Hüseynovaya görə, yaşı orta əsrlərə gedib çıxan “inteqrasiya” termini “inteqratio” sözündən olub, “bərpa etmə”, “tamamlama"' kimi mənalandırılır və bu ad altında müxtəlif elementlərin “tam, vəhdətdə birləşdirilməsi" nəzərdə tutulur.

“İnteqrasiya” termini elmi dövriyyəyə ilk dəfə görkəmli alman alimi V.Q.Leybnis tərəfindən gətirilmişdir. O, hesablamanın riyazi inteqrallaşma üsulunu kəşf etmiş, buna əsasən belə qərara gəlmişdir ki, kiçik kəmiyyətlərin sonsuz inteqrallaşması yolu ilə həyat formulunu əldə etmək mümkündür.

Fəslin ikinci paraqrafı «İnteqrasiya prosesləri və beynəlxalq siyasi münasibətlər» adlanır. Bəşəriyyətin yarandığı vaxtdan etibarən onun inkişafını müşayiət edən müxtəlif fenomenlər mövcuddur. Onların hamısı eyni məzmunlu və mahiyyətli deyildir. Bəziləri barədə düşünəndə insanlar daima təəssüf hissi keçirir, onların aradan qaldırılması, təkrar olmamasına yol verməmək üçün var qüvvəsini sərf etməyə hazırdırlar. İnsanlığın adına, missiyasına zidd olan müharibə, münaqişə, qarşıdurma fenomenləri bu qəbildəndir və bu gün dünya insan həyatından müharibə dəhşətini yox etmək üçün bütün vasitələri səfərbər etməyə çalışır.

Lakin bəşər nəslinin bütün dönəmlərdə qürurla xatırlaya biləcəyi, dünyada həmrəyliyə və firavanlığa, birliyə xidmət edərək nizam yaradan səyləri və əzmləri də həmişə olmuş və bu gün həmin səylər daha qətiyyətlə möhkəmlənməkdədir. Müasir dünya nizamının fundamental faktoru kimi qəbul edilən inteqrasiya prosesləri, inteqrasiya meyli belə səylərdəndir.

Qloballaşma dalğasının xüsusi təkan verdiyi inteqrasiya prosesləri yer üzündə bütün ölkələrin və xalqların həmrəyliyi sədalarını daha da yüksəklərə qaldırmağa səbəb olmuşdur. Bu gün beynəlxalq ictimaiyyətin müzakirəyə, gündəmə gətirdiyi ən aktual mövzu - inteqrasiya mövzusudur. İnteqrasiya - müasir dövrün obyektiv, labüd xarakterli inkişaf meyllərindən biridir.

Azərbaycanın beynəlxalq aləmlə münasibətlərinin, dünyanın müstəqil dövlətlərin ailəsinə inteqrasiyasının aparıcı istiqamətlərini, milli maraqlara xidmət edən suveren inkişaf yolunu müəyyənləşdirərkən ümumilli liderin hansı prinsiplərə, əməkdaşlığın hansı forma və mexanizmlərinə, inteqrasiyanın mövcud olan nə kimi nəzəri və praktiki modellərinə üstünlük verməsi, onun alternativi olmayan siyasi kursunda inteqrasiya amilinin yeri və rolu dünya siyasəti üçün nümunə ola biləcək xüsusiyyələri - bütün bunlar politologiya elmimizdə, ictimai elmin başqa sahələrində də öz dərin təhlilini və təbliğini gözləyən məsəllərdəndir.

Ulu öndər Heydər Əliyevin inteqrasiya xəttinin real nəticələrlə, möhtəşəm uğurlarla bu gün daha yüksək səviyyədə davam etdirilməsini təmin edən amillər, ölkəmizin dünyada və regionda inkişaf və inteqrasiya proseslərinin şəksiz liderinə çevrilməsi kimi danılmaz fakt kontekstində geniş araşdırılmasına böyük ehtiyac vardır.

Siyasi inteqrasiya prosesi birgə qərarların qəbul edilməsi üçün formal yaxud da qeyri formal təşkilatların mövcudluğunu tələb edir. Bundan əlavə inteqrasiya siyasi subyektlər arasında daha sıx əməkdaşlığın qurulmasını, ən başlıcası isə ümumi maraq və dəyərlərdən çıxış edilməsini nəzərdə tutur.

Fəslin üçüncü paraqrafı «Postsovet məkanında siyasi inteqrasiyanın spesifikliyi» adlanır. Keçən əsrin 90-cı illərinədək beynəlxalq inteqrasiya məkanı iki binar xarakterli qlobal gücün - sosialist və kapitalist sistemlərinin mübarizə meydanını xatırladırdı. İnteqrasiya məkanları kimi bu sistemlərdə fəaliyyət əsasən siyasi-ideoloji notlara köklənmişdi. Sosialist inteqrasiya sisteminin hərəkətverici qüvvəsi keçmiş Sovetlər İttifaqı, kapitalist inteqrasiya sisteminin havadarları isə ABŞ və aparıcı Qərbi Avrора dövlətləri idi.

Dünya sosialist sisteminin dağılması ilə yaranan yeni dünya nizamı keyfiyyət dəyişikləri tələb edirdi. Həmin dövrdə keçmiş Sovet İttifaqının dağılması ilə milli dövlət müstəqilliyi əldə etmiş respublikaların beynəlxalq münasibətlər sisteminə inieqrasiyası böyük maraq kəsb edən əsas məsələlərdən biri idi. Bu fəsildə postsovet məkanında və xüsusən də, Azərbaycanda inteqrasiya prosesinin səciyyəvi xüsusiyyətləri təhlil edilir.

Dünya sosialist siteminin iflasa uğramasından sonra beynəlxalq münasibətlər sistemində bir-birinə əks olan iki tendensiya özünü daha çox biruzə verirdi. Beynəlxalq sistemin bir qütbündə milli dövlətlərin yaranması əsasında ayrılma, digər qütbündə inteqrasiya zəminində yaxınlaşma prosesləri gedirdi. Bu proseslər ilk baxışda ziddiyyətli görünsə də, mahiyyət etibarı ilə qarşılıqlı şəkildə əlaqəlidir və bir-birini tamamlayır.

Ümumiyyətlə, yeni yaranmış müstəqil dövlətlər dünya inteqrasiya proseslərinə qoşulma yollarını axtarırdılar. Postsovet məkanında inteqrasiya proseslərinin səciyyəvi xüsusiyyətləri bu məkanda keçmiş Sovet İttifaqı respublikalarını birləşdirən inteqrasiya modellərinin yaranması ilə bağlı idi. Postsovet məkanında inteqrasiya proseslərinin həyata keçirilməsi üçün edilən ilk cəhd Müstəqil Dövlətlər Birliyinin yaranmasıdır. Yaradılan Birlik postsovet məkanında yeni inteqrasiya forması kimi qiymətləndirilirdi. Bu əməkdaşlığın və yaxınlaşmanın gələcəyi postsovet məkanında yerləşən dövlətlərdəki sosial-iqtisadi və siyasi şəraitdən, həmçinin ikitərəfli və çoxtərəfli səviyyələrdə qəbul edilən hüquqi sənədlərdən asılıdır. İlk dövrlərdə Müstəqil Dövlətlər Birliyinə böyük ümidlər bəslənilsə də, keçən zaman ərzində birlik daxilindəki proseslərin gedişatı bunun əksini göstərdi.

Fəslin dördüncü paraqrafı «Suveren siyasi sistemin dünyaya inteqrasiyasının mərhələləri» adlanır. Cəmiyyətin siyasi sistemi onun siyasi həyatının tarixən şərtləndirilmiş takamülünün məntiqi, qanunayuğun nəticəsidir.

Bəzi tədqiqatçılar göstərirlər ki, hər bir cəmiyyətin siyasi sistemi həm də onun sinfi və milli təbiəti, ərazi-sosial quruluşu, idarəçilik formaları (Prezident, parlament), dövlətin tipi (respublika, monarxiya), siyasi rejimin xarakteri (demokratik, qeyri demokratik), sosial-siyasi vəziyyəti (sabit, münaqişəli), siyasi-hüquqi statusu (konstitusiyalı, qeyri-konstitusiyalı), siyasi-ideoloji xarakteri (açıq yaxud qapalı dövlət), dövlətçiliyin milli ənənələri, mentalitetin və həyat tərzinin xarakteri (əhalinin siyasi aktivliyi, milli-etnik və tayfa-qohumluq ənənələri və s.) ilə müəyyən olunur.

Müasir milli dövlətlərin yaranması və inteqrasiya anlayışı ilk baxışda bir-birinə zidd proses kimi görünsə də, əslində bu anlayışlar bir-biri ilə qarşılıqlı əlaqəli olub, biri digərinin inkişafının hərəkətverici qüvvəsinə çevrilir. Məsələn, siyasi sistemin effektiv fəaliyyəti həmin sistemi təşkil edən struktur elementlərin inteqrasiyası ilə bağlı olduğu halda, inteqrasiya prosesinin də effektiv inkişafı güclü siyası sistemlərin fəaliyyəti ilə təmin edilir.

«İnteqrasiya» anlayışının siyasi və elmi dövriyyəsi XX əsrin son onilliklərindən daxil olmasına baxmayaraq, onun dərin tarixi köklərə malik olduğunu deyə bilərik. İnteqrasiya prosesləri tarixin qədim dövrlərindən müasir dövrümüzə qədər böyük təkamül yolu və təkamül mərhələləri (lokal, subregional, regional, qlobal) keçərək özünün son inkişaf pilləsinə çatmışdır. Bəşəriyyət yarandığı vaxtdan bəri inteqrasiyaya meylliliyi ilə seçilmişdir.

Tarixi təkamül yolu keçmiş inteqrasiya prosesləri hansı prinsiplər üzərində qurulmasından asılı olaraq bir-birindən fərqlənirlər. Bu prinsiplər arasında etnik, dini, siyasi, ideoloji, sosial-iqtisadi prinsiplər fərqləndirilir. Müasir dövrdə bu prinsiplər arasında sosial iqtisadi prinsipə böyük önəm verilməkdədir. Çünki digər prinsiplər öz məhdud cəhətləri ilə seçilirlər.

Tədqiqatın II fəsli «Heydər Əliyev və suveren Azərbaycanın dünyaya inteqrasiyasının strateji modeli» adlanır. Fəslin birinci paraqrafı «Yeni yüzillikdə qloballaşma və inteqrasiya proseslərinin Azərbaycanda təzahürü» adlanır.

Bəşəriyyətin ikiqütblü dünyadan, ideoloji -siyasi parçalanmanın dəf edilməsi ilə yeni - çoxqütblü dünya nizamına keçid almasının nə mexanizmləri, nə hüquqi normaları, nə də beynəlxalq aktları və qərarları hələlik müəyyən edilməmişdir. Qloballaşma, informasiya və xammal axınlarını, dövlət sərhədlərini sərbəst aşan transmilli axınlara çevirir ki, bu da lokal siyasi sistemlərdə daha mürəkkəb strukturların yaranmasını şərtləndirir. Müxtəlif siyasi sistemlərin getdikcə genişlənən qarşılıqlı əlaqələri, inkişafın əlavə imkan və variantlarını yaradır, dövlətlərin təkamülünü sürətləndirir.

Qloballaşma gedişində beynəlxalq siyasi sistemin miqyas və mürəkkəbliyi də artır; onun çərçivəsində prinsipial olaraq yeni beynəlxalq təşkilatlar təşəkkül tapır, dinamizmi və qarşılıqlı bağlılığı yüksələn xətt üzrə gedir. Müasir qloballaşma prosesləri bütün tipdən olan siyasi sistemlərin təkamülünə əhəmiyyətli dərəcədə təsir göstərir. Hətta möhkəm demokratik ənənəyə malik olan ölkələrdə belə, siyasi sistemlər aşkar böhran əlamətlərini yaşayırlar. Siyasətçilərə və bəzi siyasi təsisatlara olan etibar azalır, siyasi proseslərə fəal münasibət səngiyir və s. İqtisadi qloballaşmadan fərqli olaraq, dünyanın siyasi həyatı, “milli məkan” larda mövcuddur.

Qloballaşma, daxili və xarici siyasət müstəviləri arasında, dünya inkişafının ümumi meylləri, dövlətlərin daxili inkişaf və üsuli-idarəsi arasındakı fərqləri heçə endirir. Siyasi, iqtisadi, hüquqi, sosial və s. sahələrdə mövcud olan demokratik normaların uyarlığı, ümumiliyi, ən müxtəlif səviyyələrdə qarşılıqlı münasibətləri asanlaşdırır, ümumi dil tapmağa dəstəkçi olur. Xarici və daxili siyasət çulğaşır, üzvi bağlılıq və bütövlük təşkil edir.

Dünya inkişafının yeni mərhələsi hələlik Qərb üçün əlverişlidir. Öz üstünlüyünü təsdiq etmək üçün Qərbin hər hansı xüsusi tədbirlərə əl atmasına ehtiyac yoxdur.Digər ölkələr gözləmə mövqeyində, Qərbə çatmaq arzusunda qalırlar. Qərb də öz növbəsində qlobal oyun qaydalarını diktə edir, strateji prioritet sayılan məsələlərin həlli üçün bütün resurs və potensialı səfərbər edir.

Qeyd olunduğu kimi, XX əsrin II yarısından etibarən formalaşan yeni dünya düzəni hər hansı bir ölkə tərəfindən təklif və ya təşkil edilməmişdir. Onun bəzən “yeni dünya nizamsızlığı” adlandırılması da təsadüfi deyildir. Doğrudan da, keçmişdən fərqli olaraq, bu gün beynəlxalq arenada hər hansı ümumi qəbul edilmiş “oyun qaydaları” mövcud deyildir. Eyni zamanda bir-biri ilə ziddiyyət təşkil edən bir neçə meyl və istiqamətlər mövcuddur. Məhz bu qeyri-müəyyən münasibətlər durumu şərtləndirir.

Azərbaycanın ikinci onilliyini yaşadığı işğal və müharibə şəraitinin çoxsaylı qurbanları olan vətəndaşlarımızın pozulmuş fundamental siyasi hüquq və azadlıqlarının pozulması müqabilində, onların beynəlxalq müstəvidə müdafiəsi yönündə baş verənlər bunu təsdiq edir.

Azərbaycanın üzləşdiyi ən böyük problem Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin səbəbkarı qismində, məhz həmin dövlətin keçmişin ziyanlı siyasi təfəkkürü səviyyəsində münasibət qurmağa səy göstərməsi, millətçi-şovinizm xülyalarından əl çəkmək iqtidarında olmaması kimi cəhətlər çıxış edir.

Lakin bu cəhdlər nə qədər acınacaqlı nəticələr doğursa da, məhz keçmişi özündə daşıdığından qloballaşan dünyada geosiyasi münasibətlərin trasformasiyasının nəinki qarşısını ala bilir, həm də zamanında siyasi dinamizm nümayiş etdirə bilmədiyi üçün ziyanlı mövqeyə sıxışdırılır, qlobal inteqrasiya qanunlarının təzyiqini get-gedə daha çox üzərində hiss edir. Dövlətimizin ərazi bütövlüyünü pozmaqla, ötən əsrlərin geosiyasi təfəkkürü səviyyəsində fəaliyyət göstərən Ermənistan siyasi dairələrinin yalnız Azərbaycan deyil, bütövlükdə dünya üçün yaratdığı problemlərin təhlükə və perspektivsizlik vəziyyəti get-gedə bütün beynəlxalq ictimai rəyin diqqətini özünə cəlb etməkdədir.

Qloballaşma gedişində hər bir ölkənin, о cümlədən Azərbaycanın inkişafı, ən müxtəlif faktorların təsiri altında baş verir ki, burada dünyaya inteqrasiya ən mühüm əhəmiyyətə malikdir.

Azərbaycanda müstəqilliyin əldə edilməsi, cəmiyyətin bütün sahələrində köklü islahat və dəyişikliklərin aparılması, bütün dünya miqyasında qloballaşmanın doğurduğu mürəkkəb transformasiyalar dövrü ilə üst-üstə düşdü. Dövlətimizin taleyi üçün doğrudan da misli-bərabəri olmayan möhtəşəm, nəhəng quruculuq, islahat və inteqrasiya proseslərinə uğurlu start verilməsi, onların ardıcıl nailiyyətlərlə təsdiq olunması, Azərbaycanın ümumilli lideri Heydər Əliyevin rəhbərliyi altında yeni beynəlxalq münasibətlər sisteminə qoşulmaq şansını əldə etməsində dönüş nöqtəsi yarada bildi.

Fəslin ikinci paraqrafı «Ümummilli lider Heydər Əliyevin milli inkişaf kursunda siyasi inteqrasiya istiqaməti» adlanır.

«Azərbaycanlıların öz əməyi, istedadı ilə bütün sahələrdə dünya xalqları ailəsində getdikcə daha sürətlə inteqrasiya etməsi indi heç kimi təəccübləndirmir. Müstəqil dövlətimiz bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübələrindən bəhrələnərək inkişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan hüquqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq Azərbaycan Avropanın və dünyanın ən qabaqcıl dövlətləri ilə çiyin-çiyinə fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq aləmdə öz yerini tutub. İndi regionun və dünyanın əsas strateji və qlobal məsələləri bizim rəyimiz, mənafeyimiz nəzərə alınmadan həll edilmir. Bizi tanıyırlar, qəbul edirlər və əsas məsələlərdə bizimlə hesablaşırlar. Bütün bunlar 1994-cü ildən həyata keçirilən milli inkişaf strategiyasının nəticəsidir», - fikri Ulu Öndər Heydər Əliyevə məxsusdur.

Müasir dünya inkişafının başlıca meyllərindən olan inteqrasiya prosesi məhz yeni dövrün çağrışı kimi obyektiv, labüd xarakter daşıyır. Onun nəzərə alınmaması hər bir dövlətin varlığı və gələcək perspektivləri üçün çox ciddi problemlərin yaranmasına səbəb ola bilər.

Üçüncü minillikdə isə sivilizasiyanın taleyi bəşəri harmoniyanı yarada biləcək inteqrasiyadan - bir-birini zənginləşdirmək və bəhrələnməkdən asılı olacaqdır.

Ötən yüzilliyin sonlarından hər bir milli dövlət inteqrasiya, onun müsbət istiqamətləri, şərtləri və mexanizmlərinin, dünyagörüşdə, siyasətdə məkan və zaman fəlsəfəsinə dair tarixən mövcud təsəvvürlərin kökündən dəyişməsi, dərk edilməsi tələbi ilə üz-üzə qalmışdı.

XX əsrin sonunda dünya inteqrasiya məkanının çoxçalarlı şəbəkəsinə Azərbaycan məmləkətinin də öz «naxışını» həkk etməsi, siyasi, iqtisadi və s. məkanların ardıcıl qət edilməsi, onun tam hüquqlu sakini statusunun əldə edilməsi məhz Ümummilli lider Heydər Əliyevin həmişə zamanının fövqündə duran zəkası sayəsində xalqımıza nəsib oldu.

Fəslin üçüncü paraqrafı «Heydər Əliyev və qlobal enerji strategiyası siyasi kontekstdə» adlanır.

XX əsrin sonlarından, Azərbaycanın qlobal inteqrasiya problemlərinə qoşulması istiqamətində mövcud olan problemlərin nə qədər dərin və ziddiyyətli dövrə təsadüf etdiyini göz önündə canlandırmaq üçün iki məqamı xatırlamaq zəruridir.

Əvvəla, sovetlərin çökməsinə baxmayaraq, dünya dövlətləri arasında müəyyən dərəcədə beynəlxalqlaşma sistemi mövcud idi. Azərbaycanın qarşısında bu münasibətlər sisteminə daxil olmaq dünya birliyinin bərabərhüquqlu üzvü olmaq vəzifəsi dururdu.

İkincisi, ölkədaxili siyasi, iqtisadi, sosial vəziyyət sözün əsl mənasında xaos səviyyəsində idi. Ermənistanın işğalçılıq müharibəsi, torpaqların 20%-nin zəbt olunması, bir milyondan çox qaçqın əhalinin mövcudluğunu ziddiyyət və hərc-mərcliyi ən yüksək həddə çatdırmışdı. Bu reallıq fövqəladə liderlik keyfiyyətlərinə malik olan siyasətçinin - Ümummilli Lider Heydər Əliyevin Azərbaycan adlı məmləkətin möhtəşəm gələcəyini yaratmaq üçün fəaliyyətə başladığı gerçəkliyin hələ qısa məruzərəsi idi.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının müstəqillik arzusunun gerçəkləşməsi, dünya birliyinin bərabərhüquqlu subyektləri

sırasında yer alması üçün möhtəşəm tarixi missiyasına məhz belə bir dövrdə başladı. İlk əvvəl suveren dövləti çoxsaylı qəsdlərdan qorudu, ölkə daxilində sabitliyin, əmin-amanlığın bərpa edilməsi üçün strateji pauzanı-atəşkəsi təmin etdi.

Əsrlər boyu ilk dəfə öz təbii sərvətlərinə sahib çıxan Azərbaycanın, bu sərvətləri özünün güclü iqtisadi təməlini qurmaq. «Müstəqilliyi dönməz, ədəbi, sarsılmaz» etmək və dünya birliyində özünütəsdiq və etiraf qazanmaq kimi tarixi vəzifəyə yönəltmək üçün uğurlu siyasi kursu müəyyənləşdirdi.

Azərbaycanın təbii sərvətləri xalqımızın milli taleyində həmişə həlledici rol oynamışdır. Həm onun inkişaf və uğurlarına, həm də fəlakət və itkilərinə yol yoldaşı olub. Hələ XIX əsrdə Bakıda neft sənayesinin inkişafı onun böyük sənaye şəhəri kimi dünyanın iri neft mərkəzlərindən birinə çevrilməsini şərtləndirmişdir.

Təbii sərvətlərimizin, neftin Azərbaycan adlı məmləkətin yüksəlməsinə və uğurlarına, milli dövlətçilik maraqlarına uyğun istifadə edilməsi məqsədi nəhayət Ulu Öndər Heydər Əliyevin səfərbərliyi zamanında gerçəkləşdirə bilmişdir.

Neft faktorunun Azərbaycanın inkişafında rolunu hələ respublikaya rəhbərliyinin birinci dönəmində də düzgün müəyyənləşdirən siyasət öndəri, XX əsrin 70-cı illərində, neft sənayesi tarixinin şanlı səhifələrini təşkil edən quruculuq işlərinə rəhbərlik etmişdi. Azərbaycan dünya neft sənayesinin, neft elminin mərkəzi kimi tanınmış, Bakı Neft Akademiyası kimi şərafli ada layiq görülmüşüdür.

Nəticədə tətdiq edilən problemlə bağlı ümumiləşdirmələr aparılmış, Avropa təhlükəsizlik modelinin inkişaf perspeklivlərinə toxunulmuş, respublikamızın Avropa təhltikəsizlik sisteminə inteqrasiyasının praktiki əhəmiyyəti açıqlanmış və bu konteksdə öz həllini gözləyən problemlərə toxunulmuş, konkret təklif və tövsiyyələr irəli sürülmüşdür.

         

          Dissertasiyanın məzmunu nəşr edilmiş aşağıdakı işlərdə öz əksini tapmışdır:

      1. Политика США в каспийском регионе: основные итоги и тенденции (после сентября 2001 года) / Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal, Bakı, 2004, № 4, s.202- 205

       2. О некоторых тенденциях мировой политики начала XXI века/ Azərbaycan - Avropa əlaqələri: mövcud problemlər və əməkdaşlığın əsas istiqamətləri (Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin elmi konfransının materialları), 4 dekabr 2004-cü il, s. 95-96

  1. Россия в системе международных отношений / İqtisadiyyat və həyat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aylıq jurnalı, oktyabr 2005, №10, s,68-69
  2. ООН в системе международных отношений / Tarix və onun problemləri, əlavə-l, B., 2006, s. 161-167
  3. International relations at conditions of globalization processes of XXI century / Dirçəliş XXI əsr, 108-109/2007, s.354-364
  4. Terror - the mainest problem of the present / Изменяющаяся Россия в контексте глобализации. Материалы студенческо-аспирантского конгресса, 19-23 марта 2007г. Санкт- Петербургский Государственный Университет, с.336-338
  5. Понятие, вызовы и угрозы глобализации / XIV международная научная конференция студентов, аспирантов и молодых ученых «Ломоносов», Москва, МГУ имени М. В Ломоносова 11-14 апреля 2007г, с.22-23
  6. Государство как субъект глобализации / Экономика, социология и право, октябрь 2007г, с.89-98
  7. Suveren siyasi sistemin dünyaya inteqrasiyasının mərhələləri / Sosial-Siyasi problemlər, elmi-nəzəri jurnal, Bakı - 2008, № 2- 3(19-20),s.282-287
  8. XXI əsrin əvvəlində Azərbayсanda inteqrasiya prosesləri / Beynəxalq hüquq və inteqrasiya problemləri, elmi-analitik və praktiki jurnal, Bakı -2008, № 1-2(13-14), s.299-303
  9. Qloballaşma və Azərbaycanda dövlət quruculuğu / Milli dövlətçilik: özümüzü və dünyanı dərketmə yolunda, AMEA-nın İnsan Hüquqları İnstitutunun aspirant və dissertantların elmi nəşrləri, Bakı 2008. s.108-111
  10. Глобализация: мировые интеграционные процессы и СНГ/XV международная научная конференция студентов, аспирантов и молодых ученых «Ломоносов», Москва, МГУ имени М.В.Ломоносова 11-14 апреля 2008г, с.43-44
  11. Dünya iqtisadiyyatına inteqrasiyada Ulu Öndər Heydər Əliyevin rolu/ Fəlsəfə, elmi-nəzəri jurnal, №1,2009,11 s.
  12. Qlobal məkanda tranformasiya / Beynəlxalq hüquq və inteqrasiya problemləri, elmi-analitik və praktiki jurnal, Bakı 2009. №l, 8 s.

 

http://files.preslib.az/projects/toplu/v2/f8_2.pdf