"Əsrin müqaviləsi" üzrə ilkin neftin çıxarılması münasibətilə keçirilən təntənəli ‎tədbirdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi"(Bakı, 12 ‎noyabr 1997-ci il) sənədinə tarixi arayış


Zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində öz ‎sərvətlərindən səmərəli istifadə etməklə siyasi və iqtisadi təhlükəsizliyini təmin ‎edən və müəllifi Heydər Əliyev olan yeni neft strategiyası işləyib hazırlayıb. Bu ‎strategiyanın əsası 20 sentyabr 1994-cü ildə Xəzərin Azərbaycan sektorunda ‎yerləşən üç zəngin neft yatağının iri xarici neft şirkətləri ilə birgə işlənilməsini ‎nəzərdə tutan "Əsrin müqaviləsi"nin imzalanması ilə qoyulub.

Texniki, maliyyə və təşkilati ‎işlərin həyata ‎keçirilməsi üçün yaradılan Azərbaycan Beynəlxalq ‎Əməliyyat Şirkəti (ABƏŞ) üç il sonra - 12 noyabr 1997-ci ildə ‎həmin yataqlardan birindən- "Çıraq-1" yatağından ilkin neftin hasilatına başlayıb. Azərbaycan Prezidenti Heydər Əliyev ilkin neftin çıxarılması ‎hadisəsini açıq dənizdə tikilən platformada bayram kimi qeyd edən azərbaycanlı və ‎xarici neftçilərə həmin gün baş çəkib. O, Rusiya Baş nazirinin birinci müavini ‎Boris Nemtsov, Britaniyanın dövlət naziri Derrik Façet ilə birlikdə ‎vertolyotla sahildən 120 km aralıda yerləşən "Çıraq-1" platformasına gəlib. ‎Azərbaycan Prezidentini və xarici qonaqları platformada ABƏŞ-in prezidenti Terri ‎Adams, ARDNŞ-nin prezidenti Natiq Əliyev, ARDNŞ-nin birinci vitse-prezidenti ‎İlham Əliyev və platformanın meneceri Hyu Oliver qarşılayıblar. Sonra ilkin neftin ‎platformadan sahildəki terminaladək çəkilmiş 176 km uzunluqda sualtı kəmərə ‎vurulmasına başlanıb.‎

Bu münasibətlə günün ikinci yarısı Bakının ən möhtəşəm sarayında - Respublika ‎sarayında yüksək səviyyəli qonaqların da iştirak etdiyi təntənəli bayram mərasimi ‎keçirilib. ‎

Mərasimdə Gürcüstan Respublikasının prezidenti E. Şevardnadze, Türkiyənin Baş ‎naziri M. Yılmaz, Rusiya Baş nazirinin birinci müavini Boris Nemtsov, ABŞ-ın ‎energetika naziri Federiko Penya, Böyük Britaniyanın dövlət naziri ‎Derrik Façet, Ukrayna Baş nazirinin birinci müavini Anatoli Qalubçenko, ‎Özbəkistan Baş nazirinin müavini Kayum Xakulov, Norveçin energetika və sənaye ‎nazirinin müavini Hokon Gil, Almaniya, Yaponiya və Qazaxıstanın, Avropa ‎Birliyi Komissiyasının, Avropa Birliyi Energetika Xartiyasının yüksək vəzifəli nümayəndələri və başqa rəsmi şəxslər iştirak edib.

"Əsrin müqaviləsi" üzrə ilkin neftin hasil edilməsinə həsr edilən mərasimdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev bu faktı Azərbaycan xalqının və dövlətinin qələbəsi, müstəqilliyinin bəhrəsi kimi dəyərləndirib və Azərbaycan iqtisadiyyatının sürətli inkişaf mərhələsinə qədəm qoyduğunu bəyan edib. ‎

Tarixi arayış 26 iyun 2008-ci ildə yeniləşdirilib.