Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Azərneftyanacaq İstehsalat Birliyində görüşləri - 17 sentyabr 1994-cü il


Mən burada olan xarici ölkə nümayəndələrini salamlayıram və təşəkkür edirəm ki, siz buraya gəlmisiniz. Bir müddət bir yerdə olarıq, respublikanın iqtisadi həyatı ilə yaxından tanış olarsınız, Azərbaycanın sənaye potensialını görərsiniz. Bu potensial hələ tükənməyib, güman edirəm ki, bundan sonra da artacaqdır. Sizi burada görməyimə çox məmnunam.

Yüksək oktanlı benzin istehsal edən katalitik riforminq qurğusunun əməkçiləri ilə görüşdə çıxış

Burada, qurğunu idarəetmə mərkəzində mən 1981-ci ildə, qurğunuz işə düşəndə olmuşam. Bu qurğunun Azərbaycanda yaradılması üçün o vaxt biz demək olar ki, on il çalışmışdıq. Həmin vaxt Azərbaycan Sovetlər İttifaqının tərkibində idi və respublikamız müstəqil deyildi. Belə bir qurğunu xaricdən almaq üçün özümüzün elə bir vəsaitimiz yox idi. Belə tikintilər Sovetlər İttifaqının paytaxtında planlaşdırılırdı və onun hansı respublikaya verilməsi məsələsi də orada həll olunurdu.

Mən belə bir qurğunun Azərbaycanda tikilməsi məsələsini Moskvada, Sovetlər İttifaqının rəhbərləri qarşısında bir neçə dəfə qoymuşdum. SSRİ-nin Bakıya gələn rəhbər işçiləri, xüsusən neft emalı naziri Viktor Fyodorov, Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov, baş nazirin birinci müavini Nikolay Tixonov və başqaları ilə - çox adlar çəkə bilərəm - həmin məsələni burada dəfələrlə müzakirə edib bu qurğunun Bakıda yaradılmasının zəruriliyini sübut etməyə çalışmışdım. Bunların hamısına baxmayaraq, bu qurğunu almaq üçün mən o vaxtlar Sovetlər İttifaqına rəhbərlik edən baş katibin razılığını əldə etmişdim. L.İ.Brejnev, A.N.Kosıgin bu işə qarışandan sonra biz bu qurğunun Azərbaycanda tikilməsinə başladıq.

O vaxtlar xaricdən alınan belə avadanlıq üçün vəsait o qədər də çox ayrılmırdı. Ancaq ABŞ texnologiyası əsasında Fransanın "Litfin" firmasından bu qurğunun alınması üçün Ümumittifaq fondundan 40 milyon Amerika dolları vəsait ayrıldı. Respublikanın alimləri, mütəxəssisləri, neftayırma sahəsində çalışan çox mötəbər adamlar mənə daim sübut edirdilər ki, belə bir qurğunun Azərbaycanda olması neft məhsulları istehsalında böyük keyfiyyət dəyişiklikləri əmələ gətirəcəkdir. Mən Azərbaycanda belə bir qurğunun yaranmasına çalışdım və nəhayət, biz bunun tikintisinə başladıq.

Qurğu tikilən vaxt mən dəfələrlə burada olmuşam. Azərbaycanın inşaatçıları, neftçilər, mühəndislər, alimlər, fəhlələr, qurğunun tikintisinin qısa vaxtda başa çatması üçün fədakarcasına çalışdılar. Qurğuda o vaxt bizə məlum olmayan texnologiya olduğuna görə onu Azərbaycanda tikib quraşdırmaq o qədər də asan məsələ deyildi. Tikinti vaxtı "Litfin" firmasının mütəxəssisləri burada daim iştirak edirdilər. Nəhayət, qurğu 1981-ci ildə tikilib təntənəli surətdə açıldı. Mənim xatirimdədir ki, burada izdihamlı mitinq keçirildi, böyük təbriklər gəldi və bu, Azərbaycanın iqtisadiyyatı üçün böyük bayrama çevrildi.

O vaxtdan 14 ilə yaxın vaxt keçir. Mən çox xoşbəxtəm ki, yenidən bu qurğuya gəlmişəm. Burada bu illər ərzində işləyən fəhlələrə, mühəndislərə, mütəxəssislərə və ümumiyyətlə neft sənayesinin bu sahəsində çalışanların hamısına bu qurğunu yaxşı işlətdiklərinə görə və onun respublikamız üçün mənfəət verməsini təmin etdiklərinə görə minnətdarlığımı bildirirəm.

Respublikamız neft müqaviləsini imzaladıqdan sonra netfçıxarma sahəsində işlərimiz sürətlə irəliyə gedəcək və o vaxt bu qurğu Azərbaycan üçün daha əhəmiyyətli olacaq. Şübhəsiz ki, qurğunun müəyyən hissələrini yenidən qurmaq, dəyişdirmək, müasirləşdirmək lazımdır. Bu da təbiidir. Çünki bu qurğunu tikərkən layihədə onun istismar müddəti 12 il nəzərdə tutulurdu. Ancaq o, 14 ilə yaxındır ki, işləyir, hələ də yorulmayıb. Əslində bu, Azərbaycan xalqına mənsub olan xüsusiyyətdir. Xüsusən bizim neftçilər heç vaxt yorulmurlar. Ancaq buna baxmayaraq, biz bu qurğunun müasirləşdirilməsi, avadanlığının dəyişdirilməsi üçün lazımi tədbirlər görməliyik. Biz bunu edəcəyik. Sentyabrın 20-də bağlanacaq müqavilə bunun üçün də müəyyən imkanlar yaradacaqdır.

Katalitik Krekinq qurğusunun kollektivi ilə görüşdə çıxış

Mənim ən böyük vəzifəm, vaxtımın çox hissəsini sərf etdiyim iş bundan ibarətdir ki, müharibə tezliklə başa çatsın, torpaqlarımız geri qayıtsın, qaçqınlar öz ev-eşiklərinə dönsünlər. Azərbaycanın ərazisi tamamilə öz əlində olsun, müstəqil dövlətimiz öz taleyini özü həll etsin və bütün bu sərvətlərdən də səmərəli istifadə etsin.

Vaxtilə ELOU-AVT-6, katalitik riforminq qurğularının hər biri qısa vaxtda - iki il müddətində tikilib başa çatdırılmışdır. Katalitik krekinq qurğusu nədənsə 12 ilə tikilmişdir. Demək işin təşkilindən çox şey asılıdır, 70-ci illərdə və 80-ci illərin əvvəllərində respublikada belə mühüm obyektlərin tikintisi sürətlə aparılırdı. Əgər bu qurğu da belə sürətlə inşa olunsaydı, daha çox mənfəət gətirərdi.

Vaxt çox sərf olunsa da, kənardan mütəxəssislər dəvət edilmədən belə bir işin başa çatdırılması mühüm işdir. Çalışın ki, bu qurğunu da yaxşı işlədin. Güman edirəm ki, neft müqaviləsi bağlandıqdan sonra görəcəyimiz işlər sırasında bu qurğunun yenidən qurulması, müasirləşdirilməsi problemi də həll olunacaqdır.

Bir sıra xarici səfirlik başçılarının Bakıda diplomatik klub açılması zəruriliyi barədə irəli sürdükləri təklifləri məmnuniyyətlə qarşılayıram və bildirirəm ki, yaxın gələcəkdə Bakıda belə bir klub fəaliyyətə başlayacaqdır. Həm də güman edirəm ki, neft müqavilələri bağlandıqdan sonra buraya çox adamlar gələcək və həmin klub tək sizin üçün yox, həm də onlar üçün lazım olacaqdır.

Katalitik krekinq qurğusu 1993-cü ildə istifadəyə verilib. Bu da Azərbaycan neft emalı sənayesinin kompleks şəkildə yenidən qurulması barədə 1970-ci illərdə başlanmış işin tərkib hissəsidir. O vaxt biz çalışırdıq ki, texnologiyanın çoxunu xaricdən gətirək. Məsələn, dediyim kimi, riforminq qurğusunu o vaxt Fransanın "Litfin" firmasından aldıq. Bizdə iki böyük ELOU-AVT-6 qurğusu var. Bunlar neftin ilkin emalı qurğularıdır. Onların biri buradadır, digəri başqa zavoddadır. Bunları o vaxt Şərqi Almaniyadan aldıq. Doğrudur, biz bunlara o vaxt dönərli valyuta vermirdik. 70-ci illərdə biz krekinq qurğusunun tikintisi üçün çox çalışdıq. Bu qurğunun layihəsi 70-ci ildə hazırlanıb, amma tikintisinə 1981-ci ildə başlanıb. Əvvəlki qurğuları iki il müddətində tikdik. Amma bu qurğunun tikintisi uzanıb, 12 ilə başa gəlib. Qurğu rəisinin dediyinə görə, bu qurğunun istismara verilməsi prosesi də çətin olub. Amma onlar bunu müstəqil olaraq öz imkanları, öz mütəxəssislərinin qüvvəsi ilə istismara veriblər.

Bu qurğu indi bizim üçün çox lazımdır. Amma burada benzin istehsalı üçün xammal çatışmır. Yenə də belə bir məsələ ortaya çıxır ki, biz gərək neftçıxarmanı artıraq. Əgər çox neft istehsal etsək, bu qurğunun istehsal gücünü təmin edə bilərik.

ELOU-AVT-6 qurğusunun əməkçiləri ilə görüşdə çıxış

Xatırlayıram ki, bu qurğu 1976-cı ilin oktyabrında istifadəyə verilib. O vaxt biz burada böyük bir mitinq də keçirdik. Demək bu qurğu 18 ildir ki, işləyir.

Mən də sizinlə, Azərbaycanın neftçiləri, zəhmətkeş adamları, vətənpərvər insanları ilə fəxr edirəm. Doğrudur, belə qurğuların inşası, avadanlıq gətirilməsi, layihələrin hazırlanması üçün mən çalışmışam. Amma bütün bunlar sizin əllərinizlə yaradılıb. Ona görə mən də sizinlə fəxr edirəm, çünki xalqımız belə böyük işləri görməyə qadirdir. Xalqımızın içərisində əməksevər, vətəninə sadiq adamlar çoxdur və onlar xalqın böyük əksəriyyətini təşkil edirlər. Mən sizi görəndə sevinirəm, ürəyim dağa dönür. Düşünürəm ki, çəkdiyim zəhmət əbəs deyil, xalqımız üçündür…

Qurğuda çalışan və bir qədər əvvəl mənə müraciət edərək xoş arzularını bildirən zəngilanlı qaçqın qadına cavab olaraq bəyan edirəm ki, mən bütün zəngilanlılara, işğal olunmuş torpaqlardan qaçqın düşən bütün Azərbaycan vətəndaşlarına, bacılarıma, qardaşlarıma minnətdaram ki, bu ağır, çətin sınaqlara dözürlər. Xalqımızın başına bəla gəlib. Bunun səbəblərini indi mən demək istəmirəm, amma bunun səbəbləri var. Siz ki bütün bu çətinliklərə dözürsünüz və ümidlə yaşayırsınız ki, torpaqlarımız azad olunacaq, öz yerinizə, yurdunuza qayıdacaqsınız, bunun özü mənə də böyük ruh verir. Ona görə sənə, zəngilanlılara, bütün qaçqınlara deyirəm ki, mən çalışıram və bundan sonra da çalışacağam ki, sülh olsun, müharibə qurtarsın, torpaqlarımız azad olunsun, hər bir vətəndaş öz evinə qayıtsın…

Mən sizə bildirdim ki, biz o vaxt bu məsələlərlə məşğul olanda bu qurğular Şərqi Almaniyada istehsal edilirdi. Bu qurğunu hazırlayan firma indi də fəaliyyətdədir. ELOU-AVT-6 qurğusu 18 ildir ki, fəaliyyət göstərir və Azərbaycana çox böyük mənfəət verib. Qurğunun istehsal gücü böyükdür. Ancaq indi neft az olduğuna görə təəssüf ki, o, ildə dörd milyon ton neft emal edir. Ona görə biz gərək neft hasilatını artıraq ki, qurğunun bütün gücündən istifadə edə bilək. Mənə dedilər ki, burada istehsal olunan kerosin dünya standartlarına uyğun deyil. Ondan keçmiş Sovetlər İttifaqında buraxılmış təyyarələrdə istifadə edilir, ancaq "Boinq" tipli təyyarələr üçün bu məhsul yaramır. Demək, bu yanacağın keyfiyyətini qaldırmaq lazımdır. Burada dedilər ki, digər keyfiyyət göstəriciləri yüksəkdir…

Mənim xatirimdədir ki, bu qurğunu tikərkən, yaradarkən biz nə qədər sevinirdik. Çünki belə bir qurğunun tikilməsi o vaxt Azərbaycanda ilk addım idi. Bu qurğunun istifadəyə verilməsi böyük təntənəyə çevrildi. Mən yenə çox sevinirəm ki, 18 il bundan qabaq yaratdığımız qurğu bu gün də işləyir və mənə buraya yenidən gəlmək nəsib olub. Hamınıza bir daha uğurlar diləyirəm. Sözsüz ki, biz neft istehsalını artıracağıq, siz də keyfiyyəti artırın. Sağ olun.