Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər qoşun birləşmələrinin ali hərbi rütbələr almış zabitlərinə general poqonlarının təqdimetmə mərasimində nitqi - Prezident sarayı, 26 may 1998-ci il


Bir daha sizin hamınızı general rütbələri almağınız münasibətilə təbrik edirəm.

Azərbaycan silahlı qüvvələrində gənc generallar nəsli bu gün təşkil olunur. Siz Azərbaycan silahlı qüvvələrində, Müdafiə Nazirliyində xidmət edirsiniz. Sizin xidmətləriniz yüksək qiymətləndirildiyinə görə Ali Baş Komandan və Prezident kimi mən sizə general rütbələri vermək qərarı qəbul etmişəm və dünən fərman vermişəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz Azərbaycan dövlətinin, Ali Baş Komandanın, Prezidentin sizə göstərdiyi bu qayğıya öz xidmətinizdə nailiyyətlərlə cavab verəcəksiniz. Bızim ordumuz, hərbi hissələrimiz Azərbaycan Respublikasının etibarlı müdafiəsini təmin etməyə qadir olmalıdır. Bunun üçün Azərbaycan dövləti, Prezidenti, Ali Baş Komandan lazımi tədbirlər görüb və bundan sonra da görəcəkdir.

Biz ölkəmizi müdafiə etmək üçün daim hazır olmalıyıq. Müstəqil Azərbaycan Respublikası sülhsevər dövlətdir, bütün qonşuları ilə sülh, mehriban əlaqələr və əmin-amanlıq şəraitində yaşamaq, dostluq əlaqələri saxlamaq, əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək istəyir. Biz Ermənistanın Azərbaycana etdiyi təcavüzlə əlaqədar yaranmış vəziyyəti də sülh yolu ilə həll etmək istəyirik. Bilirsiniz ki, may ayının 12-də Ermənistan-Azərbaycan münaqişəsində atəşin dayandırılması haqqında imzalanmış sazişin dörd ili tamam oldu. Tam dörd il bundan öncə sazişin imzalanması, atəşin dayandırılması və həm də atəşkəs rejiminin dörd il müddətində qorunub saxlanılması bir daha sübut edir və dünyaya nümayiş etdirir ki, Azərbaycan sülhsevər dövlətdir, ölkədir və Azərbaycana vurulmuş bütün bu zərbələrə və itkilərimizə, torpaqlarımızın bir qisminin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına baxmayaraq biz bu münaqişəni də sülh yolu ilə həll etmək istəyirik. Bunu mən dəfələrlə bəyan etmişəm, bu gün bir daha bəyan edirəm. Amma eyni zamanda, Azərbaycan bir müstəqil dövlət kimi öz silahlı qüvvələrini gücləndirməlidir və onun hərbi hazırlığının müasir səviyyəyə qalxmasını təmin etməlidir. Dünyanın hər bir ölkəsi silahlı qüvvələrə malikdir, hər bir ölkə öz silahlı qüvvələrini inkişaf etdirir, müasir texnika ilə, bütün zəruri ləvazimatlarla təmin edir və beləliklə öz ölkəsinin müdafiəsinin etibarlı olmasını təmin edir. Biz də başqa ölkələr kimi, məhz bu məqsədlə, bunun üçün silahlı qüvvələrimizi inkişaf etdirmək, möhkəmləndirmək və müasir səviyyəyə çatdırmaq istəyirik. Bizim tədbirlərimiz də yalnız və yalnız bu məqsədi daşıyır. Silahlı qüvvələrin həmişə hərbi hazırlıq vəziyyətində olması və öz vətənini, torpağını, ölkəsini etibarlı müdafiə etməsi üçün onun zabit və komandan heyəti gərək həmişə yüksək peşəkarlığa, biliyə malik olsun, cəsarətli, cəsur, qorxmaz olsun və vətən yolunda hər bir çətinliyə dözə bilsin.

Mən arzu edirəm ki, bizim silahlı qüvvələrin bütün şəxsi heyəti və xüsusən zabit heyəti, o cümlədən generallar heyəti bu tələblərə cavab versin və bu tələblərin səviyyəsində olsun. Mən dünən sizə general rütbələri verilməsi haqqında qərar qəbul edərkən, fərman imzalayarkən bu barədə düşünürdüm. Mənim bu fərmanım Azərbaycanın silahlı qüvvələrinə dövlətin, Ali Baş Komandanın, Prezidentin qayğısıdır, bu qayğının təzahürüdür. Eyni zamanda mənim bu fərmanım sizə göstərdiyim etimaddır, etibardır və ümid edirəm ki, siz bu qayğını lazımınca qiymətləndirəcəksiniz və mənim sizə göstərdiyim bu etimadı öz əməli fəaliyyətinizlə, xidmətlərinizlə, xalqımıza, müstəqil Azərbaycana, vətənimizə, ana torpağımıza sədaqətinizlə sübut edəcəksiniz.

Mən sizi bir daha təbrik edirəm. Sizə cansağlığı və Azərbaycanın silahlı qüvvələrinin bütün şəxsi heyətinə qarşılarında duran vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıram.

Tarixi arayış

ORDU QURUCULUĞU