Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ABŞ-ın ölkəmizdəki səfiri Stenli Eskuderonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 30 sentyabr 2000-ci il


Stenli Eskudero: Cənab prezident, mən yaxşıyam, hər şey yaxşıdır. Təəssüf edirəm ki, sabah mən Azərbaycanı tərk edirəm.

Heydər Əliyev: Elə mən də təəssüf edirəm. Mən Amerika Birləşmiş Ştatlarından telefon etdim, dedim ki, çalışın səfir hələ getməsin, bir-iki il də ölkəmizdə qalsın.

Stenli Eskudero: Mən buna çox məmnun olardım. Amma bildiyiniz kimi, bizim senatımız başqa cür qərar verdi. Sizə məlum olsun ki, yeni səfir Uilson oktyabrın 6-da Azərbaycana gələcəkdir. Sabah mən Azərbaycanı tərk etdikdən sonra və yeni səfirimiz Uilson Azərbaycana gələnə qədər bizim müvəqqəti işlər vəkilimiz xanım Elizabet Şelton burada səfir vəzifəsini həyata keçirəcəkdir.

Heydər Əliyev: Xanım Şelton da yaxşı adamdır.

Stenli Eskudero: Tamamilə doğrudur.

Cənab prezident, Sizə onu demək istəyirəm ki, 34 illik diplomatik fəaliyyətim dövründə Azərbaycanda keçirdiyim son üç il ən mühüm, ən mötəbər illər olmuşdur.

Heydər Əliyev: Çox məmnunam.

Stenli Eskudero: Bu illər ərzində Azərbaycanda olmaqdan həm özüm zövq almışam, həm də peşəkar fəaliyyətimdə çox böyük işlər olubdur, mənim üçün ən xoş keçən illər olubdur. Bu illər ərzində mən təkcə Sizin tərəfinizdən deyil, hökumətinizin üzvləri və Azərbaycan xalqı tərəfindən də mehribanlıqla, hərarətlə, böyük qonaqpərvərliklə qarşılanmışam. Həmişə hörmət və ehtiram görmüşəm.

Bu illər ərzində mən həmçinin şəxsən Sizinlə və hökumətinizin digər üzvləri ilə Azərbaycan üçün və bütün dünya üçün qlobal əhəmiyyət daşıyan bir çox məsələlər ətrafında müzakirələr, danışıqlar aparmış, birgə səylər göstərmişik. Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına cəhdlər göstərmişik, Xəzər dənizinin zəngin enerji ehtiyatlarından istifadə edilməsi və onların çoxşaxəli boru kəmərləri vasitəsilə Qərbə ixrac olunması sahəsində də çoxlu səylər göstərmişik.

Sizə deyim ki, mən Azərbaycandan qəlbim xoş duyğularla dolu gedirəm. Ürəyim Azərbaycanı hər zaman istəyəcəkdir. Çünki bura mənim üçün bir növ ikinci vətənə çevrilmişdi. Azərbaycanı heç zaman unutmayacağam, burada baş verən hadisələri yaxından izləyəcəyəm və hər zaman ölkənizlə maraqlanacağam.

Sizi əmin edirəm ki, dünyanın harasında olsam da, orada Azərbaycanın mənim timsalımda yaxın dəstəkçisi və yaxın dostu olacaqdır.

Heydər Əliyev: Hörmətli cənab səfir Eskudero, təşəkkür edirəm. Sizin dediyiniz sözlərin hamısını mən təsdiq edirəm. Burada heç bir fikir ayrılığı yoxdur. Aydındır ki, hər bir səfirin xidmət etdiyi ölkədə iki əsas vəzifəsi vardır. Birincisi, öz ölkəsinin milli mənafelərini, istəklərini səfirlik etdiyi ölkədə yerinə yetirsin. İkincisi isə, səfirlik etdiyi ölkədə hökumətlə, cəmiyyətlə, xalqla, insanlarla xoş münasibətlər qursun ki, bu da həm səfirin özünün işi üçün çox əhəmiyyətlidir, həm də, təbiidir, bunların hamısı ölkələr arasındakı münasibətləri inkişaf etdirir.

Siz bu vəzifələrin hər ikisini şərəflə yerinə yetirmisiniz. Ona görə gərək Amerika Birləşmiş Ştatlarının hökuməti də sizdən çox razı olsun. Təbiidir ki, Azərbaycan hökuməti, xüsusən Azərbaycan prezidenti, bütün xalqımız burada işlədiyiniz dövrdə sizdən razıdır. Burada gördüyünüz işlərə görə mən sizə xüsusi təşəkkür edirəm.

Doğru dediniz ki, sizin burada səfirlik etdiyiniz müddət çox böyük məsələlərlə əlaqədar olan bir dövr olubdur. Azərbaycanın müstəqilliyini əldə etməsindən doqquz il keçir, hələ doqquz il tamam deyildir. Bunun üç ilini biz sizinlə bir yerdə olmuşuq. Demək, müstəqil Azərbaycan dövlətinin tarixinin doqquz ilinin üçdə birini biz sizinlə əməkdaşlıq etmişik. Siz təcrübəli diplomatsınız. Mən sizin tərcümeyi-halınızla tanışam. Bunların hamısının nəticəsində görürəm ki, Amerika Birləşmiş Ştatlarının səfiri kimi, başqa vəzifəli şəxsi kimi müxtəlif ölkələrdə işləməyiniz sizə çox böyük təcrübə veribdir. Məlumdur ki, Amerika Birləşmiş Ştatlarının, tutaq ki, Danimarkada olan səfiri ilə Azərbaycandakı səfirinin işində çox böyük fərq vardır. Buna görə də gərək Danimarkada işləyən o ölkənin xüsusiyyətlərini nəzərə alsın və Azərbaycanda işləyən bizim xalqın xüsusiyyətlərini nəzərə alsın.

Bir də deyirəm, ölkəmiz doqquz ildir ki, müstəqildir və burada olduğunuz zaman vəziyyəti özünüz görmüsünüz, bilirsiniz və sizdən əvvəlki vəziyyətlə tanışsınız. Bu doqquz il bizim üçün çox çətin olmuşdur. Sizin burada səfir işlədiyiniz müddətdə biz həqiqətən qlobal əhəmiyyətə malik olan böyük işlər görmüşük və onlar davam edəcəkdir. Xəzər hövzəsinin neft və qaz ehtiyatlarının istifadə olunması, bir neçə illik mübarizədən sonra Bakı-Ceyhan neft kəmərinin təsdiq olunması və buna bənzər bir çox başqa məsələlər.

Mənim müşahidəmə görə, sizin xüsusiyyətlərinizdən biri də odur ki, siz təkcə hökumətlə yox, yaxud da bir qrup adamla, müxalifətlə yox, xalqla, kütlə ilə çox təmasda olmusunuz. Düşünürəm ki, Azərbaycanın elə bir nöqtəsi yoxdur ki, siz oraya getməmiş olasınız. Bu, çox əhəmiyyətlidir. Əgər səfir öz otağında oturursa, işçilərinin ona gətirdiyi məlumatlara baxırsa, bir də öz mərkəzinə məlumat verir, oradan göstəriş alırsa, belə səfir ümumiyyətlə, uğur qazana bilməz. Xüsusən gənc, müstəqilliyini yaxın vaxtlarda əldə etmiş ölkələrdə o, müvəffəq ola bilməz.

Buradakı geniş əlaqələriniz həm sizdə Azərbaycan haqqında, hesab edirəm ki, yetərli qədər təəssürat yaradıbdır, həm də xalqımız arasında siz hörmət qazanmısınız. Amerika Birləşmiş Ştatları kimi böyük bir dövlətin səfirinin xalqımız arasında hörmət qazanması Azərbaycan-ABŞ əlaqələrinə görə deyildir. Yəni bu əlaqələr inkişaf edir, biz bu əlaqələri bundan sonra da inkişaf etdirəcəyik, bu əməkdaşlığı biz qiymətləndiririk. Ancaq siz bu əlaqələrin inkişaf etməsi üçün, ümumiyyətlə, ABŞ ilə Azərbaycan arasında olan münasibətlərin yaxşılaşması üçün çox işlər görmüsünüz. Xüsusilə böyük təcrübəniz hər ölkənin xüsusiyyətlərini, o cümlədən Azərbaycanın milli-mənəvi dəyərlərini nəzərə almağınız təbiidir ki, sizi çox zənginləşdirib və sizə də böyük hörmət qazandırıbdır.

Ona görə də hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının hökuməti, Dövlət Departament Konqresi - hamısı çox məmnun olmalıdırlar ki, onların sizin kimi səfiri vardır. Biz də çox məmnunuq ki, bu üç ili bir yerdə işləmişik.

Bilirsiniz ki, biz Azərbaycan-ABŞ əlaqələrinə üstün bir sahə kimi baxırıq. Bu əlaqələr strateji əməkdaşlıq prinsipləri üzərində inkişaf etdiririk. Biz bundan sonra da bu yolla gedəcəyik. Heç kəs bizə mane ola bilməz. Hər halda burada yaşadığımız dövrdə bizim nə qədər müstəqil siyasət apardığımızı görüb hiss etmisiniz.

Sizin buradakı işiniz ABŞ-ın sizdən sonra buraya gələcək səfirlərinə də nümunə olmalıdır. Bu həqiqətdir. Çünki siz bilirsiniz ki, mən də həyatımda çox səfirlər görmüşəm. Təkcə Azərbaycanda yox. Bilirsiniz ki, Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman mən çox səfirlərlə görüşmüşəm, danışmışam. Hər halda, ümumiyyətlə, adamları fərqləndirmək qabiliyyəti məndə yüksəkdir. Amma konkret olaraq diplomatlar, səfirlər haqqında mənim çox ətraflı şəxsi müşahidələrim vardır. Buna görə biz, şəxsən mən sizdən çox təəssüf hissi ilə ayrılırıq. Amma güman edirəm ki, bu ayrılıq daimi deyildir. Dediniz ki, həmişə Azərbaycanın dostu kimi qalacaqsınız. Mən də deyirəm ki, Azərbaycanın dostu kimi siz xalqımızın qəlbində həmişə olacaqsınız. Dediniz ki, Azərbaycan sizin üçün ikinci vətən olubdur. Ona görə də siz bundan sonra harada işləyib-işləməməyinizdən asılı olmayaraq, bu ikinci vətəni istədiyiniz zaman ziyarət edə və bizim hörmətli qonağımız ola bilərsiniz.

Bütün bunlara görə mən sizə səmimi qəlbdən təşəkkür edirəm. Sizin bütün ailənizə təşəkkür edirəm. Çünki sizin xanımınız da qısa bir zamanda burada böyük hörmət qazanmışdır. Xüsusən sizin və xanımınızın Azərbaycanın mədəniyyət, incəsənət işçiləri ilə münasibətləri, əlaqələri, təbiidir ki, bu sahədə göstərdiyiniz bir çox yardımlar bizim üçün çox əhəmiyyətlidir. Xahiş edirəm, mənim salamlarımı, hörmət və ehtiramımı xanımınıza çatdırasınız.

Stenli Eskudero: O, bunu eşitməyi özünə şərəf biləcəkdir.

Heydər Əliyev: Siz ona danışın ki, mən sizin haqqınızda nə sözlər demişəm. Təəssüf ki, o, burada yoxdur.

Stenli Eskudero: O, məni yenə günahlandıracaqdır ki, bir yol tapdım, sizi sövq etdim ki, mənim barəmdə bu sözləri dediniz.

Heydər Əliyev: Yox. Bu mənim daxilimdən gələn fikirlərdir. Yəqin bu üç ildə siz məni tanımısınız. Məni şəxsən heç kəs heç bir şeyə məcbur edə bilməz.

Stenli Eskudero: Onu görmüşəm.

Heydər Əliyev: Məcbur edə bilməz. Bütün müşahidəçilərin yekdil fikri odur ki, Heydər Əliyev iradəlidir, Heydər Əliyev çox yüksək mənəviyyata malik adamdır və Heydər Əliyevə qeyri-qanuni, yaxud da onun qəlbindən, ürəyindən olmayan şeyləri tətbiq etmək, onu məcbur etmək mümkün deyildir.

Mənim dediyim sözlər həqiqətdir və indiyə qədər belə sözləri heç bir səfirə deməmişəm. Bu sözləri ilk dəfədir ki, deyirəm.

Xahiş edirəm ki, Amerika Birləşmiş Ştatlarının hökumətinə, Dövlət Departamentinə, prezident Klintona, xanım Olbrayta, vitse-prezident Albert Qora və digər şəxslərə mənim salamımı, hörmət və ehtiramımı çatdırasınız. Bir daha təşəkkür edirəm ki, Klivlenddə müayinə olunduğum zaman, - mən bir gündə müayinədən keçəcəkdim, amma məndə pnevmaniya, qrip xəstəliyi olduğuna görə orada iki həftə qaldım, - ABŞ hökuməti daim, hər gün mənim vəziyyətimlə maraqlanırdı, nəzarət edirdi, qayğı göstərirdi. Xanım Olbrayt mənə telefon etmişdi, xəstəxanada olanda onunla mənim çox yaxşı danışığım oldu. O, prezident Klintonun adından mənə salam söylədi. Vitse-prezident Albert Qor tezliklə sağalmaq arzusu ilə mənə məktub yazmışdı. Bunların hamısı, birincisi, ABŞ dövlətinin, hökumətinin, hökumət adamlarının yüksək mədəniyyətini göstərir, eyni zamanda şəxsən mənə olan dostluq münasibətinin təzahürüdür. Mən isə bu dostluğu çox yüksək qiymətləndirirəm. Təbiətimin bir xüsusiyyəti ondan ibarətdir ki, dostluqda həmişə sadiq olmuşam. Bir daha sizə təşəkkür edirəm, sizə cansağlığı arzu edirəm, gələcək işlərinizdə uğurlar arzulayıram. Ailənizə, özünüzə xoşbəxt həyat arzulayıram.

Stenli Eskudero: Cənab prezident, çox sağ olun. Həm mənim, həm də xanımım haqqında söylədiyiniz bu xoş sözlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, mənə və ölkəmizin səfiri kimi buradakı fəaliyyətimə verdiyiniz yüksək qiyməti böyük qürur hissi ilə dinlədim. Amerika Birləşmiş Ştatlarının buradakı səfiri kimi mən də, yenidən Azərbaycana qayıtdığınıza görə, qrip xəstəliyindən tamamilə sağaldığınıza görə Sizə ölkəmizin hökuməti adından bir daha təbriklərimi yetirməyə borcluyam.

Aldığım hesabatlarda yazılıbdır ki, xanım Olbraytla Sizin keçirdiyiniz görüş çox məhsuldar və səmərəli olubdur. Məndə olan məlumatlarda həmçinin deyilir ki, prezident Klinton ilə də Sizin görüşünüz, digər yüksək səviyyəli nümayəndələrlə də danışıqlarınız olubdur.

Azərbaycan - Amerika Ticarət Palatasının illik konfransında Sizin çıxışınızı dinləməkdən məmnunluq duydum. Demək, istəyirəm ki, həm konfransın açılışı zamanı, həm də Sizin şərəfinizə verilən ziyafət zamanı etdiyiniz çıxış, müraciətiniz bu tədbirlərin ən yüksək nöqtəsi oldu və onların əhəmiyyətini daha da artırdı. İki gün çəkən bu konfransda iştirak edən şirkətlərin sayını, müxtəlif sektorları təmsil etməsini, orada olan çıxışları nəzərə alsaq, bütün bunlar Amerika Birləşmiş Ştatlarında Azərbaycana hələ də çox güclü biznes maraqlarının olduğunu nümayiş etdirirdi və gələcəkdə bu əlaqələrin inkişaf etdiriləcəyini göstərirdi.

Sizin çıxışınız, Amerikanın biznes dairələrinə müraciətiniz onlara da bir daha əminlik yaratdı ki, Azərbaycanı ziyarət edərək bura sərmayələr qoyarkən səmərəli və rahat iş şəraiti ilə rastlaşacaqlar və burada onları hərarətlə qarşılayacaqlar. Ona görə də, son dəfə olsa da, Amerika Birləşmiş Ştatlarının Azərbaycanda səfiri kimi mən atdığınız növbəti çox uğurlu addım münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu tədbirlərin uğuru, əhəmiyyəti Azərbaycan-ABŞ münasibətlərinin daha da güclənməsinə və inkişaf etməsinə öz töhfəsini verdi.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm, sizə bir daha uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 1 oktyabr 2000-ci il.