Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin NATO-nun baş katibi Xavyer Solana ilə görüşdə söhbətindən - Nyu-York, 27 iyul 1997-ci il


Hörmətli cənab Solana!

Sizin Azərbaycan Respublikasının və şəxsən mənim ünvanıma söylədiyiniz səmimi sözlərə görə minnətdarlığımı bildirirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, görkəmli dövlət xadimi olan Sizi Azərbaycanda yaxşı tanıyırlar və Sizin Azərbaycana səfərinizi ölkəmizdə mühüm hadisə kimi xatırlayır, NATO ilə Azərbaycan arasında son illər yaranan və durmadan möhkəmlənən əlaqələri həm də Sizin adınızla bağlayırlar. Mən şəxsən Sizinlə yaranmış şəxsi dostluq münasibətlərimizin bu işdə mühüm rol oynadığını razılıqla qeyd etmək istəyirəm.

Mən bunu da bildirirəm ki, NATO-nun və Avropa-Atlantika Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iyulun 8-9-da Madriddə keçirilmiş zirvə görüşünün nəticələri dünyanın bir sıra qlobal problemlərinin həllində və bu beynəlxalq təşkilatın ayrı-ayrı strukturları ilə ölkəmizin əməkdaşlığının daha da möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.

Nəzərinizə çatdırıram ki, ölkəmizin müstəqilliyi əbədi və sarsılmazdır. Ölkəmizdə getdikcə sabitləşən ictimai-siyasi vəziyyət və xalqın buna dəstək verməsi müstəqilliyimizin daha da möhkəmlənməsində başlıca təminat kimi özünü göstərir. Bütün bunlar bizə imkan verir ki, Azərbaycan üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi sahəsində daha ciddi addımlar ataq və böyük işlər görək.

ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç böyük dövlətin - ABŞ-ın, Rusiyanın, Fransanın prezidentləri Bill Klintonun, Boris Yeltsinin və Jak Şirakın Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll olunması barədə Denverdə imzaladıqları bəyanat məmnunluq doğurur və bir daha göstərir ki, həmsədr ölkələr bu sahədə göstərdikləri səyləri artırmağa başlamışlar və bunu razılıqla qeyd etmək olar. Mən hərbi münaqişənin 1997-ci ildə aradan qaldırılacağına böyük ümidlər bəsləyirəm və bu barədə ABŞ prezidenti Bill Klintonla Ağ evdə keçirəcəyim görüşdə ətraflı müzakirələr aparacağam.

Hörmətli Solana, mən Sizi bir daha Azərbaycana səfərə dəvət edirəm. Ümidvaram ki, bu səfəriniz NATO-Azərbaycan əlaqələrinin güclənməsinə kömək edəcəkdir. Sağ olun.

"Azərbaycan" qəzeti, 28 iyul 1997-ci il