Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Aşqabatda Pakistanın Baş naziri Bənəzir Bhutto ilə görüşdən sonra jurnalistlərə müsahibəsi - 26 oktyabr 1994-cü il


Pakistan Asiyanın çox böyük müsəlman ölkələrindən biridir. Hazırda bu ölkə ilə Azərbaycan arasında yaxşı münasibətlər vardır. Pakistanın nümayəndələri beynəlxalq təşkilatlarda, xüsusən Birləşmiş Millətlər Təşkilatında və onun Təhlükəsizlik Şurasında Ermənistanla Azərbaycan arasındakı problemlərin müzakirəsində həmişə respublikamızın mövqeyini müdafiə etmiş, dəstəkləmişlər. Bundan əlavə, Pakistanla Azərbaycan arasında tarixi köklərimizə görə də bağlılıq olmuşdur və indi də ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsinə ehtiyac vardır.

Ona görə də mən sentyabrın 5-də Qahirədə Pakistanın baş naziri Bənəzir Bhutto ilə görüşdüm, ətraflı söhbət etdik. Bu gün də görüşdük. Görüşümüzün əsas məqsədi dövlətlərimiz arasındakı əlaqələrin inkişafı yollarını müzakirə etmək idi. Mən Bənəzir Bhuttonu Azərbaycana dəvət etmişəm. O da məni Pakistana rəsmi səfərə dəvət edib. Belə razılığa gəldik ki, Pakistan Azərbaycana iqtisadi və ticarət sahələri üzrə böyük bir nümayəndə heyəti göndərəcək və biz respublikamızda onlarla birgə işləyəcəyik. Bundan sonra Bənəzir Bhuttonun ölkəmizə gəlməsi gözlənilir. Daha sonra mənim Pakistana səfərim olacaq. Yəni Asiyanın böyük, dünyada nüfuzu olan ölkəsi, bizə çox yaxşı münasibəti olan Pakistanla əlaqələrimizi inkişaf etdirmək istəyirik.

Ona görə də mən Qahirədə də, burada da Bənəzir Bhutto ilə görüşdüm və bu görüşlərdən çox məmnunam. Bənəzir Bhutto çox yaxşı bir insandır, yaxşı bir rəhbərdir. Mən vaxtilə onun atası ilə də, anası ilə də tanış idim. İndi özü ilə də görüşüb tanış olduq və bu görüşlərdən çox razıyam.

Görüşümüzdə Bənəzir Bhutto mənim bioqrafiyamla maraqlandı. Çünki o bilmirdi ki, tarixdə ilk dəfə müsəlman bir şəxs Sovetlər İttifaqı kimi, Rusiya kimi böyük bir ölkənin başçılarından biri olub və bu necə olub. O dedi ki, onlar sizi bu yüksək vəzifəyə şəxsi keyfiyyətlərinizə görə, yoxsa nəyə görə aparmışdı? Mən bunların hamısını izah etdim. Bu məsələləri siz bilirsiniz, ona

görə mən bir daha təkrar etməyəcəyəm. Mənim Siyasi Büronun tərkibində necə olmağım sizə yaxşı məlumdur. Onun bilmədiklərini mən dedim.

Pakistanın xarici işlər naziri baş nazir Bənəzir Bhuttoya demişdi ki, Sovet İttifaqı Əfqanıstana qoşun yeridəndə mən bunun əleyhinə çıxmışam. Xarici işlər naziri bunu düzgün bilir. Dedim ki, həqiqətən o vaxt mən Əfqanıstana Sovet qoşunları yeridilməsinin əleyhinə çıxmışam. 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Azərbaycana yeridilməsinin də əleyhinə çıxmağımı, etiraz etməyimi Bənəzir Bhutto bilir. O, bunu da soruşdu və mən ona izah etdim. Yəni mənim müsəlman kimi Sovet İttifaqının rəhbərlərindən biri olmağım onun üçün maraqlı idi və bunların hamısı haqqında ona danışdım.

Sual: Bənəzir Bhutto ilə görüşdə Xəzərin statusu məsələsinə toxunuldumu?

- Yox, İran İslam Respublikasının prezidenti Haşimi-Rəfsəncani və Türkmənistanın prezidenti Saparmurad Niyazovla sabahkı görüşlərimdə, ola bilər ki, Xəzərin statusu məsələsinə toxunulsun. Ancaq Bənəzir Bhutto bu məsələyə toxunmadı. Süleyman Dəmirəlin isə bu məsələdə mövqeyi aydındır.

Sual: Bu səfərinizdə Azərbaycan üçün mühüm olan hansı məsələni müzakirə etmək niyyətindəsiniz?

- Süleyman Dəmirəllə biz altı gün bundan qabaq İstanbulda görüşmüşdük. Bu gün də görüşdük. Bu görüşlər daimi xarakter daşıyır. Türkiyə bizim üçün ən yaxın bir ölkədir. Şəxsən Süleyman Dəmirəl bir siyasi xadim kimi Azərbaycana çox böyük qayğı göstərir. Ona görə də hər dəfə görüşərkən biz bütün məsələlər haqqında söhbət aparırıq - həm Ermənistanla Azərbaycan arasında indiki münasibətlər, hazırkı vəziyyət, həm ATƏM təşkilatı Minsk qrupunun fəaliyyəti, həm də müharibəyə sülh yolu ilə son qoyulması yolları haqqında.

Süleyman Dəmirəl Azərbaycandakı vəziyyətlə çox maraqlanır və son vaxtlar respublikamızda baş vermiş dövlət çevrilişi cəhdi ilə əlaqədar narahatlığını bildirir. O, respublikamızın daxilində sabitliyin daha möhkəm təmin olunması barədə öz tövsiyələrini verir, fikirlərini deyir. Bilirsiniz ki, indi respublikamızda un, taxıl çatışmazlığı var. Süleyman Dəmirəl iki gün bundan qabaq mənə telefonla zəng etmişdi, bu gün də dedi ki, onlar Azərbaycana bu günlərdə yüz min ton taxıl göndərməyə başlayacaqlar. O, bunu görüşdə bir daha təsdiq etdi, bilirsiniz ki, bu günlərdə yenə də Ankaraya gedəcəyik, orada da görüşlərimiz olacaq.

Mən sabah Türkmənistanın prezidenti Saparmurad Niyazovla görüşəcəyəm. Türkmənistan bizim üçün yaxın bir ölkədir. Bizim əlaqələrimiz keçmişdə də çox güclü olubdur - Sovet İttifaqı vaxtında da, əsrin lap əvvəlində də. Vaxtilə burada çoxlu azərbaycanlı yaşamış, indi də yaşayanlar çoxdur. Hazırda Türkmənistanın iqtisadi imkanları böyükdür. Çeçenistanda dəmir yolu bağlı olduğu üçün indi artıq Krasnovodsk-Bakı dəniz yolundan istifadə etməyə məcburuq. Ona görə də mən sabah Saparmurad Niyazovla bir necə məsələni müzakirə edəcəyəm.

Sual: Bu yaxınlarda Moskvada Azərbaycan və Türkmənistanın hər iki ölkənin müstəqilliyi məsələsində eyni mövqe tutması doğrudurmu və sizin Aşqabata indiki səfərinizin bununla əlaqəsi varmı?

Xeyr, bu, heç nə ilə bağlı deyil, bu, mənim mövqeyim, Azərbaycanın mövqeyidir. Əgər kim isə buna şərikdirsə, bu, onun öz mövqeyidir. Burada irəlicədən heç bir razılaşma yoxdur. Mən kimin necə mövqe tutduğunu bilmirəm, öz mövqeyimi bundan asılı olmayaraq bildirirəm. Konkret olaraq indiki halda mən buraya ona görə gəlməmişəm ki, Azərbaycan ilə Türkmənistan Moskvada eyni mövqe tutmuşlar. Ona görə gəlmişəm ki, ölkələrimiz arasında sıx münasibətlər olmasını istəyirəm. Keçmişdə belə münasibətlər olmuşdur.

Burada - Türkmənistanda xeyli azərbaycanlı yaşayır. Türkmənistan bizə qonşu, dilimizə və keçmişimizə görə yaxın bir ölkədir. Ona görə də mən istəyirəm ki, ölkələrimiz arasındakı əlaqələrimizi möhkəmləndirək. Vaxtilə böyük səhvlər buraxılıb, Azərbaycanı Orta Asiya, ümumiyyətlə, mərkəzi Asiya ölkələrindən uzaqlaşdırıblar. Mən istəyirəm ki, bu, aradan götürülsün. Ona görə də buraya gəlmişəm. Güman edirəm ki, belə tədbirlər gələcəkdə keçmiş "İpək yolu"nun canlandırılmasına kömək edəcəkdir.

Tarixi arayış